Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4026/2021 30.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının Cavabdeh Gülbala oğluna qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh Gülbala oğluna qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gülbala oğludan 12930 manat və ödənilmiş 30 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, İsmayıllı rayonunun İsmayıllı kəndi ərazisində şərikli təsərrüfat yaradaraq çolpa satışı ilə məşğul olmuşdur. Karantin rejimi ilə əlaqədar toylar keçirilmədiyindən çolpa satışı dayanmış və təsərrüfat ziyana getdiyi üçün Top.az saytında çolpa satışı ilə bağlı elan yerləşdirmişdir. Cavabdeh 2020-ci ilin noyabr ayında elanla bağlı ona zəng edərək özünü Hacı Rauf kimi təqdim etmiş və çolpa almaq istədiyini bildirmişdir. Həmin şəxs ona çolpaları nisyə alıb-satdıqdan sonra pulunu verəcəyini və qiyməti razılaşdıqdan sonra 3000 ədəddən cox çolpa almaq istədiyini bildirmişdir. O, Hacı Raufla maraqlandıqda hamı onu dürüst və dəqiq adam olduğunu söyləmişdir. Bundan sonra, o hazırki iş üzrə cavabdehi “Hacı Rauf” kimi tanımış və nisyə çolpa satılmasına razılıq vermişdir. 2020-ci ilin dekabr ayında cavabdeh bir nəfər digər şəxslə fermaya gələrək hər birinin qiymətinin 4,30 manat olmaqla 1608 ədəd çolpanı yük maşınına yığıb aparmışdır. Ondan iki gün sonra cavabdeh fermaya gələrək daha 1400 ədəd çolpanı yığıb aparmışdır. Ümumilikdə cavabdeh ondan 12930 manat dəyərində olan 3008 ədəd çolpanı pulunu satıb ödəmək şərtilə aparmışdır. İki gündən sonra cavabdehə zənq vursa da, sonuncu onun zənqlərinə cavab verməmişdir. Bundan sonra, o əsl Hacı Raufu taparaq onunla görüşmüş və ona məlum olmuşdur ki, hazır ki iş üzrə cavabdeh onu Hacı Raufun adından istifadə etməklə aldatmışdır və 12930 manat məbləğində pulunu mənimsəmişdir. Daha sonra ona məlum olmuşdur ki, ondan çolpaları alan şəxs Cavabdeh olmuşdur. Məcbur olub Cavabdeh qanunsuz hərəkətləri ilə bağlı X4 şikayət etmişdir. Polis şöbəsində aparılan araşdırma zamanı, 18.04.2021-ci il tarixdə Cavabdeh istifadəsində olan 070 *** ** ** mobil nömrəsi ilə əlaqə saxlanılmış və ona araşdırma zamanı onun izahatının alınmasının zəruri olduğu bildirilmiş. Telefon əlaqəsi zamanı Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşadığını, İsmayıllı rayonuna gələ bilməyəcəyini, 2020-ci ilin noyabr ayında internet saytında gördüyü elanla bağlı onun ilə şifahi razılıq əldə edərək çolpa aldığını, şifahi razılığa əsasən çolpaların pulunu satdıqdan sonra ödəyəcəyini, pulun 300 manatını ödəsə də, pulun qalan hissəsini maddi durumu ilə bağlı ödəyə bilmədiyini bildirmişdir. Bunlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Gülbala oğlu məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, Cavabdeh Gülbala oğlunu tanıyır, onun həqiqətəndə İddiaçı 12930 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1 və 1092.2-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan, yəni həyata keçirilməmiş əsasa görə iddiaçının hesabına əsassız varlandığı üçün iddiaçının ondan verdiklərini geri tələb etmək hüquq vardır. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz manat) manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Belə olduğu halda məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh Gülbala oğlundan 12930 dolları məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyinə görə iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat və hüquqi yardıma görə 20 manat pul vəsaitinin əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Gülbala oğlundan 12930 məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-4026/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-4026/2021
30.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver