Məhkəmə qərarları › İş №2(010)-4226/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4226/2021

08.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4226/2021 08.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə “Mersedes Benz VİTO 112” MİNİK markalı, 2013-cü il buraxılışlı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin alınması və təmir xərclərinə görə ödədiyi 5910 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan və etibarnamə ilə idarə edilmə və digər hərəkətlərin aparılması səlahiyyətləri ona verilmiş“Mersedes Benz VİTO 112” MİNİK markalı, 2013-cü il buraxılışlı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili 24 oktyabr 2020-ci il tarixdə müqavilə əsasında hər günü 100 manat olmaqla bir il müddətinə Cavabdeh icarəsinə vermişdir. Avtomobili cavabdehin icarəsinə verərkən cavabdehin iştirakı ilə servisdə avtomobilə texniki baxış keçirilmiş, texniki baxış zamanı avtomobilin istismara tam yararlı olduğu, heç bir texniki probleminin olmadığını, avtomobilin qət etdiyi yol məsafəsini göstərən sayğacda avtomobilin icarəyə verildiyi günə qədər 252352 km məsafə qət etdiyi müəyyən edilmişdir. Yalnız bundan sonrahəmin avtomobil yuxarıda qeyd edilmiş şərtlərlə cavabdehin icarəsinə verilməsinə dair 24.10.2020-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. 25.10.2020-ci il tarixdə cavabdeh ona telefonla zəng edərək İsmayıllı rayonunda olduğunu, avtomobilin mühərrikinin dağıldığını, bunun səbəbini bilmədiyini, avtomobli Bakıya gətirmək üçün evakuatorun lazım olduğunu, lakin evakuatora vermək üçün pulunun olmadığını bildirdi. O, 120 manat verərək avtomobili Olimp servis mərkəzinə gətirmişdi. Həmin servisin ustaları sürücünün məsuliyyətsizliyi ucbatından avtomobilin radiatorunda su olmadan idarə edildiyindən avtomobilin mühərrik sistemi tamamilə sıradan çıxaraq istismara tam yararsız hala düşmüşdür. Avtomoblilə yeni mühərrik almaq üçün “Scado” salonuna müraciət etmiş, oradan bildirmişlər ki, mühərriki 4500 manata alıa bilər. O bu barədə cavabdehə bildirmiş, cavabdeh əvvəl razılaşsa da, sonradan telefonu söndürərək onun zənglərinə cavab verməmişdir. Məburiyyət qarşısında qalıb, 4500 manat ödəyərək yeni mühərrik almışdır. Mühərrikin avtomobilə quraşdırılması üçün Olimp servis mərkəzində Xəqani adlı ustaya 2500 manat usta pulu vermiş, lakin həmin şəxs bu barədə qəbz verməkdən imtina etmişdir. Bundan başqa, baş vermiş hadisə nəticəsində avtomobilin yararsız hala düşmş digər ehtiyat hissələrini də almışdır, o cümlədən ustaların təmir xərclərini ödəmişdir. Starter 170 manat, Farsunka 3 ədəd 450 manat, akkumplyator 160 manat, digər ehtiyat hissələri 380 manat, usta pulu 250 manat, cəmi 5910 manat. Cavabdehin səhlənkarlığı nəticəsində sözügedən avtomobilə 5910 manat həcmində ziyan dəydiyindən, həmin ziyan cavabdeh tərəfindən ona ödənilməlidir. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etirazını bildirərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə mülki işin materiallarını tədqiq edib, iddiaçı və cavabdeh tərəfin çıxışını dinləyib, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: -ƏN-V№ 421948, 22 oktyabr 2020-ci il tarixli etibarnamədən görünür ki, X2 mülkiyytində olan X7 112 CDİ minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnu, səlahiyyətlərin başqa şəxsə verilə bilməməsi şərti ilə 2 il müddətinə, 22.10.2022-ci ilədək İddiaçı vermişdir. -ƏN-V№ 366157, 24 oktyabr 2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X2 mülkiyytində olan X7 112 CDİ minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnu, səlahiyyətlərin başqa şəxsə verilə bilməməsi şərti ilə 2 il müddətinə, 24.10.2022-ci ilədək Cavabdeh vermişdir. İddiaçı ilə Cavabdeh arasında 24 oktyabr 2020-ci il tarixdə imzalanmış sadə yazılı müqavilənin şərtinə görə İddiaçı mülkiyyətində olan X7 112 CDİ minik avtomobili 1 il müddətinə hər günü 100 manat olmaqla Cavabdeh icarəyə verilmişdir. Nəqliyyat vasitəsinin Uçot Kartoçkasının surətindən görünür ki, X7 112 CDİ minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil 09.07.2021-ci il tarixdən alqı-satqı müqaviləsi əsasında X3 məxsusdur. -ƏN-V№ 706104, 09 iyul 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X4 mülkiyytində olan X7 112 CDİ minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnu, səlahiyyətlərin başqa şəxsə verilə bilməsi şərti ilə 8 il, 9 ay, 28 gün müddətinə, 07.05.2030-cu ilədək İddiaçı vermişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, sözügedən avtomobil 2020-ci ildə mülkiyyət hüququ ilə E.Qəzənfərova məxsus olmuş, o həmin avtomobili idarə etmək səlahiyyətini 2020-ci ilin oktyabr ayında hazırkı işdə iddiaçıya və cavabdehə ayrı-ayrılıqda etibarnamə ilə ötürmüş, hər iki etibarnamədə səlahiyyətin başqa şəxsə verilməməsi şərti nəzərdə tutulmuşdur. Həmin ərəfədə iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti olan avtomobilin iddiaçı tərəfindən cavabdehə 1 il müddətinə icarəyə verilməsi barədə sadə yazılı müqavilə bağlanmışdır. Müqavilənin bağlanmasından bir gün sonra avtomobil yararsız vəzaiyyətə düşmüşdür. 2021-ci ildə avtomobilə mülkiyyət hüququ M.Quliyevaya keçmiş və o öz növbəsində iddiaçıya həmin ilin iyul ayında etibarnamə vermişdir. Göründüyü kimi, tərəflər arasında sadə yazılı müqavilənin bağlandığı anda iddiaçının həmin avtomobillə bağlı sərəncam vermək hüququ olmamış, onun avtomobilə münasibətdə yalnız onu idarə etmək hüququ olmuşdur. Avtomobil həmin anda E.Qəzənfərova məxsus olmuşdur. İddiaçının hazırkı dövrdə M.Quliyeva tərəfindən verilən etibarnamə əsasında həmin avtomobilə sərəncam hüququnun, yəni onu idarə etmək səlahiyyətinin başqa şəxsə ötürmək hüququna gəldikdə isə, bu hüquq cavabdehlə müqavilənin bağlandığı əvvəlki tarixi əhatə edə bilməz və ona görə də, iddiaçının mübahisə predmeti olan avtomobillə bağlı ziyanın yarandığı tarixə münasibətdə subyektiv hüququnu yaratmır. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququnun olması müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin istinad edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qulı̇ yev Nazı̇ m Telman oğlunun cavabdeh Qasimov Əzı̇ m Səxavət oğluna qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar