Məhkəmə qərarları › İş №2(010)-43/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-43/2023

04.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-43/2023 04.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı “pul” tələbinə dаir ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mülkiyyətində olan “Opel Antara” minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə 32415 manat pul vəsaitinin, iddiaçıya məxsus avtomobilin ümumi texniki baxışdan keçirilməsi və qüsur aktının tərtib edilməsinə görə ödənilmiş 150 manat pul vəsaitinin, 10000 manat məbləğində vurulmuş mənəvi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 42595 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki: “xx.xx.2021-ci il tarixdə, saat 16:20-də Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, İddiaçı özünə məxsus “Opel Antara” minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobillə Heydər Əliyev prospektində sol zolaqla Mərdəkan istiqamətində saatda 90-100 km sürətlə hərəkətdə olarkən 10-15 metr qarşıda Cavabdeh2 məxsus “Honda CRV” minik markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobil dayanmış, sola dönmə işığını yandırıb gözləmişdir. İddiaçı həmin avtomobili görmüş və Cavabdeh2 ** KF *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçının hərəkət zolağına çıxarmışdır. İddiaçı dərhal əyləci basmış və qaşıdakı avtomobillə toqquşmamaq üçün öz avtomobilini dayandıra bilmişdir. Bu zaman arxadan gələn Cavabdeh1 məxsus “İnfiniti FX35” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsus avtomobili arxadan vurmuşdur. Həmin zərbədən iddiaçıya məxsus avtomobil qarşıdakı Cavabdeh2 məxsus ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxasına dəymişdir. Cavabdeh1 DYPİ-də verdiyi izahatında özünü təqsirli bilərək düzgün ara məsafəsi saxlamadığına görə öz avtomobilini saxlaya bilmədiyini və iddiaçıya məxsus avtomobili arxadan vurduğunu və zərbədən həmin avtomobilin qarşıdakı avtomobilinin arxasına dəydiyini etiraf etmişdir. Qeyd edək ki, Cavabdeh1 idarə etdiyi “İnfiniti FX35” minik markalı, ** PC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh3 MMC-nin mülkiyyətindədir və Cavabdeh1 həmin nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. Cavabdeh1 İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2021-ci il tarixdə barəsində Bakı şəhər DYPİ tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yol-nəqliyyat hadisəsi baş verəndən qısa müddət sonra İddiaçı öz mülkiyyətində olan avtomobilə dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC tərəfindən iddiaçıya məxsus “Opel Antara” minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobil müayinə olunaraq avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 32415 manat müəyyən edilmişdir. Avtomobilə ümumi texniki baxışın keçirilməsi və qüsur aktının tərtib edilməsi üçün iddiaçı tərəfindən "xxxx" MMC-yə 150 manat ödənilmişdir. Göründüyü kimi, yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus avtomobil əhəmiyyətli dərəcədə zərər görmüşdür. Bundan əlavə, sözügedən yol-nəqliyyat hadisəsindən İddiaçı dərin mənəvi sarıntı keçirərək depressiyaya düşmüşdür, bu isə öz növbəsində onun səhhətinə mənfi təsir göstərmişdir”.

İddia tələbinin həcminin artırılması.

3. İddiaçının nümayəndəsi (vəkili) məhkəyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək məhkəmədən iddiaçının mülkiyyətində olan “Opel Antara” minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə 35180 manat pul vəsaitinin, iddiaçıya məxsus avtomobilin ümumi texniki baxışdan keçirilməsi və qüsur aktının tərtib edilməsinə görə ödənilmiş 150 manat pul vəsaitinin, 10000 manat məbləğində vurulmuş mənəvi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 45360 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi.

4. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vurmuş olduğu maddi zərərə görə 13919 manatın, vurmuş olduğu mənəvi zərərin əvəzi kimi 5000 manatın, məhkəmədə iddia qaldırarkən ödədiyi 30 manat dövlət rüsumunun və vəkilə ödədiyi 110 manatın, cəmi 19059 manatın alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar.

5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki: “İddiaçı bizə qarşı yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia qaldıraraq mülkiyyətində olan “Opel Antara” minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə 32415 manat pul vəsaitinin, avtomobilin ümumi texniki baxışdan keçirilməsi və qüsur aktının tərtib edilməsinə görə ödənilmiş 150 manat pul vəsaitinin, 10000 manat məbləğində vurulmuş mənəvi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə cəmi 42595 manat pul vəsaitinin məndən və digərlərindən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirmək istəyirəm ki, ilkin iddiaçının da qeyd etdiyi kimi xx.xx.2021-ci ildə H.Əliyev prospektindən üzü şəhər istiqamətində geriyə Mərdəkan istiqamətinə dönərkən dönmə zolağının bütöv xətlə nişanlandığı və sağ zolaqdan gələn avtonəqliyyat vasitəsinin mənim hərəkətdə olduğum zolağa, eyni zamanda mənim hərəkətdə olduğum zolaqdan sağ zolağa keçmənin qadağan olunduğu zolaqla irəliləyərkən ilkin iddiaçıya məxsus “Opel Antara” minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmadığım halda mənə yol vermək məqsədi ilə dayanmış və yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Hadisə yerinin şəkillərindən və yol-nəqliyyat hadisəsinin sxemindən də göründüyü kimi, məhz ilkin iddiaçının hərəkəti sayəsində mənim avtomobilimə 15539 manat maddi zərər dəymişdir ki, həmin zərərdən 1620 manat "xxxx" DSKŞ tərəfindən mənə ödənilmişdir. Qeyd etmək istəyirəm ki, hadisə zamanı mən öz zolağımdan çıxmamış, əlverişli şərait yaranana qədər gözləmişdim. Lakin ilkin İddiaçı mənə yol vermək məqsədi ilə 120 km/saat sürətli yolda qəfildən dayanmış və mənim avtomobilimə zərər vurulmasına səbəb olmuşdur. Həmin hadisə zamanı avtomobildə azyaşlı uşaqlar və mən hadisədən çox qorxmuş, hələ də həmin hadisənin təsirindən çıxa bilməmiş, çəkdiyim stres və qorxudan müalicə almalı olmuşam. Beləliklə, hesab edirəm ki, ilkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 13919 manat məbləğində vurmuş olduğu zərəri və aldığım stresdən dəymiş mənəvi zərərin əvəzi kimi 5000 manatı, onun mənə zərər vurması səbəbindən məhkəmədə iddia qaldırarkən ödədiyim 30 manat dövlət rüsumu və vəkilə ödədiyim 110 manatın cəmi kimi 19059 manatı mənə ödəməlidir”.

Tərəflərin izahatları.

6. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində ona məxsus avtomobilə külli miqdarda maddi zərər dəymişdir. Hansı ki, həmin avtomobil “Opel Antara” markalı avtomobildir və ölkə bazarında bu avtomobil çox azdır. Bu səbəbdən heç bir köhnə detal tapılmır və detal sıradan çıxdığı zaman yeni detalın sifariş edilməsi lazım gəlir. Bu isə daha çox xərc tələb edir. Həmçinin artıq avtomobil iki ildir ki, qapalı yerdə saxlanılır və onun saxlanılması üçün 40 manat pul ödəyir. Qapalı yerdə qaldığından maşını siçovullar yeməyə başlamışdır. Cavabdehlər avtomobili 24000 manata ala biləcəklərini desə də, dəymiş zərəri qarşılamaq üçün bu qədər müddət ərzində heç bir addım atmamışlar. Odur ki, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, iş üzrə verilmiş ekspert rəyi ilə razılaşmırlar. Ona görə ki, rəy kifayət qədər formal tərtib olunmuş, veb saytlarından, müxtəlif avtomobil şirkətlərindən alınmış məlumatlar əsasında hazırlanmışdır. Halbuki iddiaçıya məxsus avtomobil markasının ölkədəki rəsmi distribütoru avtomobilə dəymiş zərərin qiymətləndirilməsinə dair rəy vermişdir. Qarşı tərəf həmin rəydəki məbləğlərin şişirdilmiş məbləğlər olduğunu bildirərək rəyi qəbul etməsə də, iddiaçı əgər avtomobili bu gün təmir etdirmək istəsə, avtomobilin öz servis mərkəzinə yaxınlaşacaq və orada ona rəydəki qiymət deyiləcək. Avtomobil alman markası olduğundan və ölkədə az tapıldığından təmir xərci də baha çıxır. Lakin hər bir halda avtomobilə dəymiş zərərin tərəflərdən məhkəməyə təqdim edilmiş sonuncu – Firm "xxxx" Firması tərəfindən tərtib edilmiş qüsur aktına əsasən tutulmasına etiraz etmir. Bundan əlavə bildirdi ki, yol nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh1 təqsiri müəyyən edilsə də, digər cavabdeh Samirə xanım da idarə etdiyi avtomobillə qəza vəziyyəti yaratmışdır. Sadəcə olaraq İnzibati Xətalar Məcəlləsində qəza vəziyyəti yaratmaq ayrıca inzibati xəta kimi nəzərdə tutulmadığından inzibati xəta haqqında protokol yalnız Cavabdeh1 barəsində tərtib edilmişdir. Lakin Samirə xanım özü də izahatında qəbul etmişdir ki, hadisə vaxtı iddiaçını görməmişdir. Digər Cavabdeh3 MMC isə Cavabdeh1 idarə etdiyi avtomobilin mülkiyyətçisidir və həmin avtomobili lizinq müqaviləsi əsasında lizinqə vermişdir. Bu səbəbdən dəymiş zərər hər üç cavabdehdən tələb edilmişdir. Həmçinin bildirdi ki, qarşılıqlı iddiaçı Cavabdeh2 idarə etdiyi avtomobilə dəymiş zərərdə ilk iddiaçının heç bir təqsiri müəyyən edilməmişdir. Odur ki, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi.

8. Məhkəmənin əvvəlki iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 ilk iddianı qismən qəbul edib, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, yol nəqliyyat hadisəsi ilk İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh2 qəfil yol vermək məqsədilə anidən dayanması nəticəsində baş vermiş, nəticədə həm arxadan gələn Cavabdeh1, həm də Cavabdeh2 avtomobilinə zərər dəymişdir. Lakin inzibati xəta haqqında protokol Cavabdeh1 barəsində tərtib edilmişdir. Hər bir halda hesab edir ki, ilk iddiaçının avtomobilə dəymiş zərər kimi tələb etdiyi məbləğ hədsiz şişirdilmiş məbləğdir. Belə ki, ilk iddiaçıya məxsus avtomobilin bazar qiyməti 21-22000 manatdır. Verilmiş ekspert rəyində də avtomobilin bazar qiyməti 24000 manat qiymətləndirilmişdir. Əgər ilk iddiaçı razılaşarsa, həmin avtomobili 24000 manata onlara verə bilər. Lakin avtomobilə dəymiş zərər kimi bundan daha artıq məbləğdə pul tələb edilməsi ilə razı deyillər. Həmçinin qeyd etdi ki, yol nəqliyyat hadisəsi nəticəsində qarşılıqlı iddiaçı Cavabdeh2 da avtomobilinə zərər dəymişdir. Hesab edir ki, Samirə xanımın avtomobilinə zərər ilk iddiaçının təqsirli hərəkətləri nəticəsində dəymişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş birinci iddia üzrə Cavabdeh3 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

10. Bakı şəhər DYPİ YHN baş inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 16:20-də “İnfiniti FX-35 minik” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir.

11. Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixində, saat 16:20-də, Heydər Əliyev prospekti Mərdəkan istiqamətində “İnfiniti FX-35 minik” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozmuşdur. Nəticədə Cavabdeh1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və bu inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilməsi qərara alınmışdır.

12. Bakı şəhər DYPİ tərəfindən verilmiş nəqliyyat vasitələrinin zədələnməsi barədə 045580 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə, 16:20-də, Heydər Əliyev prospektində baş vermiş hadisəsindən sonra “İnfiniti FX-35” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı hissəsi, İddiaçı məxsus “Opel Antara” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı və arxa hissəsi, Cavabdeh2 məxsus “Honda CRV” markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi əzilmişdir.

13. Cavabdeh3 MMC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 MMC Cavabdeh1 “İnfiniti FX-35” minik markalı, ** PC *** dövlət qeydiyyat nişanlı minik avtomobili idarə etmək hüququ verir və etibarnamə xx.xx.2021-ci il tarixədək qüvvədədir.

14. Cavabdeh3 MMC və X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 06/2620/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, müqaviləyə əsasən Lizinq verən əvvəlcədən lizinq vermək məqsədi ilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya Lizinq alan tərəfindən seçilmiş, Lizinq verənlə Satıcı arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd, 2012-ci il buraxılışlı, “İnfiniti FX-35” markalı, mühərrik 514556D, ban № JNRASİMW9cm601584, nəqliyyat vasitəsini Lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. Lizinq alan isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə Lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürür. Bu müqavilə 18 ay müddətinə bağlanılmaq şərti ilə lizinq obyektinin Lizinq alana təhvil-təslim aktının imzalanmaqla təhvil verdiyi andan hüquqi qüvvəyə minir və xx.xx.2021-ci il tarixədək qüvvədədir.

15. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, “Opel Antara” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üçün 28985 manat məbləğində, işçilik üçün 3430 manat olmaqla, cəmi 32415 manat zərər dəydiyi hesablanmışdır.

16. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Opel Antara” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üçün 31750 manat məbləğində, işçilik üçün 3430 manat olmaqla, cəmi 35180 manat zərər dəydiyi hesablanmışdır.

17. Firm "xxxx" Firması tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Opel Antara” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üçün 26415 manat məbləğində, işçilik üçün 3315 manat, olmaqla cəmi 29730 manat zərər dəydiyi hesablanmışdır.

18. xx.xx.2021-ci il tarixli kassa mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 150 manat məbləğində ümumi texniki baxış xərci ödənilmişdir.

19. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, “Honda” markalı, “CRV24RVSİ” model, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir işləri üçün 3766.91 manat zəhmət haqqı və ehtiyat hissələri və materiallar üçün 11762.57 manat, cəmi 15529.48 manat xərc hesablanmışdır.

20. "xxxx" DSKŞ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 9623 nömrəli sığorta aktından görünür ki, “Opel Antara” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə İddiaçı 3379 manat məbləğində sığorta ödənişi edilməsi müəyyən edilmişdir.

21. "xxxx" DSKŞ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 9631 nömrəli sığorta aktından görünür ki, “Honda CR-V” markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cavabdeh2 1620 manat məbləğində sığorta ödənişi edilməsi müəyyən edilmişdir.

22. xx.xx.2021-ci il tarixli, 13915 nömrəli ödəniş tapşırığından görünür ki, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 9623 ** TV *** saylı akta əsasən, “sığorta hadisələri üzrə ödəniş” təyinatı ilə İddiaçı 3379 manat məbləğində sığorta ödənişi edilmişdir.

23. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/7458 nömrəli ekspert rəyindən görünür ki, 2015-ci il buraxılışlı, “Opel Antara” markalı, ** TV *** dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 14400 (24000-40%) manat müəyyən edilir.

24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/3077 nömrəli ekspert rəyindən görünür ki, 2015-ci il buraxılışlı, “Opel Antara” markalı, ** TV *** dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 14400 (24000-40%) manat müəyyən edilir. Eyni zamanda qeyd edilir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2015-ci il tarixli, 422 nömrəli məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədəmüvafiq hesab olunduğundan 2015-ci il buraxılışlı, “Opel Antara” markalı, ** TV *** dövlət nömrə nişanlı avtomobilin bərpası məqsədi ilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(010)-43/2023 nömrəli mülki iş materiallarında olan qüsur aktı əsasında hesablanır.

Ekspertin izahatı.

25. Məhkəmə iclasında iştirak edərək verdiyi rəylə bağlı tərəflərin və məhkəmənin suallarına cavab verən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X7 bildirmişdir ki, təcrübələrində avtomobillərin bazar qiyməti “Turbo.az” kimi saytlardan, avtomobil servislərindən əldə edilmiş məlumatlar əsasında müəyyən edilir, həmçinin ekspertlərin təcrübələri nəzərə alınır. Bunun üçün avtomobilin markası və buraxılış ilinin fərqi yoxdur. Belə ki, avtomobil hansı marka və buraxılış ilidirsə, araşdırma da buna uyğun aparılır və əldə edilmiş məlumatlar əsasında orta qiymət müəyyən edilir. Hazırkı işdə də eyni qaydada araşdırma aparılmış və avtomobilin bazar qiymətinin 24000 manat olduğu müəyyən edilmişdir. Həmçinin qiymət müəyyən edilərkən yol nəqliyyat hadisəsi baş verən zamankı satış qiyməti nəzərə alınmışdır. Avtomobilin ehtiyat hissələrinin qiymətini isə avtomağazalardan öyrənirlər. Ümumiyyətlə, onlar avtosalonlardan avtomobilin satış və ehtiyat hissələrinin qiymətini şifahi soruşmaqla öyrənir, bununla bağlı heç bir rəsmi sorğu vermirlər. Onların belə bir hüquqları yoxdur. Həmçinin avtomobilə baxış keçirmək də onların səlahiyyətində deyil. Belə ki, onlar yalnız servis tərəfindən verilmiş qüsur aktına əsasən araşdırma apararaq, ehtiyat hissələrin qiymətlərinə baxa bilirlər. Bununla bağlı xx.xx.2015-ci il tarixli daxili əsasnamə qəbul edilmişdir. Həmin əsasnamədən əvvəl ekspertlər avtomobilə baxış keçirə bilsələr də, hazırda belə bir səlahiyyətləri yoxdur və yalnız qiymətlərə müdaxilə edə bilirlər. İş materiallarında olan qüsur aktında avtomobilə 32415 manat zərər dəydiyi müəyyən edilmişdir. Hansı ki, qüsur aktındakı zədələnmiş hissələr avtomobilin 40 %-ni təşkil edir. Əsas hissə isə avtomobilin “karobka”sıdır. Əgər bu hissələrə zərər dəyibsə, deməli avtomobilin 50%-i yoxdur. Bu səbəbdən təcrübədə hansı hissələrin salamat qaldığını müəyyən edib həmin hissələrini dəyərini avtomobilin bazar qiymətindən çıxırlar. Hazırkı işdə də bu metod istifadə edilmiş, yekunda avtomobilin təmir xərcinin 14400 manat olduğu müəyyən edilmişdir. Hesab edir ki, qüsur aktında müəyyən edilmiş qiymət şişirdilmiş qiymətdir. Belə ki, avtomobilin təmiri üçün 32000 manat verməkdənsə, 24000 manata yeni avtomobil almaq olar. Bazarda “Opel Antara” markalı avtomobil azdır, lakin tapmaq mümkündür. Bundan əlavə, fotoşəkillərə əsasən tədqiqat aparmasalar da, iş materiallarında olan fotoşəkillərdən görünür ki, maşının əsasən arxa bufer, baqaj, qabaq hissədən sağ bufer, kapota hissələrinə ziyan dəymişdir. Hesab edir ki, bu hissələrin təmiri üçün 32000 manat çoxdur.

Mütəxəssisin izahatı.

26. Məhkəmə iclasında mütəxəssis kimi iştirak edərək "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktı ilə bağlı tərəflərin və məhkəmənin suallarına cavab verən "xxxx" MMCnin avtomobillərin təmiri və satışı müəssisəsində təmir sexinin rəisi işləyən X2 bildirdi ki, "xxxx" MMC “Opel” şirkətinin Azərbaycandakı rəsmi distribütorudur. İş materiallarında olan qüsur aktını belə tərtib etmişlər ki, əvvəlcə avtomobilə bir neçə usta (elektrik, çilingər və s.) tərəfindən baxış keçirilmiş, onların hər bir ayrı-ayrılıqda zədələnən detalların siyahısını hazırlamış, həmçinin bu hissələrin təmiri üçün xidmət haqqını müəyyən etmişlər. Bundan sonra onlar həmin siyahını distribütoru olduqları “Opel” şirkətinə göndərmiş və şirkətdən onlara qiymətlər barədə məlumat verilmişdir. Bunun əsasında da qüsur aktında zədələnmiş detalların qiymətlərini yazmışlar. “Antara” modeli elə bir modeldir ki, onun köhnəlmiş detallarını tapmaq mümkün olmur. Belə ki, artıq onlar da bu avtomobillərin satışı ilə məşğul olmurlar. Hər bir halda bildirir ki, iddiaçının zədələnmiş avtomobilini rəsmi servis kimi 14400 manata təmir etmələri mümkün deyil. Çünki köhnə detalları tapılmayan bu avtomobili təmir etmək üçün distribütoru olduqları şirkətin özündən yeni detallar sifariş etməyə məcburdurlar. Bu vəziyyətdə avtomobili o qiymətə təmir edə bilməzlər.

İşin faktiki halları.

27. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, H.Əliyev prospekti Mərdəkan istiqamətində Cavabdeh1 idarə etdiyi “İnfiniti FX-35 minik” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsi qaydalarını pozaraq, İddiaçı idarə etdiyi “Opel Antara minik” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan toqquşmuş, zərbənin təsirindən sonuncu avtomobil qarşıda duran Cavabdeh2 idarə etdiyi “Honda CRV minik” markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur.

28. Müvafiq orqan tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində (... araməsafəsi...qaydalarının pozulmasına... görə) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir.

29. Yol nəqliyyat hadisəsinin baş verdiyi tarixdə Cavabdeh1 idarə etdiyi “İnfiniti FX-35 minik” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 MMC-nin mülkiyyətində olmuşdur. Cavabdeh3 MMC və X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən Cavabdeh3 MMC həmin avtomobili Nuranə Qurbanovaya lizinqə vermişdir. Həmçinin Cavabdeh3 MMC xx.xx.2021-ci il tarixli etibarnamə ilə həmin avtomobili idarə etmək hüququnu xx.xx.2021-ci il tarixədək Cavabdeh1 etibar etmişdir.

30. Cavabdeh3 MMC-nin sığortaçısı "xxxx" Dövlət Sığorta Şirkəti tərəfindən hadisə nəticəsində avtomobilinə dəymiş zərərə görə İddiaçı 3379 manat məbləğində sığorta ödənişi edilmişdir.

Tətbiq edilən hüquq.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.

Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; - dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 63. Ekspert. 63.1. Xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. 63.2. Ekspertizanın aparılması tapşırılan şəxs məhkəmənin çağırışı üzrə gəlməyə və qarşısına qoyulan suallar barədə obyektiv rəy verməyə borcludur. Ekspert onun üzərinə qoyulan vəzifəni yerinə yetirmək üçün zəruri biliyə malik olmadıqda, rəy verməkdən imtina etməlidir. 63.3. Rəy vermək zəruri olduqda, ekspert iş materialları ilə tanış olmaq, məhkəmə iclaslarında iştirak etmək, suallar vermək, əlavə materialların təqdim edilməsini məhkəmədən xahiş etmək hüquqlarına malikdir. Maddə 64. Mütəxəssis. 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. 64.2. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

34. İş materiallarında olan inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ilk İddiaçı avtomobilinə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsində ilk iddia üzrə Cavabdeh1 təqsirli olduğu müəyyən edilmişdir. Qarşılıqlı iddia ərizəsində hər nə qədər hadisənin baş verməsində ilk İddiaçı təqsirli olduğu iddia edilsə də, məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Əksinə, qarşılıqlı iddiaçı Cavabdeh2 hadisə baş verdiyi gün yol polisinə verdiyi izahatda “İnfiniti” markalı avtomobilin (Cavabdeh1 idarə etdiyi avtomobil) “Opel” markalı avtomobili (İddiaçı idarə etdiyi avtomobil) vurduğunu və zərbənin təsirindən sonuncunun onun avtomobilini vurduğunu bildirmişdir. Cavabdeh1 də daxil olmaqla yol nəqliyyat hadisəsinin hər üç iştirakçısı hadisə günü verdiyi izahatlarda hadisəni yuxarıda qeyd edildiyi kimi təsvir etmişdir.

35. Belə olan halda məhkəmə hesab edir ki, hadisənin ilk iddia üzrə Cavabdeh1 təqsirli olaraq törətdiyi hüquqa zidd əməllər (ara məsafəsi qaydalarını pozması) nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində ilk iddiaçıya məxsus avtomobilə zərər dəyməsi işin faktiki halları kimi qəbul edilməlidir.

36. Nəzərə alınmalıdır ki, yuxarıda (§ 32) istinad edilmiş Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 36.1. törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 36.2. əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 36.3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 36.4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

37. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

38. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 mülki hüquq pozuntusu (delikt) törətmişdir və törətdiyi əmələ görə İddiaçı qarşısında mülki məsuliyyət daşıyır.

39. Tərəflər işin bu hallarını bir o qədər mübahisələndirməsələr də, ilk iddia üzrə cavabdehin törətdiyi mülki hüquq pozuntusu nəticəsində ilk iddiaçıya dəymiş zərərin məbləği, yəni mülki məsuliyyətin həcmi ilə bağlı tam fərqli mövdedədirlər və aralarındakı əsas mübahisə də elə bununla bağlıdır.

40. Belə ki, ilk iddiaçı avtomobilinə dəymiş zərərin iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən 32415 manat məbləğində olduğunu iddia edərək həmin pulu cavabdehlərdən tələb etmişdir. İddiaçı sonradan iddia tələbinin həcmini artıraraq, avtomobilə dəymiş zərərin 35180 manat olduğunu iddia etmiş, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktını məhkəməyə təqdim etmişdir. Daha sonra isə ilk iddiaçı tərəfindən məhkəməyə Firm "xxxx" Firması tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı təqdim edilərək, dəymiş zərərin sonuncu akta əsasən tutulmasına etiraz etmədikləri bildirilmişdir. İlk iddia üzrə cavabdeh tərəfin mövqeyinə görə isə ilk iddiaçının avtomobilə dəymiş zərər kimi tələb etdiyi məbləğ avtomobilə dəymiş real zərəri əks etdirməyən, şişirdilmiş məbləğdir.

41. Məsələ ilə bağlı aparılmış araşdırma gedişində məhkəmə tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizası və əlavə ekspertizası təyin edilmiş, müvafiq rəyləri vermiş ekspertin, eləcə də iş materiallarında olan və ilk iddiaçının istinad etdiyi qüsur aktını tərtib etmiş "xxxx" MMC-nin mütəxəssisinin izahatları dinlənilmişdir. Nəticədə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ilk İddiaçı məxsus olan “Opel Antara minik” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobil həm ön, həm də arxa hissədən zərbə aldığına görə əksər detallarının dəyişilməsinə və əsaslı təmirinə ehtiyac var. Hadisə nəticəsində avtomobilin dəyişilməyə və əsaslı təmirə ehtiyac olan hissələri o qədər çoxdur ki, müvafiq ekspert rəylərində avtomobilin əsaslı təmirinin rentabelli olmadığı qeyd edilmiş, avtomobilə dəymiş zərər zədələnən detalların qiymətləri və təmir xərci toplanmaqla deyil, avtomobilin bazar qiymətindən salamat qalan hissələrinin dəyəri (avtomobilin dəyərinin 40%-i) çıxılmaqla hesablanmışdır. Yəni hadisə nəticəsində avtomobil dəyərinin təxminən 60%-ni itirmişdir. Həmçinin müəyyən edilmişdir ki, “Opel Antara minik” markalı avtomobil Azərbaycan avtomobil bazarında çox rastlanan avtomobil deyil və köhnə ehtiyat hissələrini tapmaq ən azından çətindir (Mütəxəssisə görə demək olar ki mümkün deyil, ekspertə görə çətin də olsa tapmaq olar).

42. Məhkəmə iş üzrə verilmiş ekspert rəyi ilə razılaşmır və hesab edir ki, hadisə nəticəsində ilk iddiaçıya məxsus avtomobilə dəymiş zərər ilk iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktına əsasən hesablanmalıdır. Məhkəmə bu cür nəticəyə gələrkən nəzərə alır ki, "xxxx" MMC avtomobilin istehsalçısı olan şirkətin Azərbaycanda rəsmi dilleri kimi fəaliyyət göstərir. Müvafiq ekspert rəylərindən və məhkəmə iclasında ekspertin verdiyi izahatdan isə görünür ki, ekspert avtomobilə dəymiş zərəri qiymətləndirərkən əsasən iki mənbəyə istinad etmişdir. Bunlardan biri avtomobil satış saytları, digəri isə müxtəlif avtosalonlardan şifahi sorğu ilə (telefonla servisə zəng edib soruşaraq) əldə edilən məlumatlardır. Məhkəmə hesab edir ki, ekspertin rəyini verərkən istinad etdiyi bu mənbələrin heç biri avtomobilin istehsalçısı (dilleri vasitəsilə) tərəfindən müəyyən edilmiş qiymətlərdən daha etibarlı ola bilməz. Hansı ki, məhkəmə iclasında izahatı dinlənən mütəxəssis qüsur aktındakı hər bir detalın qiymətinin istehsalçı şirkətin özü tərəfindən müəyyən edilmiş qiymətlər olduğunu, bu avtomobilin köhnə ehtiyat hissələri tapılmadığından təmir zamanı ancaq yeni hissələri sifariş edərək gətirdiklərini bildirmişdir. Məhkəmə hesab edir ki, qüsur aktını tərtib edən "xxxx" MMC-nin avtomobilin istehsalçısı olan şirkətin Azərbaycanda rəsmi dilleri olduğu nəzərə alındıqda, müvafiq qüsur aktı avtomobilə dəymiş real zərəri göstərən daha mötəbər (ən azından ekspert rəyi ilə müqayisədə) sübut hesab olunmalıdır.

43. Bununla belə məhkəmə qeyd edir ki, məhkəmə iclasında ilk iddiaçı tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli yeni bir qüsur aktı təqdim etmişdir. Firm "xxxx" Firması tərəfindən verilmiş bu qüsur aktında ilk iddiaçıya məxsus avtomobilin ehtiyat hissələri 26415 manat, işçilik 3315 manat olmaqla, cəmi 29730 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Məhkəmə bu qüsur aktının iş materiallarında olan "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qüsur aktları ilə müqayisədə daha yeni olmasını, dolayısı ilə müvafiq ehtiyat hissə və işlərin cari qiymətini göstərməsini, həmçinin avtomobilin istehsalçısı tərəfindən müəyyən edilmiş qiymətlərə olduqca yaxın olmasını, həmçinin bu qüsur aktını məhkəməyə təqdim edən ilk iddiaçının avtomobilinə dəymiş zərərin məhz həmin qüsur aktına əsasən müəyyən edilməsinə etirazı olmamasını nəzərə alaraq hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Opel Antara minik” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği Firm "xxxx" Firması tərəfindən tərtib edilmiş qüsur aktına uyğun olaraq 29730 manat məbləğində müəyyən edilməlidir.

44. Lakin nəzərə alınmalıdır ki, avtomobilə dəymiş zərər üçün sığortaçı şirkət tərəfindən ilk iddiaçıya 3379 manat məbləğində sığorta ödənişi edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, avtomobilə dəymiş yekun zərərdən həmin məbləğ çıxılmalı, avtomobilə dəymiş zərərə görə ilk iddiaçıya 26351 manat məbləğində pul ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, ilk iddiaçı avtomobilə texniki baxış keçirilərək qüsur aktı tərtib edilməsi üçün ödədiyi 150 manat məbləğində pulu da tələb etməkdə haqlı olmuşdur.

45. Bu pulların kim tərəfindən ilk iddiaçıya ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, ilk iddiaçı avtomobilə dəymiş zərərə görə həm yol nəqliyyat hadisəsinin baş verməsində birbaşa təqsiri müəyyən edilən Cavabdeh1, həm hadisə vaxtı onun idarə etdiyi avtomobilin mülkiyyətçisi Cavabdeh3 MMC-dən, həm də hadisə nəticəsində zərər dəymiş digər avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 pul tələb etmişdir. Məhkəmə isə hesab edir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində yalnız Cavabdeh1 təqsiri müəyyən edildiyindən ilk iddiaçının avtomobilinə dəymiş zərərə görə yalnız o və hadisə baş verən vaxt avtomobilin mülkiyyətçisi olan Cavabdeh3 MMC məsuliyyət daşımalıdır. İlk iddiaçı və vəkili hər nə qədər Cavabdeh2 qəzaya şərait yaratdığını iddia etsə də, iş materiallarından Cavabdeh1 başqa şəxsin təqsirli bilindiyi görünmür. Elə ilk iddiaçı da hadisə baş verdiyi vaxt verdiyi izahatında hadisənin baş verməsində Cavabdeh2 da məsuliyyət daşıması barədə heç bir qeyd etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, baş vermiş hadisə nəticəsində ilk iddiaçının avtomobilinə dəymiş zərərə görə pul ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-dən tutulmalıdır.

46. Birbaşa öz təqsiri nəticəsində vurulmuş zərərə görə Cavabdeh1 məsuliyyət daşımalı olduğu mübahisəsizdir. Lakin digər Cavabdeh3 MMC-nin hadisə baş verən vaxt Cavabdeh1 idarə etdiyi avtomobilin mülkiyyətçisi kimi daşıdığı məsuliyyətlə bağlı məhkəmə, aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

47. İş materiallarından görünür ki, hadisə vaxtı Cavabdeh1 idarə etdiyi avtomobilin mülkiyyətçisi Cavabdeh3 MMC olmuşdur. xx.xx.2020-ci il tarixli lizinq müqaviləsinə əsasən lizinq verən Cavabdeh3 MMC həmin avtomobili lizinq alan X3 lizinqə vermişdir. Lakin Cavabdeh3 MMC xx.xx.2021-ci il tarixdə verdiyi etibarnamə ilə həmin avtomobilin idarə edilməsini xx.xx.2021-ci il tarixədək Cavabdeh1 etibar etmişdir. Yəni sonuncu, hadisə baş verdiyi vaxt avtomobili idarə etmək səlahiyyətinə malik şəxs olmuş, bu səbəbdən haqqında tərtib edilmiş inzibati xəta haqqında protokol yalnız ara məsafəsi qaydalarının pozulmasına görə olmuşdur.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda (§ 32) istinad edilmiş qərarında qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

49. Məhkəmə hesab edir ki, ilk iddia üzrə Cavabdeh3 MMC-nin yüksək təhlükə mənbəyi (avtomobil) üzərində sahibliyinin həm hüquqi əsası (mülkiyyətçi kimi), həm də maddi əsası (avtomobildən mənfəət əldə edən lizinq verən kimi) olmuşdur. Belə ki, Cavabdeh3 MMC Cavabdeh1 verdiyi etibarnaməni məhz lizinq verən kimi vermiş, etibarnamədə də lizinq verənin razılığı olmadan bu etibarnamə üzrə səlahiyyətlərin başqa şəxslərə verilə bilməyəcəyi xüsusi qeyd edilmişdir. Bu isə o deməkdir ki, avtomobilin mülkiyyətçisi olan Cavabdeh3 MMC hadisə baş verdiyi vaxt lizinq verən kimi avtomobildən mənfəət əldə edən şəxs olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, onun avtomobil üzərində həm hüquqi, həm də maddi sahibliyi olmuşdur. Bu səbəbdən ilk iddiaçı avtomobilinə dəymiş zərərə görə həm hadisənin baş verməsində birbaşa təqsirli olan Cavabdeh1, həm də hadisə baş verən vaxt avtomobilin mülkiyyətçisi olan və avtomobildən lizinq verən kimi mənfəət əldə edən Cavabdeh3 MMC-dən pul tələb etməkdə haqlı olmuşdur.

50. Lakin ilk iddia üzrə digər Cavabdeh2 münasibətdə məhkəmə təkrar qeyd edir ki, bu cavabdehin baş vermiş hadisədə hansısa təqsiri olması, ilk iddiaçının avtomobilinə dəymiş zərərlə onun hərəkətləri arasında hansısa səbəbli əlaqə olması müəyyən edilmədiyindən ilk iddia həmin cavabdehə münasibətdə təmin edilə bilməz.

51. Eyni səbəbdən məhkəmə qarşılıqlı iddianın təmin edilməsinin də istisna edildiyini hesab edir. Belə ki, qarşılıqlı iddiaçı Cavabdeh2 baş vermiş yol nəqliyyat hadisəsində cavabdeh İddiaçı təqsiri olduğunu iddia etsə də, iş materiallarında bu iddianı təsdiq edəcək heç bir mötəbər sübut yoxdur. Bu qərarın 34-cü bəndində də qeyd edildiyi kimi, qarşılıqlı iddiaçı Cavabdeh2 hadisə baş verdiyi gün yol polisinə verdiyi izahatda “İnfiniti” markalı avtomobilin (Cavabdeh1 idarə etdiyi avtomobil) “Opel” markalı avtomobili (İddiaçı idarə etdiyi avtomobil) vurduğunu və zərbənin təsirindən sonuncunun onun avtomobilini vurduğunu bildirmişdir. Cavabdeh1 də daxil olmaqla yol nəqliyyat hadisəsinin hər üç iştirakçısı hadisə günü verdiyi izahatlarda hadisəni yuxarıda qeyd edildiyi kimi təsvir etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı qarşı qaldırılmış qarşılıqlı iddia təmin edilə bilməz.

52. İlk iddia tələbinin 10000 manat məbləğində mənəvi ziyanla bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, ilk iddia bu hissədə təmin edilməməlidir. Belə ki, “Ramazanov və digərlərinin” işi üzrə xx.xx.2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Ali Məhkəməsi milli məhkəmələrə bu problemi tənzimləyən milli hüquq müddəaları olmadığı üçün mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə riayət etməyi tövsiyə etmişdir.

53. “Kletsova Yusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında, eləcə də bir sıra digər qərarlarında Avropa İnsan Hüquqları Məhkəməsi mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq, iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir.

54. Avropa Məhkəməsinin müvafiq mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, ilk iddiaçının avtomobilinə dəymiş zərərin sığortaçı tərəfindən qarşılanmamış hissəsinin cavabdehlərdən tutulmasının qət edilməsi ilk iddiaçıya dəymiş mənəvi zərəri ədalətli kompensasiya edir. Odur ki, ilk iddia bu hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri.

55. İş materiallarından görünür ki, həm ilk iddiaçı, həm də qarşılıqlı iddiaçı tərəfindən müvafiq iddia ərizələri ilə məhkəməyə müraciət edilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğlər müvafiq ərizələrin verildiyi vaxt “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvədə olan normalarına uyğun olmuşdur.

56. Həmçinin iş üzrə iki ekspertiza keçirilmiş, bunlardan biri üzrə ekspertiza xərci 100 manat, digəri üzrə isə 50 manat məbləğində müəyyən edilmişdir.

57. Məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi - yəni 30 manat – ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq ilk iddia üzrə İddiaçı Zülfüqar oğluna ödənilməlidir. Lakin qarşılıqlı iddia təmin edilmədiyindən qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir.

58. Ekspertiza xərclərinin bölünməsinə münasibətdə qeyd edir ki, hər iki ekspertizanın keçirilməsinə dair vəsatətlə məhkəməyə müraciət edən ilk iddia üzrə cavabdeh tərəf olduğundan və məhkəmə yalnız ilk iddianın qismən təmin edilməsi nəticəsinə gəldiyindən cəmi 150 manat məbləğində ekspertiza xərci ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

59. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-dən müştərək qaydada 26501 (26351+150) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia təmin edilməməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməli, 150 manat məbləğində ekspertiza xərci ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

60. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:

İlk iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada 26501 (iyirmi altı min beş yüz bir) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar