Məhkəmə qərarları › İş №2(010)-384/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-384/2023

11.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-384/2023 11.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X9 və nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən istifadə və sahiblik hüququnun tanınması, mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 3 saylı evin 8 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddianın rədd edilməsi və onun Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 3 saylı evin 8 saylı mənzilindən istifadə və sahiblik hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçının keçmiş həyat yoldaşı Cavabdeh ilə arasında olan nikah rəsmi olaraq 2017-ci ilin may ayının 23-də pozulmuşdur. Amma cavabdeh faktiki olaraq 2007-ci ildən iddiaçı ilə birlikdə yaşamayıb və həmin vaxtdan ailə münasibətləri də pozulmuşdur. Cavabdeh 2007-ci ildən bugünədək Sabirabad rayonu, Bala Həşimxanlı kəndində öz valideynlərinin yanında yaşayır. İddiaçı böyük oğlu üçün toy edərkən anasının həmin məclisə gəlməsini təklif etsə də, cavabdeh bu təklifdən imtina etmişdir. Yəni cavabdeh hətta öz oğlunun toy məclisində iştirak etməmişdir. Cavabdeh həm iddiaçıya və həm də öz iki övladına qarşı soyuq münasibətini 2007-ci ildən bu şəkildə göstərməkdədir. Məhz həmin səbəblərdən 2017-ci ildən tərəflərin nikahına rəsmi olaraq xitam verilmişdir. Hazırda iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 3, 8 nömrəli mənzil əvvəllər 02 noyabr 1989-cu il tarixli 017224 nömrəli orderlə tərəflərin istifadəsində olmuşdur. Həmin mənzil övladlarının və keçmiş həyat yoldaşının razılığı ilə 23 avqust 2017-ci il tarixdə iddiaçının adına özəlləşdirilmişdir. Bu rəsmiləşdirmə tərəflərin arasında olan nikahın pozulmasından sonraya aiddir. Yəni sözügedən mənzil tərəflərin birgə nikah dövründə orderlə istifadələrində olmasına baxmayaraq, evin iddiaçının adına özəlləşməsi barədə cavabdehin vermiş olduğu razılıq ərizəsi tərəflərin nikahın xitamından sonraya təsadüf edir. Tərəflər arasında olan nikaha xitam verildikdən sonra cavabdeh öz razılıq (2017-ci il tarixli) ərizəsi ilə mənzilin tam mülkiyyətçi olmağı və bu əmlakla bağlı hər hansı tələbinin olmaması mövqeyini bildirmişdir. Bununla da, Azərbaycan Respublikası mülki qanunvericiliyin tələbləri baxımından cavabdehin həmin mənzilə münasibətdə tələb hüququ itirilmişdir. Cavabdeh iddiaçıya məxsus mənzildən uzun müddət ərzində və davamlı olaraq istifadə etməmişdir və bu səbəbdən də cavabdehin həmin mənzilə istifadə hüquqlarının yaranma əsasları aradan qalxmışdır. Cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması, iddiaçının həmin mülkiyyət üzərində sərəncam, istifadə və sahiblik hüquqlarını pozmaqla konstitution hüquqlarını zərbə altında qoyur. Hazırda iddiaçıya məxsus olan mənzildə iki oğlu X6 və X4 və Cavabdeh pasport qeydiyyatındadır. Böyük oğlu ailə həyatı qurduqdan sonra başqa ünvana köçüb və öz ailəsi ilə birlikdə yaşayır. Cavabdeh isə 2007ci ildən hal-hazıradək iddiaçı ilə birlikdə yaşamır. Cavabdehin iddiaçıya məxsus olan evdə formal pasport qeydiyyatında qalması iddiaçının mülkiyyət hüququnu pozur və məhdudlaşdırır. Evə dair hüquqlarının həyata keçirilməsinə maneə törədir və ona görə əlavə kommunal ödənişlər etmək məcburiyyətində qalır. Odur ki, cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X12 qarşılıqlı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh İddiaçı ilə 13 may 1985-ci ildə rəsmi nikaha daxil olmuşlar. Nikahları Zəngilan rayon VVADQ şöbəsində rəsmiləşdirilmişdir. Tərəflər bir müddət normal ailə münasibətlərində olsalar da, tədricən münasibətləri korlanmış və xasiyyətləri uyğun gəlmədiyi üçün Cavabdeh nikahın pozulması məqsədilə Zəngilan rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciəti əsasında nikahları Zəngilan rayon qeydiyyat şöbəsi tərəfindən 20 may 2017-ci il tarixdə pozulmuşdur. Tərəflər nikaha daxil olduqdan sonra Bakı şəhərinə köçmüşlər və birgə nikah dövründə mübahisələndirilən mənzili əldə etmişlər. Belə ki, 02 noyabr 1989-cu il tarixdə ünvan 1 ünvanında yerləşən mənzilə 017224 saylı order verilmişdir. Cavabdeh bu evə köçərək son zamanlaradək orada yaşamışdır. Hal-hazırda bütün cehiz və qızıl-zinət əşyaları mübahisələndirilən mənzildə yerləşir. Cavabdehin günahı üzündən Cavabdeh mübahisələndirilən mənzilə köçə bilmir. Cavabdeh başqa yaşayış yeri yoxdur. Qohumlarının hamısı Zəngilan rayonundan məcburi köçkün düşmüş və müxtəlif yerlərdə məskunlaşmışdır. Mənzil 3 otaqdan ibarətdir. Mənzil keçmiş həyat yoldaşının adına olsa da, mənzil verilərkən Cavabdeh və uşaqlarının payı nəzərə alınmışdır. Mənzil verildiyi andan Cavabdeh mübahisələndirilən mənzildə yaşamaq hüququ yaranmışdır. Hazırkı iddia üzrə cavabdeh istifadə hüququnun itirilməsi barədə məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, mübahisələndirilən mənzildə yaşamadığı üçün mənzilə hüququ itirilməlidir. Mübahisələndirilən mənzil cavabdehin adına özəlləşdirilmiş və onun adına 23 avqust 2017-ci il tarixli ******* nömrə ilə reyestrdən çıxarış verilmişdir. Belə ki, Cavabdeh mənzilin özəlləşdirilməsinə razılıq vermişdir. Mənzil özəlləşdirilməmişdən əvvəl aralarında olan razılığa əsasən mənzil özəlləşdirilərək satılmalı və dörd yerə bölünməli idi. Cavabdeh birgə nikahdan dünyaya gəlmiş uşaqlarının da payı nəzərə alaraq mənzilin satışdan əldə edilmiş pulun dörd yerə bölünməsinə etiraz etməmişdir. Mənzil özəlləşdirilməmişdən əvvəl Cavabdeh təklif etdi ki, mənzilin özəlləşdirilərək satılması və aralarında bölünməsi ilə bağlı müqavilə bağlansın. Lakin cavabdeh bildirdi ki, o Abbasəlinin oğludur dilindən söz çıxdısa o yolda başını qoyar, amma sözündən qaçmaz. Cavabdehlə nikaha qədər də yaxın qohum olduğu və qaynatası Abbasəlinin ruhuna xüsusi hörməti olduğu üçün cavabdehin sözünə inanmış və mənzilin özəlləşdirilərək satılmasına razı olmuşdur. O, digər qohumları və cavabdehlə birlikdə mənzilə baxmış, mənzilə makler aparmış və bir neçə maklerin rəyi ilə mənzilə ümumi qiymət qoyulmuşdur. Ümumi məbləğ 4 yerə bölündükdə Cavabdeh çatan pul 18500 manat olmuşdur. Cavabdeh bu pulla razılaşmış və evin satışı ilə bağlı ümumi razılıq əsasında müştəri axtarışına başlamışdır. Bu proses uzun müddət davam etmiş və nəticədə cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər nikaha qədər də yaxın qohum olduğu üçün ümumi qohumlar cavabdehə müraciət etmiş, lakin o verdiyi sözdən imtina etmişdir. Odur ki, cavabdehə qarşı irəli sürülmüş qarşılıqlı iddia tələbinin təmin edilməsi, ilkin iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 eyni məzmunlu izahat verərək qarşılıqlı iddia tələbinin təmin edilməsi, ilkin iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 63 nömrəli MKİS-nin arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042-60 məhəllə 3 saylı evin, 8 nömrəli mənzilində qonşuların aktına əsasən yaşamır. İş materiallarında olan 02 noyabr 1989-cu il tarixli 017224 saylı orderin surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 3, 8 saylı mənzil İddiaçı verilmişdir. Ailə üzvləri arvadı CavabdehY, oğlu Məhərrəmov M.N, oğlu Məhərrəmov M.N. İş materiallarında olan 2 saylı Bakı Asan Xidmət Mərkəzində notariat kontorunda təsdiq edilmiş X2 tərəfindən verilmiş ərizənin surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 8 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişdir. İş materiallarında olan 4 saylı Bakı Asan Xidmət Mərkəzində notariat kontorunda təsdiq edilmiş X7 tərəfindən verilmiş ərizənin surətindən görünür ki, qeydiyyatda olduğu ünvan 2 ünvanda yerləşən 8 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və reyestrdən çıxarış verilməsinə etiraz etməmişdir. İş materiallarında olan 4 saylı Bakı Asan Xidmət Mərkəzində notariat kontorunda təsdiq edilmiş X5 tərəfindən verilmiş ərizənin surətindən görünür ki, qeydiyyatda olduğu ünvan 2 ünvanda yerləşən 8 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və reyestrdən çıxarış verilməsinə etiraz etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X8 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, 4042-60 ev 3 mənzil 8, yeni qaydalarla ünvan 3 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 4 ünvanında İddiaçı, X7, Cavabdeh, X5 qeydiyyatdadırlar. İş materiallarına əılavə edilmiş Zəngilan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X1 nikahları xx.xx.2017-ci il tarixdə pozulmuşdur. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 23 sayla qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı adına Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şinçi” b/y-nın 42 saylı bağ sahəsində yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 03 oktyabr 2014-cü il tarixdə; ünvan 5 ünvanı isə 23 avqust 2017-ci il tarixdə qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası MM-nin 27.3-cü madddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 1985-ci il tarixdə yarandığından həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa catmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin ücüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından cıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köcürmək ixtiyarına malikdir. Həddi-büluğa catmamış uşaqların öz valideynlərinin yanına köcürülməsi ücün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köcmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında Azərbaycan Respublikası qanununun 2-ci maddəsinin tələbinə görə şəxsi yaşayış yeri–tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçisi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Vurğulanmalıdır ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında ”Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilir ki, eyni zamanda Konsitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, özəlləşdirilən mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin yaşadıqları mənzilin (evin) öz aralarından hər hansı birinin mülkiyyətinə verilməsi haqqında razılığın olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Bundan əlavə ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün edirlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir. Beləliklə, ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan “hüquqdan sui-istifadə qadağası”na zidd olar. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh xx.xx.1985-ci il tarixdə nikah bağlamışlar. 02 noyabr 1989-cu il tarixli 017224 saylı orderə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 3, 8 saylı mənzili İddiaçı və onun üç nəfər ailə üzvləri olan arvadı CavabdehY, oğlu Məhərrəmov M.N, oğlu Məhərrəmov M.N. yaşamaq üçün verilmişdir. İddiaçı tərəf Cavabdeh 2007-ci ildən həmin mənzildə yaşamağını qeyd etmiş, cavabdeh tərəf isə münasibətlər pozulduğundan Cavabdeh mübahisəli mənzildən 2017-ci ildən sonra getdiyini qeyd etmişdir. Tərəflərin nikahları pozulduqdan sonra X2 xx.xx.2017-ci il tarixdə ərizə verərək ünvan 2 ünvanda yerləşən 8 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişdir. Mübahisəli mənzil xx.xx.2017-ci il tarixdən İddiaçı mülkiyyətindədir və bununla bağlı olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh mübahisəli mənzildən istifadə hüququnu artıq qüvvədən düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsi əsasında əldə etmişdir. İlk növbədə əldə edilmiş istifadə hüquqlarının itirilməsi məsələsinə münasibət bildirən məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin tələbinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malik olduğundan cavabdeh həmin mənzildən istifadə hüququ əldə etmişdir. Daha sonra, yəni 2017-ci ildə həmin mənzil özəlləşdirilərək iddiaçının mülkiyyətinə verilmiş və həmin müddətdə də cavabdeh mübahisəli mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etməyərək həmin mənzildən istifadə hüququnu saxlamış, boşandıqdan sonra həmin mənzildə yaşamamışdır. Beləliklə həmin Məcəllənin müvafiq normalarından (§ 28), eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əlaqəli qərarından (§ 29) görünür ki, mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı tərəf cavabdehin mübahisəli mənzili başqa yaşayış yerində yaşamaq üçün tərk etdiyini, uzun müddətdir həmin evdə yaşamağını, onun həmin yaşayış sahəsinə ehtiyacı olmamasını qeyd etsə də, bununla bağlı olaraq heç bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, təqdim olunmuş subutlar əsasında İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin olunmamalıdır. Qarşılıqlı iddia təmin olunmalı və Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 3 saylı evin 8 saylı mənzilindən (Yeni qaydalarla: ünvan 6 ünvanından) istifadə və sahiblik hüququ tanınmalı və Cavabdeh həmin mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilmədiyindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qarşılıqlı iddia təmin olunsun. Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 3 saylı evin 8 saylı mənzilindən (Yeni qaydalarla: ünvan 6 ünvanından) istifadə və sahiblik hüququ tanınsın və Cavabdeh həmin mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar