Məhkəmə qərarları › İş №2(010)-3970/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-3970/2022

09.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3970/2022 09.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh mülkiyyətində olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 2 saylı evin 7 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki: “Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/s, ev 2, 7 saylı mənzilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində hər birimizin 1/2 hissədə mülkiyyət hüququmuz tanınmış və bu barədə bizə RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Cavabdeh mənzilimizdə qeydiyyatda olmasına baxmayaraq, 2013-cü ildən türk vətəndaşı ilə ailə həyatı qurub Türkiyə Respublikasına getdiyinə görə faktiki olaraq orada yaşamır və yaşayış sahəsindən istifadə etmir. Cavabdeh mənzilimizdə qeydiyyatda olduğuna görə onun payına düşən mənzil və kommunal xidmət haqlarını da biz ödəməli oluruq. Həmçinin, onun mənzilimizdə qeydiyyatda olması müəyyən fəsadlar törədir. Belə ki, biz həmin mənzillə bağlı hər hansı əqdləri, müəyyən hərəkətləri sərbəst həyata keçirə bilmirik və bununla da bizim mülkiyyət hüquqlarımız pozulmuşdur. Cavabdeh daimi yaşamaq üçün 2013-cü ildən Türkiyə Respublikasına köçüb. Buna görə də Cavabdeh mülkiyyətimizdə olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/s, ev 2, 7 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindəyik”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh onun qızıdır. Qızı Jalə 2013-cü ilin iyun ayında türk vətəndaşı ilə ailə quraraq Türkiyəyə köçmüşdür. Jalənin yaşlı anasını və bacısını burada qoyub başqa ölkəyə getməsini istəmədiyindən bu evliliyə qarşı olsa da qızı onu saymayıb həmin şəxslə ailə qurub getmişdir. Həmin vaxtdan da münasibətləri soyumuşdur. Jalə hələ ailə qurmuzdan əvvəl öz maaşından 22000 manat pul yığmışdır. Köçüb getdiyi vaxt ona pulunu götürməyi təklif etmiş, lakin o, pulu götürməmişdir. Bundan təxminən doqquz ay sonra Jalə ondan xəbərsiz evə gələrək pulu aparmış, sonradan bu barədə soruşduqda isə əri ilə uşaqlarının olması üçün müalicəyə pul lazım lazım olduğunu demişdir. Həmin pulu götürmək üçün gəldiyi gündən sonra isə heç vaxt geri qayıtmamışdır. Hazırda qızı ilə əlaqələri demək olar ki, tam kəsilmişdir. Mübahisəli mənzillə bağlı məsələdə isə Jalə əvvəlcə ona demişdir ki, Türkiyədə qeydiyyatda olması ilə bağlı sənəd göndərəcək. Lakin sonra bunu etməmiş, buradakı əmlak məsələlərini həll etmək üçün vəkil tutacağını demişdir. Aradan 10 aydan çox vaxt keçsə də bir xəbər çıxmamışdır. Həmin mənzil 1987-ci ildə yoldaşı tərəfindən kooperativ mənzil kimi alınmış, mülkiyyət hüquqları isə sonradan tanınmışdır. Onlar 1987ci ildən həmin mənzildə yaşamışlar. Lakin Cavabdeh 10 ilə yaxındır ki, ailə qurub başqa ölkəyə daimi yaşamaq üçün getmişdir. Bu səbəbdən onu mübahisəli mənzildən qeydiyyatdan çıxartmaq üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh onun bacısıdır. Bacısı Jalə anasına qarşı çıxaraq 2013-cü ildə türk vətəndaşı ilə ailə qurub Türkiyəyə getdiyinə görə artıq onu özünə bacı hesab etmir. Həmin vaxtdan sonra cəmi bir dəfə Bakıya gəlmiş, onda da pulunu götürüb geri qayıtmışdır. Onunla hazırda heç bir əlaqələri yoxdur. Lakin bildiyinə görə 5-6 yaşlarında bir qızı var. Cavabdeh 2013-cü ildə ailə quraraq mənzili tərk etmiş, pulunu götürməyə gəldiyi gündən başqa heç vaxt geri qayıtmamışdır. Bu səbəbdən onun həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini istəyirlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Həmçinin, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiklərini bildirmişlər.

6. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi.

İş materialları.

7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64.83 m2 olan mənzil 1/2 hissədə İddiaçı1 adına xx.xx.2011-ci il tarixdə, 1/2 hissədə isə İddiaçı2 adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

8. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən xx.xx.2022-ci il tarixli, 33/4024 nömrəli məktubla verilmiş sorğuya cavabdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasındakı məlumatlar cədvəl şəkildə təqdim edilmişdir: xx.xx.2013 – çıxış, xx.xx.2013 – giriş, xx.xx.2013 – çıxış, xx.xx.2014 – giriş, xx.xx.2014 – çıxış.

9. İki ədəd fotoşəkilin birinin sol aşağı küncündə “xx.xx.2013” tarixi yazılmışdır. Şəkillərin ikisinin də eyni cütlüyün toy mərasimində çəkildiyi görünür.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(010)- 2868/2010 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, 2 nömrəli evin 7-ci mənzilində İddiaçı1 və X2 mülkiyyət payları 1/2 hissədə müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

İşin faktiki halları.

11. ünvan 2 ünvanında yerləşən mənzil 1/2 hissədə İddiaçı1, 1/2 hissədə isə İddiaçı2 paylı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki, bu mənzil Orconikidze (Suraxanı) rayon XDS-nin xx.xx.1987-ci il tarixli orderinə əsasən dörd nəfər ailə tərkibində (özü, arvadı, iki qızı) X3 verilmişdir. Yenə həmin qətnamədən görünür ki, Tofiq Zamanov hazırkı iş üzrə İddiaçı1 əri, digər İddiaçı2 və Cavabdeh atasıdır. Yəni, orderdə qeyd edilmiş ailə üzvləri bu iş üzrə tərəflərdir və orderin verildiyi tarixdən həmin mənzildə yaşamışlar.

12. Lakin Cavabdeh 2013-cü ilin iyun ayında türk vətəndaşı ilə ailə qurararaq, daimi yaşamaq üçün Türkiyə Respublikasına getdiyini və bir daha geri qayıtmadığını iddia edən iddiaçılar cavabdehin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiklərini bildirmişlər. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmişdir.

Tətbiq edilən hüquq.

13. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarı.

2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

14. Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, xx.xx.2009-cu il tarixdə isə qüvvədə düşmüşdür).

Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

15. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarı. Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı, hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 238. Qiyabi icraatın əsasları. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241. Qiyabi icraat qaydası. 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

Məhkəmənin mövqeyi.

17. İşin faktiki hallarından göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanında yerləşən mənzilin paylı mülkiyyətçiləridir. İddiaçı1 mənzil üzərindəki payı xx.xx.2011-ci il tarixdə, İddiaçı2 payı isə xx.xx.2018-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin iş materiallarından görünən odur ki, bu mənzil hələ 1987-ci ildən müvafiq icra hakimiyyəti orqanının orderinə əsasən tərəflərin ailə üzvünə verilməklə onların istifadəsində olmuşdur.

18. Beləliklə, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri (cavabdehin evdən istifadə hüququ) 2000-ci ildən əvvəl yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mülki mübahisənin həlli üçün tərəflər arasında hüquq münasibəti yaranan vaxt qüvvədə olmuş, yəni Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, xx.xx.2009cu il tarixdə isə qüvvədə düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir.

19. Həmin Məcəllənin müvafiq normalarından (§ 14), eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əlaqəli qərarından (§ 15) görünür ki, yaşayış sahəsindən müvəqqəti başqa yerə gedənin yaşayış sahəsinin cəmi altı ay saxlanıldığı müəyyən edilmiş, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmək isə icarə müqaviləsinin pozulması, beləliklə, yaşayış sahəsinin itirilməsinin əsası kimi qiymətləndirilmişdir. Lakin bu zaman həlledici məqam həmin Məcəllənin 87-ci maddəsində göstərilmiş “daimi yaşamaq üçün getmək” şərtinin məhkəmə araşdırması nəticəsində müəyyən edilməsidir.

20. Hazırkı iş üzrə iddia tələbinin əsaslandırıcı hissəsindən, eləcə də iddiaçıların məhkəmə iclasında verdiyi izahatlardan belə görünür ki, onlar cavabdehin mənzildən istifadə hüququnun itirilməsinə dair tələblərini cavabdehin 2013-cü ildə ailə qurararaq, daimi yaşamaq üçün Türkiyə Respublikasına getməsi və bir daha yaşamaq üçün geri qayıtmaması ilə əsaslandırmışlar. İddiaçıların vəsatəti əsasında məhkəmə tərəfindən Cavabdeh Azərbaycan Respublikasının dövlət sərhədindən 2013-cü ildən sonrakı hərəkətləri barədə məlumatlar sorğu edilmiş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən sorğuya verilmiş cavab əsasında Cavabdeh həqiqətən də xx.xx.2013-cü il tarixdə sərhəddən çıxışından sonra cəmi bir dəfə - xx.xx.2014-cü il tarixdə dövlət sərhədindən giriş etdiyi, xx.xx.2014-cü il tarixdə sərhəddən çıxdığı və bir daha dövlət sərhədindən girişinin qeydə alınmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında izahat verən iddiaçılar da cavabdehin 2013-cü ilin iyun ayında ailə qurduqdan sonra cəmi bir dəfə qısa müddətlik Bakıya gəldiyini, işini həll etdikdən sonra çıxıb getdiyini və bir daha geri qayıtmadığını bildirmişlər.

21. Göründüyü kimi cavabdehin dövlət sərhədindən hərəkəti barədə əldə edilmiş məlumatlar cavabdehin 2013-cü ilin iyun ayından bəri, artıq 9 ildən çoxdur ki, daimi olaraq Azərbaycan Respublikasından kənarda yaşaması, dolayısı ilə mübahisəli mənzili daimi olaraq başqa ünvanda yaşamaq üçün tərk etməsi barədə iddiaçıların qeyd etdiklərini təsdiqləyir. Həmçinin, xx.xx.2013-cü il tarixdə çəkilmiş cavabdehin toy mərasimindən fotoşəkil də məhkəməyə təqdim edilmişdir. Bu isə o deməkdir ki, Cavabdeh həqiqətən də iddiaçıların dediyi kimi ailə quraraq, daimi yaşamaq üçün ölkə xaricinə getmişdir.

22. Belə olan halda məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində müəyyən edilmiş “daimi yaşamaq üçün getmək” şərti hazıkı işdə müəyyən edildiyindən Cavabdeh iddiaçıların mülkiyyətindəki mənzildə olan yaşayış sahəsini itirmişdir. Odur ki, iddiaçılar cavabdehin həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etməkdə haqlı olmuşlar.

23. Son olaraq o da qeyd edilməlidir ki, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 9).

24. Məhkəmə hesab edir ki, mənzildən istifadə hüququnun itirildiyini təsdiq edən bu qətnamə də Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmənin gəldiyi nəticə.

25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir.

26. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 238-253, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar