Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4298/2022 02.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı Cavabdeh qarşı “payın naturada bölünərək ayrılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “payın naturada bölünərək ayrılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun Cavabdeh ilə birgə nikah müddətində əldə etdiyi Şamaxı rayonu, Nağaraxana kəndində 0,1169 ha torpaq sahəsinin və onun üzərində olan, ümumi sahəsi 77.5 m2, yaşayış sahəsi 46.2 m2 olan fərdi yaşayış evinin qiymətləndirilməsi və naturada bölünməsi, ondan tutulmuş 101 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin ərazi aidiyyəti ilə bağlı tələbləri pozulduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının payının naturada ayrılmasını tələb etdiyi torpaq sahəsi və fərdi yaşayış evi Şamaxı rayonunda yerləşir. Buna baxmayaraq, iddiaçı müvafiq iddia ərizəsi ilə daşınmaz əmlakın yerləşdiyi yer üzrə Şamaxı Rayon Məhkəməsinə deyil, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı). Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş qərarında ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməli olduğu göstərilsə də nəzərə alınmalıdır ki, hazırkı iddia ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddia deyil. Belə ki, tərəflər arasındakı bu mübahisəyə artıq baxılmış və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən müvafiq qətnamə qəbul edilmişdir. Hazırkı iddia paylı mülkiyyətdən payın naturada ayrılması - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) iddiadır və bu səbəbdən işə daşınmaz əmlakın yerləşdiyi yer üzrə Şamaxı Rayon Məhkəməsində baxılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, işə Şamaxı Rayon Məhkəməsində baxılması ilə mübahisə predmeti olan evin yerində müayinəsi, evə baxış keçirilməsi, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini pozmaqla məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 114. Dövlət rüsumunun qaytarılması. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eyni zamanda bu iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 39, 149-152-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “payın naturada bölünərək ayrılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu (tarix və saat: xx.xx.2022-ci il, saat: 16:11, əməliyyat İD: 72389794, qəbzin nömrəsi: 21263, büdcə səviyyə kodu: 142213) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4298/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4298/2022
02.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver