Məhkəmə qərarları › İş №2(010)-3743/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3743/2021

27.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3743/2021 27.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülki cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya vurduğu maddi zərərə görə 290,000 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutulmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılarkən iddiaçı tərəf iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən qanunsuz olaraq həmin dövrdə dəyəri 100 000 ABŞ dolları olan 100 qutu İsveçrə istehsalı olan boz qablaşdırmada olan “KENT” siqareti və ya onların dəyəri, həmçinin hədə-qorxu yolu ilə alınmış 120 000 manat pul məbləğinin cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması və dəymiş mənəvi zərərə görə 50 000 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, MTN-nin Binəqədi rayon əməkdaşlarından Cavabdeh2 bir qrup şəxslə birgə öz səlahiyyətlərindən istifadə edərək İddiaçı qarşı qanunsuz hərəkətlər həyata keçirmişlər. Belə ki, iddiaçı 2014-cü ildən Amil adlı şəxslə birlikdə siqaret satışı ilə məşğul olmuş, mütəmadi olaraq siqaretlərin satışı ilə əlaqədar ona kömək etmişdir. 2015-ci ilin fevral ayında Amil ona zəng edərək “Qazel” markalı avtomobillə 100 qutu siqaretin “Elit” ticarət mərkəzinin yaxınlığında Ramin adlı şəxsə satılacağını, Raminin siqaretlərin dəyəri olaraq 100 000 ABŞ dolları məbləğində pulu verəcəyini, X5 restoranında görüşəcəyini demişdir. Yolda olarkən “Qazel” markalı avtomobilin sürücüsü MTN əməkdaşları tərəfindən yaxalandığını demiş, Şır Şır restoranından çıxan zaman bir zamanlar işçisi olmuş Zaur Şərifovla rastlaşmış, öz avtomobilinin açarlarını Zaura verərək evə aparmasını xahiş etmiş, özü isə Zaurun avtomobilinə minərək oradan aralanmışdır. Zaur Şərifov onun avtomobilini idarə edən zaman MTN əməkdaşları tərəfindən saxlanılmış və Binəqədi rayon idarəsinə gətirilmiş, lakin İddiaçı olmadığı müəyyənləşdirildikdən sonra sərbəst buraxılmışdır. Daha sonra, Heydər Hacıyev adlı şəxs işə bilavasitə olaraq Cavabdeh1 nəzarət etdiyini, Amillə onun işinin 120 manat pula həll ediləcəyini, əks təqdirdə qanunsuz ticarətlə məşğul olduqları üçün cinayət məsuliyyətinə cəlb ediləcəyini, barəsində rüsvayedici məlumatların yayılacağı ilə hədələmiş və nəticədə 120 000 manatı Amilin vasitəsi ilə MTN-nin əməkdaşlarına vermişdir. Ümumilikdə İddiaçı olundan 100 000 dollar məbləğində siqaret məhsulları və 120 000 manat məbləğində pul vəsaiti alınmışdır.Bu işlərlə əlaqədar İddiaçı barəsində dələduzluq və etibardan sui-istifadə etmə yolu ilə bir sıra şəxslərin əmlaklarını əldə etmə şübhəsi ilə cinayət işi açılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2019-cu il tarixli, 1(101)-86/19 saylı hökmü ilə İddiaçı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarına rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Hərbi Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli 1(093)-84/2017 saylı hökmü ilə Cavabdeh2 Cinayət Məcəlləsinin 125, 145, 179, 182,302, 311 və 341-ci maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bütün edilən qanunsuz hərəkətlər və mənəvi təzyiqlər iddiaçının daimi olaraq əsəb, gərginlik, stress keçirməsinə səbəb olmuş və ona xeyli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Ona görə də, hazırkı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəza çəkdiyi müəssisəyə məlumat verilmiş, lakin Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh2 isə iddiaya yazılı münasibət və ya məhkəmə prosesində iştirak etməklə bağlı xahiş daxil olmamışdır. Belə olan halda, məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, iddiaçı hal-hazırda cəzaçəkmə müəssisəsindədir, onun tələbinin əsası belədir ki, o, siqaret satışı ilə məşğul olmuş, Cavabdeh2 isə vəzifə səlahiyyətlərindən istifadə edərək ondan qeyd edilən məbləği hədə qorxu ilə almışdır. İşin hallarından görünür ki, iddiaçı qanusuz siqaret satışı ilə məşğul olmuş və məhkəmənin hökmü ilə dələduzluqda ittiham edilərək məhkum edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin əsaslılığına dəlalət edən sübutlar olmadığına görə iddia tələbi əsassızdır. İş materiallarına əlavə edilmiş, Cavabdeh2 barəsində olan Bakı Hərbi Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli Hökmünün surətindən görünür ki, o, 2015-ci ilin fevral ayında, Bakı şəhərində cinayət əməllərini davam etdirərək mütəşəkkil dəstə tərkibində barələrində cinayət təqibi davam etdirilən digərləri ilə birlikdə vəzifə səlahiyyətlərindən özü və üçüncü şəxslər qanunsuz üstünlük əldə etmək, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilmiş siqaret məhsullarının satışı ilə məşğul olan İddiaçı və Qurbanov Sahib kamal oğlunun külli miqdarda pul vəsaitlərini ələ keçirmək məqsədilə hakimiyətdən və öz qulluq mövqeyindən müntəzəm surətdə tamah məqsədi ilə sui istifadə edib rəsmi surətdə qeydə alınmış hər hansı araşdırma materialı, əməliyyat məlumatı ərizə və ya siqnal işi olmadığı halda, İddiaçı və Ramin Muxtarovun MTN-nin Binəqədi rayon idarəsinə gətirilməsinə nail olmuş, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilmiş siqaret məhsullarının qanunsuz ticarəti ilə məşğul olduqları üçün cinayət məsuliyyətinə cəlb ediləcəkləri, barələrində həbs qətimkan tədbiri seçiləcəyi, rüsvayedici məlumatların yayılacağı ilə hədələyərək İddiaçı 120.000 manat ul vəsaitini Sahib Qurbanovdan isə 55.000 manat dəyərində 55 qutu “Kent” markalı siqaretləri hədə-qorxu ilə tələb edib mütəşəkkil təstə tərkibində təkrarən özgənin külli miqdarda əmlakını ələ keçirməklə, fiziki şəxslərin hüquq və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafeyinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. İddiaçı, Mülki Məcəllənin vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu tənzimləyən 21-ci maddəsinə əsaslanmaqla qeyd edilən məbləği cavabdeh tərəfdən tələb edə bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Lakin, MM-nin 21-ci maddəsində “zərər” anlayışı ilə əhatə olunan əmlakdan məhrum olma dedikdə, qanuni əsasla əldə edilən əmlak, o cümlədən pul nəzərdə tutulur. Qanuni əsas olmadan əldə edilən əmlak və ya pul mülkiyyət sayıla bilməz. Deməli, iddiaçının tələbi MM-nin 21-ci maddəsinin təsir dairəsinə düşmür. Çünki, qanunvericilik qanuni əsasla əldə edilən əmlaka münasibətdə müdafiə tədbirləri nəzərdə tutmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi pul və ya əmlak qanuni yolla əldə edilmədiyinə (məhkəmə hökmü ilə iddiaçının bu əmlakı qaçaqmalçılıq yolu ilə əldə etdiyi müəyyən edilmişdir) görə, bu əmlaka münasibətdə iddiaçının tələbetmə hüququ da yarana bilməz. Odur ki, iddia tələbi bu hissədə əsassızdır. İddia tələbinin mənəvi ziyan hissəsini də məhkəmə əsassız sayır. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Məhkəmə qeyd edir ki, hazırkı işdə mülki məsuliyyətinin yaranması əsası mövcud deyildir. Çünki, idiaçının fəaliyyəti qanunsuz olmuşdur. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar