Məhkəmə qərarları › İş №2(010)-3864/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3864/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3864/2020 27.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əliyeva Rayisə Böyükağa qızına məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Opel Vectra” markalı ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 1800 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 manat dövlət rüsumu, cəmi 1830,40 manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2012-ci il tarixdə idarə etdiyi “Mercedes Benz” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində hərəkət edərkən yol hərəkəti qaydasını pozaraq Əliyeva Rayisə Böyükağa qızına məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Opel Vectra” markalı, ** RN *** dövlət qeydiyyat nışanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, “Mercedes Benz” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində icbari sığorta şəhadətnaməsi olmamışdir. Hətta həmin sığorta şəhadətnaməsi mövcud olsa da belə, həmin şəhadətnamə icbari sığortalar haqqında sistemə işlənməmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan “Mercedes Benz” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Belə ki, həmin qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Bakı şəhərİ DİN BDYPİ AYP 243200 saylı X4 Protokolunda öz əksini tapmışdır. Zərərin qiymətləndirməsinə dair “xxxx” MMC-nin təqdim etdiyi akta uyğun olaraq, “Opel Vectra” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilə 2100 manat zərər təyin edilmişdir. MİP-116318-B05 saylı sığorta müqaviləsinin 2912/2012 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 300 manat azad olma məbləği çıxmaqla 1800 manat sığorta ödənişi həyata keçirilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 1800 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, xx.xx.2012-ci il tarixdə idarə etdiyi “Mercedes Benz” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində hərəkət edərkən Əliyeva Rayisə Böyükağa qızına məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Opel Vectra” markalı, ** RN *** dövlət qeydiyyat nışanlı avtomobillə toqquşmuşdur. Onun idarə etdiyi avtomobil «xxxx» Sığorta Şirkəti ASC-də icbari qaydada sığortalanmışdır. Ondan avtomobilə vurulmuş zərəri tələb edərkən o bununla bağlı Maliyyə Nazirliyinə ərizə ilə şikayət etmişdir. Sonra «xxxx» Sığorta Şirkəti ASC-nin nümayəndəsi ona zəng edərək əlavə 1000 manat ödəyəcəyini və şikayəti geri götürməyini xahiş etmişdir. Həmin avtomobil icbari sığortalanmışdır, lakin həmin icbari sığorta müqaviləsinin sistemə daxil olunmaması onun təqsiri deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, “Mercedes Benz” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olmuş və o xx.xx.2012-ci ildə həmin avtomobili baş etibarnamə əsasında satmışdır. Həmin avtomobilin hadisə baş verən zamana həm kasko sığortası, həm də icbari sığortası mövcud olmuşdur. Avtomobil onun sahibliyindən çıxmış və yol nəqliyyat hadisəsi digər Cavabdeh1 tərəfindən törədildiyindən və ona heç bir aidiyyəti olmadığından ona münasibətdə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxs «xxxx» Sığorta Şirkəti ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən baş vermiş sığorta hadisəsi nəticəsində avtomobilə maddi ziyanın vurulması müəyyən edilmiş və 1800 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Opel Vectra” markalı, ** RN *** dövlət qeydiyyat nışanlı avtomobil sığortalamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Əliyeva Rayisə Böyükağa qızına 1800 (bir min səkkiz yüz) manat məbləğində ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş ABN seriyalı 598662 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Opel Vectra” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi Əliyeva Rayisə Böyükağa qızıdır. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2012-ci il tarixdə idarə etdiyi “Mercedes Benz” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində Əliyeva Rayisə Böyükağa qızına məxsus “Opel Vectra” markalı, ** RN *** dövlət qeydiyyat nışanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 tərəfindən İddiaçı Sığortaya ünvanlanmış məktubundan müəyyən olunur ki, “Mercedes Benz” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixdə alqısatqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. İş materiallarında olan AYP № 243200 saylı xx.xx.2012-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, iş materiallarında olan ƏN-İİ № 651257 saylı etibarnamənin surətindən görünür ki, X2 xx.xx.2012-ci il tarixdə Cavabdeh2 məxsus “Mercedes Benz” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobil idarə etməyi və digər səlahiyyətləri Cavabdeh1 etibar etmişdir. İş materiallarına əlavə olunmuş AA 437608 saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh2 məxsus “Mercedes Benz” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilə kimi«xxxx» Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta olunmuşdur. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər Sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb Sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini Sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 4.1.-ci maddəsinə əsasən Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Həmin qanunun 8.1-1.-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh1 xx.xx.2012-ci il tarixdə idarə etdiyi “Mercedes Benz” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində hərəkət edərkən yol hərəkəti qaydasını pozaraq Əliyeva Rayisə Böyükağa qızına məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Opel Vectra” markalı, ** RN *** dövlət qeydiyyat nışanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Bununla əlaqədar olaraq İddiaçı Sığorta Şirkəti ASC tərəfindən cavabdehə 1800 manat sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı Sığorta Şirkəti ASC icbari sığortalar haqqında qanunun 25-ci maddəsinə istinad edərək Cavabdeh2 mülkiyyətində olan “Mercedes Benz” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsinin olmadığını və hətta həmin sığorta şəhadətnaməsi mövcud olsa da belə, həmin şəhadətnamənin icbari sığortalar haqqında sistemə işlənmədiyini qeyd edərək iddiaçı tərəfindən ödənilmiş sığorta məbləğinin cavabdehlərdən tutulmasını xahiş etmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, X2 xx.xx.2012-ci il tarixdə Cavabdeh2 məxsus “Mercedes Benz” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobil idarə etməyi və digər səlahiyyətləri Cavabdeh1 etibar etmişdir. İş materiallarına əlavə olunmuş AA 437608 saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh2 məxsus “Mercedes Benz” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilə kimi «xxxx» Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta olunmuşdur. Məhkəmə hesab edir ki, avtomobil «xxxx» Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta olunmuş, lakin həmin avtomobilin icbari sığortası haqqında məlumatın sistemin informasiya ehtiyatında mövcud olmamasına görə cavabdehlər məsuliyyət daşıya bilməz. Belə ki, icbari sığorta haqqında məlumatın sistemin informasiya ehtiyatına daxil edilməsi cavabdehlərin deyil, «xxxx» Sığorta Şirkəti ASC-nin vəzifəsidir. Bundan başqa müəyyən olunmuşdur ki, Cavabdeh2 tərəfindən həmin avtomobilə dair xx.xx.2012-ci ildə qanunla müəyyən olunmuş qaydada etibarnamə verilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, avtomobilin mülkiyyətçisi tərəfindən etibarnamə verildiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən vurulmuş zərərə görə avtomobilin mülkiyyətçisi Cavabdeh2 məsuliyyət daşımamalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin oluna bilməz. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair iddia ərizəsi təmin olunmasın. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar