Məhkəmə qərarları › İş №2(010)-3851/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3851/2025

06.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3851/2025 06.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində iddiaçı və cavabdehin paylarının naturada bölünməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Ona mülkiyyət verilən zaman paylı mülkiyyət kimi qeyd olunub, yəni 1 otaq yaşayış sahəsi 17,0 kv.metr Cavabdeh və 1 otaq yaşayış sahəsi 18,0 kv.metr onun adına rəsmiləşdirilmişdir. Halbuki, onların mənzilləri bir-birindən tam təcrid olunub, onlar arasında heç bir əlaqə yoxdur. Onun mənzilinə ayrıca ünvan alınması üçün cavabdehə müraciət etmiş və aşağıdakı məzmunda cavab almışdır. “xx.xx.2024-cü il tarixli, ********** nömrəli müraciətə baxılmışdır. Bildilir ki, "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nın 3.2.5-ci bəndinə əsasən daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə daşınmaz əmlak obyektinə yeni ünvan verilir. Qeyd edilir ki, **********8-05101-083001 reyest nömrəli mənzil sahəsinə dair sənədlər bölgü sxemi ilə ayrı-ayrılıqda müraciət olunacağı təqdirdə yeni ünvan verilməsi məsələsinə baxılacaqdır." Onun qonşusu cavabdeh-Cavabdeh bi işlə maraqlanmır, onun isə hüquqları kobudcasına pozulur.

Tərəflərin izahatları.

3. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, cavabdehlə onun evi ayrıdır, faktiki olaraq çıxarışların da ayrılmasını istəyir. Bu səbəbdən də o, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi olaraq bölgünün həyata keçirilməsi üçün müraciət etmişdir. Cavabdeh bununla razı olsa da, dövlət qurumuna müraciət etmək istəmir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır.

İş materialları.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2006-cı il tarixdən Cavabdeh adına 1 otaq, y/s-17.0.kv.m. və xx.xx.2018-ci il tarixdən İddiaçı adına 1 otaq, y/s-18.0.kv.m. qeydiyyata alınmışdır.

7. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)- 3851/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır.

8. Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2026-cı il tarixli 10/7152 saylı ekspertiza rəyindən görünür ki, 1-ci və 2-ci suallar üzrə ünvan 1 ünvanda yerləşən mənzil İddiaçı paylı mülkiyyətində olan 1 otaq, y/s-18.0 kv.m hissədə, cavabdehin paylı mülkiyyətində olan (1 otaq y/s-17.0 kv.m) hissəsindən naturada bölünməsi (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün, tədqiq olunan mənzillər faktiki (bölünmüş) vəziyyətdə saxlanılmalıdır.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli müraciətə baxılmışdır. Bildirilir ki, "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalan"nm 3.2.5-ci bəndinə əsasən daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə daşınmaz əmlak obyektinə yeni ünvan verilir. Qeyd edilir ki, **********48-05101-083001 reyestr nömrəli mənzil sahəsinə dair sənədlər bölgü sxemi ilə ayrı-ayrılıqda müraciət olunacağı təqdirdə yeni ünvan verilməsi məsələsinə baxılacaqdır.

10. “Uniprice” Valution Consulting tərəfindən verilmiş mütəxəssis rəyininin surətindən müəyyən olunur ki, mülkiyyətçilərin hər birinin sərəncamında yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) tikililəri və mənzilə ayrı-ayrılıqda giriş-çıxış yolu olması nəzərə alınaraq ünvan 3 ünvanında yerləşən mənzilin hüquq sahibləri olan İddiaçı və qonşusu Cavabdeh arasında naturada bölünməsi mümkündür.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli texniki pasportun surətindən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı və başqasının adına **********48-05101-093001 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

İşin faktiki halları.

12. ünvan 1 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2006-cı il tarixdən Cavabdeh adına 1 otaq, y/s-17.0.kv.m. və xx.xx.2018-ci il tarixdən İddiaçı adına 1 otaq, y/s-18.0.kv.m. qeydiyyata alınmışdır. Hazırda tərəflər arasında olan mübahisə paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi ilə bağlıdır. Məhkəmə tərəfindən mübahisənin həlli məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert tərəfindən verilmiş rəydə ünvan 1 ünvanda yerləşən mənzil İddiaçı paylı mülkiyyətində olan 1 otaq, y/s-18.0 kv.m hissədə, cavabdehin paylı mülkiyyətində olan (1 otaq y/s-17.0 kv.m) hissəsindən naturada bölünməsi (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89un 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün, tədqiq olunan mənzillər faktiki (bölünmüş) vəziyyətdə saxlanılmalıdır.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 214. Paylı ümumi mülkiyyət hüququnda payların müəyyənləşdirilməsi. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

16. İşin faktiki hallarından göründüyü kimi iddia tələbinin predmetini mənzil üzərində payların naturada qaydasında ayrılması təşkil edir.

17. Məhkəmə tərəfindən tərəflərin paylı mülkiyyətində olan mənzil üzrə payların ayrılmasının mümkünlüyü ilə əlaqədar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 10/7152 saylı rəyindən müəyyən olunur ki, 1-ci və 2-ci suallar üzrə ünvan 1 ünvanda yerləşən mənzil İddiaçı paylı mülkiyyətində olan 1 otaq, y/s-18.0 kv.m hissədə, cavabdehin paylı mülkiyyətində olan (1 otaq y/s-17.0 kv.m) hissəsindən naturada bölünməsi (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89un 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün, tədqiq olunan mənzillər faktiki (bölünmüş) vəziyyətdə saxlanılmalıdır.

18. Göründüyü kimi ekspert rəyi ilə müəyyən edilmişdir ki, baxış keçirilən zaman İddiaçı məxsus olan mənzil faktiki olaraq digər tikililərdən ayrılmış vəziyyətdə olmaqla, həmin tikililərə ayrı-ayrılıqda giriş çıxış yolunun olduğu müəyyən edilmişdir. Mənzil-küçəyə, həyətə, koridora, pilləkən qəfəsinə yolu olan digər tikililərdən sırf arakəsmə və ya boşluğu olmayan divarla təcrid olunmuş tikililərdir. Eyni zamanda, ekspert tərəfindən qeyd olunur ki, evlərin tərəflər arasında bölgüsü yalnız təcrid mənzillər şəkilndə aparılmalıdır, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında yaşayış və yardımçı tikililəri və bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır.

19. Belə olan halda məhkəmə hesab edir ki, ünvan 1 ünvanda yerləşən mənzilin İddiaçı məxsus olan 1 otaq, y/s-18.0 kv.m hissəsi (ekspertiza rəyi nəzərə alınmaqla) naturada ayrılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin payının naturada bölünməsini tələb edə bilmədiyindən həmin hissədə iddia tələbi təmin oluna bilməz.

Məhkəmə xərcləri.

20. İş materiallarından görünür ki, iddia ərizəsi üzrə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmişdir.

21. Eyni zamanda, iş üzrə verilmiş ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tərəfindən aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ekspertiza xərci iddiaçıdan tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanda yerləşən mənzilin İddiaçı məxsus olan (1 otaq, y/s-18.0 kv.m) hissəsi (ekspertiza rəyi nəzərə alınmaqla) naturada ayrılmalıdır.

23. İş üzrə ödənilməmiş ekspertiza xərci - 100 manat iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. ünvan 1 ünvanda yerləşən mənzilin İddiaçı məxsus olan (1 otaq, y/s-18.0 kv.m) hissəsi (ekspertiza rəyi nəzərə alınmaqla) naturada ayrılsın. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar