Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3977/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mülkiyyətçi olaraq narahatçılığını, şikayətə əlavə edilmiş sənədləri əsas tutaraq, cavabdehlərin evin qeydiyyatından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İsmayıl qızı və Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi ev 5, 124 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, O, 2013-cü ildə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 5, mənzil 124-də olan mənzili almışdır. Mənzili aldığı şəxslərdən bu vaxta qədər dəfələrlə qeydiyyatdan çıxmaları barədə xahiş və tələblərinə məhəl qoymadan hələ də, mülkiyyəti olan mənzilin qeydiyyatında qalmaqdadırlar. Tərəflərin izahatları. Məhkəmə İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini, cavabdehlərin ona məxsus mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materialları. Azərbaycan Respublikası DİN-in Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Həmçinin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 da eyni ünvanda qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş daşınmaz əmlakın texniki pasportundan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin ümumi sahəsi 75.15 kv.m-dir və mənzil 4 otaqdan ibarətdir. Bakı şəhəri xüsusi notariusu T.H.Kərimova tərəfindən təsdiqlənmiş və satıcılar Cavabdeh1, Cavabdeh3 İsmayıl qızı , Cavabdeh2 və ipoteka saxlayan "xxxx" ASC Pərəkəndə Biznes Departamenti “ABB Premyer” Müştəri Xidməti və alıcı//ipoteka qoyan İddiaçı tərəfindən imzalanmış xx.xx.2012-ci il tarixli, 306/12 saylı alqı-satqı və ipoteka müqaviləsinin 1.1-ci bəndindən görünür ki, satıcılar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 01 dekabr 2012-ci il tarixli 06/89 nömrəli arayışa əsasən, ümumi sahə 75.15 kv.m, yaşayış sahəsi olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzil alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən, atılan mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 24 noyabr 2012-ci il tarixli Seriya RX № ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən: Cavabdeh1 1/3 hissə, Cavabdeh3 İsmayıl qızına 1/3 hissə, Cavabdeh2 1/3 hissə satıcılara məxsusdur. 2.2.4-cü bəndinə əsasən, satıcılar müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətinə ipoteka predmetindən qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmalıdır. Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2013cü il qeydiyyat tarixli Çıxarışının sürətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 75,15 kv.m olan mənzil İddiaçı mülkiyyətindədir (daşınmaz əmlakın reyestr nömrəsi: **********74-05101-093059). 26 sentyabr 2023-cü il tarixdə məhkəmə tərəfidən Bakı şəhəri xüsusi notariusu T.H.Kərimovaya notariat işi barəsində sorğu verilmişdir. Sorğuya cavab gəlmədi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokol Həmin Protokolun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: ... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, ********** qeydiyyat nömrəli xx.xx.2013-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 75.15 kv.m olan mənzil İddiaçı mülkiyyətindədir. Həmin evi o, alğı-satqı və ipoteka müqaviləsi üzrə Cavabdeh1, Cavabdeh3 İsmayıl qızı, Cavabdeh2 xx.xx.2012-ci il tarixində almışdır. Cavabdehlər – müqavilə üzrə satıcılar Cavabdeh1, Cavabdeh3 İsmayıl qızı, Cavabdeh2- qeydiyyatdan alğı-satqı müqaviləsi notariat qaydasında təsdiqləndikdən sonra 30 gün ərzində çıxacaqlarını öhdəsinə götürsələr də, qeydiyyatdan çıxmamışdırlar. Həmin dövrdə, yəni 2021-ci ildə Cavabdeh4 Cavabdeh2 yetkinlik yaşına çatmayan uşağı olduğundan, o da valideyn ilə bir yerdə qeydiyyatdan çıxarılmalı idi, çünki cavabdeh alğısatqı müqaviləsini imzalanmaqla bu öhdəliyini öz üzərinə götürmüş və uşağı özündən ayrı qeydiyyatda saxlaya bilməzdi. Bu baxımdan, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, bu iddia tələbi qanuni və əsaslı olduğundan, eləcə də cavabdehlərin iddiaçıya aid yaşayış sahəsinə istifadə hüquqlarının qaldığını göstərən hallar olmadığına görə iddia bu hissədə təmin edilməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 İsmayıl qızı, Cavabdeh2 və Cavabdeh4 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında olan yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 İsmayil qızı, Cavabdeh2 və Cavabdeh4 İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi ev 5, 124 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-3977/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3977/2023
30.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver