Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4016/2020 20.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 2500 manat borclu olduğu pulun, 500 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3030 (üç min otuz) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək bildirmişdir ki, o, "Toyota Prius" markalı avtomobil almaq üçün xx.xx.2020-ci il tarixdə Cavabdeh ilə görüşmüş və həmin avtomobili almaq üçün onunla 3300 manata razılaşaraq əvvəlcə ona 300 (üç yüz) manat beh vermişdir. Daha sonra isə ayrı-ayrı vaxtlarda 1600 manat və 600 manat qismində tam olaraq pulu Cavabdeh vermişdir. Həmin avtomobili etibarnamə əsasında o idarə etmişdir. Bir müddət sonra maşında nasazlıq olduğu üçün qarşılıqlı razılıq əsasında onu Elgünə qaytarmışdır. Lakin Cavabdeh maşını qəbul etsə də, verdiyi 2500 manat pulu geri qaytarmamışdır. Bundan sonra cavabdehlə dəfələrlə əlaqə saxlamış, pulu qaytaracağını söz versə də, bugünə kimi qaytarmamışdır. Bununla bağlı müraciəti əsasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsində araşdırma aparılmışdır. Həmin araşdırma zamanı Cavabdeh deyilənləri təsdiq etmiş və ondan götürdüyü pulu imkanı olmadığı üçün qaytara bilmədiyini demişdir. Bakı şəhəri Xətai Rayon Polis idarəsinin xx xxx 2020-ci il tarixli "cinayət işinin rədd edilməsi haqqqında" qərarında hazırkı mübahisənin mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Cavabdeh öz üzərinə götürdüyü öhdəliyə tam riayət etməmişdir. Belə ki, 2500 manat pulu almasına baxmayaraq, ona nasaz avtomobil satmış, sonradan avtomobil geri qaytarılsa da, onun pulunu qaytarmamışdır. Bununla da ona 2500 manat miqdarında maddi ziyan vurulmuşdur. Bundan əlavə cavabdeh onu aldatdığından psixoloji gərginlik keçirmiş və ona mənəvi zərər vurmuşdur. O hesab edir ki, cavabdeh ona 500 manat mənəvi zərər vurmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Polis idarəsinin 37-ci PŞ-nin xx xxx 2020-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarından müəyyən olunur ki, hazırkı mübahisənin mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Həmin qərarda qeyd olunmuşdur ki, Cavabdeh izahatı alınmış və o verdiyi izahatda qeyd etmişdir ki, ona cəmi 2400 manat pul verildiyini və həmin puldan 100 manatı isə etibarnamə üçün verildiyini, hazırda avtomobili sata bilmədiyini və avtomobilə əlavə pul xərcləndiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Asan 2 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Cavabdeh "Toyota Prius" markalı avtomobil almaq üçün ona 2500 manat pul verdiyini və daha sonra avtomobil nasaz olduğu üçün avtomobili cavabdehə geri qaytardığını bildirmişdir. Cavabdeh polis bölməsində izahat verərək avtomobili iddiaçıdan təhvil aldığını, lakin ona verilən 2400 manat pulu geri qaytarmadığını bildirmişdir. Bundan sonra cavabdehlə dəfələrlə əlaqə saxlamış, pulu qaytaracağını söz versə də bugünə kimi qaytarmamışdır. Hazırda iddiaçı Cavabdeh dəymiş maddi zərərə görə 2500 manat, mənəvi zərərə görə 500 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh "Toyota Prius" markalı avtomobil almaq üçün ona 2500 manat pul verdiyini bildirsə də, daha sonra avtomobil nasaz olduğu üçün avtomobili cavabdehə geri qaytarmış, cavabdeh isə iddaçıdan 2400 manat aldığını etiraf etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İstinad edilən maddələrin məzmunundan görünür ki, zərərin əvəzi yalnız zərərvuran şəxs tərəfindən ödənilməlidir, zərərin əvəzini ödəmək vəzifəsinin zərəri vurmayan şəxsin üzərinə yalnız qanunla nəzərdə tutulmuş hallarda qoyula bilər. Məhkəmə hesab edir ki, iddia maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə ona vurulmuş maddi ziyana görə 2400 manat məbləğində pul tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. İddiaçının mənəvi zərərin əvəzi kimi 500 manat tələb etməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxxxx 2008ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir: “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və X2 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən qərarın 8-ci bəndində göstərilir “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”. İddiaçı cavabdehin qeyri-hüquqi hərəkəti nəticəsində mənəvi əzab çəkməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya zərər vuran hər hansı qeyri-hüquqi hərəkət və yaxud hərəkətsizlik etməsi sübut olunmadığından mənəvi zərər barədə tələb də istisna olunur. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir, 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat məbləğində maddi zərər və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-4016/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4016/2020
20.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver