Məhkəmə qərarları › İş №2(010)-3672/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3672/2021

29.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3672/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaşın əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinə (bundan sonrakı mətndə ASC "xxxx" Sığorta Şirkəti) qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaşın əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi nəticəsində ona mülkiyyət hüququ əsasında məxsus olan **-VP-*** dövlət qeydiyyat nişanlı, CHEVROLET CRUZE MİNİK markalı avtomaşına vurduqları 2350.56 manat, 62 manat dövlət rüsumu və 08 noyabr 2020-ci il tarixdən bu günədək ödənişin gecikdirilməsi səbəbindən dəfəflərlə sığorta təşkilatlarına, məhkəmələrə, DYP orqanlarına, asan xidmət mərkəzlərinə, DİN-in MAPS üzrə məlumat şöbəsinə, hüquq məsləhətxanalarına gediş-gəliş, sənədlərin toplanması, eyni zamanda bugünədək ehtiyat hissələrinin bəzilərinin qiymət dəyişikliyini, həmçinin vəkil xidmətinin dəyərini nəzərə alaraq 700 manat dəyərində təzminat məbləği, cəmi 3112.56 manat müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ASC "xxxx" Sığorta Şirkəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçının mülkiyyətində 14 aprel 2016-cı il tarixli texniki pasporta əsasən, F16D4450001KA №li mühərrik, KL1JA6859DK083176 №li kuza və №li şassisi olan **-VP-*** dövlət qeydiyyat nişanlı, CHEVROLET CRUZE MİNİK markalı avtomaşın vardır. 08 noyabr 2020-ci il tarixində, təxminən saat 16:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ilə Azneft meydanı istiqamətində hərəkət edərkən "Qız Qalası"nın qarşısında yuxarıda qeyd olunan avtomaşını qardaşı X6 idarə edərkən yolnəqliyyat hadisəsi baş vermişdir. Həmin gün digər ailə üzvləri ilə birlikdə avtomobildə olanda şəhərdə hər kəs Qələbə sevincini paylaşmaq üçün küçələrə çıxdığından yollar tıxaclı nəqliyyat vasitələrinin hərəkəti də məhdud idi, təxminən avtomobillərin hərəkət surəti 10-15 km\saat olardı. Lakin onun bəlli olmayan səbəbdən arxa tərəfdə hərəkət edən TOYOTA SEQUOİA markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobil, ona məxsus avtomobili arxadan vuraraq, nəqliyyat vasitəsini zədələmişdi. Hadisə zamanı DYP nümayəndələri hadisə yerinə gələrək, baxış keçirmiş, nəqliyyat vasitələrinin zədələr alması barədə 038381 №li 08.11.2020-ci il tarixli ARAYİŞ təqdim etmişdir. Cavabdeh1 tərəfin sığortaçısı Standart Sığorta Şirkətinin hüquqi varisi olan İcbari Sığorta Bürosunun nümayəndələri də həmçinin avtomobilə baxış keçirmişlər. Chevrolet servisin avtomobilə dəymiş zərərin təmiri üçün görüləsi işlərin və detalların qiymətləndirmə Preyskurantını müəyyən etməklə, qüsur aktını tərtib edərək ona vermişlər. Yol nəqliyyat hadisəsindən sonra, qüsur aktını cavabdehlərə təqdim etmiş, bu günədək dəymiş zərərin qarşılanması cavabdehlərin heç biri tərəfindən icra olunmamışdır. Səbəb sığorta şirkətinin nümayəndəsi - təminat şöbəsinin rəisi Əli Həsənovun dediklərinə görə onun avtomobilin artıq qarantiya müddətini keçmişdir, CHEVROLET rəsmi servisində təmirə ehtiyac yoxdur, çünki servislər çox baha qiymət təklif edir, dəyişiləsi detalların yenisinin alınmasına ehtiyac yoxdur, el dilində desək maşın ölüxanalarından 2-ci əl işlənmiş detallar tapmaq olar və bu yanaşma ilə də 1200.00 manat təklif edir ki, bu məbləğ də avtomobilə dəymiş zərəri qarşılamır. İcbari Sığorta Bürosunun özünün rəsmi müqaviləsi olmayan hər hansı bir servisə, yəni Biləcəri qəsəbəsində yerləşən "Məmmədoğulları" servisinə yollayır ki, orada yaxşı ustalar var, həmçinin işlənmiş ucuz detallar tapıb orada avtomobilinizi təmir etdirə bilərlər. Ona görə də iddiaçı tərəf sığorta şirkətindən pulunu almamışdır. Cavabdehlərdən Cavabdeh1 və atası isə mübahisənin məhkəmədənkənar həlli üçün razılığa da gəlməyiblər. Sığorta şirkətinin ödəmək istədiyi real vəsaitin əlavəsini də sürücü və mülkiyyətçi ödəməlidir. Bundan əlavə, ekspert rəyi də həqiqəti əks etdirmir və buna görə də rəy ilə razı deyil. Çünki, ekspert rəyi ilə onların istədiyi məbləğ arasında kifayət qədər fərq var. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 25.10.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, “TOYOTA SEQUOİA” markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və hazırda ləğv olunmuş ASC "xxxx" Sığorta Şirkəti (hazırki hüquqi varisi İcbari Sığorta Bürosudur) tərəfindən sığortalanmışdır. 08 noyabr 2020-ci il tarixdə onun avtomobilini oğlu Cavabdeh1 idarə etmişdir. Həmin vaxt öndə hərəkət edən “CHEVROLET CRUZE MİNİK” markalı ** VP *** dövlət qeydiyyat nişanlı maşını oğlu Cavabdeh1 idarə etdiyi “TOYOTA SEQUOİA” markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan vurmuş və iddiaçının maşını zədələnmişdir. Hadisə yerinə dərhal DYP nümayəndələri və sığortaçı Standart Sığorta Şirkəti gəlmiş, avtomobilə dəymiş zərərin təmiri üçün görüləsi işlərin və detalların qiymətləndirmə Preyskurantını müəyyən etməklə, qüsur aktını tərtib edərək iddiaçıya vermişlər. “TOYOTA SEQUOİA” markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalıdır. Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 (beş min) manat məbləğinə kimi pulu sığortaçım, yəni, ləğv olunmuş ASC "xxxx" Sığorta Şirkətinin hüquqi varisi İcbari Sığorta Bürosu ödəməlidir. Odur ki, 2(010)- 3672/2021 №-li mülki iş üzrə iddiaçı X3 dəymiş maddi zərərin cavabdeh kimi İcbari Sığorta Bürosu tərəfindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını, onun və oğlu Cavabdeh1 cavabdeh kimi mülki işin məhkəmə icraatında iştirakına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı 08.11.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 14.04.2016-cı il tarixdə verilmiş AC seriyalı 632709 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, edən “CHEVROLET CRUZE MİNİK” markalı ** VP *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi İddiaçıdır. 15.10.2018-ci il tarxli etibarnamədən müəyyən olunur ki, İddiaçı ““CHEVROLET CRUZE MİNİK” markalı ** VP *** dövlət nömrə nişanlı avtomaşını X5 nəqliyyat vasitəsini idarə etmək üçün etibar etmişdir və etibarnamə 10.10.2028-ci il tarixədək qüvvədədir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış, Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 26.12.2013-cü il tarixdə verilmiş AC seriyalı 036596 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, edən “TOYOTA SEQUOİA” markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi Cavabdeh2dur. "xxxx" MMC tərəfindən tərtib edilmiş 02.12.2020-ci il tarixli “Preyskurant”dan müəyyən olunur ki, “CHEVROLET CRUZE MİNİK” markalı ** VP *** dövlət nömrə nişanlı avtomobilə təmir işlərinə sərf olunan ehtiyyat hissələri və usta işləri ümumilikdə 2350,56 manat məbləğində təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2021-ci il tarixli, 9/6540 №-li ekspert rəyində qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC-nin 02.12.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Chevrolet Cruze” minik markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1745,0 manat müəyyən edilir. 29.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Vəkil hesabına 151 manat məbləğində pul köçürülmüşdür. 21.04.2021-ci il tarixli **********71 №-li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizə ilə müraciət olunarkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, izahatlardan, eləcədə iş materiallarından müəyyən olunur ki, Cavabdeh1 Cavabdeh2 məxsus “TOYOTA SEQUOİA” markalı ** SO *** dövlət nömrə nişanlı avtobili ilə 08 noyabr 2020-ci il tarixində, saat 16:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ilə Azneft meydanı istiqamətində hərəkət edərkən "Qız Qalası"nın qarşısında yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçının idarə etdiyi “CHEVROLET CRUZE MİNİK” markalı ** VP *** dövlət qeydiyyat nişanlı avtomaşınına maddi ziyan dəymişdir. TP ******* saylı 08.11.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Həmin zərərin aradan qaldırılması ilə bağlı iddiaçıya sığorta ödənişi ödənilməmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə iddiaçının idarə etdiyi avtomaşınına vurulan zərərin aradan qaldırılması ilə bağlı təmirbərpa xərci hadisə baş verən tarixə 1745,0 manat təşkil etmişdir. Azərbaycan Respublikası MM-nin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yuxarıda qeyd edilən norma mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyacaq şəxslərin dairəsini məhdudlaşdırmaqla, zərər vurulması anında yüksək təhlükə mənbəyinə qanuni əsaslarla sahibliyi həyata keçirmiş şəxsin həmin mənbənin vurduğu ziyana görə məsuliyyətini müəyyən edir. İş materiallarına əlavə edilmiş TP ******* saylı 08.11.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Bakı şəhər DYPİ polis mayoru X1 tərtib etdiyi qərardan belə nəticəyə gəlinir ki, Cavabdeh1 yalnız Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə cərimə edilmiş və Cavabdeh1 əməlində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinin (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) tərktib əlamətləri olmamışdır. Bu hal isə vurulmuş ziyana münasibətdə Cavabdeh2 təqsirini istisna edir. Belə halda, iddia yalnız Cavabdeh1 münasibətdə təmin edilə bilər. Sadalanan qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim etdiyi sübutlara və istinad olunan qanunvericilik müddəalarına əsasən vurulmuş maddi zərərin ödənilməsi hissəsində iddia qismən əsaslı hesab edilməlidir. Vurulmuş zərərin məbləğini müzakirə edən məhkəmə hesab edir ki, iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərərin əvəzini təqdim etdiyi qüsur aktına əsasən 2350,56 manat məbləğində tələb etsə də, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, avtomobilə dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab edir və bu nəticəyə gəlir ki, hadisə ilə bağlı iddiaçının xeyrinə 1745 manat tutulmalıdır. İş materiallarında olan Ləğv prosesində olan Standard İnsurance Sığorta Şirkətinin İddiaçı ünvanladığı 11.01.2021-ci il tarixli məktubundan görünür ki, “Chevrolet Cruze” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilə 08.11.2020-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər məbləği 1230 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən sığorta ödənişinin həyata keçirilməsi üçün İddiaçı Şirkətin ofisinə yaxınlaşmaq xahiş olunmuşdur. Odur ki, qeyd olunanlar nəzərə alınaraq ASC "xxxx" Sığorta Şirkəti (Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkəti) tərəfindən 1230 manat sığorta ödənişi, Cavabdeh1 isə həmin sığorta ödənişi məbləğinin müəyyən olunan zərərin ümumi məbləğindən çıxıldıqdan sonra qalıq qalan 515 manat hissəsi iddiaçının xeyrinə pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115.-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddiaçı cavabdehlərdən 08 noyabr 2020-ci il tarixdən bu günədək ödənişin gecikdirilməsi səbəbindən dəfəflərlə sığorta təşkilatlarına, məhkəmələrə, DYP orqanlarına, asan xidmət mərkəzlərinə, DİN-in MAPS üzrə məlumat şöbəsinə, hüquq məsləhətxanalarına gediş-gəliş, sənədlərin toplanması, eyni zamanda bugünədək ehtiyat hissələrinin bəzilərinin qiymət dəyişikliyini nəzərə alaraq 700 manat dəyərində təzminat məbləğinin ödənilməsini iddia etsə də, həmin öhdəliyin hansı əsasla yaranmasını əsaslandıra bilməmiş və qeyd olunan xərcin məhz həmin məbləğdə yaranmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin vəkilə göstərilmiş yardıma görə xərcin tutulması hissəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən həmin məbləğin ödənilməsini təsdiq edən müvafiq qəbz iddia ərizəsinə əlavə edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin hissədə tələb təmin edilməli və Cavabdeh1 hüquqi yardıma görə 151 manat məbləğində pulun tutulması müəyyən edilməlidir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 16 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 14 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia cavabdehlər Cavabdeh1 və Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinə (Ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinə) münasibətdə qismən təmin olunsun. Cavabdeh1 515 (beş yüz on beş) manat məbləğində dəymiş zərər, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətindən (Ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətindən) isə 1230 (bir min iki yüz otuz) manat olmaqla, cəmi 1745 (bir min yeddi yüz qırx beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 16 (on altı) manat və vəkilə göstərilmiş yardıma görə 151 (bir yüz əlli bir) manat olmaqla, cəmi 167 (bir yüz altmış yeddi) manat məbləğində pul Cavabdeh1 İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 14 (on dörd) manat hissəsi İddiaçı özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Adı: X2, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar