Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-374/2023 03.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 3243 manat və faiz borcları tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tanışı Cavabdeh təxminən 2021-ci ilin sonlarında ona öz adına kredit olduğundan və əvvəllərdə götürdüyü kreditləri gecikdirdiyindən indi özünə telefon ala bilməməyini və alveri zəif olduğu üçün (kənd təsərrüfatı məhsullarının satışı ilə məşğuldur) pula ehiyacı olduğunu bildirib, onun adına “Kontakt Home” mağazasıdan telefon almağını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə onun mobil telefonuna “Umico” mobil tətbiqini yükləyib, 1 ədəd XİOMİ POCO X3 telefonunu sifariş etmişdir. Eyni tarixdə “Kontakt Home” mağazalar şəbəkəsindən (20 yanvar filialı) 1 ədəd də Samsung A52 telefonunu (0297659 saylı müqavilə əsasında) kredit xətti ilə aldırmışdır. Növbəti dəfə, alver etdiyi kənd təsərrüfatı mallarına maya qoymaq üçün 500 manat pul lazım olduğunu söyləmişdir. O, heç bir yerdə işləmədiyi üçün onda pul olmadığını bildirmişdir. O, yenə də ona Kontakt Home-dan telefon almaq lazım olduğunu bildirmiş və onun Masallı rayon qeydiyyatında olduğunu söyləyərək bu səbəblə ona kredit verilmədiyini bildirərək 14 yanvar 2022-ci il tarixdə Umico tətbiqi vasitəsilə Samsung A12 telefonunu və 3 fevral 2022-ci il tarixində yenidən Kontokt Home mağazasından 1 ədəd Samsung Galaxy A52 telefonunu da onun məcburiyyət qarşısında qalmağı səbəbindən adına kredit xətti ilə almışdır. Telefonların kredit müqavilələrini də götürmüş, ona verməmişdir. Onun adına bankdan kredit götürdüyü zaman gələcəkdə hər hansı problem yaranması halında anasının və qardaşının nömrələrini də zamin kimi vermişdir. Lakin, Şəhriyar krediti ödəməyəndə o, həmin nömrələrlə əlaqə saxlayan zaman heç kim telefonlara cavab verməmişdir. O, ümumiyyətlə Cavabdeh üçün götürdüyü kreditə qədər bankdan kredit götürməmişdir. Bunlardan başqa, Cavabdeh öz kənd təsərrüfatı mallarını Bakıya gətirməsi üçün ondan 50 manat “Azpulmanat’ MMC-dən borc götürüb ona verilməsini xahiş etmişdir. Həmin borcun qaytarılması ilə bir yerdə xərcləri 115 manat olmuşdur. Cavabdeh kreditlərin sadəcə ilk bir neçə ayını ödəmiş, sonrasında ödənişləri gecikdirməyə və ödəməməyə başlamışdır. Kreditlər onun adına olduğundan ödənişləri o, ödəməyə başladı ki, adına hər hansı gecikmə düşməsin. Lakin, aylıq ödənişlər çox olduğundan ümumi gəliri ilə onları qarşılamaq çətinləşmişdir. Şəhriyar da ödəmə etmədiyi üçün, adıma gecikmə düşməməsinə görə məcbur qalıb anasının adına olan Noutbuku və Samsung Galaxy A51 telefonunu lombarda qoyub pul götürmüşdür. Həmin pullarla da aylıq ödənişləri etmişdir. Cavabdeh kreditləri ödəmədiyi və ondan aldığı borc pulları qaytarmadığı üçün Nəsimi Rayon 19-cu Polis Bölməsinə 05 aprel 2022-ci il tarixində müraciət etmişdir. Onun izahatı və ərizəsi əsasında Nəsimi Rayon 19-cu Polis Bölməsinin sahə müvəkkili Elçin Abbasov tərəfindən iş üzrə təhqiqat aparılmışdır. Təhqiqat gedişində Cavabdeh izahat vermiş və bildirmişdir ki, “təxminən 9 aya yaxındır ki, o, sosial şəbəkədə Afaq adlı xanımla tanış olmuşdur. Tanışlıqdan 3 ay sonra Kontakt Homedan onun adına kredit verilmədiyi üçün Afaq xanımdan xahiş etmişdir ki, telefon götürüb ona versin ki, krediti özü ödəsin. Onun adına 2 ədəd Redmi və 2 ədəd A52 markalı telefon götürmüş və 4 ay krediti vaxtı vaxtında ödəmişdir. Bu ay ailə üzvləri də əməliyyat olduğu üçün maddi vəziyyəti çətin olduğundan krediti ödəyə bilməmiş və 14 gün gecikməsi olmuşdur. Ona (Afaqa) da zəng vurub bildirmişdir ki, krediti gec də olsa faizlə birlikdə ödəyəcəkdir. Beləliklə, o telefonları onun götürdüyünü, ödənişləri etmədiyini təsdiqləmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, tərəflər arasında tanışlıq olmuşdur. Afaq xanımdan xahiş etmişdir ki, həmin telefonları öz adına götürüb ona versin. Afaq xanım götürüb verdikdən sonra bir neçə ay ödəniş etmiş, lakin sonradan həmin ödənişləri dayandırmışdır. Bundan əlavə 115 manat da borc məbləği mövcuddur. Afaq xanım kredit ödənişlərini bir müddət etmiş, lakin sonradan maddi çətinliklə əlaqədar ödəyə bilməmiş və üzərinə faizlər gəlmişdir. Məsələ ilə əlaqədar polisə müraciət edilmiş və cavabdeh öz izahatı zamanı qeyd edilənləri etiraf etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, Afaq xanımla sosial şəbəkədə tanış olub. Aralarında səmimi münasibət olmuş və ondan qeyd olunan telefonları öz adına kreditə götürüb ona verməsini xahiş etmişdir. 9 ay kredit üzrə ödənişlər etmiş, lakin sonradan ödənişləri edə bilməmişdir. Afaq onu dəfələrlə təhqir etmiş, nalayiq söyüşlər söymüş, hətta anasının telefon nömrəsini tiktok sosial şəbəkəsində yayaraq şantaj etmək istəmişdir. Qeyd edir ki, 4 telefondan 1-nin əvəzini ona ödəmişdir. Belə ki həmin telefonun əvəzinə ona tiktok sosial şəbəkəsində pulla jeton yükləyərək əvəzini vermişdir. Qeyd edir ki, qalan üç telefonun qiyməti isə 2020 manat edir və iddia tələbi ilə bu hissədə razıdır. Həmin pul məbləğini hər ay hissə-hissə ödəyə bilər. Əlavə olaraq onu da qeyd edir ki, telefon alan zaman həmin telefonların faizsiz olaraq verilməsi nəzərdə tutulmuşdur, hər hansı faiz məbləğinin ödənilməsi müəyyən edilməmişdir. Onu da qeyd edir ki, iddiaçı ona əlavə olaraq 115 manat borc məbləği verdiyini bildirsə də, belə bir hal mövcud olmamışdır. Məhkəmə tərəfləri dinləyib, hazırkı iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* nömrəli Müqaviləyə 1 saylı Əlavədən görünür ki, ümumi qiyməti 792.05 manat olan Samsung Galaxy A52 DS (SM- A525) 128 GB Black markalı telefon ilkin ödəniş 39.89 manat olmaqla, 12 ay müddətinə kreditə götürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 03111258 nömrəli Müqaviləyə 1 saylı Əlavədən görünür ki, ümumi qiyməti 901.1 manat olan Samsung Galaxy A52 DS (SM- A525) 256 GB Violet markalı telefon ilkin ödəniş 89.9 manat olmaqla, 12 ay müddətinə kreditə götürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən və Əlavədən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı adına 24 ay müddətinə illik 20 % ödəmək şərtilə 952.81 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 05 nömrəli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə verilmiş MPZK4662468A299 müqaviləli 383 AZN və xx.xx.2022-ci il tarixində verilmiş MPZK4498236A299 müqaviləli 667 AZN dəyərində olan nağd kreditlər restrukturizasiya olunmuşdur. Restrukturizasiya tarixi xx.xx.2022-ci il, məbləğ 952.81 manat, kredit müqaviləsinin nömrəsi RGTK6473773A115. İş materiallarında olan Cavabdeh Nəsimi Rayon 19-cu Polis Bölməsinə təqdim edilmiş izahatından görünür ki, o, İddiaçı qeyd olunan 2 ədəd Redmi və 2 ədəd Samsung markalı telefonu almasını xahiş etmiş, daha sonra həmin telefonlar üçün kredit ödənişləri etmişdir. Lakin daha sonra ailə üzvləri əməliyyat olduğundan maddi çətinliklə əlaqədar ödəniş edə bilməmiş və bu barədə Afaqa bildirmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən vaxtaşırı olaraq müvafiq kredit ödənişləri həyata keçirilmişdir. Beləliklə, işin mübahisəsiz tərəfi ondan ibarətdir ki, tərəflər arasında yaranmış şəxsi münasibətlər çərçivəsində iddiaçı 4 ədəd telefonu alıb cavabdehə vermişdir. İddiaçı tələbində ona əsaslanır ki, həmin telefonlar onun adına alınsa da, onların pulunu cavabdeh verməli idi. İddiaçı tələbinin əsası kimi kredit sənədələrinə və arayışa istinad edir. Cavabdeh tərəf iddianı qismən qəbul edir və bildirir ki, iddiaçıya ümumilikdə 2020 manat borcu var. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən tələb olunan 3243 manat pul vəsaiti hissəsində qismən, 2020 manat həddində əsaslıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırır ki, iddiaçının öz adına telefonları kreditə götürüb cavabdehə verməsi işin mübahisəsiz halıdır. Bu halın baş verməsini hər iki tərəf verdikləri izahatlarında bildirirlər. Məhkəmə qeyd edir ki, nə qədər ki, telefonlar ididaçının adına kreditə götürülmüş, lakin faktiki olaraq cavabdeh tərəfindən istifadə edilmişdir, iddiaçı həmin məhsulların dəyərini cavabdehdən tələb etməkdə haqlıdır. Əks halda, cavabdeh iddiaçının hesabına əsassız varlanmış olacaqdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsasa görə cavabdehin iddiaçıya münasibətdə öhdəliyi yaranmışdır. Tələb edilən pul məbləğinin miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehdən 3243 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etsə də, lakin bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Təqdim edilən maliyyə sənədləri isə tələb edilən məbləğin cavabdehdən tutulması üçün mötəbər sübutlar sayıla bilməz. Çünki, həmin sənədlərlə cavabdehin iddiaçıya 3243 manat məbləğdə borclu olması sübut olunmur. Bununla yanaşı, cavabdeh də qeyd olunan məbləğin deyil, yalnız 2020 manat məbləğində pul vəsaiti ödəməli olduğunu qeyd etmişdir. Yəni, tələbi göstərilən hissədə qəbul edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi məhz qeyd olunan məbləğdə - 2020 manat həddində təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalıdır, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübutlar təqdim etməyi təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizaların keçirilməsidir (Azərbaycan Respublikası MPM-nin 77.3, 102.1, 102.2-ci maddələri). Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçı tərəfindən tələb olunan faiz borclarının, eləcə də cavabdehə borc olaraq verilmiş 115 manat pul vəsaitinin (faizi ilə birlikdə) ödənilməsi hissəsində də yuxarıda göstərilən səbəbə görə əsaslı deyildir. İddiaçı tələbinin bu hissəsinin əsaslı olması ilə bağlı hər hansı sübut təqdim etməmiş və formal şəkildə tələbi əsaslandırmaqla kifayətlənmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 62 manat dövlət rüsumunun 40.2 manat hissəsi cavabdeh Bağırov Şəhrı̇ yar Rafiq oğlundan tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin istinad edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Bağırov Şəhrı̇ yar Rafiq oğlundan 2020 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 62 manat dövlət rüsumunun 40.2 manat hissəsi cavabdeh Bağırov Şəhrı̇ yar Rafiq oğlundan tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-374/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-374/2023
03.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver