Məhkəmə qərarları › İş №2(010)-4214/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4214/2022

16.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4214/2022 16.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MMC-yə vurulmuş 3160 vurulmuş zərərə görə, 100 manat ödənilmiş dayanacaq haqqına görə, 1000 manat müqavilə üzrə qadağan olunmuş idarəetməni digər şəxsə ötürdüyünə görə, avtomobilin cərimə meydançasında və avtoservisdə qaldığı 90 gün üçün nəzərdə tutulmuş 7200 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 140 manat, ümumilikdə 11600 manat vəsaitin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi, Mütəllim-zadə Məhəmməd Yusif oğlunun barəsində yazılmış protokolun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, İddiaçı MMC olaraq fəaliyyəti avtomobillərin müddətli icarəyə verilməsi ilə bağlıdır. Cavabdeh 20 fevral 2022-ci il tarixdə İddiaçı MMC-yə müraciət etmiş, aralarında avtomobil vasitəsinin icarəsi müqaviləsi bağlanmış, **-DY-*** dövlət nömrə nişanlı “Hyundai Sonata” markalı avtomobil sahibliyinə və istifadəsinə verilmişdir. Həmin avtomobilə dair İddiaçı MMC tərəfindən №51 daha sonra isə №61 nömrəli yol vərəqəsi verilmişdir. İcarə müqaviləsində icarə haqqı kimi gündəlik 80 manat məbləğ müəyyən olunmuş, tərəflər qeyd edilən məbləğə razılaşmışlar. Cavabdeh avtomobili icarəyə götürdükdən sonra, müqaviləyə əsasən üçüncü şəxsin istifadəsinə verməyinin qadağan olduğunu bilə-bilə həmin avtomobili Mütəllim-zadə Məhəmməd Yusif oğlunun istifadəsinə verib və avtomobil Mütəllim-zadə Məhəmməd Yusif oğlunun istifadəsində olduğu xx.xx.2022-ci il tarixdə saat 20:07-də avtomobillə avto qəza törədilmiş, hadisə yerindən qaçmışdır. Mütəllim-zadə Məhəmməd Yusif oğluna İXP4535555 nömrəli protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində protokol yazılmış, 500 manat məbləğində Mütəllimzadə Məhəmməd Yusif oğlu cərimə olunmuşdur. Cavabdeh isə İXP4535504 nömrəli protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsinin tələblərinə uyğun olaraq 180 manat məbləğində cərimə olunmuşdur. 08 aprel 2022-ci il tarixdə Cavabdeh ona yazılmış protokolun 162 manat cəriməsini ödəmişdir. Mütəllim-zadə Məhəmməd Yusif oğlu isə ona yazılmış protokolu hələ də ödəməmişdir. Qeyd edilən inzibati xətanı törətməklə yanaşı, Cavabdeh sahibliyinə və istifadəsinə verilmiş avtomobilə zərər vurmuş, sonradan həmin zərərin aradan qaldırılması ilə bağlı əməli addımlar atmamışdır. Cavabdeh ilə aralarında bağlanmış müqaviləyə əsasən ondan başqa şəxsin idarə etməsinin qadağan olduğunu və müqavilənin 4.6-cı bəndinin bu şərtinin pozulması nəticəsində 1000 manat cərimə ödəməli olduğunu bildirilməsinə baxmayaraq, Mütəllim-zadə Məhəmməd Yusif oğluna idarə etmək üçün vermişdir. Hyundai Sonata markalı ** DY *** dövlət nömrə nişanlı avtomobil tərəflərindən öz hesablarına təmir etdirilmiş, fiziki şəxs X5 tərəfindən 23 may 2022-ci il tarixli qüsur aktı tərtib edilmiş, yekun olaraq çəkilmiş xərc məbləği 3160 manat müəyyən olmuşdur. Avtomobilin 23 may 2022-ci il tarixdə avtoservis tərəfindən mülkiyyətçiyə təhvil verildiyi zərər aktında qeyd olunmuşdur. Həmin avtomobil hadisəni törədən şəxs Mütəllim-zadə Məhəmməd Yusif oğlunun Yasamal rayonu Yol polis şöbəsi tərəfindən Respublika səviyyəsində axtarışa verilməsinə baxmayaraq tapıla bilməməsindən hadisədən sonra 60 gün cərimə meydançasında saxlanılmışdır. 23 aprel tarixində avtomobil tərəflərindən cərimə meydançasından götürülərək avtoservisə təmir üçün göndərilmiş və bununla bağlı 100 manat pul ödənilmişdir. Göründüyü kimi qəzanın nəticəsini cavabdeh aradan qaldırmalı olduğu halda məsuliyyətdən boyun qaçırmışdır. Cavabdeh nəinki zərəri, ümumən gündəlik tərəflərin razılaşmış olduğu, avtomobilin servisdə qaldığı 90 gün müddət üçün 80 manat ödənişi də İddiaçı MMC-yə ödəməmiş, müqavilənin şərtinə əsasən saz vəziyyətdə avtomobili təhvil verilənə kimi, (yəni yararlı olana qədər, digər icarəyə götürənə təhvil verilə biləcək vəziyyət nəzərdə tutulur) sözügedən avtomobil 60 gün cərimə meydançasında, 30 gün isə avtoservisdə qalmışdır. Gündəlik hesablama aparılmalı və bu qeyd edilən məbləğ ümumən 7200 manat təşkil edir. Qeyd edir ki, Hyundai Sonata markalı ** DY *** dövlət nömrə nişanlı avtomobil İddiaçı MMC ilə həmin avtomobilin mülkiyyətçisi olan Nümayəndə arasında bağlanmış 07 aprel 2021-ci il tarixli icarə müqaviləsinə əsasən və Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq olunmuş 07 aprel 2021-ci il tarixli, 7e/17867 reyestrli etibarnaməyə əsasən xx.xx.2021-ci il tarixinədək sahibliyinə qəbul edilmişdir. Göründüyü kimi icarə götürən və hazırda cavabdeh olan Cavabdeh tərəfindən İddiaçı MMC-yə vurulmuş maddi zərərin əvəzi onun tərəfindən ödənilməlidir. MMC ilə digər vətəndaşlar arasında oxşar işlər üzrə mübahisələr olub, buna görə də Nəsimi rayon məhkəməsi, Lerik rayon məhkəməsinin qətnamələri vardır və həmin qətnamələri işə əlavə edir. Həmin qətnamələrin qismən təmin olunmasına səbəb avtomobilin cərimə meydançasında və avtoservisdə qaldığı müddətlə bağlı heç bir sübutun olmamasıdır. Lakin bu ərizəyə əlavə olunmuş zərər aktında avtomobilin təhvil verilmə vaxtı və dayanacaq qəbzinin tarixində avtomobilin cərimə meydançasından buraxıldığı tarix qeyd olunmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onunla İddiaçı MMC arasında icarə müqaviləsi bağlanmış və avtomobil onun istifadəsinə verilmişdir. Həmin avtomobil onun tərəfindən başqa şəxsin istifadəsinə verilmişdir və avtomobil onun tərəfindən idarə olunarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı tərəfindən təqdim olunmuş sübutlar natamamdır və həmin avtomobilə dəymiş zərər barədə sübutlar, fotoşəkillər məhkəməyə təqdim olunmamışdır. Belə ki, yol-nəqliyyat hadisəsi baş verən zaman o avtomobili görməmiş və avtomobilə az və çox zərər vurulması barədə məlumatlı olmamışdır.Buna görə də iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdehlə İddiaçı MMC arasında icarə müqaviləsi bağlanmış və avtomobil onun istifadəsinə verilmişdir. Həmin avtomobil cavabdeh tərəfindən başqa şəxsin istifadəsinə verilmiş və avtomobil onun tərəfindən idarə olunarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarından müəyyən olunur ki, avtomobilin mülkiyyətçisi Nümayəndədur. O İddiaçı MMC ilə icarə müqaviləsi bağlamış və mülkiyyətində olan avtomobili İddiaçı MMC-yə icarəyə vermişdir. Lakin iddiaçı tərəfindən İddiaçı MMC-nin adından icarə müqaviləsinin kim tərəfindən bağlanması və həmin müqaviləni bağlamaq səlahiyyəti olub-olmaması barədə sübut təqdim olunmamışdır. Bundan əlavə mülkiyyətçisi Nümayəndə tərəfindən İddiaçı MMC-yə etibarnamə verilmiş və həmin etibarnamədə yalnız nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sübutlar natamamdır və həmin avtomobilə dəymiş zərər barədə sübutlar və fotoşəkillər məhkəməyə təqdim olunmamışdır. Belə ki, yol-nəqliyyat hadisəsi baş verən zaman cavabdeh orada olmamış, avtomobilə zərər dəydiyini görməmiş və ümumiyyətlə avtomobilə zərər vurulub-vurulmaması barədə məlumatı olmamışdır. Bundan başqa avtomobilin cərimə meydançasında saxlanılmasına görə heç bir sənəd yoxdur. Qeyd olunan əsaslara görə iddiaçının iddia tələbi əsassızdır və buna görə də iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və onun nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, «İcarəçi» olan İddiaçı MMC «İcarədar» Nümayəndə məxsus olan Hyundai Sonata markalı 2015-ci il buraxılışlı **-DY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini icarəyə götürür. Həmin nəqliyyat vasitəsinin icarə haqqı hər ay üçün 150 manat müəyyən olunur. İş materiallarına əlavə olunmuş X2 Şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Hyundai Sonata markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobil Nümayəndə məxsusdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının və xx.xx.2022-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC Hyundai Sonata markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobil günü 80 (səksən) manat məbləğində Cavabdeh təhvil vermiş, Cavabdeh avtomobili qəbul edərək təhvil almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli İnzibati Tənbeh vermə haqqında qərara əsasən Cavabdeh AR İXM-nin 335.3-cü maddəsinə əsasən 180 manat inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş 23 may 2022-ci il tarixli zərər aktın surətindən görünür ki, Hyundai Sonata markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 3160 manat məbləğində zərər hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli etibarnamənin kserosurətindən görünür ki, mülkiyyətçi Qulamov X4 Sonata markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti ilə İddiaçı MMC-nə etibar etmişdir. Etibarnamə xx.xx.2026-cı il tarixədək qüvvədədir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli yol vərəqəsinin surətindən görünür ki, İddiaçı MMC mülkiyyət hüququ ilə ona məxsus olan Hyundai Sonata markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobili «İdarə edən şəxs» Cavabdeh idarəçiliyinə vermişdir. Müqavilə xx.xx.2022-ci il saat 17:00-dan xx.xx.2022-ci il saat 17:00-dək qüvvədədir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli yol vərəqəsinin surətindən görünür ki, İddiaçı MMC mülkiyyət hüququ ilə ona məxsus olan Hyundai Sonata markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobili «İdarə edən şəxs» Cavabdeh idarəçiliyinə vermişdir. Müqavilə xx.xx.2022-ci il saat 17:00-dan xx.xx.2022-ci il saat 17:00-dək qüvvədədir. İş materiallarında olan Yasamal RPİ-nin DYPŞ-nin arayışında qeyd edilir: “xx.xx.2022-ci il tarixində saat 20:07 radələrində Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə Ə.Əhmədov küçəsinin kəsişməsində HYUNDAİ-SONATA minik markalı AZ **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil, BMW 328 minik markalı AZ **- YP-*** dövlət qeydiyyat nişanlı YPX patrul avtomobilini vurmuş və daha sonra geriyə hərəkət edərək OPEL minik markalı AZ **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerindən yayınmışdır. Sürücü 20 Yanvar dairəsi istiqamətində hərəkətini davam etdirərək, yol hərəkəti qaydalarını müxtəlif üsullarla, qərəzli şəkildə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək avtoxuliqanlıq hərəkətləri etmişdir. Daha sonra həmin avtomobilin sürücüsü 20 Yanvar dairəsi yaxınlığında yenidən BMW 328 minik markalı AZ **-YP-*** dövlət qeydiyyat nişanlı YPX patrul avtomobilini, OPEL-ZAFİRA minik markalı AZ **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobili, Baku Bus MMC-nə məxsus avtobusu vuraraq baş vermiş YNH-si yerindən yayınmışdır. Tərəflərindən aparılmış axtarış tədbirləri nəticəsində HYUNDAİ- SONATA minik markalı AZ **-DY-*** dövlət qeydiyyat avtomobil Bakı şəhəri Sabunçu rayonu ərazisində sahibsiz vəziyyətdə aşkarlanmış və gətirilərək DİN-nin BDYPİ-nin 5 saylı duracağına yerləşdirilmişdir. Habelə aparılmış təxirəsalınmaz axtarış tədbirləri nəticəsində hadisəni törədərək yayınmış avtomobilin sürücüsü xx.xx.1994-cü il təvəllüdlü Bakı şəhəri Suraxanı rayonu Bül-Bülə qəsəbəsi Çingiz Nəsirov küçəsi Dalan 2 ev 16-da pasport qeydiyyatında olan vət: Mütəllim- zadə Məhəmməd Yusif oğlu olduğu müəyyən edilmişdir. Hazırda hadisəni törədərək yayınmış sürücünün tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində axtarış tədbirləri davam etdirilir”. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. Beləliklə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı MMC arasında icarə müqaviləsi bağlanmış və avtomobil cavabdehin istifadəsinə verilmişdir. Həmin avtomobil cavabdeh tərəfindən başqa şəxsin istifadəsinə verilmiş və avtomobil onun tərəfindən idarə olunarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Avtomobilin mülkiyyətçisi Nümayəndə İddiaçı MMC ilə icarə müqaviləsi bağlamış və mülkiyyətində olan avtomobili İddiaçı MMC-yə icarəyə vermişdir. Bundan əlavə mülkiyyətçisi Nümayəndə tərəfindən İddiaçı MMC-yə etibarnamə verilmiş və həmin etibarnamədə yalnız nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. İddiaçı tərəfindən avtomobilin yol nəqliyyat hadisəsi zamanı vəziyyəti barədə fotoşəkillər, video və avtomobilin hansı hissələrinə ziyan dəyməsi barədə sübut təqdim olunmamış və hazırda avtomobil təmir olunmuşdur. Bundan əlavə İddiaçı MMC-nin adından icarə müqaviləsi bağlayan şəxs X1 barədə məhkəməyə sübut təqdim olunmamış,cavabdehlə icarə müqaviləsini İddiaçı MMC-nin direktoru kimi Nümayəndə bağlamışdır. Məhkəmə hesab edir ki, mübahisəli avtomobil Nümayəndə mülkiyyətində olduğundan və icarə müqaviləsini imzalayan şəxsin səlahiyyəti barədə məhkəməyə sübut təqdim olunmadığından iddia tələbi təmin oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar