Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4284/2025 27.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan payın naturada ayrılması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin ona - İddiaçı və cavabdehlər Cavabdeh1 Yadigər oğluna, Cavabdeh2 faktiki istifadələrində olan hissələrə uyğun natura şəklində bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 14 paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən ona məxsus mənzilin ümumi sahəsi 77.0 kv.m təşkil edir. Digər 14 pay isə Cavabdeh1 Yadigər oğlunun paylı mülkiyyətindədir. Əldə edilmiş məlumata və sənədlərə əsasən Cavabdeh1 öz pay hissəsini anası Cavabdeh2 bağışlamış və o, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən yeni çıxarış əldə etmişdir. Qeyd edir ki, mənzillərin hər birinə daxil olmaq üçün giriş qapıları, həmçinin sanitar qovşaqları ayrıdır, yəni mülkiyyət paylı olsa belə, təsərrüfat baxımından bir-birindən asılacağı yoxdur, hər birinin mənzilindən sərbəst şəkildə istifadə edə bilir. Su, işıq və qaz sayğacları ayrı olmaqla, vergilərin, rüsumların ödənilməsində, habelə əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz paylarına uyğun surətdə bir-birindən azad surətdə iştirak edir, başqa sözlə öz pay hissələrini idarə etməkdə, onlardan istifadə etməkdə sərbəstdir, digər mülkiyyətçinin eyni hüquqlarının həyata keçirməsini çətinləşdirmir. Lakin X4 paylı mükiyyət olduğundan o, mülkiyyətilə bağlı sərbəst şəkildə sərəncam verə bilmir. Bu səbəbədən də paylı mülkiyyətdən öz payının naturada ayrılmasını, mənzilə dair adına çıxarış və texniki pasportun alınmasını məhkəmə qaydasında mümkün hesab edir. Qeyd edir ki, payların naturada ayrılması barədə cavabdehlərin razılığı mövcuddur. Tərəflərin izahatları İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş və iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, hədiyyə verən Cavabdeh1 ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 77 kv.m olan fərdi yaşayış evininin paylı mülkiyyət hüququ üzrə ona məxsus olan ½ hissəni (ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş **********12-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən) anası (hədiyyə alan) Cavabdeh2 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 77 kv.m olan fərdi yaşayış evi İddiaçı və Cavabdeh2 paylı mülkiyyətindədir. İddiaçı ½ hissədə payı xx.xx.2017-ci il tarixdə, Cavabdeh2 ½ hissədə payı xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 10/6319 nömrəli ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı istifadəsinə olan tikililərin (1,2,3,4 və 5 saylı tikililər) yerləşmnə vəziyyətinə uyğun olan digər tikililərdən (Cavabdeh2 istifadəsində olan 6,7 və 8 saylı tikililərdən) təcrid şəkildə yerləşdiyini, yaşayış (yataq) və yardımçı (dəhliz, mətbəx, sanitar qovşağı və s.) tikililərin istifadəsində olan sahənin daxilində yerləşdiyini, ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının həyətyanı sahəyə tərəf açıldığını, eləcə də, Cavabdeh2 istifadəsində olan tikililərin (6,7 və 8 saylı tikililər) yerləşmə vəziyyətinə uyğun olan digər tikililərdən (İddiaçı istifadəsində olan 1,2,3,4 və 5 saylı tikililərdən) təcrid şəkildə yerləşdiyini yaşayış (yataq) və yardımçı (dəhliz, mətbəx, sanitar-qovşağı və s.) tikililərin istifadəsində olan sahənin daxilində yerləşdiyini, ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının həyətyanı sahəyə tərəf açıldığını nəzərə alaraq, tərəflər arasında faktiki olaraq naturada (real) aparılmış həmin bölgünün “AzDTN 2.7-3 “X4 Layihələndirmə Normaları”-nın 5.1 və 5.2. bəndlərinin, eləcə də Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2024-cü il tarixli Qərarı
42. Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir.
44. Araşdırmanın nəticəsində payın naturada ayrılmasının mümkünlüyü müəyyən edilərsə, məhkəmə payın müəyyən etdiyi qaydada naturada bölgüsü barədə qətnamə qəbul etməlidir.
62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
63. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır.
Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, iddia əsassız hesab edilir. Bu halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur və əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə yuxarıda qeyd olunan maddi hüquq normaları iddia tələbinin qanuni əsası kimi nəzərdə tutula bilər. İddia ilə bağlı faktiki hallar mübahisələndrilən hissədə həmin normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır. Hazırkı mübahisənin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi qaydasını tənzimləyən 221-ci maddə təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 77 kv.m olan fərdi yaşayış evi ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh2 paylı mülkiyyətindədir və hüquqlar müvafiq olaraq dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 həmin pay xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında iş üzrə digər Cavabdeh1 tərəfindən bağışlanmışdır. Tərəflər arasında payın naturada ayrılması (fiziki bölgü) ilə bağlı məhkəmədən kənar qaydada razılıq əldə edilmədiyi üçün iddiaçı ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Ümumi paylı mülkiyyətdə olan əşyanın naturada bölgüsünün mümkünlüyünün müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 10/6319 nömrəli ekspert rəyi ilə rəyin təsviri hissəsində yazılanları və məhkəmə tikinti-X2 metodlarında göstərilənləri nəzərə alaraq, ünvan 2 yerləşən fərdi yaşayış evindən payların naturada bölgüsünün texniki cəhətdən mümkün olduğu müəyyən edilmiş və bölgü sxemi rəyə əlavə olunmuşdur. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbindən göründüyü kimi, iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Belə ki, birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Araşdırmanın nəticəsində payın naturada ayrılmasının mümkünlüyü müəyyən edilərsə, məhkəmə payın müəyyən etdiyi qaydada naturada bölgüsü barədə qətnamə qəbul etməlidir. Məhkəmə qeyd edir ki, müvafiq araşdırma nəticəsində ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin naturada bölünməsinin (fiziki bölgü) mümkünlüyü müəyyən edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, hər nə qədər iddiaçı öz tələbində paylı mülkiyyətçilərin hər birinin payının naturada bölgüsünü tələb etsə də, lakin paylı mülkiyyət iştirakçılarının hər birinin özünə məxsus payın bölgüsünü tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və həmin fərdi yaşayış evindən iddiaçıya məxsus pay ekspert rəyində müəyyən edilmiş bölgü sxeminə uyğun bölünməlidir. Bundan əlavə Cavabdeh1 Yadigər oğluna münasibətdə məhkəmə qeyd edir ki, o, paylı mülkiyyətdə hər hansı paya malik olmadığından (öz payını anası, digər Cavabdeh2 bağışlamışdır) iddia tələbi ona aid hissədə təmin oluna bilməz.
Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia qismən təmin edildiyindən məhkəmə qeyd edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində verilmiş ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Odur ki, 50 manat məbləğində ekspertiza xərci Cavabdeh2 tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı məxsus 1/2 hissədə pay naturada ayrılmalı,( AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2025-ci il tarixli, 10/6319 nömrəli ekspert rəyində göstərilən bölgü sxeminə uyğun olaraq), iddia qalan hissədə təmin edilməməli, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi) Cavabdeh2 tutularaq İddiaçı ödənilməli və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat pul vəsaiti Cavabdeh2 tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı məxsus 1/2 hissədə pay naturada ayrılsın.( AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2025-ci il tarixli, 10/6319 nömrəli ekspert rəyində göstərilən bölgü sxeminə uyğun olaraq). İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi) Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat pul vəsaiti Cavabdeh2 tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva