Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4246/2022 08.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı və İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən vurulmuş 3000 manat mənəvi zərərin və ödənilmiş 100 manat dövlət rüsumunun, cəmi 3100 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Cavabdeh 2021-ci ilin avqust ayından məni və ailəmi təqib edir. Daimi olaraq bizi küçədə görəndə təhqir edir, nalayiq sözlərlə qışqıra-qışqıra ictimai yerlərdə bizi izləyərək təhqir edir. Gecələr evimizin qapısını ağır alətlərlə döyərək səs salır və ailəmi qorxudur. Özünü tamamilə qeyri-adekvat aparır. Bunlar az imiş kimi düz bir ildir ki, mənim telefonuma öz telefonundan təhdid və təhqir dolu mesajlar yazır. Məni və ailəmi ölüm ilə hədələyir. Təhqirləri, küfürləri isə dillə deyiləsi deyil. Onu da qeyd edim ki, Cavabdeh mənim doğma bibim oğludur. Əvvəllər onunla aramız çox yaxşı idi. Bizim evə tez-tez gələrdi, birlikdə yemək yeyər, çay içərdik. Hətta 2020-ci ilin fevral ayında onun şəxsi sənədlərində olan çatışmazlıqları düzəltmək üçün mənə xx.xx.2020-ci il tarixli, 7E-799 reyestr nömrəli etibarnamə də verərək, məndən ona kömək etməyi xahiş etmişdir. Mən ona əlimdən gələn köməkliyi göstərirdim. Onun da mənimlə sözügedən işlə bağlı heç bir problemi yox idi. Hər şey mən əmim oğlu X1 nənəmizdən qalan əmlaka dair mübahisə səbəbindən cavabdeh qismində məhkəməyə cəlb etdiyim vaxt dəyişdi. Bibim oğlu Cavabdeh nədənsə birdən özünü mənim əmim oğlu, onun isə dayısı oğlu Dadaşov Firuddinin müdafiəçisi hiss etdi. Bu səbəbdən də onun tərəfindən mənə qarşı hücumlar başlanıldı. Düz bir ildir ki, mənim telefonuma onun yazdığı mesajlar ardı kəsilmədən gəlir. Məni və qızlarımı küçədə görən kimi bizə qarşı təhdid və təhqir dolu verbal hücumlar edir. Kiçik qızım qorxudan xəstələnmişdir. Uzun müddət müalicə alıb. Mən son bir ildə əsəb və gərginlik səbəbindən özüm və ailəm üçün tibbi müalicələrə külli miqdarda pullar xərcləmişəm. Onun barəsində bir neçə dəfə polisə müraciət etmişəm. Polis hər dəfəsində onunla praktiki-nəsihətverici söhbətlər apararaq buraxır, bizə isə məhkəməyə mülki qaydada şikayət etməyi məsləhət görür. Təqdim edəcəyim telefon SMS-lərinin surətlərindən də göründüyü kimi bir il müddətində bu qədər təhqir və təhdidə dözmək çox çətindir. İndiyədək onu bu yoldan döndərmək üçün qohumlarımız arasından olan ağsaqqallardan xahiş etmişəm ki, onunla söhbət etsinlər. Özüm onun ilə söhbət etməyə çalışmışam, polisdən onu bu yoldan döndərmək üçün xahiş etmişəm, lakin bu insana heç bir tədbir təsir etmir. Evimizə yaxın yaşadığı üçün iş o yerə gəlib ki, hava qaralanda çölə çıxmağa belə qorxuruq”.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh onu ölümlə hədələmişdir. Lakin qohumu olduğundan onun tutulmasını istəmir. Fikirləşir ki, cəzaçəkmə müəssisəsinə gedərsə, orda ölə bilər. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, heç olmasa vurduğu mənəvi zərərə görə cavabdehdən pul tutulmasına, bununla da ən azından pulu çıxdığına görə cavabdehin ondan aralaşmasına nail olmaq istəmişdir. Cavabdehin təhdid mesajlarından çox qorxmuş, yorulmuş, hədsiz stres yaşamış, bu barədə heç kimə deyə bilməmişdir. Sonradan polisə dəfələrlə müraciət etsə də heç bir nəticəsi olmamış, cavabdeh təhqir və təhdidlərinə davam etmişdir. Halbuki, cavabdehlə münasibətləri həmişə yaxşı olmuş, hətta iki il əvvələ qədər cavabdeh onun evinə gəlib-getmiş, stolunda əyləşmişdir. Lakin digər vərəsə onu öyrətmiş, bundan sonra cavabdeh onu təhqir və təhdid etməyə başlamışdır. Halbuki, cavabdeh miras əmlakdakı payından aldığı pul qarşılığında özü imtina etmişdir. Sonra digər vərəsə - əmisi oğlu onu öyrətmiş, bununla da cavabdehin təhdidləri başlamışdır. Cavabdeh onu xüsusən də hazırda həbsdə olan oğlu ilə hədələmişdir. Hesab edir ki, əgər əməllərinə görə ona pul ödəməsi qət edilərsə, o, bu əməlləri bir daha təkrarlamaz. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək bildirdi ki, tərəflər arasında qohumluq münasibətləri var. Belə ki, cavabdeh iddiaçının bibisi oğludur. Onlar arasındakı münasibətlər mirasla bağlı məhkəmə mübahisəsi ilə əlaqədar pozulmuşdur. Halbuki cavabdehin öz evi var, iddiaçıdan tələb etdiyi evə ehtiyacı yoxdur. Elə buna görə də nənələrindən miras qalan həmin evdəki payından cavabdeh özü imtina etmiş, bundan sonra miras əmlak iki varis arasında bölünmüşdür. Bunun əsasında Təranə xanım həmin evin 1/2 hissədə mülkiyyətçisi olmuşdur. Tərəflər arasındakı mübahisə də elə bundan sonra başlamışdır. Belə ki, evin Təranə xanımın payına düşən hissəsindən bir otaq digər payçının faktiki istifadəsindədir. Təranə xanımın öz payının naturada ayrılmasına dair iddia qaldırmasından sonra buna razı olmayan digər payçı cavabdehi öyrətmişdir. Bundan sonra cavabdehin təhqir və təhdidləri başlamışdır. O da nəzərə alınmalıdır ki, Cavabdeh barəsində vaxtilə hökm çıxarılmış, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda isə onun oğlu həbsdədir. Elə cavabdeh iddiaçını həm də oğlu ilə hədələyir. Bu vəziyyətdə cavabdehin təhdidləri iddiaçı üçün real təhlükə yaradır. İddiaçı hesab edir ki, təhqirlərinə görə vurduğu mənəvi zərər cavabdehdən tutularsa, cavabdeh əməllərindən çəkinə bilər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə qohumdurlar. Lakin onlar arasında mübahisə olmuş və münasibətləri pozulmuşdur. Hətta iddiaçı ona söyüş söymüş, ona “Balaların ölsün”, “Oğlun ölü gəlsin” kimi qarğışlar etmişdir. O da buna görə iddiaçıya bəzi mesajlar yazmışdır. Lakin o mesajların hamısını özü yazmamışdır. Ola bilər ki, bəzi mesajları iddiaçı özü yazıb məhkəməyə təqdim etmişdir. Yazdığı mesajlar bunlardır: 02 may, bazar ertəsi, 09:54; 12 avqust, cümə, 17:17; 08 iyun, çərşənbə, 16:05; 09 iyun, cümə axşamı, 23:33; 15 iyul, cümə, 14:24; 16 iyul, şənbə, 21:54; 14 iyul, cümə axşamı, 02:17; 17 may, çərşənbə axşamı, 11:41. İddiaçının təqdim etdiyi mesajlardan yalnız bu qeyd etdiklərini özü yazmış, qalanlarını, söyüşlü olanları isə o yazmamış, iddiaçını təhqir etməmişdir. Bu səbəbdən hesab edir ki, iddia əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
İş materialları.
6. Kontakta “Ehtibar” adı ilə qeyd edilmiş telefon nömrəsindən 2021-2022-ci illər ərzində daxil olmuş əksərən açıq söyüş, nalayiq sözlər, hədə və qarğış dolu ifadələrdən ibarət olan mesajların olduğu çıxarışlar iddia ərizəsinə əlavə edilmişdir.
İşin faktiki halları.
7. İddiaçı və Cavabdeh qohumdur. Lakin onlar arasındakı münasibətlər nənələrindən qalan miras əmlakla bağlı məhkəmə mübahisəsi ilə əlaqədar pozulmuşdur. Bundan sonra Cavabdeh İddiaçı telefonuna çoxsaylı mesajlar göndərmişdir. Bu mesajların mətnindən görünür ki, mesajların demək olar ki, hamısında mesajı göndərən şəxs tərəfindən İddiaçı və onun ailə üzvlərinin ünvanına açıq şəkildə müxtəlif nalayiq ifadələr yazılmış, qarğışlar edilmiş, hətta bəzi mesajlarda ölümlə hədələr olmuşdur. Bu mesajların hamısının Cavabdeh tərəfindən ona yazıldığını, mütəmadi olaraq cavabdeh tərəfindən bu cür ifadələrə məruz qaldığını, ölümlə hədələndiyini iddia edən İddiaçı özünə dəymiş mənəvi zərəri 3000 manat məbləğində qiymətləndirərək, bu pulu cavabdehdən tələb etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh isə hər nə qədər iddianı qəbul etməsə də bu mesajların bəzilərinin özü tərəfindən yazıldığını qəbul etmiş, lakin heç vaxt iddiaçıya nalayiq ifadələr yazmadığını iddia etmişdir.
Tətbiq edilən hüquq.
8. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi İ. İnsan ləyaqəti qorunur və ona hörmət edilir. Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ. İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
9. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya.
Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ.
1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi. 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
11. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı.
Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.
12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli Qərarı.
Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
14. İşin faktiki hallarından da göründüyü kimi İddiaçı Cavabdeh ona göndərdiyini iddia etdiyi mesajlara görə mənəvi zərərə məruz qaldığını iddia etmişdir. Bununla da iddiaçı məhz ləyaqətinin alçaldılmasına görə məhkəməyə müraciət etmiş hesab edilir. Ona görə ki, iddiaçı cavabdeh tərəfindən onun barəsində hansısa yalan məlumatların yayılmasını iddia etməmiş, məhkəmə araşdırması gedişində də belə bir hal aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, bu fərqləndirmənin aparılması ona görə zəruridir ki, həm şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olsa da şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılması tələb edildiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir. Odur ki, hətta yayılma halı olmadan da ünvanlandığı şəxsin şəxsiyyətinə uyğun olmayan, açıq-aşkar alçaldıcı, nüfuzdan salan, ağır cinayətlərdə ittiham edən ifadələrin ona bildirilməsinin sübuta yetirilməsi, sonuncunun ləyaqətinin alçaldılması əsası ilə keçirdiyi iztirab və sarsıntının əvəzi olaraq məhkəmə qaydasında mənəvi zərərin tutulmasını istisna etmir. Bu səbəbdən məhkəmə hazırkı iş üzrə araşdırmanı cavabdeh tərəfindən iddiaçının məhz ləyaqətinin alçaldılıb-alçaldılmamasının müəyyən edilməsi istiqamətində aparır.
15. İddiaçı tərəfindən məhkəməyə telefonun kontakt siyasında adı “Ehtibar” şəklində qeyd edilmiş nömrədən daxil olmuş çoxsaylı mesajların olduğu çıxarışlar təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh bu mesajlardan bəzilərinin özü tərəfindən yazıldığını qəbul etmiş, bununla belə iddiaçıya heç vaxt nalayiq ifadələr yazmadığını bildirmişdir. Halbuki, cavabdehin özünün yazıb göndərdiyini qəbul etdiyi mesajlardan bəzilərinin mətni bu şəkildə olmuşdur: 15.1. “Sənin ölüvin bu bayram günü lənət olsun ay q**** ata evi qıza düşmür arzuya demisən yox qadirin ev düşür anama düşmür s**** anavun ona düşür səni *************” – 02 may, bazar ertəsi, 09:54. 15.2. “Bəs gəlmisən qardaşın öldi sən gəldin a qardaşı əri s***** satan q**** o gün qızdarun ölsün sənin nənə olan vaxtındur qızların qalıb üstündə qadirin oğlanlarının gorunə lənət” 02 may, bazar ertəsi, 09:54. 15.3. “Qardaşun səni evdən qovub özüvü yaxşı aparaydın hövsanda sən özüvü tanıyırsan pozğun səni mən öldürəcəm” – 15 iyul, cümə, 14:24. 15.4. “Səni öldürməsəm əl sakit oturmasan qəprini düzəlt” - 15 iyul, cümə, 14:24. 15.5. “Özüvü ölmüş bil sən ağabacının evinə keçirmək edəsən ay öləsən ay q**** səni allah vurub mən icasə verdim atavun evi icazə verdim məhkəməyə gələcəm niyə zənk eləmirsən ata anan necə öldülər sən də elə öləcəksən səni prezidentə şikayət edəcəyəm” – 16 iyul, şənbə, 21:54. 15.6. “Gələn ay köçürəm ora ay c**** bizi p*** salırsan atan anan məni tutduru indi sən başdamısan (qeyri-müəyyən ifadə) atan anan qəbrini s**** sabah ölməyvi fikirləş arzu zənk edib dedi atan mən götürdüm anavu firudin quzdarun üçün onları qəpirə qoy 2si gic ona görə ala yox ataları gic balaları gicdən elə evlat olar” – 14 iyul, cümə, 02:17. 15.7. “Təranə and olsun anamın qəbrinə məhkamədan sonra səni öldürəcəyam sən analığvun hərakətin elamək istəyirsən mənim ömrü çatıb başa nəvəm sənin heç quzdarun ərə getmayib kim alacaq alsa da o**** olar əri kimi” – 12 avqust, cümə, 17:17. 15.8. “Bir pıçağa səni vurub öldürərəm ay q**** ATAN qardaşun hösan q**** diyirdi sonra qaşdun qız idin s****** ay q**** sizi evdən əl çək, ağzuvu c****”. – 17 may, çərşənbə axşamı, 11:41. 15.9. “O gün olsun sənin qızın ərə getsin 1 uşaqnan boşamsun gəlsin üstüvə ay q**** a***** s**** o vaxt aşağı evi niyə veriblər xanıma anava verərdilər aşağda qızdarun yeri elə” – 08 iyun, çərşənbə, 16:05. 15.10. “Bəyquş kübra sifət öldə niyə qalmısan anan necə öldü səndə elə ay qoz bel” – 09 iyun, cümə axşamı, 23:33. 15.11. (Kiril qrafikalı Azərbaycan əlifbası ilə yazılmış bu mesajların hər biri heç bir orfoqrafik və qrammatik səhvlər düzəldilmədən, olduğu kimi köçürülmüşdür).
16. Yuxarıda qeyd edilmiş mesajların hər biri Cavabdeh özünün yazıb İddiaçı göndərdiyini qəbul etdiyi mesajlardır. Təkcə bu mesajlara adi nəzər salınması belə mesajların mətnindəki ifadələrin açıq-aşkar alçaldıcı, şəxsi nüfuzdan salan, nalayiq ifadələr olduğu nəticəsinə mübahisəsiz gəlməyə imkan verir. Belə ki, bu mesajların bir çoxunda iddiaçıya, onun qızlarına, ərinə, qardaşına, hətta onun ölmüş valideynlərinin qəbrinə belə nalayiq ifadələr, açıq söyüşlər ünvanlanmış, bu söyüşlərdən iddiaçıya adi müraciət forması kimi istifadə edilmişdir. Bəzi mesajlarda yer alan “Səni öldürərəm”, “Səni mən öldürəcəm”, “Bir bıçaqla səni vurub öldürərəm” kimi ifadələrdən isə görünür ki, cavabdeh iddiaçını dəfələrlə ölümlə hədələmişdir. Mesajların bəzilərində işlədilmiş “Sənin ölünə bu bayram günü lənət olsun”, “O gün olsun, qızların ölsün”, “Qızlarını qəbirə qoy”, “O gün olsun, sənin qızın ərə getsin, bir uşaqla qayıtsın üstünə” kimi ifadələrlə isə iddiaçıya yaxın ailə üzvləri ilə bağlı qarğışlar edilmişdir.
17. Məhkəmə bütün bu ifadələri təhlil edərək belə nəticəyə gəlir ki, yalnız cavabdehin özünün yazdığını qəbul etdiyi mesajlar əsasında belə cavabdeh tərəfindən iddiaçının ləyaqətinin alçaldılması nəticəsinə gəlmək mümkündür. Belə ki, bu mesajlardakı yuxarıda qeyd edilmiş söz və ifadələr məna, məzmun və ifadə tərzinə görə o dərəcədə əxlaqa zidd, alçaldıcı, sosial-əxlaqi dəyərlər baxımından qəbulu mümkün olmayan ifadələrdir ki, bu cür ifadələr təkcə iddiaçının yox, ünvanlandığı istənilən şəxsin ləyaqətini alçaltmağa kifayət edir. Odur ki, məhkəmə insan ləyaqətini açıq şəkildə heçə sayan bu mesajları iddiaçıya göndərmiş cavabdehin iddiaçının ləyaqətini alçaltdığı nəticəsinə gəlir və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışlardan görünən digər mesajların cavabdeh tərəfindən göndərilməsi məsələsinin əlavə olaraq araşdırılmasına lüzum görmür.
18. Göndərdiyi mesajlarla iddiaçının ləyaqətini alçaldan cavabdehdən mənəvi zərərə görə pul tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən özünə dəymiş mənəvi zərərə görə 3000 manat məbləğində pul tələb etmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya yazılmış, ləyaqəti açıq şəkildə alçaldan mesajlardakı söz və ifadələrin sosial-əxlaqi baxımdan qəbuledilməzlik dərəcəsini, tərəflərin qohum olması səbəbindən bu ifadələrin iddiaçıda daha xüsusi bir məyusluq hissi yaratmasının, eləcə də bu qohumluq səbəbindən ortaq qohumların da iddiaçının cavabdehlə olan mübahisəsinin düşdüyü alçaldıcı səviyyədən məlumatlı olmasının iddiaçıya daha çox narahatlıq verməsinin gözlənilən olduğunu, cavabdeh tərəfindən iddiaçıya təkidlə uzun müddət (bir ildən çox) belə mesajların göndərildiyini, günün istənilən saatında, bəzi hallarda gecə yarısından sonra göndərilmiş mesajların iddiaçını xüsusilə narahat etdiyini, ona sıxıntı verdiyini, bütün bunların iddiaçının adi həyat tərzini pozduğunu, bununla da onun mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olduğunu, beləliklə, iddiaçını mənəvi zərərə məruz qoyduğunu hesab edir.
19. Bununla belə məhkəmə iddiaçının özünə dəymiş mənəvi zərərə görə cavabdehdən tələb etdiyi pulun məbləği ilə qismən razılaşmır. Belə ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərərin dəymiş olması şübhəsiz olsa da dəymiş mənəvi zərərə görə tələb edilən 3000 manat məbləğində pul hədsiz dərəcədə yüksək olmaqla ağlabatan deyil. Belə ki, mənəvi zərər məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və məhz bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi zərər məbləği ağlabatan deyildir. Məhkəmə, həmçinin oxşar işlər üzrə belə bir ümumi prinsipi nəzərə alır ki, tutulan mənəvi zərərin məbləği bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının ləyaqətinin alçaldılmasına görə iddiaçıya dəymiş mənəvi zərərin kompensasiyası üçün cavabdehdən 1000 manat məbləğində pul tutulması ağlabatandır.
Məhkəmə xərcləri.
20. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008ci il tarixli qərarının 12-ci bəndinə Plenum izah etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində müəyyən olunmuş məbləğlərdə - tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq, zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş məbləğdə ödənilməlidir.
21. Hazırkı iş üzrə iddia tələbindən görünür ki, iddiaçı özünə dəymiş mənəvi zərəri 3000 manat məbləğində qiymətləndirərək bu pulu cavabdehdən tələb etmişdir. Belə olan halda o, məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət edərkən 3000 manat qiyməti olan iddia üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə - 50 manat məbləğində rüsum ödəməli idi. Lakin iddiaçı daha artıq – 100 manat məbləğində rüsum ödəmişdir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən artıq ödənilmiş 50 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.
23. Ödənilmiş dövlət rüsumunun qalan hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddianın təmin edilmiş hissəsinə (1000 manat) mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ləyaqətini alçaltmaqla ona vurduğu mənəvi zərərə görə 1000 manat məbləğində pul kompensasiyası, eləcə də ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, artıq ödənilmiş 50 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır.
25. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh vurduğu mənəvi zərərə görə 1000 (min) manat məbləğində pul və 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva