Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3641/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı evin təmirinə sərf olunmuş vəsaitin geri qaytarılması tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı evin təmirinə sərf olunmuş vəsaitin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.000 manat məbləğində pulun və ödədiyi 180 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi 8 saylı ev onun mərhum atası X2 mülkiyyətində olmuşdur. Atasının vəfatından sonra həmin ev onun övladlarına miras qalmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 2510/2022 saylı qətnaməsi ilə həmin evin 1/8 pay ona, 7/8 hissə bacısı - iş üzrə Cavabdeh verilmişdir. O, atasının sağlığında 2004-cü ildən başlayaraq həmin evdə tikinti təmir işləri görmüş, həmin evə bitişik əlavə 1 otaq tikmiş, 4 otaqlı evi əsaslı təmir etmiş, habelə hamam, tualet, mətbəxi yenidən təmir etmiş, evin damını dəyişmiş, həyətə tamet daşları vurmuş və sair, bir sözlə həmin evə 30.000 manat məbləğində xərc çəkib evi əsaslı təmir etdirmişdir. Hal-hazırda cavabdeh onun təmir etdiyi həmin evdə yaşayır, o, isə həyətdə tikdiyi sənədsiz evdə yaşayır. Cavabdeh onun təmir etdiyi evdə yaşamasına baxmayaraq, evin təmirinə çəkdiyi xərci ona ödəməkdən imtina edir. Ona görə də o, məhkəməyə müraciət etmişdir.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, o işlədiyi yerin sahibindən borca pul götürüb həmin evi təmir etdirmişdir.
4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbi əsassızdır və tələblə razı deyildir. Bildirdi ki, iddiaçı ailə qurandan sonra onlarla münasibəti pisləşmiş və həmin vaxtdan bəri həmişə aralarında mbahisə olmuşdur. İş materialları
5. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1223/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(010)-2510/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, mərhum X1 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bülbülə küçəsində yerləşən 8 nömrəli evə İddiaçı 1/8 hissədə, Cavabdeh 7/8 hissədə miras paylarının tanınması, mərhum X1 miras qalmış "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin bank hesabında olan 300 manat məbləğində pul vəsaitinə İddiaçı 1/8 hissədə, Cavabdeh 7/8 hissədə miras paylarının tanınması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(103)- 7293/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd olunan qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7293/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bülbülə küçəsində yerləşən 8 nömrəli evə (Yeni qaydalarla AZ 1043, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Vüqar Bədəlov 2-ci döngə, 32) İddiaçı 1/8 hissədə, Cavabdeh 7/8 hissədə mülkiyyət hüququ vardır.
7. Məhkəmənin 07 oktyabr 2024-cü il tarixli iclasında şahid qismində dindirilən X3 bildirdi ki, iddiaçının müdiridir. İddiaçı 2000-ci ildən bəri onların müəssisəsində işləyib, avtoyuyucu işləyir. 2003-2004-cü illərdə mütəmadi olaraq müəssisənin kassasından evin təmiri adı ilə borc pul götürürdü.
İşin faktiki halları
8. İşin halları ondan ibarətdir ki, iddiaçının mərhum atasından miras qalmış fərdi yaşayış evinə münasibətdə 1/8 hissədə, cavabdehin isə 7/8 hissədə pay hüququ məhkəmə qaydasında müəyyən edilmiş və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırkı tələbdə iddiaçı iddia edir ki, cavabdehin yaşadığı fərdi yaşayış evində hələ atası sağ ikən təmir işlərinin aparılmasına təqribən 30 000 manat vəsait sərf etmişdir və hazırda həmin vəsaitin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Tələbinin əsası kimi şahid ifadəsinə və özünün verdiyi ifadələrə əsaslanır. Cavabdeh isə bildirir ki, iddia tələbi əsassızdır və tələblə razı deyil.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
11. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
12. Hazırki tələbdə iddiaçı mərhum atasından miras qalmış fərdi yaşayış evi üzərində təqribən 30.000 manat məbləğində təmir işləri apardığını və paylar müəyyən edildikdən sonra isə həmin payın cavabdehdə olduğunu bildirirək cavabdehdən həmin pul vəsaitinin tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı tələbin əsaslı hesab edilməsi üçün ilk növbədə iddia tələbində qeyd edilən halların mövcud olması iddiaçı tərəfindən sübut edilməlidir. Yəni, iddiaçı sübut etməlidir ki, cavabdehin yaşadığı fərdi yaşayış evində təmir bərpa işləri aparmış və bu işlərin aparılmasına 30 000 manat vəsait sərf etmişdir. Müəyyən edilir ki, mübahisəli ev tərəflər arasında paylı mülkiyyətdədir və əmlaka İddiaçı 1/8 hissədə, Cavabdeh 7/8 hissədə mülkiyyət hüququ vardır. Paylar naturada ayrılmayıb. Hazırkı tələbdə iddiaçı bildirir ki, mübahisəli evdə əvvəllər atasının sağ olduğu dövrdə (atası xx.xx.2021-ci ildə vəfat etmişdir) təmir işləri aparmış, bu işlərə 2004-cü ildən başlamışdır. Qeyd edilməlidir ki, iddiaçının həmin evdə təmir və ya yaxşılaşdırma işləri aparması onun tərəfindən əsaslı dəlillərlə sübuta yetirilməmiş, tələbin sübutu kimi yalnız şahid ifadəsinə əsaslanmışdır. İş üzrə ifadə verən şahidin iddiaçının ondan evi təmir etdirmək adı ilə borc götürdüyünü bildirməsi isə özü-özlüyündə tələbin əsaslılığına dəlalət edən yeganə və təqzibedilməz sübut deyildir. Əlavə olaraq qeyd edilməlidir ki, hər iki tərəfin izahatlarından məlum olur ki, təxminən 2006-cı ildən sonra iddiaçının valideynləri və bacı-qardaşları ilə münasibətləri gərgin olmuş, hətta bununla bağlı polisə də şikayətlər olmuşdur. Bu halların mövcudluğu onu göstərir ki, münasibətlər kifayət qədər gərgin olmuşdur. Belə bir vəziyyətdə iddiaçının yaxşı ailə münasibətlərində olmadığı şəxslərin yaşadığı evi borc götürüb təmir etdirməsi də inandırıcı deyil. İddiaçı tələbində qeyd etdiyi xüsusatları, yəni cavabdehin yaşadığı fərdi yaşayış evində təmir bərpa işlərinin aparılmasını və həmin işlərə 30 000 manat vəsait sərf etməsi barədə halları prosessual qanunvericiliyin tələbləri baxımından sübut edə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin edilə bilməz.
Məhkəmə xərcləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
16. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı evin təmirinə sərf edilmiş vəsaitin geri qaytarılması tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı evin təmirinə sərf edilmiş vəsaitin geri qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.