Məhkəmə qərarları › İş №2(010)-3886/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3886/2021

02.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3886/2021 02.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X12 Məmmədovun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkməyə müraciət edərək, Cavabdeh maddi ziyan kimi 20000 manat, mənəvi ziyan kimi 10000 manat olmaqla, cəmi 30000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 53 B aylı ev Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 015042 nömrəli 08.11.2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən onun şəxsi mülkiyyətidir. Cavabdeh 2013-cü ildə ona qarşı “evin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, evə dair daşınmaz əmlakın dövlət reyestrində qeydin dəyişdirilməsi və evə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ilə Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1926/2013 saylı 26 iyul 2013-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qanuni qüvvəsini almış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1926/2013 saylı 26 iyul 2013-cü il tarixli qətnaməsində iddiaçı Cavabdeh mübahisələndirilən evi 5000 ABŞ dollarına almasını, eyni zamanda cavabdeh İddiaçı həmin evi 50000 ABŞ dollarına satmasını sübuta yetirməmişdir. Ancaq, cavabdeh İddiaçı Cavabdeh 5000 ABŞ dolları almasını etiraf etmişdir. Eyni zamanda həmin qətnamə ilə müəyyən olunmuşdur ki, iddiaçı 2004-cü ildən öz ailəsi ilə birlikdə köçüb həmin evdə yaşamağa bağlamış və pasport qeydiyyatına düşmüşdür. Sonradan İddiaçı cavabdehlər Cavabdeh, X4, X5 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair ilkin, iddiaçılar Cavabdeh, X1, X2 cavabdeh İddiaçı qarşı öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddiaları olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3522/2014 saylı 04 avqust 2014-cü il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 53b saylı fərdi yaşayış evindən Cavabdeh, X1, X2 istifadə hüququna xitam verilmiş və yaşayış sahəsindən çıxarılmışlar. Qarşılıqlı iddia isə təmin edilməmişdir. Adı çəkilən qətnamədən Cavabdeh, X6, X7 tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6335/2014 saylı 12 noyabr 2014-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3522/2014 saylı 04 avqust 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3M-876/16 saylı 18 mart 2016-cı il tarixli məktubu ilə ona cavab verilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsindən Cavabdeh və vəkili X9 tərəfindən Ali Məhkəməyə kassasiya şikayəti verilməmişdir. Cavabdeh onun mülkiyyətində olan yaşayış sahəsindən istifadə etdiyinə, həmçinin bu çəkişmələr nəticəsində şəkər xəstəliyinə tutulduğundan ona maddi və mənəvi ziyan vurulmuşdur. Şəkər xəstəliyinə tutulması barədə 24 saylı şəhər Poliklinikasının 19.02.2018-ci il tarixli arayışında qeyd olunur ki, o, həmin xəstəliyi ilə balı 2012-ci ildən müalicə olunur. Göstərilən xəstəliyə tutulmasının səbəbkarı məhz cavabdeh olmuşdur. Belə ki, işin müəyyən olunmuş hallarından da sübut olunur ki, onlar arasında məhz bu evlə bağlı mübahisələr elə 2004-cü ildən başlamışdır və bu münaqişələr hələ də davam etməkdədir. Artıq iş o yerə çatmışdır ki, hər gün evə bir neçə dəfə həkim çağırmalı olur. Ona qarşı cavabdehin hərəkətləri nəticəsində iztirablar keçirirŞ mənəvi gərginliklər yaşayır, bu gün də bütün bunlar davam etməkdədir. Cavabdeh ona hazırki vaxtadək 20000 manat maddi ziyan, 10000 manat isə mənəvi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verib tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında Cavabdeh vəkili X10 iddia tələbinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iş üzrə iddiaçı və cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3522/2014 saylı 04 avqust 2014-cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 53b saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh, X1, X2 istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılması, iddiaçılar Cavabdeh, X1, X2 cavabdeh İddiaçı qarşı “öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6335/2014 saylı 12 noyabr 2014-cü il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh, X1, X2 apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3522/2014 saylı 04 avqust 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatı tərəfindən İddiaçı ünvanlanan 18 mart 2016-cı il tarixli məktubdab görünür ki, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsindən Cavabdeh və onun vəkili X3 verdiyi kassasiya şikayəti Ali Məhkəməyə daxil olmamışdır. - 24 nömrəli Şəhər Poliklinikası tərəfindən verilən 19.02.2018-ci il tarixli tibbi arayışın surətindən görünür ki, İddiaçı 31.08.2012-ci il tarixdən ,şəkərli diabet diaqnozu qoyulmuşdur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər arasında əvvəllər məhkəmə mübahisələri mövcud olmuşdur. İddiaçı hazırkı tələbini onunla əsaslandırır ki, cavabdehin ona qarşı açdığı məhkəmə mübahisələrinə və ondan etdiyi şikayətlərə görə sarsıntı keçirmiş, xəstəliyə düçar olmuşdur. Cavabdeh tərəf iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmuş və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Məhkəmə həmçinin qeyd edir ki, maddi zərərin əvəzinin ödənilməsində məqsəd hüquq pozuntusu baş verməmişdən əvvəlki vəziyyətinin bərpa olunmasından, başqa sözlə, restitutio in integrum prinsipindən ibarətdir. Bu, həm faktiki olaraq baş vermiş real zərər (damnum emergens), həm də əldən çıxmış fayda (lucrum cessans) üzrə təzminatı əhatə edə bilər. Hazırki iş üzrə iddiaçı maddi zərər qismində 20.000 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etsə də, zərərin miqdarını və ya dəyərini sübut etmək üçün müvafiq sənədlər təqdim etməmişdir. Eyni zamanda maddi zərərin konkret nədə ifadə olunması, yaranaması əsasları müəyyən edilməmişdir. Ona görə də iddia tələbi maddi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 10000 (on min) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında məhkəmə mübahisələri olmuşdur. Hazırkı iş üzrə cavabdehin qanunla müəyyən edilmiş hüquqlarından istifadə edərək məhkəməyə mürcaiət etməsi, yuxarı instanasiya məhkəməsinə şikayət verməsi iddiaçının mənəvi sarsıntı keçirməsinin səbəbi ola bilməz. Ona görə də, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya adi edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Şərh olunanlara əsasən və AR MPM-nin göstərilən maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Dostumali qızının cavabdeh İsmayilova Səmayə Şı̇ rəlı̇ qızına qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar