Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4352/2023 13.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, cavabbdehin həmin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən 40A nömrəli fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin ev üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış və müvafiq çıxarış verilmişdir. Qeyd edir ki, Cavabdeh onun keçmiş həyat yoldaşı olmuşdur. Cavabdeh onunla rəsmi nikahda olmuş və nikahda olduğu zaman 26 fevral 2010-cu ildən sonra ona məxsus həmin evə daimi qeydiyyata alınmışdır. Cavabdehlə nikahları 16 iyul 2014-cü ildə pozulmuş, bu barədə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə nikaha xitam veriləndən sonra cavabdehə evi tərk etmək, onu boşaltmaq və qeydiyyatdan çıxmaq barədə dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh evi boşaltmamış, evdən daimi qeydiyyatdan çıxmamış, bundan imtina etmişdir. Cavabdehin bu tələbini yerinə yetirməməsi isə onun həmin ev üzərində hüquqlarını pozur.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, həmin fərdi yaşayış evinin tikintisi 2000-ci illərin əvvəlində başa çatdırılmış və 2010-cu il tarixdə onun adına qeydiyyata alınmışdır. Qeyd edir ki, aralarında olan nikahın ləğv edilməsinə baxmayaraq, cavabdeh hələ də onun mülkiyyətində olan fərdi yaşayış evində qalır və oradan sərbəst şəkildə istifadə edir və eyni zamanda evin kommunal xərlərinin ödənilməsinə heç bir vəsait sərf etmir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirdi. Əlavə olaraq qeyd etdi ki, hazırda iki övladı ilə birlikdə həmin fərdi yaşayış evində qalır və qalacaq başqa yeri yoxdur. Övladlarının daima təlim-tərbiyəsi və maddi tələbatlarının qarşılanması ilə özü məşğul olmuşdur və iddiaçı evin kommunal xərclərini qarşıladığı üçün iddiaçıdan övladlarının saxlanması üçün heç bir vəsait tələb etməmişdir. Qeyd olunan fərdi yaşayış evinin tikintisinə 2000-ci ildə başlanılmış və 2003-cü ilin may ayında başa çatmış və bir ailə kimi həmin evdə yaşamışdırlar. Həmin fərdi yaşayış evi daha sonra 2010-cu ildə iddiaçının adına qeydiyyata alınmışdır.
İş materialları.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-635/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və xx.xx.1997-ci il tarixdə Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması və 537 saylı nikah qeydinin ləğv edilməsi, birgə nikahdan doğulan xx.xx.2000-ci il təvəllüdlü X2 və xx.xx.2003-cü il təvəllüdlü X1 anaları Cavabdeh yanında saxlanılmaları müəyyən edilmişdir.
6. AZ-İ seriyalı, 195082 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmişdir.
7. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli Çıxarışının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 56.96 kv.m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.
İşin faktiki halları.
8. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər xx.xx.1997-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan iki övladları anadan olmuşdur. Tərəflərin birgə nikahda olduqları dövrdə mübahisə predmeti olan ev onlar tərəfindən tikilmişdir. Həmin fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. Daha sonra, tərəflər arasında olan nikah xx.xx.2014-cü il tarixdə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Hazırki iddia tələbində iddiaçı cavabdehin ona məxsus fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarılmasını tələb edir. Tələbində mülkiyyət hüququnu tənzimləyən maddi hüquq normalarına əsaslanır. Cavabdeh isə iddia tələbi ilə razı olmadığını bildirir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 225. Ər-arvadın ümumi mülkiyyəti 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
11. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı. Qərarda qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli Qərarı Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri).
Məhkəmənin mövqeyi
14. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir.
15. İddianın mahiyəti ondan ibarətdir ki, tərəflərin nikahlarına 2014-cü ildə xitam veriləndən sonra, tərəflər arasında ailə münasibətlərinə son verilməsinə baxmayaraq, cavabdeh iddiaçıya məxsus evi tərk etməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı tələbə qiymət verilməsi üçün ilk növbədə cavabdehin iddiaçının adına qeydiyyata alınmış evə istifadə hüququnun yaranıb-yaranmaması məsələsinə münasibət bildirilməlidir. Tərəflərin izahatından və iş materiallarından aydın olur ki, tərəflər xx.xx.1997-ci il tarixdə rəsmi nikaha daxil olmuş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi isə tərəflərin birgə nikahda olduqları dövrdə tikilməyə başlamış, tikintisi təxminən bir neçə il davam etmişdir. Həmin fərdi yaşayış evi xx.xx.2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Tərəflər arasında olan nikah məhkəmə qətnaməsi əsasında xx.xx.2014-cü il tarixdə pozulmuşdur. Göründüyü kimi, mübahisə obyekti olan fərdi yaşayış evi tərəflərin nikahı dövründə tikilmiş və nikah dövründə də, iddiaçının adına mülkiyyət hüququ qeydiyyata alınmışdır. Yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsasən ər-arvad birgə təsərrüfat apardıqları üçün onların hər birinin qazandıqları əmlakın onların ümumi birgə əmlakı olması prezumpsiyası mövcuddur. Həmin prezumpsiyanı aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Deməli, hazırkı işdə müəyyən edilir ki, cavabdehin mübahisə obyekti olan yaşayış evinə istifadə hüququ, onun həmin evə ailə münasibətlərinə söykənən paylı mülkiyyət hüququndan yarana bilər. Belə olduğu halda isə, nikahın pozulması ilə istifadə hüququ itirilə bilməz. Ona görə ki, həmin hüquq mülkiyyət hüququndan yaranır. Məhkəmə qeyd edir ki, nə qədər ki mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmişdir, həmin fərdi yaşayış evinin hüquqi rejimi müəyyən edilmədən, yəni həmin evin birgə nikah dövründə əldə edilmiş ev olub-olmaması müəyyən edilmədən, cavabdehin qeyd olunan fərdi yaşayış evinə münasibətdə istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehin həmin fərdi yaşayış evindən çıxarılması tələbi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə xərcləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. İddia tələbi təmin edilmədiyindən, iş üzrə ümumilikdə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
18. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Ələsgərov Nı̇ zami Məşı̇ oğlunun cavabdeh Ələsgərova Samı̇ rə Mı̇ rzəmməd qızına qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi və fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddiaçı Ələsgərov Nı̇ zami Məşı̇ oğlunun cavabdeh Ələsgərova Samı̇ rə Mı̇ rzəmməd qızına qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi və fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.