Məhkəmə qərarları › İş №2(010)-359/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-359/2024

22.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-359/2024 22.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh ilə aralarında olmuş razılaşmaya əsasən 2250 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 500 manat və 47 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin oktyabr ayında özü idarə etmək məqsədi ilə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında “BMW” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil almış və həmin ilin noyabr ayında maddi vəziyyəti ilə əlaqədar olaraq həmin avtomobili satmaq istəmişdir. Ona görə də o, yaxın tanışlarına bu barədə məlumat vermişdir. 2022-ci ilin oktyabr ayında onun tanışı olan təxminən 3-4 il olar ki, tanıdığı, onun evində kondisioner ustası olmuş şəxs avtomobillə bağlı “Turbo.az” səhifəsinə qoymuş olduğu reklam ilə maraqlanmış və ona zəng etmişdir. O da həmin şəxsi tanıdığından avtomobili ona 6000 manata satmağa razılaşmışdır. O, həmin puldan, yəni 6000 manatdan 3750 manat pulu verərək, qalan məbləği isə iki ay ərzində bağlayacağına söz vermişdir. Lakin söz verməsinə baxmayaraq, bu günə kimi borclu olduğu 2250 manat pulu qaytarmamışdır. Cavabdeh razılaşmanın şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmiş, borclu olduğu məbləğdən, yəni 2250 manat puldan heç bir ödəniş etməmişdir. Bununla əlaqədar, cavabdeh borclu qaldığı məbləğin yaxın vaxtlarda ona qaytarılması barədə dəfələrlə vədlər versə də, borcun qaytarılmasından yayınmışdır. Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, maşını cavabdehə satmazdan əvvəl ona maşını idarə etmək üçün bir aylıq etibarnamə vermişdir. Həmin müddətdə cavabdeh maşının hansısa hissəsinin xarab olduğunu deməmişdir. Yalnız maşını ona satdıqdan altı ay sonra maşının xarab olduğunu bildirmiş, borcunu ödəməmək üçün bunu bəhanə etmişdir. Həmin vaxtdan qalıq borcunu ödəməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. Bakı şəhər Xətai Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 55/2-R-18056 nömrəli məktubun surətindən görünür ki, İddiaçı ərizəsi əsasında Xətai Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində araşdırma aparıldığı və toplanmış materialda cinayət hadisəsi, inzibati xəta müəyyən olunmadığından, göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.

6. İddiaçı Vaqif oğlu tərəfindən Xətai rayon Polis İdarəsinin rəisinə ünvanlanmış izahatın surətindən görünür ki, 2022-ci ilin oktyabr ayında o, özü idarə etmək məqsədi ilə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında “BMW” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil almış və həmin ilin noyabr ayında maddi vəziyyəti ilə əlaqədar olaraq həmin avtomobili satmaq istəmiş və ona görə də o, yaxın tanışlarına bu barədə məlumat vermişdir. 2022-ci ilin oktyabr ayında onun tanışı olan, təxminən 3-4 ildir ki, tanıdığı, onun evində kondisioner ustası olmuş şəxs avtomobili ilə bağlı “Turbo.az” səhifəsində qoymuş olduğu reklam ilə maraqlanmış və ona zəng etmişdir. Ona danışıq zamanı özünün Turqut olmasını bildirmiş və həmin avtomobili barədə maraqlanmışdır ki, avtomobili onun üçün hansı qiymətə sata bilər. O isə cavabdehə avtomobili tanışı olmasına görə 6000 manata satmaq istədiyini bildirmiş və cavabdeh ona bir aya həmin avtomobilə dair sürmək üçün etibarnamə verməyini və növbəti aydan özü pul tapıb, həmin avtomobili ondan alacağını bildirmişdir. O, cavabdehi xeyli müddət olar ki, tanıdığı və onun evində kondisioner təmiri işləri görməsinə görə inandığı üçün buna razılıq vermişdir. Növbəti ay cavabdeh ona həmin avtomobili artıq almaq istədiyini bildirmiş və həmin avtomobilin pulunun 3750 manat pulunu əl krediti olaraq tapmış olduğu tanışının adına sənədləşdirib verməklə, həmin pulu ona verəciyini və növbəti ay, yəni 2023-cü ilin yanvar ayının sonlarında onun pulunu tam ödəyib, bağlayacaqlarını bildirmişdir. Cavabdeh avtomobilin pulunu Xətai rayonu, Telnov küçəsində 2022-ci ilin dekabr ayının təxminən ortalarında ona vermiş və cavabdeh həmin avtomobili ona vermiş olduğu etibarnamə əsasında pul almış olduğu şəxsin adına sənədləşdirmişdir. Növbəti aydan o, cavabdehdən pulunu tələb edən zaman cavabdeh ona hər dəfə müxtəlif bəhanələr gətirmişdir. O, cavabdehlə aralarında olan danışıqları qeydə almağa başlamış və hər dəfə cavabdeh ona müxtəlif bəhanələr irəli sürmüşdür. Buna görə də o, şikayət vermək qərarına gəlmişdir. Cavabdeh ona 2250 manat pul ödəməli olduğu halda bunu etməmişdir.

7. Cavabdeh tərəfindən Xətai rayon Polis İdarəsinin rəisinə ünvanlanmış izahatın surətindən görünür ki, İddiaçı o, 3 ildən artıq müddətdir ki, keçmiş müdiri olan Çingiz vasitəsi ilə tanıyır. Bundan başqa o, həmin ərəfədə iddiaçının evində kondisionerlərin təmiri işləri görmüşdür. Anarın bir ədəd “BMW” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Belə ki, o, özünə avtomobil almaq istəmişdir və ona görə də avtomobillərlə bağlı “Turbo.az” səhifəsində qoyulmuş reklamda olan nömrəni yığmışdır. Danışıq zamanı iddiaçı onun Turqut olmağını bilmişdir. Ondan avtomobil barədə maraqlanmış və avtomobili ona hansı qiymətə satacağını soruşmuşdur. İddiaçı ona tanış olduqlarına görə avtomobili 6000 manata satacağını bildirmişdir. O, tanışından əl pulu alaraq 3750 manata pul alıb avtomobili onun adına almaqla götürəcəyini bildirmiş və geridə qalan məbləği növbəti ay, yəni 2023-cü ilin yanvar ayının sonlarında tam olaraq bağlayacağını bildirmişdir. 2022-ci ilin dekabr ayının təxminən ortalarında avtomobil onun pul götürmüş olduğu şəxsin adına rəsmiləşdirilmişdir. Sonrakı aylarda onun pulu tam olaraq bağlamağına gücü çatmadığı və Anarın onun daha kiçik məbləğdə ödəniş etməsi ilə bağlı şərtlərini qəbul etməməsinə görə o, həmin pulu ödəyə bilməmişdir. Daha sonra o, işləri ilə bağlı olaraq Qarabağda daşımalar həyata keçirdiyinə görə iddiaçıya telefonla cavab verə bilməmiş və ya setlə bağlı olaraq ona zəng çatmamışdır. Hazırda onun iddiaçıya 2250 manat məbləğində borcu vardır və həmin pulu qısa müddətdə ödəyəcəyinə söz vermişdir.

8. Cavabdeh tərəfindən verilmiş iltizamın surətindən görünür ki, o, İddiaçı ilə avtomobilə görə aralarında qalan 2250 manatın təxmini yarı məbləğini iltizamın verildiyi gün, yarı məbləğini isə iyun ayında tam olaraq ödəyəcəyinə dair söz vermişdir.

İşin faktiki halları.

9. İddiaçı özünə məxsus “BMW” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh Faiq oğluna satmışdır.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

12. İşin hallarından görünür ki, tərəflər arasında avtomobilin alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, İddiaçı Cavabdeh avtomobil satmış, lakin cavabdeh aldığı avtomobilin pulunu tam ödəməmişdir. Belə ki, Cavabdeh tərəfindən Bakı şəhəri Xətai rayon Polis İdarəsinə verilmiş izahatdan görünür ki, o, İddiaçı avtomobil aldığını, bunun üçün 3750 manat pul ödədiyini, 2250 manatın isə qalıq qaldığını, sonradan maddi imkanı olmadığından pulu qaytara bilmədiyini qeyd etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsində alqı-satqı müqaviləsi predmetinin dəyərinin hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur.

13. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsi üzrə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Belə ki, o, avtomobili iddiaçıdan almasına baxmayaraq, dəyərini iddiaçıya tam ödəməmişdir. Odur ki, iddiaçı cavabdehə satdığı avtomobilə görə ödənilməmiş pulu (2250 manat) cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

14. Lakin tələb edilən 500 manat məbləğində mənəvi ziyana münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, “Ramazanov və digərlərinin” işi üzrə 29 oktyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Ali Məhkəməsi milli məhkəmələrə bu problemi tənzimləyən milli hüquq müddəaları olmadığı üçün mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə riayət etməyi tövsiyə etmişdir.

15. “Kletsova Yusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında, eləcə də bir sıra digər qərarlarında Avropa İnsan Hüquqları Məhkəməsi mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq, iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir.

16. Avropa Məhkəməsinin müvafiq mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, mübahisənin mahiyyəti nəzərə alınaraq, cavabdehin iddiaçıdan aldığı avtomobilə görə ödəmədiyi pulun iddiaçıya qaytarılmasının qət edilməsi iddiaçıya dəymiş mənəvi zərəri ədalətli kompensasiya edir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri.

17. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 47 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə (2250 manat) mütənasib olan 42.5 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2250 manat məbləğində pul və 42.5 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.

19. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 2250 (iki min iki yüz əlli) manat məbləğində pul və 42.5 manat (qırx iki manat əlli qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar