Məhkəmə qərarları › İş №2(010)-4050/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4050/2023

23.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4050/2023 23.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, iddiaçı Mirzə-zadə Nazilə Yaşar qızının iştirakı ilə, iddiaçı Mirzə-zadə Nazilə Yaşar qızının Cavabdeh1 və qeyrilərinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Satıcı Cavabdeh1 ilə alıcı Mirzə-zadə Nazilə Yaşar qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ona məxsus ünvan 1 ünvanını Mirzə-zadə Nazilə Yaşar qızına satmışdır. Müqavilənin 13-cü bəndinə əsasən satıcı xx.xx.2022-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında Mirzə-zadə Nazilə Yaşar qızının adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. ASAN 4 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, X2 və X3 ünvan 1 ünvanında qeydiyyatdadır.

İşin faktiki halları

4. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ünvan 1 ünvanını xx.xx.2022-ci il tarixdə almışdır. Qeyd olunan mənzil Mirzə-zadə Nazilə Yaşar qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda həmin ünvandakı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehlərin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Belə ki, alğı-satqı müqaviləsi bağlandıqdan sonra cavabdehlər göstərilən ünvandakı fərdi yaşayış evində yaşamasalar da, formal olaraq bu mənzildə bu günə kimi qeydiyyatda qalmışlar.

İddia tələbi

5. İddiaçı Mirzə-zadə Nazilə Yaşar qızı Cavabdeh1 və qeyrilərinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ailə üzvlərinin (X2, X3) Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi 23 saylı evin 62 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi və iddia üzrə ödənilmiş dövlət rüsumunun cavabdehlər tərəfindən ona ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

6. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

7. Məhkəmə iclasında iddiaçı Mirzə-zadə Nazilə Yaşar qızı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, hazırki evi aldıqdan sonra cavabdehlər qeydiyyatdan çıxmaq barədə öhdəlik götürsələr də, onu yubadırlar və qeydiyyatda qalmağa davam edirlər. Həmçinin, cavabdehlər qeydiyyatda qaldığı üçün tanımadıqları adamlar tez-tez evə gələrək, Cavabdeh2 soruşurlar və bu, onlara narahatlıq verir. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq olunan hüquq

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

9. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolu

Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Məhkəmənin mövqeyi

10. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

11. Belə ki, mülki və mənzil qanunvericiliyi mənzildən istifadə hüququnun itirilməsinin qanuni və müqavilə rejimini nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsini, 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 87-ci maddəsində daimi yaşamaq üçün başqa yaşayış yerinə getdiyi halda icarədar və ailə üzvlərinin keçmiş yaşayış sahəsindən istifadə hüququnun itirilməsini, yeni Mənzil Məcəlləsinin 30.4-cü maddəsində mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda keçmiş ailə üzvünün həmin mənzildən istifadə hüququnun itirilməsi və s. kimi hallar nəzərdə tutulur. Eyni zamanda, Mülki Məcəllənin 386-cı maddəsi öhdəlik tərəfləri arasında bağlanmış müqaviləni öhdəliyin əmələ gəlməsi əsaslarından biri hesab edir. Həmin Məcəllənin 385.1.-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

13. Hazırkı işdə, mülkiyyətçi ilə yanaşı onun ailə üzvləri onun bağladığı alqı-satqı müqaviləsinə hər hansı bir qeyd-şərt (onların həmin mənzildən istifadə hüquqlarının saxlanması şərti və s.) qoymadan, yazılı razılıqlarını bildirdikləri üçün, həmin müqavilənin özləri üçün yaratdığı mülki hüquqi öhdəlikləri, o cümlədən qeydiyyatdan çıxmaq öhdəliyini üzərlərinə götürmüş hesab olunurlar. Bununla yanaşı, onlar, satıcının “əmlakı üçüncü şəxslərin hüquqlarından azad şəkildə alıcıya vermək” öhdəliyini nəzərdə tutan müqaviləni dəstəkləməklə, mənzildən istifadə hüquqlarına könüllü və satıcının alqı-satqı müqaviləsində aldığı maddi əvəz müqabilində xitam verilməsinə razı olduqlarını nümayiş etdirmiş olublar.

14. İş materiallarından göründüyü kimi, cavabdehlər üzərinə götürdüyü öhdəliyi nəzərdə tutulmuş müddətdə yerinə yetirmədiyi üçün, iddiaçının bunu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır.

Məhkəmə xərcləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

18. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və azyaşlı uşaqları X2 və X1 iddiaçı Mirzə-zadə Nazilə Yaşar qızına məxsus ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməlidir.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və azyaşlı uşaqları X2 və X1 iddiaçı Mirzəzadə Nazilə Yaşar qızına məxsus ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı Mirzə-zadə Nazilə Yaşar qızının xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar