Məhkəmə qərarları › İş №2(010)-373/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-373/2023

13.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-373/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 iştirakları ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 147 nömrəli reyestr kitabının 14290 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır.

2. 168 №-li MTK-nın sədri Məmmədova V.Y. tərəfindən tərtib edilmiş aktdan görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus mənzilə həmin binada mənzil 23-də yaşayan Cavabdeh1, mənzil 25-də yaşayan Cavabdeh2 və mənzil 34-də yaşayan Cavabdeh5 məxsus olan və binanın liftinin damında yerləşdirilmiş su çənlərinin aşıbdaşması və nasaz olması nəticəsində maddi ziyan dəymişdir.

3. Fotoşəkillərdən mənzilin tavanında və divarlarında su sızmaların olduğu görünür.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2023-cü il tarixli, 10/1235 №-li ekspert rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Y/S, 16 saylı evin 36 saylı mənzilə dəymiş ziyan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Y/S, 16 saylı binanın dam hissəsində cavabdehlər - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən yerləşdirilmiş böyük tutumlu metal su çənlərindən suyun axıdılması nəticəsində yarana bilər. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Y/S, 16 saylı evin 36 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi mövcud bazar qiymətlərinə uyğun olaraq 1274,0 manat məbləğində müəyyən edilir.

İşin faktiki halları

5. Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, D yaşayış sahəsi, ev 16 ünvanında yerləşən 36 saylı mənzilin tikilisinin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyi, həmin qüsurların su sızmaya aid olduğu və qeyd olunan mənzilə su axıdıldığı işin mübahisəsiz hallarıdır. İddia tələbi

6. İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı "su çəninin sökülməsi və maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsindəki, 16 saylı binanın damına cavabdehlər - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən yerləşdirilmiş böyük tutumlu metal su çənlərinin cavabdehlərin hesabına sökülməsi, ona dəymiş maddi zərərə görə 1500 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehlər - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, ona dəymiş maddi zərərə görə 1500 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

8. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

9. İddiaçı X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

10. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının mənzilə onun çənindən su sızmayıb. Belə ki, o, keçən məhkəmə iclasında da iddiaçıya bu barədə sual vermiş və iddiaçı həmin faktı təsdiqləmişdir. Bu barədə videogörüntülər də var və iddiaçı həmin görüntüləri təqdim etməlidir. Bundan əlavə, ekspert rəyi ilə də razı deyil. Belə ki, ekspert dəymiş ziyanı 1274 manat məbləğində qiymətləndirsə də, həqiqəti əks etdirmir. Çünki o, bu barədə araşdırma aparmış və 18 kv.m. mənzilə 5 rulon oboy getdiyi məlum olmuşdur. Ekspert isə 18 rulon oboy getdiyini qeyd etmişdir. İddiaçı evin təmirinə görə 1500 manat xərc çəkdiyini bildirirsə, bununla bağlı öz çeklərini təqdim etməlidir. Həmçinin, ekspert rəyində ehtimallara əsaslanaraq rəy verib ki, ehtimalla da subyekti müəyyən etmək mümkün deyil. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

11. Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, ekspert rəyində su sızmanın 4 əsas səbəbdən yarandığını qeyd etsə də, əsasə səbəbi yazmamışdır. Belə ki, əsas səbəb damın üstünün nasaz olmasıdır. Bu səbəbədən də damın üstü nasaz olduğu üçün hər dəfə yağış yağdıqdan sonra evə su sızması normal haldır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

12. Cavabdeh5 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, ekspert rəyi ilə razı deyil. Birincisi, rəy ehtimal əsasında verilib. İkincisi, ekspert rəyindəki qiymət şişirdilmiş qiymətdir, üçüncüsü isə rəydə iddiaçının özünün də çəninin orada olduğu qeyd olunmamışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

13. Cavabdeh1 xx.xx.2022-ci il tarixli məhkəmə iclasında izahat bildirmişdir ki, o, 34 ildir ki, həmin binada yaşayır və binada su yoxdur. İddiaçının qoyduğu şərt ilə çənlərin oradan çıxardılması qeyri-mümkündür. O, çənini çıxardıb, başqa yerə qoymadan əvvəl qoyduğu hissəni torlatmış və oraya qoymuşdur. İddiaçı da çənini çıxartdırıb öz mənzili üstünə qoymuş və oranı təmir elətdirmişdir. Binanın üstündə çoxlu çənlər var və digər çənlərdən də axan suyun hamısı iddiaçının mənzilinin üstündə olan deşikdən axıb gedir. Hətta güclü yağış yağsa oradan da su dama bilər. İddiaçının evinin üstündə panel var, həmin panel üsündə 60 sm-lik ayrı panel var, həmin binaların üstü də təmir edilir.

14. Cavabdeh4 oğlu xx.xx.2022-ci il tarixli məhkəmə iclasında izahat bildirmişdir ki, onun çəni liftin üstündə, Vüqarın evinin yanındadır və onun çənindən su axmayıb.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1111. Binanın uçması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

17. Məhkəmə tərəflərin izahatını diləyərək, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

18. Belə ki, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

19. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehlər tərəfindən binanın damında yerləşdirilmiş böyük tutumlu metal su çənlərindən axıdılması müəyyən edilmişdir. Cavabdehlər ekspertiza rəyi ilə razılaşmayaraq iddiaçının mənzilinə suyun onların çənindən axıdılmasını inkar etsələr də, işdə olan sübutlarla (ekspertiza rəyi, şəkillər və s.) suyun məhz cavabdehlər tərəfindən binanın damında yerləşdirilmiş böyük tutumlu metal su çənlərindən axması müəyyən olunmuş, cavabdehlər bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Əksinə, işdə olan ekspertiza rəyləri, fotoşəkillər və digər sübutlarla iddiaçı tərəfə məxsus mənzilə su axıdılması nəticəsində mənzilin divarına, tavanına və s. zərər dəyməsi faktı müəyyən edilmişdir. Cavabdehlər, həmçinin, ekspert rəyi ilə razılaşmayaraq, rəyin ehtimal əsasında verildiyi, ekspertin iddiaçının mənzilinə su sızmasının məhz onlar tərəfindən binanın damında yerləşdirilmiş metal su çənlərindən axmasının konkret olaraq göstərilmədiyini qeyd etsələr də, məhkəmə hesab edir ki, cavabdehlərin bu izahatları əsassızdır. Belə ki, qeyd olunan faktı müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza keçirilmiş, ekspert tərəfindən mübahisəli yaşayış evinin damına baxış keçirilmiş və baxış keçirilən zaman damın üzərində, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 su çənlərinin yerləşdiyi müəyyən edilmiş və mənzilə dəymiş ziyanın su çənlərindən suyun axıdılınması nəticəsində yarana bildiyi qeyd olunmuşdur. Məhkəmə ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirmiş, həmçinin iş materiallarında olan 168 №-li MTK-nın sədri Məmmədova V.Y. tərəfindən tərtib edilmiş aktdan da iddiaçıya məxsus mənzilə həmin binada mənzil 23-də yaşayan Cavabdeh1, mənzil 25-də yaşayan Cavabdeh2 və mənzil 34-də yaşayan Cavabdeh5 məxsus olan və binanın liftinin damında yerləşdirilmiş su çənlərinin aşıb-daşması və nasaz olması nəticəsində maddi ziyan dəydiyi müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçının mənzilinə dəymiş ziyanın cavabdehlərə məxsus su çənlərindən suyun axması nəticəsində yarandığı öz təsdiqini tapmışdır. Məhkəmə ekspert rəyində qeyd olunan Cavabdeh1 məxsus su çəninin baxış keçirilən zamanı olmaması ilə bağlı hesab edir ki, məhkəmə iclasları zamanı araşdırılmış işin hallarından və iş materiallarında olan MTK-nın aktından görünür ki, Cavabdeh1 məxsus su çəni əvvəllər mövcud olmuş və aktda Cavabdeh1 məxsus çənindən suyun sızdığı müəyyən olunmuşdur. Həmçinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında izahat verən zaman Cavabdeh1 onun su çəninin də orada olmasını, lakin sonradan həmin çəni çıxararaq, yerini dəyişdirdiyini bildirmişdir. Yəni ekspert tərəfindən baxış keçirilən zaman Cavabdeh1 məxsus çənin olmaması onun çənindən iddiaçıya məxsus mənzilə suyun sızmaması qənaətinə gəlməyə əsas vermir.

20. Dəymiş zərərin məbləğinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçının evinə cavabdehlərə məxsus su çənlərindən suyun axması nəticəsində ona dəymiş maddi zərər ekspert rəyinə əsasən 1274 manat məbləğində qiymətləndirilmişdir. Cavabdehlər ekspert rəyinin həmin hissəsi ilə də razılaşmayaraq qiymətin şişirdilmiş olduğunu bildirsələr də, ekspert rəyindən görünür ki, aparılan hesablamalar nəticəsində mübahisəli mənzil üzrə yerinə yetirilməli təmir-tikinti işlərinin dəyəri təqribən bazar qiymətlərinə uyğun müəyyən olunmuş, bununla bağlı smeta isə rəyə əlavə edilərək, əsaslandırılmışdır. Cavabdehlər isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər.

Məhkəmə xərcləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

22. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi İddiaçı özünə aid edilməlidir.

24. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Məhkəmənin gəldiyi nəticə

25. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 1274 manat məbləğində pul iddiaçı X1 xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 1274 (bir min iki yüz yetmiş dörd) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi İddiaçı özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar