Məhkəmə qərarları › İş №2(010)-3772/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3772/2023

12.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3772/2023 12.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. İpoteka saxlayan "xxxx" ASC, satıcı X3 və alıcı (ipoteka qoyan) İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, X3 ünvan 3-ni İddiaçı satmışdır. Həmin müqavilənin 2.2.4-cü bəndindən görünür ki, bu müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 (otuz) gün müddətində ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmaq satıcının vəzifəsidir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 5, mənzil 20 üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat tarixi:xx.xx.2023-cü il; qeydiyyat nömrəsi:**********)

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 5, 20 saylı mənzildə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadırlar.

4. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 46 saylı notariat ofisinin 4Ə-715 nömrəli notariat işi üzrə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilən, notarial qaydada təsdiq olunan ərizələrdən və “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, X2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 5 ünvanında yerləşən 20 saylı mənzilin satılmasına və ipotekaya qoyulmasına razılıq verirmişlər.

İddiaçınını tələbi.

5. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 5 ünvanında yerləşən 20 saylı mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 5 ünvanında yerləşən 20 saylı mənzili keçmiş mülkiyyətçi X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 46 saylı Notariat Kontorunda bağlanmış 034İK-NAS/2023 saylı müqavilə ilə almışdır. Həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyest Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarışa əsasən onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən cavabdehlər xx.xx.2023-cü il tarixinə qədər həmin mənzildən qeydiyyatdan çıxmağı öhdələrinə götürsələr də, yaşayış sahəsini ona satdıqları vaxtdan köçüb getmələrinə baxmayaraq qeydiyyatdan çıxmamışlar və bu hal onun mənzil üzərində hüquqlarını pozur.

Tərəflərin izahatları.

7. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

8. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 faktiki yaşayış yerləri məlum olmadığından, onlar məlum olan axırıncı yaşayış yerləri - Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış sahəsi, 5 saylı evin, 20 saylı mənzilindən məhkəmə iclasına çağırılmış, lakin həmin mənzilin yerləşdiyi əraziyə xidmət edən poçt xidmətindən cavabdehlərin həmin mənzildə yaşamadıqlarına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehlərin məlum olan axırıncı yaşayış yerləri üzrə müvafiq icra hakimiyyəti orqanının cavabdehlərin həmin mənzildə yaşamadıqlarına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq.

9. Azərbaycan Respublikası Konstitusiyası.

Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.2. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 178.1 Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

11. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunu.

Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

12. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

13. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.

14. Belə ki, iş üzrə cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında qeydiyyatda olsalar da, faktiki olaraq həmin ünvanda yaşamırlar və onların mübahisəli yaşayış sahəsinə qeydiyyatları formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmamışdır.

15. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsi iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. Cavabdehlərlə mülkiyyətçi qismində çıxış edən iddiaçı arasında həmin mənzildən cavabdehlərin istifadə hüququnun yaranmasına dair hər hansı notarial müqavilənin bağlanılması və bu hüququn daşınmaz əmlakın dövlət reyestr xidmətindən qeydiyyatdan keçməsi halı müəyyən edilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, cavabdehlərin mübahisə predmeti olan mənzilə dair istifadə hüququ mövcud olmamış, yaranmamışdır. Həmçinin, məhkəmə onu qeyd edir ki, cavabdehlərin həmin mənzildə formal olaraq qeydiyyatda qalması mülkiyyətçi qismində çıxış edən iddiaçının mülkiyyət hüququnun əsasız olaraq pozulmasına gətirib çıxara bilər. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir.

16. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə Cəbrayıl Mislimov arasında alqı-satqı və ipoteka müqaviləsinin bağlanması ilə və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi ilə, habelə mübahisəli mənzilin daşınmaz əmlakların dövlət reyestrində qeydə alınaraq, Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış sahəsi, 5 saylı evin, 20 saylı mənzilinə dair Cəbrayıl Mislimovun adına olan qeydiyyat yazısının ləğv edilərək, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində Cəbrayıl Mislimovun mülkiyyət hüququ və mülkiyyət hüquqları ilə bağlı bütün hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir.

17. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə istifadə hüquqları saxlana bilməz. Odur ki, iddia təmin edilərək, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir.

Məhkəmə xərcləri.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə.

20. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də təmin edilməlidir.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış sahəsində yerləşən 5 saylı evin 20 nömrəli mənzilinə dair istifadə hüquqları itirilsin. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi cavabdehlərin Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış sahəsində yerləşən 5 saylı evin 20 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar