Məhkəmə qərarları › İş №2(010)-38/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-38/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-38/2021 27.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 637 manat pul və işə baxılması ilə əlaqədar 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, "xxxx" ASC tərəfindən MP-P 00272 nömrəli sığorta şəhadətnaməsi əsasında “Əmlak slğortası” növü üzrə sığortalanmış X1 məxsus Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, giriş 95, M.3, 5 saylı mənzilə 19.01.2018-ci il tarixdə üst mərtəbədə yerləşən Cavabdeh məxsus mənzildən su sızması nəticəsində maddi ziyan dəymişdir. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar "xxxx" ASC tərəfindən müvafiq qiymətləndirmə aparılmış və dəymiş zərərə görə həmin mənzilin sahibi R.Qurbanova 637 manat məbləğində sığorta ödənişi verilmişdir. Qeyd olunanları nəzərə alaraq subroqasiya hüququna əsasən 637 manat məbləğində vəsaitin 20.04.2018-ci il tarixədək "xxxx" ASC-nin bank hesabına ödənilməsi Cavabdeh xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iş materialları ilə iddianın əsaslılığı tam sübuta yetirilir, ona görə də, iddia təmin edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmyaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki işin materiallarını tədqiq edib, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Sərhədçi-2015 MTK tərəfindən tərtib edilmiş və baş komendant, komendant və mənzil sahibi tərəfindən imzalanmış 22 yanvar 2018-ci il tarixli Akta əsasən, 20 yanvar 2018-ci il tarixdə 95 binanın 3-cü mərtəbəsinin 5 –ci mənzilinin sahibi Qurbanov Rahimin şikayətinə əsasən həmin mənzilə nəzarət yoxlama keçirərkən məlum oldu ki, 95-in 4/5-ci mənzilindən su borusunun deşilməsinə görə 95-in 3/5 mənzilinə su axmış, mənzilin tavanı, divarları, döşəmə, mətbəx tamamilə sıradan çıxmışdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş 06.03.2018-ci il tarixli, Pİ 0001/2018 saylı sığorta aktından görünür ki, 19.01.2018-ci il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində X1 məxsus əmlaka dəymiş zərər üzrə həyata keçiriəcək sığorta ödənişinin məbləği 637 manat təşkil etmişdir. Məhkəmənin 27 iyul 2019-cu il tarixli iclasında iddiaçının nümayəndəsi izahat verərək bildirmişdir ki, R.Qurbanova məxsus mənzilə su sızmasının məmbəyi cavabdehin mənzilidəndir. Su sızıntısının səbəbinin binanın su sistemində olan nasazlıq və ya cavabdehin səhlənkarlığı olması isə məlum deyildir. Hər bir halda, iddiaçı tərəfin mövqeyi ondan ibarət olmuşdur ki, sızıntı cavabdehin təqsiri ucbatından baş vermişdir. İş üzrə obyektiv həqiqətə nail olunması üçün məhkəmənin 27 iyun 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir, lakin, 03 fevral 2020-ci il tarixli müşayət məktubu ilə ekspertiza keçirilməsində imtina edilmişdir. İş ekspert qarşısında qoyulan sualların cavablandırılması üçün yenidən ekspertiza mərkəzinə göndərilmiş, lakin, 15 oktyabr 2020-ci il tarixli müşayət məktubu ilə ekspertiza keçirilməsindən imtina edilmişdir. Məhkəmənin 29.01.2021-ci il tarixli iclasında iş üzrə iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etmiş və məhkəmədən iddianın təmin edlməsini xahiş etmişdir. Məhkəmənin 29.01.2021-ci il tarixli iclasında iş üzrə Cavabdeh iddia tələbini qəbul etməyərək, su sızmasının onun səhvi ucbatından baş vermədiyini, bunun binanın ümumi su sistemində olan zasazlıqlarla bağlı olduğunu bilmiş və iş üzrə ekspertiza keçirilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə 27.06.2019-cu il tarixli,2(010)-3032/2019 saylı qərardadı ilə ekspert qarşısında qoyulmuş sualların cavablandırılması məqsədilə iş yenidən ekspertiza mərkəzinə göndərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2020-ci il tarixli müşayət məktubu ilə ekspertiza keçirilməsində imtina edilmiş və səbəb kimi tərəflərin təyin edilən vaxtda gəlməmələri göstərilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı tərəf su sızmasının cavabdehin mənzilindən baş verməsinə görə cavabdehin məsuliyyət daşıdığını iddia edir, cavabdeh tərəf isə bu halın onun təqsiri üzündən yox, binanın su sistemindəki nasazlıq üçündən baş verdiyini bildirir. İş üzrə ekspertiza təyin edilmiş və iş bir neçə dəfə eksertiza mərkəzinə göndərilmişdir, lakin tərəflər, xüsusən də iddiaçı tərəf ekspertizanın baş tutmasında maraqlı olmamışlar. Mülki-Prosessual Məcəllənin 184.2-ci maddəsinə görə hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Avropa Məhkəməsi “X4rşı” qərarının 139-cu bəndində xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi “X4rşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilibedilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir Mülki Prosessual Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə hazırkı işdə iddiaçı tərəfindən təqdim edilən sübutları iş üzrə obyektiv həqiqətə nail olunması üçün kifayət hesab etməmiş, ona görə də, iş üzrə ekspertiza təyin edilmişdir. Lakin, işin bir neçə dəfə ekspertiza mərkəzinə qaytarılmasına baxmayaraq, iddiaçı tərəf təyin edilən vaxtlarda ekspertizanın keçirilməsi üçün gəlməmiş, bununla da vacib əhəmiyyətli sübutun əldə olunmasına maraq göstərməmişdir. Ona görə də, məhkəmə hazırkı iddianı sübut olunmamış hesab edir. MPM-nin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməli olduğunu hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar