Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3912/2025 23.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi X1 iclas katibliyi İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnu təsdiq edən qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnu təsdiq edən qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti yanında Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş 016485 saylı qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, “1993-cü ildən etibarən ailə üzvləri ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanında faktiki olaraq daimi yaşayır və həmin mənzildən istifadə edirəm. 1993-cü ildə Ermənistan Respublikasının işğalçı siyasəti nəticəsində doğma yurdumuzu tərk edərək məcburi köçkün kimi Bakı şəhərinə pənah gətirmişik. Bu tarixdən etibarən ailəmlə birlikdə yuxarıda qeyd edilən mənzildə məcburi köçkün kimi yerləşdirilmişik və qeydiyyatsız olsa da, fasiləsiz olaraq 30 ilə yaxındır ki, bu mənzildə yaşayırıq. Qeyd olunan mənzil bizə dövlət orqanlarının (yerli icra hakimiyyəti qurumlarının) razılığı ilə məcburi köçkün kimi müvəqqəti istifadə üçün ayrılmışdır. Həmin dövrdə bir çox ailə bu kimi mənzillərdə məskunlaşmış, dövlət isə həmin mənzillərin mülkiyyət hüququ üzrə sənədləşdirilməsini dayandırmışdır. Lakin məlum olmuşdur ki, Cavabdeh heç bir əsas və hüquqi münasibətə malik olmadan, mənzildə yaşamadan və ümumiyyətlə mənzilə faktiki sahiblik etmədən, saxta arayışlara və sənədlərə əsaslanaraq, 29 may 1996-cı il tarixində 016485 saylı mülkiyyət hüququnu təsdiq edən qeydiyyat şəhadətnaməsi əldə etmişdir. Bu sənəd Bakı şəhər İcra Hakimiyyəti yanında Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmişdir. Hesab edirəm ki, qeyd olunan qeydiyyat şəhadətnaməsi saxta məlumatlara əsaslanmaqla, qanunvericiliyin tələblərinə zidd olaraq və məcburi köçkünlərin hüquqlarının pozulması yolu ilə əldə edilmişdir. Əldə etdiyim sənədlərdən və arxiv materiallarından görünür ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 28 mart 1995-ci il tarixində 232 nömrəli məktubla 33-cü polis bölməsinin rəisi Mahmudov yoldaşa ünvanlanmış rəsmi müraciətdə bildirilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin 1541/95 və 295/94 saylı sərəncamlarına əsasən, məcburi köçkünlərin yaşadığı mənzillərə orderlərin və digər hüquq müəyyən edən sənədlərin verilməsi qadağan edilmişdir. Bu sənəd sübut edir ki, mülkiyyət hüququ verilməsi hüquqi əsasdan məhrum idi və bu qadağa qüvvədə olduğu halda hər hansı şəxsə (xüsusilə də mənzildə yaşamayan üçüncü şəxslərə) mülkiyyət sənədi verilməsi açıq-aşkar qanunsuzluqdur. Bu baxımdan, Cavabdeh verilmiş 016485 saylı mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə həm forma, həm də məzmun baxımından hüquqi əsassızlıq təşkil edir və bu sənədin etibarsız hesab edilməsi zəruridir. Belə ki, cavabdeh mənzildə heç vaxt yaşamayıb. Mən və ailəm 1993-cü ildən həmin mənzildə fasiləsiz yaşayırıq. 1995-ci il tarixli rəsmi məktub və sərəncamlar mənzillərə mülkiyyət verilməsini qadağan etmişdir. Qeydiyyat şəhadətnaməsi bu qadağaya və faktiki vəziyyətə zidd olaraq verilib. Qanunvericiliyin tələblərinə uyğun olaraq, mülkiyyət hüququ yalnız qanuni əsaslarla və hüquqi faktlara istinadən tanına bilər. Əgər belə hüquq saxta sənədlərlə əldə olunubsa və ya dövlətin rəsmi qadağalarına zidd olaraq verilibsə, həmin hüququ təsdiq edən sənəd hüquqi baxımdan etibarsız sayılmalı və müvafiq qərarla ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxs öz hüquq və azadlıqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Mən də bu hüququmdan istifadə edərək, qanunsuz olaraq verilmiş mülkiyyət sənədinin etibarsız sayılması və mənzil üzrə qanunsuz hüquqi vəziyyətin aradan qaldırılması üçün məhkəməyə müraciət edirəm.” Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, ev hərbi donanmaya məxsus evdir və boş olub. Buna görə də 1993-cü ilin oktyabr ayında həmin evə yığışıblar. Cavabdehin adına verilmiş order qanunsuzdur. Məqsədi həmin evi öz adına keçirmək deyil, sadəcə olaraq həmin ev ehtiyacı olan digər məcburi köçkünlərə verilsin. Saxtalıqla alınmış qeydiyyat şəhadətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda mülki iş üzrə icraata xitam verilməsinə etiraz edərək, işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbi ilə razı deyil. O, hərbi donanmada qulluq edən zaman həmin evi ona veriblər. İddiaçı evin qarşılığında ondan pul tələb etmişdir. Eyni zamanda mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 9.1.-ci bəndində qeyd olunur: Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Mülki işin materiallarından görünür ki, mübahsiəli mənzilə dair dövlət qeydiyyat vəsiqəsi order əsasında Cavabdeh adına qeydə alınıb. Reyestrdəki qeydiyyat inzibati akt olan mənzilə dair order əsasında aparmışdır. Belə olan halda məhkəmə hesab edir ki, bu iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 261. İcraata xitam verilmə əsasları. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261-262, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnu təsdiq edən qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən qeydiyyat şəhadətnaməsində düzəlişlərin aparılması (ləğv edilməsi) tələbi ilə bağlı müvafiq inzibati orqana (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi) müraciət etməli, müraciətinin yerinə yetirilməsindən imtina edilərsə, inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etməlidir. İddiaçıya izah edilsin ki, məhkəmənin ərizəni qəbul etməkdən imtina etməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən ümumi məhkəmədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(010)-3912/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3912/2025
23.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver