Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3738/2021 14.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh onun xeyrinə beh kimi əvvəlcədən ödənilmiş 3000 manatın iki mislinin, yəni 6000 manat və çəkdiyi zərərə görə 2000 manat, cəmi 8000 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə verərək məhkəmədən Cavabdeh beh kimi ödənilmiş 3000 manat məbləğində pulun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(010)-3894/2020 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, 3000 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bundan sonra, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(010)-3894/2020 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini və icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli, 2(010)-3738/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(010)-3894/2020 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, birinci qrup əlildir. Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda da yaşayır. Mənzili 3-cü mərtəbədə yerləşir. Yaşadığı binada lift olmadığından və əlil olduğundan hər dəfə mənzilə giribçıxmaq üçün çox əziyyət çəkir. Bu səbəbən də o, mənzilini satıb, bankdan kredit çəkib, fərdi yaşayış evi almaq istəmişdir. Bu barədə köməklik üçün qohumlarına müraciət etmişdir. Yaxın qohumu ona bildirmişdir ki, onların yaşayış evinin yaxınlığında Cavabdeh adlı şəxs həyətyanı sahəsi olmaqla yaşayış evini satır. O, qohumu ilə həmin ünvana gedib Eldar adlı şəxslə görüşüb tanış olmuşdur. Satılacaq fərdi yaşayış evi və torpaq sahəsi xoşuna gəldiyi üçün Cavabdeh ilə ondan həmin fərdi yaşayış evini və həyətyanı sahəni ümumilikdə 58000 manata alacağı ilə bağlı razılığa gəlmişdir. 15.03.2015-ci il tarixdə o, Cavabdeh özü daxil olmaqla dörd nəfərin şahidiyi ilə 1000 manat məbləğində yazılı formada beh pulu vermişdir. 04.04.2015-ci il tarixdə Cavabdeh yenidən onun yanına gələrək bildirmişdir ki, həmin ünvanda yaxın qohumları pasport qeydiyyatındadır. Həmin şəxslərin qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət edəcəyini söyləmişdir. Lakin pulu olmadığından məhkəmədə vəkilə çəkilən xərclər üçün ondan əlavə 2000 manat məbləğində pulu yazılı formada almışdır. Cəmi ondan 3000 manat məbləğində pul almışdır və işlərin bitməsi üçün ondan üç ay vaxt istəyərək evi ona verəcəyini bildirmişdir. Əvəzində aralarında olan ümumi razılığa görə ona alacağı evə görə qalan 55000 manat pulu hazırlayıb verməli idi. Üç ay keçdikdən sonra o, Eldardan işin nəticəsi ilə maraqlananda o, məhkəmə prosesinin uzandığını və əlavə 3-4 ay vaxt lazım olduğunu bildirmişdir. Həmin müddətdə o da öz mənzilini satmaq üçün vasitəçiyə müraciət etmiş və əlavə olaraq, bankdan pul çəkmişdir. Cavabdeh məhkəmə prosesinin davam etdiyini deyərək onu aldatmışdır. Sonradan bir qohumu ona xəbər vermişdir ki, Cavabdeh ona satacağı torpaq sahəsinin 3 sotunu başqa şəxsə satmış, həmin torpaqda əlavə tikililər tikmişdir. O, Eldarı tapa bilməmiş, zənglərinə cavab verməmiş, yaşadığı ünvana getsə də ailə üzvləri evdə olmadığını bildirmişdir. O da Cavabdeh barəsində hüquq mühafizə orqanına – 31-ci PB-yə rəsmi ərizə ilə müraciət etmişdir. O, polisə gələrək, həmin evi ona satmayacağını bildirmiş və aldığı behi qaytaracağına söz vermişdir. Onu aldatdığı üçün ondan aldığı behin iki qat artığını alacağını bildirmişdir. Lakin o, Polis Bölməsində ona verdiyi sözə əməl etməmiş, yenidən ondan qaçıb gizlənmişdir. 12.06.2020-ci il tarixdə o, təkrarən Cavabdeh barədə Suraxanı RPİ-nin PB-yə rəsmi ərizə ilə müraciət etmişdir. Suraxanı RPİ-nin 31-ci PB-nin 0988601M-1220 nömrəli, 30.06.2020-ci il tarixli məktubu ilə ərizəsinə cavab olaraq ərizənin ətraflı araşdırıldığı, araşdırma zamanı edilmiş şikayətin mülki xarakter daşıdığı üçün bununla bağlı məhkəmə orqanına müraciət etməsi məqsədə uyğun hesab edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, 2015-ci ilin mart ayında cavabdehin satışa çıxartdığı evə gedib baxmış, evi və yerləşdiyi yeddi sot torpaq sahəsini 58000 manata almaq üçün cavabdehlə razılaşmışdır. Bu zaman cavabdehə əvvəlcə 1000 manat beh vermişdir. Cavabdeh ona evdə qeydiyyatda olan şəxslər olduğunu və həmin şəxslərin evdən qeydiyyatdan çıxarılması üçün sənədlərin hazırlanması, hüquqi xidmətlərin göstərilməsi üçün əlavə vaxt və pul lazım olduğunu bildirmiş, o da əlavə 2000 manat beh vermiş, bu pulun ümumi satış qiymətindən çıxalacağı barədə razılığa gəlmişlər. Lakin, aradan bir neçə ay keçsə də hər dəfə cavabdeh müxtəlif bəhanələr gətirərək evi satmaqdan yayınmışdır. Bir müddət sonra isə ona məlum olmuşdur ki, cavabdeh evin yerləşdiyi torpaq sahəsinin 3 sotunu başqa şəxsə satmışdır. Bundan sonra o, cavabdehin onu bu qədər müddətdir ki, aldatdığından əmin olmuş və evi almaqdan imtina edərək ondan verdiyi 3000 manat məbləğində behi qaytarmasını tələb etmişdir. Cavabdeh ilk vaxtlar pulu qaytaracağını bildirsə də hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Axırda o, cavabdehin qanunsuz hərəkətləri barəsində polisə rəsmi ərizə ilə müraciət etmiş, cavabdeh polis şöbəsində dəfələrlə and içərək pulu qaytaracağını bildirmişdir. Lakin, hazırkı tarixədək o, pulu qaytarmaqdan imtina edir. O, iddia edir ki, guya torpaq sahəsinin satışı əvvəldən nəzərdə tutulmamışdır. Halbuki, o, (iddiaçı) evin çox kiçik olmasına baxmayaraq, bu qədər pulu evin ətrafındakı 7 sot torpağa görə təklif etmişdir. Belə ki, bu ev iki otaqlı kiçik bir daxmadır. O evin tək özünə 58000 manat təklif edilməsi də ağlabatan deyil. Cavabdeh sadəcə olaraq torpağı satmış, pulu qaytarmaqdan yayınmaq üçün bu cür bəhanələr irəli sürmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, evini 2014cü ildə 63000 manata satışa çıxarmış, 2015-ci ilin mart ayında iddiaçı müştəri kimi ona yaxınlaşaraq evi almaq istədiyini bildirmişdir. İddiaçı evə gəlib baxdıqdan bir gün sonra onunla əlaqə saxlayaraq evi 58000 manata ona satmasını istəmişdir. Evi satıb aldığı pulla özünə yeni ev almaq istədiyindən iddiaçının təklif etdiyi pulla yeni ev ala bilib-bilməyəcəyi ilə maraqlanmış, ala biləcəyini öyrəndikdən sonra evi iddiaçıya 58000 manata satmağa razı olduğunu bildirmişdir. Həmin vaxt iddiaçı ona demişdir ki, evin rəsmi alğı-satqısı üçün dövlət rüsumu ödəmək lazımdır. Bu səbəbdən müqavilənin təsdiqlənməsi ilə bağlı notariusa müraciət etməmişlər. O da iddiaçıdan əvvəlcə 1000 manat, daha sonra 2000 manat məbləğində beh pulu alaraq özünün alacağı evin sahibinə gedib demişdir ki, həmin evi başqasına satmasın. Lakin, həmin ilin sentyabrında iddiaçı birdən gəlib ona evi almayacağını bildirmiş, pulunu geri istəmişdir. Halbuki, onlar evin ətrafındakı 7 sot torpağın satılması ilə bağlı razılığa gəlməmişlər. O, iddiaçıya yalnız evi və evin arxasından evə giriş üçün olan hissəni satmağı təklif etmişdir. Əlavə torpaq sahəsinin satışı isə nəzərdə tutulmamışdır. Evin neçə m2 olduğunu deməsə də evi böyükdür və bu evi 58000 manata satmaqla bağlı iddiaçı ilə razılığa gəlmişlər. İddiaçı isə onu mart ayından sentyabr ayına qədər gözlədərək evi almamış, bununla evi başqa şəxsə satmasına da mane olmuşdur. Yəni əslində, iddiaçı evi almayaraq ona maddi ziyan vurmuşdur. Hətta iddiaçı özü vurduğu ziyanı qarşılamaq üçün ona əlavə pul verməyi də təklif etmişdir. Lakin bundan sonra o, polisə müraciət edərək beh kimi verdiyi 3000 manatı geri tələb etməyə başlamışdır. Həmin vaxt o demişdir ki, 3000 manatı geri qaytarmağa etiraz etmir, lakin bunun üçün əvvəlcə ev satılmalıdır. Həmin ev hələ də satışdadır və hələ də ev satıldıqdan sonra iddiaçının pulunu qaytarmağa etiraz etmir. Lakin ev satılmadan bu pulu qaytara bilməz. İddiaçının guya evi torpağın satılmasına görə almaması ilə bağlı qeyd etdikləri isə düzgün deyil. Çünki onlar torpağın satışı ilə bağlı heç vaxt razılığa gəlməmişlər. İddiaçı özü əsassız olaraq evi almaqdan imtina edərək ona ziyan vurmuşdur. Lakin hər bir halda bu gün də evi iddiaçıya satmağa heç bir etiraz etmir. Bununla belə, əgər ev gələcəkdə başqa şəxsə satılarsa satışdan əldə etdiyi pulla iddiaçının pulunu qaytaracaqdır. Odur ki, məhkəmədən iddianın qismən – yəni evin satışından sonra pulun qaytarılması şəklində təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: 15.03.2015-ci il tarixdə yazıldığı qeyd edilmiş əlyazmadan görünür ki, Axundov K.H Cavabdeh satdığı mülkü 58000 manata aldığını, bunun müqabilində Eldara 1000 manat beh verdiyi qeyd etmiş, qeyd edilənlər dörd şəxs adından imzalanmışdır. 14 ədəd əsginasın seriya nömrəsi qeyd edilmişdir. 04.04.2015-ci il tarixdə yazıldığı qeyd edilmiş əlyazmadan görünür ki, 15 ədəd əsginasın seriya nömrəsi qeyd edilmiş, “2000 AZN verdim Eldar qardaşa. 04.04.2015” sözləri yazılmışdır. Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsi tərəfindən vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış materialların surətlərindən görünür ki, İddiaçı Polis Bölməsinə ünvanladığı yazılı ərizəsində və verdiyi izahatda məhkəmə iclasında verdiyi izahatla bənzər məzmunda ifadələrə yer vermişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh 2015ci il mart ayında ev alqı-satqısı ilə bağlı razılaşmışlar. Əldə edilmiş razılığa əsasən, Cavabdeh özünə məxsus evi 58000 (əlli səkkiz min) manata İddiaçı satmalı idi. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə cəmi 3000 (üç min) manat məbləğində beh verilmiş, pulun cavabdehə verilməsi ilə bağlı yazılı razılaşmalar tərtib edilmişdir. Cavabdeh özü də iddiaçı tərəfindən ona beh kimi cəmi 3000 manat məbləğində pul verildiyini qəbul etmişdir. İşin bu halları tərəflərin hər ikisi tərəfindən mübahisələndirilmədən qəbul edilən faktiki hallardır. Göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə behlə təmin edilmiş öhdəliyin icra edilməməsinə görə yaranmışdır. Məhkəmə bu cür nəticəyə gələrkən ilk növbədə onu nəzərə almışdır ki, behin verilməsi ilə bağlı yazılı formada razılaşma bağlanmışdır. Belə ki, həm iddiaçı, həm də cavabdeh ayrı-ayrılıqda məhkəməyə iki ədəd əlyazma (əsli) təqdim etmişdir. Həmin əlyazmalarda Cavabdeh 15.03.2015-ci il tarixdə 1000 manat, 04.04.2015ci il tarixdə isə 2000 manat verildiyi (əsginasların seriya nömrələri göstərilməklə) qeyd edilmişdir. Həmin yazılarda pulu verən şəxs kimi Kərim Axundovun adı qeyd edilsə hər iki tərəf təsdiq etmişdir ki, bu pul İddiaçı tərəfindən Cavabdeh beh kimi verilmişdir və ümumiyyətlə, pulun verən və alan şəxsin kimliyi ilə bağlı tərəflər arasında heç bir mübahisə yoxdur. Bu səbəbdən məhkəmə həmin yazıları beh haqqında yazılı razılaşma kimi qiymətləndirir və hesab edir ki, bu razılaşmalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.2-ci maddəsinə uyğundur. Belə ki, həmin maddəyə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. İddiaçı tərəfindən cavabdehə 3000 manat məbləğində beh verilməsi mübahisəsiz olduğundan tərəflər arasındakı mübahisənin yeganə səbəbi beh verildikdən sonra evin satılmaması ilə, daha doğrusu satışın tərəflərdən hansının təqsirinə görə baş tutmaması ilə bağlıdır. İddiaçı iddia edir ki, cavabdeh hələ 2015-ci ilin mart ayında ondan beh alaraq satmağı öhdəsinə götürdüyü evi və ətrafında olan torpaq sahəsini aylarla ona satmamış, daha sonra torpaq sahəsinin bir hissəsini başqa şəxsə satmış, o da buna görə evi almaqdan imtina etmişdir. Çünki, o, 58000 manat pulu təkcə bu iki otaqlı, kiçik “daxma”ya görə yox, eləcə də ətrafındakı torpaq sahəsinə görə təklif etmiş, cavabdeh torpağın bir hissəsini satmaqla evin və torpağın satışı ilə bağlı öhdəliklərini kobud şəkildə pozmuşdur. Cavabdeh isə qeyd edir ki, o, ümumiyyətlə, iddiaçı ilə hələ 2015-ci ilin mart ayında evin satışı ilə bağlı razılığa gələrkən evin ətrafındakı torpaq sahəsinin yox, tək evin və evə girişi təmin edən torpaq sahəsinin bir hissəsinin satılması ilə bağlı razılığa gəlmiş, iddiaçı bunu qəbul etmişdir. Buna baxmayaraq, iddiaçı sonradan evi almaqdan imtina etmiş, verdiyi behi qaytarmasını istəmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, behlə təmin edilmiş öhdəliyin icra edilməməsinə görə məsuliyyəti iddiaçı yox, cavabdeh daşımışdır. İlk növbədə, ona görə ki, tərəflərin hər ikisinin də qəbul etdiyi kimi iddiaçının almaq istədiyi ev mübahisəli torpaq sahəsinin üzərində yerləşir. Cavabdeh iddia edir ki, o, iddiaçıya yalnız evi satmış, torpaq sahəsinin satışı ilə bağlı heç bir razılıqları olmamışdır. Məhkəmə cavabdehin bu izahatını inandırıcı hesab etmir. Çünki, torpaq sahəsi hər hansı kənar bir yerdə yox, evin ətrafında yerləşir. Bu baxımdan evə gedib baxmış, evi bəyənib almaq qərarına gəlmiş iddiaçının bu torpaq sahəsini görməməsi, bu sahəni almaq istəməsi ilə bağlı mövqeyini cavabdehə bildirməməsi, təklif edilmiş pulun tək evə, yoxsa həm evə, həm də torpağa görə təklif edilmiş olduğunun tərəflər arasında aydınlaşdırılmaması real deyil. Digər tərəfdən, heç bir torpaq sahəsi olmadan sadəcə evin satılması mövcud fərdi yaşayış evlərinin alqı-satqısı praktikasına da uyğun gəlmir. Belə ki, bu cür fərdi yaşayış evlərinin satışı zamanı qəbul edilmiş mövcud praktika evin ətrafında müəyyən qədər həyətyanı torpaq sahəsinin də evlə birlikdə satılmasıdır. Cavabdeh isə bunun əksini iddia edir. Bundan başqa, cavabdehin dediyi kimi onlar iddiaçı ilə yalnız evin alqı-satqısı ilə bağlı razılığa gəlmiş olsa idilər, belə vəziyyətdə iddiaçı tərəfindən təklif edilmiş 58000 manat məbləğində pul yalnız evin satış dəyəri olmalı idi. İddiaçı bildirmişdir ki, bu ev iki otaqlı kiçik bir “daxma” olmuşdur və o, təklif etdiyi pulu əsasən evin ətrafındakı torpaq sahəsinə görə təklif etmişdir. Cavabdeh isə bildirmişdir ki, evi böyükdür. Məhkəmə tərəfindən evin fərdi xüsusiyyətlərinin bu qiymətə adekvat olub-olmaması barədə təsəvvür yaranması məqsədilə evin ölçüləri, xüsusiyyətləri barədə cavabdehə müxtəlif suallar verilsə də cavabdeh təkidlə öz evinin ölçüləri barədə məhkəməyə dəqiq məlumat verməmişdir. Buna baxmayaraq, cavabdeh ölçülərini belə dəqiq demək istəmədiyi bu evin 58000 manat dəyərində olduğunu, iddiaçının yalnız bu evi almaq üçün 58000 manat məbləğində pul təklif etdiyini iddia etmiş, bununla bağlı nəinki məhkəməyə sübut təqdim etməmiş, heç evin ölçüləri barədə də məhkəməyə heç bir dəqiq məlumat verməmişdir. Belə vəziyyətdə məhkəmə təklif edilən pulun yalnız bir evin satış qiymətinə adekvat ola biləcəyini hesab etmir. Bu zaman məhkəmə onu da nəzərə alır ki, cavabdeh aradan altı il keçməsinə baxmayaraq, satış qiyməti 58000 manat məbləğində qiymətləndirdiyi və özünün dediyi kimi böyük olan evini hələ də sata bilməmişdir. Son olaraq, məhkəmə satışla bağlı öhdəliyi pozan şəxsin məhz cavabdeh olması nəticəsinə gələrkən nəzərə alır ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatda dəfələrlə əgər ev satılarsa, iddiaçı tərəfindən ödənilmiş 3000 manat məbləğində behi geri qaytaracağını bildirmişdir. Yəni, cavabdeh özü də bu behi qaytarmalı olduğunu faktiki olaraq qəbul etmiş, sadəcə olaraq, bunu evin satışından sonra edə biləcəyini qeyd etmişdir. Cavabdehin ev satılarsa, pulu qaytaracağı ilə bağlı mövqeyi qəti olmuş və məhkəmə iclasında verdiyi izahatında dəfələrlə, təkidlə bildirmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə behlə təmin edilmiş öhdəliyin məhz cavabdeh tərəfindən pozulması nəticəsinə gəlmişdir. Məhkəmə bu cür nəticəyə gələrkən, ilk növbədə, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İİ bəndi ilə müəyyən edilmiş “işə ədalətlə baxılması” prinsipini, daha sonra, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ilə müəyyən edilmiş “ədalətli məhkəmə araşdırması hüququ”nu rəhbər tutmuşdur. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 491.1-ci maddəsinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. 491.3-cü maddəsinə əsasən, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 492.1-ci maddəsinə əsasən, öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2-ci maddəsinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3000 (üç min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən ödənilən 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3738/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3738/2021
14.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver