Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-372/2022 28.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyət hüququnun tanınmasına dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 28 fevral 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyət hüququnun tanınmasına dair iddia ərizəsi ilə müraciət edərək, İddiaçı 30 ildən artıq müddətdir ki, sahiblik və istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Nizami döngəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin üzərində onun mülkiyyət hüquqlarının tanınması haqqında qətnamə qəbul edilməsinpi xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, anadan olduğu vaxtdan ünvan 2 ünvanında yaşayır. İddiaçı 1984-cü ildən onun ailəsinə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Nizami döngəsində yerləşən evin arxa hissəsində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, 0,10 ha (10 sot) torpaq sahəsini dəmir çəpərlə hasarlayaraq ona faktiki sahiblik edir. Həmin sahə, iddiaçı ona sahiblik etməmişdən əvvəl, zibillik olmuşdur. İddiaçı sahədəki zibilləri təmizləyərək orda ağaclar əkmişdir və digər abadlıq işləri apararaq həmin sahəyə 1984-cü ildən bu günə qədər sahiblik etmişdir. Qeyd olunan daşınmaz əmlaka faktiki olaraq 30 ildən artıq müddətdir ki, sahiblik etdiyi səbəbindən iddiaçı həmin əmlakı adına rəsmiləşdirilməsi üçün Suraxanı rayon İcra Hakimiyyətinə və Suraxanı Bələdiyyəsinə müraciət etsə də, sözügedən qurumlar torpaq sahəsi üzərində mülkiyyət hüququnun onlara məxsus olmadığını bildirmiş və bu səbəbdən həmin torpaq sahəsinə dair hər-hansı bir hüquqmüəyyənedici sənəd təqdim edə bilməyəcəklərini bildirmişdilər. Bundan sonra, iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-ci maddəsinə əsas tutaraq 30 ildən artıq istifadəsində olan torpaq sahəsinin üzərində onun mülkiyyət hüququnun tanınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmiş, lakin həmin orqan iddiaçının daşınmaz əmlak mülkiyyətçisi kimi qeydiyyata alınmasından imtina etmişdir. İddiaçı 30 ildən artıq müddətdir ki, sahiblik və istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Nizami döngəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin üzərində onun mülkiyyət hüquqlarının tanınması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında X4 ifadəsində iddiaçının qonşusu olduğunu, Nurəli Abdullayevin küçəsində yaşadığını, Nizami küçəsinə yaxın olduğunu, 1961-ci ildən həmin ünvanda yaşadığını, Akiflə qonşu olduğunu, lap əvvəldən tanıdığını, atası evi tikəndə o ərazilər boş olub, rəhmətlik Salam kişini də görmüş, iddiaçının 6 yaşı var idi o rəhmətə gedəndə, Akif iddiaçıdan yaşca 6 yaş kiçik olar, lap çoxdan tanıdığını, ailəsi ilə orada yaşadığını, torpaq Salam kişinin olduğunu, O kişilər orada çoxdan olublar, təsərrüfatları olub, əkib biçiblər orada. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində iddiaçının qonşusu olduğunu, 40 ildi həmin ünvanda yaşadığını, 35 ildi İddiaçı atası Əhmədin və osnra da özünün və ailəsinin orada yaşamasını, Akifin ailəsi tərəfindən hasalarlanmasını, özünün həmin ünvan 1982-ci ildə gəlin gəldiyini, gələndə onları o vaxtdan orada görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 qeyd olunan ünvan 1989-cu ildə gəlin gəldiyini, gələndən onların bağı çəpərə alındığını, həmin bağda əkin biçin edilməsini, həmin bağda ağacların əkdiyini, bağı təmiz saxladıqlarını qeyd etmişdir. Məhkəmə iddiaçını və iddiaçının nümayəndəsinin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Mülki işin materiallarından olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 24 sentyabr 2021-ci il tarixli məktubuna əsasən ünvan 4 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 22.09.2021-ci il tarixli ********** nömrəli müraciəti ilə əlaqədar bildirilmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məsələyə yenidən baxılacağı və bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmaması bidirilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respulikasının Mülki Məcəlləsinin 178.6-ci maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakı dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 28 ynvar 2002-ci il tarixli qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsində daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddəti müəyyən olunmuşdur. Mülki Məcəllənin 179.1-ci maddəsinə əsasən daşınmaz əmlakın mülkiyyətçisi olmayan, lakin on il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Həmin Məcəllənin 179.2-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər. Yeni Mülki Məcəllədə belə institutun müəyyənləşdirilməsi ilk növbədə mülkiyyətin heç bir növünə üstünlük verilmədiyini təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsaslanır. Əldə etmə müddəti özgə əmlakından faktiki olaraq hüquqi əsas olmadan istifadə edilməsi hallarında tətbiq edilir. Bununla belə, daşınmaz əmlaka hüquqi əsaslarla (uzun müddətli icarə müqaviləsi və s.) faktiki sahiblik edən şəxs barəsində əldə etmə müddəti tətbiq oluna bilməz. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi üçün zəruri tələblərdən biri Mülki Məcəllənin 179.1-ci maddəsində nəzərdə tutulan on illik əldə etmə müddətinin başa çatmasıdır. Bu maddəyə müvafiq olaraq daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətinin tətbiq edilməsi üçün əsas şərtlərdən biri də daşınmaz əmlaka vicdanla sahiblik etməkdir. Bu hal faktiki sahiblik edən şəxsin qəsdən əmlakın mülkiyyətçisinin iradəsinə zidd olaraq mülkiyyətə yiyələnməsini istisna etməklə əmlakın qanunsuz olaraq mənimsənilməsinə qarşı yönəlmişdir. Digər tərəfdən sahibliyin açıq həyata keçirilməsi onun daşınmaz əmlaka gizli deyil, açıq surətdə hər hansı bir şəxsdən asılı olmayaraq öz əmlakı kimi istifadə etməyi və belə əmlakla bağlı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur. Əldə etmə müddətinin fasiləsizliyi də yuxarıda göstərilən şərtlərdən biridir. Belə ki, səlahyyətli şəxs tərəfindən əmlakın qaytarılmasına dair iddianın verilməsi müddətin axımının dayanmasına səbəb olur və onun fasiləsizliyinə xələl gətirir. Beləliklə təhlil edilən şərtlər bir-biri ilə sıx bağlı olduğundan, onlardan hər hansı birinin olmaması mülkiyyət hüququnun əldə edilməsini qeyri-mümkün edir. Qeyd oluna qərara əsasən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin təhlilindən görünür ki, həmin Məcəllənin 179-cu maddəsinin müddəalarının hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən əvvəlki müddətlərə şamil edilməmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Beləliklə, yuxarıda qeyd olunan qanun normalarını, iş materiallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyət hüququnun tanınmasına dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi üzrə 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyət hüququnun tanınmasına dair iddia ərizəsi diası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-372/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-372/2022
28.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver