Məhkəmə qərarları › İş №2(010)-4138/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4138/2022

24.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4138/2022 24.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisinə (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisinə (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli, 8İ-1999 reyestr nömrəli “icra qeydi”nin ləğv edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Bildirmək istəyirəm ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən məndən 772.69 manat əsas, 292.8 manat faiz borcu olmaqla, cəmi 1065.49 manat borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun kreditor "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Daha sonra həmin borc məbləği mənim iş yerim olan "xxxx" ASC-yə yönəlməklə aylıq maaşımdan tutularaq tam şəkildə banka ödənilmişdir. Buna baxmayaraq, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-də “Əlavə 1 Ödəniş cədvəli”nə əsasən, tərəfimdən yenidən 772.69 manat borcun rəsmiləşdirilməsi həyata keçirilmişdir. Qeyd olunan borcun əvvəlki borcla bağlı yenidən rəsmiləşdirmə işinin olmasını zənn etdiyimdən həmin sənədi o vaxt imzaladım. Lakin bu yaxınlarda mənə məlum oldu ki, bank məni aldadıb və həmin ödəniş tamamilə müxtəlif bir məbləğ olmaqla mənə aidiyyəti olmayan borcdur. Hansı ki, bank bununla əvvəlki vaxtda artıq ödədiyim pulu yenidən mənim adıma rəsmiləşdirmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli Bakı şəhəri 35 saylı notariat ofisinin icra qeydinə əsasən tərəfimdən "xxxx" ASC-yə 25 manat dövlət rüsumu olmaqla, cəmi 655.61 manat pul tutulmalıdır. Qeyd olunan icra qeydi tam əsassızdır və bu icra qeydi ilə məndən tutulmalı borc artıq bir dəfə məndən tutulmuşdur. Hazırda bank həmin pulu məndən ikinci dəfə tutmaq istəyir, hansı ki, bu tam qəbuledilməzdir. Xüsusilə, məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, qeyd olunan borcun tutulması ilə bağlı mənə nə bankdan, nə də ki, notariusdan hər hansı bildiriş və ya xəbərdarlıq gəlməmişdir. Mən icra qeydi barədə məlumatı yalnız əmək haqqımı az alarkən bilmişəm və bu barədə mənə iş yerimin baş mühasibi məlumat vermişdir. Həmçinin bildirirəm ki, 655.61 manat borcun tərəfimdən ödənilməsini müvafiq ödəniş qəbzləri də təsdiq edir”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, icra qeydinin ləğvini ona görə tələb edir ki, həmin qeyd əsasında artıq ödəmiş olduğu borc ondan ikinci dəfə tutulmuşdur. Belə ki, o, "xxxx" ASC-yə olan borcunu 2018-ci ilin aprel ayında ödəyib tam şəkildə bağlamışdır. Lakin bundan 1 il 4 ay sonra – 2019-cu ilin avqust ayında bank əməkdaşları onunla əlaqə saxlayaraq borcu qaldığını bildirmişlər. Hansı ki, əgər onun həqiqətən borcu var idisə, nəyə görə bank 1 il 4 ay gözləmişdir? Həmin vaxt o, yenicə insult keçirmiş olduğundan bank əməkdaşları onu aldadaraq onunla müqavilə bağlamışlar. Halbuki, həmin borc maaşından tutulmaqla tam olaraq ödənilmişdi. Notariusun bu məsələləri araşdırmadan, onu məlumatlandırmadan apardığı icra qeydinə görə ondan əlavə 7% icra xərci də tutulmuş, məhkəməyə müraciət edərkən 100 manat rüsum ödəmiş və digər xərcləri çıxmışdır. O, bankın əməkdaşı ilə telefon vasitəsilə əlaqə saxlayaraq, nəyə görə ondan eyni borcun ikinci dəfə tutulduğunu soruşduqda bank əməkdaşı xanım ona demişdir ki, “ağlın olardı, müqaviləyə qol çəkməzdin”. Bundan sonra o, icra qeydini mübahisələndirməyə başlamışdır. Hesab edir ki, qeyd qanunsuz aparılmışdır. Odur ki, məhkəmədən icra qeydinin ləğv edilməsini, artıq ödədiyi pulların geri qaytarılmasını xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

5. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı qəbul etmədiklərini, Bank tərəfindən iddiaya etirazla məhkəməyə müraciət edildiyini bildirib məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İddiaya etirazın əsaslandırıldığı hallar.

6. Üçüncü şəxs "xxxx" ASC iddiaya etirazla məhkəməyə müraciət etmiş, etirazı onunla əsaslandırmışdır ki: “İddiaçı öz ərizəsində icra qeydi aparılacağı ilə bağlı bildiriş vasitəsi ilə məlumatlandırılmadığını iddia etsə də notariat ofisi tərəfindən bildiriş xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanına göndərilmişdir. Lakin şəxs xx.xx.2022-ci il tarixində bildirişi qəbul etməkdən imtina etmişdir. Məhkəmə vaxtı iddiaçı sözügedən ünvanda qeydiyyatda olmadığını desə də iddia ərizəsində göstərilən ünvanı qeyd etmişdir. İddiaçının xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə Banka borcu olmuş, həmin borc xx.xx.2019-cu il tarixdə Prezident fərmanına uyğun restrukturizasiya olunmuşdur. İddiaçı Banka borcunun olmadığını, restrukturizasiya müqaviləsinin aldadılma nəticəsində bağlandığını bildirsə də iş materiallarından görünür ki, iddiaçının xx.xx.2013-cü il tarixli müqavilə üzrə Banka borcu olmuş və həmin borca aid məhkəmə əmrləri çıxmışdır. Daha sonra 2019-cu ildə mübahisələndirilən kredit Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən güzəştli şərtlərlə restrukturizasiya edilmişdir. Daha sonra iddiaçı xx.xx.2021-ci il tarixinə qədər ödənişləri icra etmiş, lakin sonradan ödənişi həyata keçirmədiyi üçün xx.xx.2022-ci ildə barəsində 35 saylı notariat ofisində icra qeydi aparılmış və icraya yönəldilərək borc əmək haqqından tutulmuşdur. İcra qeydi qanunvericiliyə uyğun aparılmışdır. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Nəticə olaraq icra qeydi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş prosedur və qaydalara əmək etməklə çıxarılmışdır. Həm notarius, həm də bank tərəfindən icra qeydinin ləğv edilməsinə səbəb ola biləcək heç bir qanunsuz hərəkət edilməmişdir. Kredit müqaviləsi üzrə iddia müddəti ötürülməmiş, dövlət rüsumu lazımi qaydada ödənilmiş, icra qeydi çıxarılmamışdan əvvəl öhdəlik barədə borclu xəbərnaməli bildiriş vasitəsilə məlumatlandırılmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, icra qeydi tam qanuni əsaslarla çıxarılmışdır. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçı iddia ərizəsində icra qeydinin ləğv edilməsinə səbəb ola biləcək əsaslı dəlil göstərməmişdir. Göstərilən əsaslara görə də notariusun icra qeydi ləğv edilə bilməz”.

İş materialları.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)- 4405/2016 saylı məhkəmə əmrindən görünür ki, borclu İddiaçı 1569.27 manat məbləğində əsas borc, 549.09 manat məbləğində faiz borcu və 20 manat məbləğində vəsaitin tutularaq kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi əmr edilmişdir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)- 4761/2016 saylı məhkəmə əmrindən görünür ki, borclu İddiaçı 772.69 manat əsas, 292.8 manat faiz borcu olmaqla, cəmi 1065.49 manat borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi əmr edilmişdir.

9. "xxxx" ASC tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmiş xx.xx.2018-ci il tarixli, 01-4-137 №-li məktubdan görünür ki, borclu İddiaçı aylıq əmək haqqından 2138 manat 36 qəpik kredit borcu tutularaq "xxxx" ASC-nin hesabına köçürülmüş və icrası başa çatmışdır. Bundan əlavə, 7% icra ödənişi borclu İddiaçı tutularaq Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin hesabına köçürülmüşdür.

10. xx.xx.2022-ci il tarixli problemli kreditlərin kompensiyası çıxarışından görünür ki, İddiaçı "xxxx" ASC qarşısında olan 772.69 manat borcu restrukturizasiya olunması təklif olunan kreditlər siyahısındadır.

11. İddiaçı və "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FR/88947/70 nömrəli “güzəştli kredit müqaviləsi”ndən (əsas kredit borcunun restrukturizasiyası üzrə) müqavilədən görünür ki, bu müqaviləyə əsasən Bank Kredit alana restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə, illik 1% dərəcəsi ilə 772.69 manat məbləğində kredit verir. Kredit alan isə bu müqavilə üzrə verilmiş krediti və hesablanmış faizləri müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə əsasən nağd və ya köçürmə yolu ilə Banka ödəməyi öhdəsinə götürür. Güzəşt müddəti ərzində Kredit alandan yalnız kreditə görə hesablanmış faizlərin ödənilməsi tələb edilir. Kredit alan həmin dövrdə öz mülahizəsinə görə həm də əsas kredit məbləğini ödəyə bilər.

12. xx.xx.2019-cu il tarixli müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə 772.69 manat məbləğində kredit borcunun xx.xx.2019 – xx.xx.2024-cü il tarixləri arasında hər ay 16.43 manat (ilk 12 ay güzəştlə ~0.65 manat, sonuncu ay 16.58 manat) olmaqla ödənilməsi müəyyən edilmişdir.

13. Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı FR/88947/70 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 630 manat 61 qəpik pul tutulması barədə qeyd aparılmış, bundan əlavə, təklif edilmişdir ki, borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 655 manat 61 qəpik məbləğində pul tutulsun.

14. "xxxx" ASC tərəfindən İddiaçı göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borcluya xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş borcunun məbləği barədə məlumat verilmiş, borcun 20 gün müddətində ödənilmədiyi halda ödənilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barədə icra qeydi aparılması üçün notariusa müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

İşin faktiki halları.

15. İddiaçı və "xxxx" ASC arasında xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixli iki kredit müqaviləsi bağlanılmışdır. Hər iki müqavilə üzrə borclu İddiaçı müqavilə öhdəliklərini lazımınca icra etmədiyindən kreditor "xxxx" ASC tərəfindən hər iki müqavilə üzrə ödənilməmiş əsas borcun faizi ilə birlikdə borcludan tutulmasına dair ərizələrlə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-4405/2016 saylı əmri ilə borclu İddiaçı xx.xx.2014-cü il tarixli müqavilə üzrə borcun – 1569.27 manat əsas borc, 549.09 manat faiz borcu və 20 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-4761/2016 saylı əmri ilə borclu İddiaçı xx.xx.2013-cü il tarixli müqavilə üzrə borcun – 772.69 manat əsas borc, 292.8 manat faiz borcu olmaqla, cəmi 1065.49 manat borcun və 20 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir.

16. Müvafiq əmrlər icraya yönəldildikdən sonra borclu İddiaçı əmək haqqından tutulmalar hesabına bu iki kredit müqaviləsindən biri - xx.xx.2014-cü il tarixli – üzrə borc bağlanmışdır. Digər - xx.xx.2013-cü il tarixli - kredit müqaviləsi üzrə borc isə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına daxil edilmişdir. Bundan sonra İddiaçı və "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli restrukturiza müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən İddiaçı "xxxx" ASC qarşısında olan 772.69 manat məbləğində əsas kredit borcu güzəştli şərtlərlə (illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə) restrukturizasiya edilmiş, İddiaçı müqaviləyə əlavə olan ödəniş cədvəlinə əsasən borcu Banka qaytarmağı öhdəsinə götürmüşdür.

17. Bundan sonra "xxxx" ASC İddiaçı müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyini iddia edərək, ödənilməmiş 630.61 manat məbləğində əsas borcun notariusun icra qeydi əsasında borcludan tutulması üçün Bakı şəhəri 35 saylı notariat ofisinə müraciət etmiş, Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən xx.xx.2022-ci il tarixli icra qeydi aparılmış, bu qeydlə İddiaçı "xxxx" ASC-nin xeyrinə FR/88947/70 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 630 manat 61 qəpik məbləğində pul tutulması müəyyən edilmiş, bundan əlavə, təklif edilmişdir ki, borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 655 manat 61 qəpik məbləğində pul tutulsun.

18. Hazırda İddiaçı Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş həmin icra qeydinin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, ödəmiş olduğu borcun ikinci dəfə ondan tutulmasına dair icra qeydi aparıldığını, eyni zamanda qeyd aparılmazdan əvvəl bununla bağlı ona heç bir məlumat verilmədiyini bildirmiş, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Bakı şəhəri 35 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi isə iddiaya etiraz verərək, müvafiq icra qeydinin qanunvericiliyə uyğun şəkildə verildiyini, ləğvi üçün heç bir əsas olmadığını bildirib məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq.

19. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 79. İcra qeydlərinin icra edilməsi üçün təqdim olunması. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat.

Xİİ fəsil. İcra qeydlərinin aparılması.

161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir.

162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” siyahısı.

İİ. Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması.

2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı.

22. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanı.

6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: 8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; 8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

24. İddia tələbindən göründüyü kimi İddiaçı cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsini tələb etmişdir. İddia tələbinin əsaslandırıldığı hallardan, eləcə də iddiaçının məhkəmə iclasında verdiyi izahatdan belə görünür ki, iddiaçı icra qeydinin ləğvini iki əsasla tələb edir. Bunlardan ilki odur ki, icra qeydi əsasında ondan "xxxx" ASC-nin xeyrinə tutulması müəyyən edilən kredit ödənilmiş kredit olmuşdur. Yəni, iddiaçıya görə bu icra qeydinin aparılması ilə artıq ödəmiş olduğu borc ondan təkrar tutulmuşdur. İddiaçının mövqeyinə görə icra qeydinin ləğv edilməsi üçün ikinci əsas isə bu icra qeydinin aparılması ilə bağlı nə "xxxx" ASC, nə də notarius tərəfindən ona heç bir məlumat verilməməsidir.

25. Göründüyü kimi İddiaçı 1) icra qeydi aparılmış tələbi (ödənilmiş tələbin təkrar tutulmasını) və 2) icra qeydinin aparılması qaydasını (ona heç bir məlumat verilməməsini) mübahisələndirir. Belə olan halda məhkəmə iddiaçının iddiasının əsasını təşkil edən hər iki dəlilinə münasibət bildirməyi zəruri hesab edir.

26. Məhkəmə iddiaçının müvafiq icra qeydi ilə eyni borcun ikinci dəfə ondan tutulmasına dair dəlilinə (1) münasibət bildirmək üçün işin faktiki hallarına istinad etməyi zəruri hesab edir. İşin faktiki hallarından görünür ki, İddiaçı və "xxxx" ASC arasında xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixli iki kredit müqaviləsi bağlanılmışdır. Hər iki müqavilə üzrə borclu İddiaçı müqavilə öhdəliklərini lazımınca icra etmədiyindən kreditor "xxxx" ASC tərəfindən hər iki müqavilə üzrə ödənilməmiş əsas borcun faizi ilə birlikdə borcludan tutulmasına dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-4405/2016 saylı əmri ilə borclu İddiaçı xx.xx.2014-cü il tarixli müqavilə üzrə borcun – 1569.27 manat əsas borc, 549.09 manat faiz borcu və 20 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-4761/2016 saylı əmri ilə borclu İddiaçı xx.xx.2013-cü il tarixli müqavilə üzrə borcun – 772.69 manat əsas borc, 292.8 manat faiz borcu olmaqla, cəmi 1065.49 manat borcun və 20 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. Borclu İddiaçı əmək haqqından tutulmalar hesabına bu iki kredit müqaviləsindən biri - xx.xx.2014-cü il tarixli – üzrə borc bağlanmışdır. Digər kredit müqaviləsi üzrə borc isə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına daxil edilmişdir.

27. İşin bu hallarını İddiaçı da mübahisələndirmir, onun əsas mübahisəsi bundan sonrakı hadisələrlə bağlıdır. Belə ki, İddiaçı iddia edir ki, hazırkı iş üzrə üçüncü şəxs "xxxx" ASC-nin əməkdaşları onu aldatmış, onunla 2019-cu il tarixdə yeni müqavilə bağlamış, sonra da həmin müqavilə üzrə borcu ondan tələb etməyə başlamışdır. İddiaçı bildirir ki, həmin vaxt səhhətində problem olduğundan (yenicə insult keçirmiş olduğundan) bankın əməkdaşları onu aldada bilmiş, müqavilənin mahiyyətini düzgün dərk edə bilməmiş, borcunu ödəyərək bağladığı əvvəlki müqavilə üzrə sənədləri imzaladığını hesab etmişdir.

28. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının qeyd etdiyi hal aldatma nəticəsində əqdin bağlanılması ilə bağlıdır. Hansı ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

29. Bununla bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.

30. İş materiallarından görünür ki, İddiaçı "xxxx" ASC qarşısında olan 772.69 manat borcu müvafiq icra hakimiyyəti orqanı tərəfindən restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına daxil edilmişdir. Bundan sonra İddiaçı və "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli restrukturizasiya müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən İddiaçı "xxxx" ASC qarşısında olan 772.69 manat məbləğində əsas kredit borcu güzəştli şərtlərlə (illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə) restrukturizasiya edilmiş, İddiaçı müqaviləyə əlavə olan ödəniş cədvəlinə əsasən borcu Banka qaytarmağı öhdəsinə götürmüşdür.

31. Göründüyü kimi İddiaçı "xxxx" ASC qarşısında xx.xx.2013-cü il tarixli müqavilə üzrə olan və xx.xx.2019-cu il tarixli müqavilə ilə restrukturizasiya olunmuş 772.69 manat əsas borcu problemli kreditlərlə bağlı müvafiq fərmanın təsiri altına düşsə də həmin fərmanla bu kreditə görə hər hansı kompensasiya məbləği hesablanmamış, sadəcə olaraq həmin kreditin restrukturizasiya olunması təklif edilmişdir. Bank da buna uyğun olaraq, İddiaçı ilə xx.xx.2019-cu il tarixdə restrukturizasiya müqaviləsi bağlamışdır.

32. Bundan başqa, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli restrukturizasiya müqaviləsi üzrə xx.xx.2019 – xx.xx.2021-ci il tarixləri arasında aylıq 5-20 manat aralığında dəyişən ödənişlər etmişdir. Yalnız xx.xx.2021-ci il tarixindən sonra ödənişləri dayandırmış, bundan sonra müvafiq icra qeydi əsasında ödənilməmiş qalan borc iddiaçının əmək haqqından tutulmuşdur. Yəni, İddiaçı Bankın onu “aldadaraq” bağladığını iddia etdiyi müqavilə üzrə iki ilə yaxın müddətdə hissə-hissə ödənişlər etmiş, yalnız sonradan ödənişləri dayandırmış, müvafiq borc əmək haqqından tutulduqdan sonra isə müqavilə bağlanarkən iradə ifadəsinin zədələndiyini (aldadıldığını) iddia etməyə başlamışdır.

33. Hər bir halda nəzərə alınmalıdır ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı).

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

35. Hazırkı işdən isə belə görünür ki, İddiaçı üçüncü şəxs "xxxx" ASC ilə aralarında bağlanmış əqdi nəinki qanunla müəyyən edilmiş bir illik kəsici müddət daxilində mübahisələndirmiş, əksinə əqd üzrə iki ilə yaxın kredit ödənişləri etmişdir. Digər tərəfdən, bu müqavilənin müvafiq fərmanın tələbinə uyğun olaraq bağlandığı nəzərə alındıqda müqavilənin iddiaçının aldadılması nəticəsində bağlanılması da istisna edilir. Odur ki, müqavilənin etibarsızlığı üçün heç bir əsas yoxdur. Bu baxımdan iddiaçının müqavilənin etibarsızlığı ilə bağlı dəlilləri bu müqavilə üzrə ödənilməmiş borcun tutulmasına dair aparılmış icra qeydinin ləğv edilməsi üçün əsas təşkil edə bilməz.

36. İddia tələbinin növbəti əsasını isə iddiaçıya heç bir məlumat verilməməsi ilə icra qeydinin aparılması qaydasının pozulması (2) təşkil edir. İddiaçı iddia edir ki, müvafiq icra qeydinin aparılması ilə bağlı ona nə icra qeydi üzrə tələbkar "xxxx" ASC tərəfindən, nə də icra qeydini aparan Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən heç bir məlumat verilməmişdir.

37. Məhkəmə bununla bağlı ilk növbədə qeyd edir ki, icra qeydini aparmazdan əvvəl borcluya məlumat verilməsi notariusun vəzifəsi deyil. Yuxarıda istinad edilmiş “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın müvafiq bəndlərindən də görünür ki, icra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir.

38. Göründüyü kimi bu zaman notariusun borcluya məlumat verməsi nəzərdə tutulmamışdır. Belə ki, notarius yalnız təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğunu və borcun mübahisəsizliyini müəyyən edir. Əgər bu hallar müəyyən edilərsə, müvafiq icra qeydi aparılır. Bu baxımdan iddiaçı notarius tərəfindən ona məlumat verilməməsi əsası ilə icra qeydinin ləğvini tələb edə bilməz.

39. Notariusdan fərqli olaraq, tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməsi vəzifəsi qanunla müəyyən edilmişdir.

40. İş materiallarından görünür ki, hazırkı iş üzrə üçüncü şəxs "xxxx" ASC tərəfindən İddiaçı ünvanına (ünvan 3n aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən” xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş, müvafiq bildiriş ekspres poçt vasitəsilə ünvana çatdırılsa da “imtina olundu” qeydi ilə xx.xx.2022-ci il tarixdə geri qaytarılmışdır.

41. Məhkəmənin hazırlıq iclasında İddiaçı Bank tərəfindən ona heç bir bildiriş göndərilmədiyini, iş materiallarında olan bildirişin göndərildiyi ünvanda yerləşən evi isə 2018-ci ildə satdığını iddia etmişdir. Lakin iddiaçının şəxsi məlumatlarının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yoxlanılması nəticəsində iddiaçının hazırda da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Qarayev küçəsi, ev 7 ünvanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Bundan əlavə, iddia ərizəsində iddiaçı öz ünvanı kimi həmin ünvanı göstərmişdir.

42. Belə olan halda məhkəmə müvafiq bildirişin tələbkar (üçüncü şəxs) tərəfindən qanunla müəyyən edilmiş müddət daxilində borcluya (iddiaçıya) göndərildiyini hesab edir.

43. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi üçün heç bir əsas olmadığı nəticəsinə gəlir. Odur ki, iddia təmin edilməməlidir.

Məhkəmə xərci.

44. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddialar üçün ödənilməli olan rüsum məbləğinə uyğun olmuşdur. Lakin iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

45. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia təmin edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

46. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisinə (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dаir iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar