Məhkəmə qərarları › İş №2(010)-4353/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4353/2022

27.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4353/2022 27.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlak üzərində hüquqların müəyyən edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlak üzərində hüquqların müəyyən edilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən ünvan 1 ünvanındakı fərdi yaşayış evi ilə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilərək, daşınmaz əmlakın üzərində hüquqlarının olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 254 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış sahəsində yerləşən torpaq sahəsindən arvadımın adına, 0.03 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh mülkiyyətinə verilmiş və JN-10263H; KOD 00600066 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə tərtib edilərək verilmişdir. Həmin torpaqda fərdi yaşayış evi tikərək ailə-uşağımla orada yaşamışam və hal-hazırda yaşayırıq, istifadəmizdədir. 2000-ci ildən arvadım Cavabdeh ilə rəsmi nikahda olmadan ailə qurmuşuq. Qeyd olunan fərdi yaşayış evində 2005-ci il 19 yanvar tarixdə oğlumuz X2, 2011-ci il 23 dekabr tarixdə qızımız X8 doğulmuşdur. 24 aprel 2012-ci il tarixdə rəsmi nikah bağlamışıq. 11 mart 2019-cu il tarixdə isə Cavabdeh mənim məlumatım olmadan boşanma haqqında məhkəməyə müraciət etmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahımız pozulmuşdur. Nikahımız pozulan kimi Cavabdeh yaşadığımız ünvan 1 ünvanındakı fərdi yaşayış evimizə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin cavabdehin adına olmasından istifadə edərək, məndən xəbərsiz öz adına çıxarış almışdır. Bununla da mənim Azərbaycan Respublikasının qanunları ilə qorunan mülkiyyət hüquqlarımı pozmuşdur. Vətən Müharibəsi qazisiyəm. Cavabdeh 2017-ci ilə qədər heç bir yerdə işləməmiş, evdar qadın olmuşdur. Qeyd olunan fərdi yaşayış evinin həyətin və evin tikintisi, tam təmir işləri mənim tərəfimdən aparılmış, bütün mal və materialların pulu, ustaların zəhmət haqqı, evin və mətbəxin bütün avadanlıqları daxil olmaq şərtilə tərəfimdən ödənilmişdir. Bu barədə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s 1-ci döngəsində yaşayan sakinlər öz imzalarıyla akt tərtib etmişlər”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə ailə həyatı qurduğu vaxtlar Mehriban xanımın Suraxanı rayonu ərazisində özünə məxsus bir otaqlı, təmirsiz vəziyyətdə bir mənzili olmuşdur. O, öz vəsaiti hesabına həmin mənzili təmir etmiş, mənzili iki otaqlı mənzilə çevirmişdir. 2002-ci ildə həmin mənzili 6630 manata satmış, sonra xanımın qardaşının bağ evinin yaxınında yerləşən dövlətə məxsus üç sot torpağı 4000 ABŞ dollarına almış, qalan pulu isə ailənin xərclərinə sərf etmişdir. 2005-ci ildən həmin torpaq sahəsində ev tikməyə başlamışlar. Həmin dövrdə Qaraçuxurda kirayədə yaşamışlar və ayda təxminən 100-200 manat olan kirayə haqqını özü ödəmişdir. Həmin vaxt respublika prokuroru köməkçisinin şəxsi mühafizəçisi işləmişdir. Ümumilikdə üç il kirayədə yaşamışlar. 2016-cı ildə evin tikintisində axırıncı tamamlama işləri görülmüşdür. Evin tikildiyi torpaq sahəsində yaşamağa yararlı, bir otaqlı başqa bir ev də var. Hansı ki, o, həmin evdə yaşamışdır və orada yaşamaq onu qane etmişdir. Lakin cavabdeh hazırda onu həmin evə də qoymur. Səbəbi odur ki, yola getmirlər. Əslində onlar arasındakı əsas mübahisə başqa nikahdan doğulmuş Rusiyada yaşayan qızını yanlarına gətirməsindən sonra başlamışdır. Belə ki, o, Rusiyada böyümüş qızını buranın mühitinə öyrəşdirmək üçün ona müəyyən məhdudiyyətlər qoymuş, cavabdeh də buna görə onunla mübahisə etmişdir. Cavabdehin bunda məqsədi heç də onun qızını müdafiə etmək yox, qızından ona qarşı silah kimi istifadə etmək olmuşdur. Bu kimi məsələlərə görə də cavabdehlə ailə münasibətləri pozulmuşdur. Ola bilər ki, o, bir az kobuddur. Lakin o, həmişə cavabdehə barışıq təklif etmiş, cavabdeh buna razı olmamışdır. Əsəbi insan olduğuna görə birlikdə yaşadıqları vaxtlar səhər tezdən evdən çıxıb getmiş, bir də axşam qayıtmışdır. Əgər onlar heç cür yola gedə bilmirdilərsə, necə olub ki, 20 il bir yerdə yaşayıblar? O, həmişə pul qazanıb ailəsini saxlamışdır. Həmin evi də öz vəsaiti hesabına tikmişdir, çünki cavabdeh 2016-cı ilə qədər işləməmişdir. O özü isə ev tikilən ərəfədə özünə məxsus təzə “Jiquli” markalı avtomobilini satmışdır. Həmçinin “Qaz 31” markalı avtomobilini də satıb evə xərcləmişdir. Bundan başqa, 65000 ABŞ dollarına aldığı “Ford” markalı avtomobilini 45000 manata sataraq ailəsinə xərcləmişdir. Daha sonra aldığı “Mitsubishi”, “Nissan patrul” markalı avtomobillərini də satmış, həmin pulları da ailə xərcləri üçün sərf etmişdir. Məsələn, satdığı “Nissan patrul” markalı maşının pulu ilə qızına toy etmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh onu öz tikdirdiyi evə qoymur. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, onun özünə məxsus bir otaqlı evi olmuş, həmin ev 2003-cü ildə 9000 manata satılmışdır. Həmin ev zəlzələdən sonra yararsız vəziyyətə düşdüyündən satmışlar. İddiaçı evi orta səviyyədə təmir etmiş, ev təmirdən sonra cəmi 1000 manat artıq qiymətə satılmışdır. Həmin vaxt qardaşının qaynanası öz istifadəsində olan bağ sahəsinin bir hissəsini satmaq istəmişdir. Qardaşının qaynanası torpağa görə onlardan 4000 manat pul istəsə də onlar bu pulu verməmiş, bələdiyyə mülkiyyətində olan həmin torpaq sahəsinin üç sotuna 2003-cü ildə 300 manat dövlət rüsumu ödəyərək almışlar. Torpağı aldıqdan sonra 2004-cü ildən ev tikintisinə başlamışlar. Həmin ərəfədə təxminən 8-9 ay kirayədə yaşamış, 2005-ci ildə hələ ev tam tikilmədən, qara suvaqlı olanda evə köçmüşlər. Qəbul edir ki, evin tikilməsində iddiaçının əziyyəti olmuş, pul xərcləmişdir. O, öz puluna yalnız torpaq sahəsini almış və evin karkasını tikdirmişdir. Evin qalan tikinti işlərinin pulunu isə iddiaçı vermişdir. Evin tikintisi zamanı hər biri fiziki iş görmüş, evi birlikdə pillə-pillə tikmişlər. Onu da qəbul edir ki, iddiaçı özünə məxsus maşınları sataraq ailəyə xərcləmişdir. Axırıncı maşını satdığı pulla isə birinci arvadından olan və 14 yaşından bəri onlarla yaşayan qızına toy etmiş, cehiz almışdır. Ümumiyyətlə, iddiaçı həmişə yaxşı pul qazanmış, lakin onunla çox pis rəftar etmiş, onu incitmiş, davamlı alçaltmış, üstünə şər atmışdır. İddiaçıya görə həm onun uşaqları, həm də iddiaçının birinci nikahından doğulan uşağı travma almışdır. Çünki iddiaçının hərəkətləri uşaqlara mənfi psixoloji təsir göstərmişdir. Hazırda iddiaçı olmadan uşaqlar evdə xoşbəxt yaşayırlar və atalarını istəmirlər. Bu səbəbdən o, hazırda iddiaçını nə yaşadığı evə, nə də həmin evlə eyni həyətdə tikilmiş özbaşına tikiliyə buraxmır. Bunun səbəbi iddiaçının uşaqlara göstərdiyi psixoloji təsirdir. O, iddiaçı ilə boşandıqdan sonra iddiaçının onlarla birlikdə yaşamasına ancaq o şərtlə razı olmuşdur ki, sakit yaşasın. Lakin iddiaçının xasiyyəti pisdir, onunla sakit yaşamaq mümkün deyil. İddiaçının hərəkətləri nəticəsində oğlunun artıq psixologiyası pozulmuşdur. İddiaçının ona 10000 manata yaxın aliment borcu var və o, bu borcu ödəməsini də tələb etmir. İddiaçı yaxşı döyüşçü ola bilər, amma yaxşı ailə başçısı deyil. Bu səbəbdən onunla bir evdə yaşaya bilməz. Eyni zamanda iddiaçının həyətdəki özbaşına tikilidə də yaşamasını istəmir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

5. Qaraçuxur bələdiyyəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, bu akta görə ünvan 2 ünvanında yaşayan Cavabdeh tərəfindən Qaraçuxur bələdiyyə orqanına xx.xx.2003-cü il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Qaraçuxur bələdiyyə ərazisində 0.03 ha torpaq sahəsi satılması barədə xx.xx.2003-cü il tarixli, 254 nömrəli qərar qəbul edilmişdir. Bunub müqabilində Cavabdeh tərəfindən Suraxanı rayon BUSB bankının ********* saylı hesabına əvvəlcədən ******* (dörd milyon səkkiz yüz min) manat haqq ödənilmişdir. Bu akt Qaraçuxur bələdiyyə sədri X6, torpaq alan Cavabdeh və rayon torpaq şöbəsinin müdiri X3 iştirakı ilə xx.xx.2003-cü il tarixdə tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir.

6. Cavabdeh və X9 arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən xx.xx.1999-cu il tarixdə 899 saylı kitabın 135021-ci səhifədə 30/1038 saylı reyestrlə verilmiş qeydiyyat vəsiqəsinə əsasən özünə məxsus olan Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4048/49 məhəllə, ev 31, mənzil 21-də yaşayış sahəsi 16.59 m2 olan bir otaqlı xüsusi mənzilini X1. Həmin evə görə satıcı alıcıdan 39200000 manat (otuz doqquz milyon manat) pul almışdır.

7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında, 0.03 ha xüsusi mülkiyyətdə ola torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 77 m2 olan mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.

8. DTXK-nın Bakı şəhər Şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş JN- 10263H, KOD 00600066 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 254 saylı qərarı ilə satılmış Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış sahəsində yerləşən 0.03 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh mülkiyyətinə verilmişdir.

Şahid ifadələri.

9. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X10 bildirmişdir ki, İddiaçıla Qarabağda döyüş yoldaşı olmuşdur. İlham ev tikməyə başlayanda evin mismarından damına kimi bütün materialları Qaraçuxur tikinti materialları mağazasından birlikdə almışlar. İlham bütün materialları alanda onunla məsləhətləşmiş, materialların qiymətlərinin aşağı salınmasında, eləcə də materialların Qaraçuxurda “Şərq” massivində boşaldılmasında şəxsən iştirak etmişdir. Tikintinin hansı ildən başlaması dəqiq yadından olmasa da, təxminən 2000-ci illərdən sonra olmuşdur. İlham həmişə bizneslə məşğul olmuş, pul qazanmışdır. Eyni zamanda, evin tikilməsi zamanı özünə məxsus bir neçə maşını da satmışdır.

10. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X11 bildirmişdir ki, İlhamla 1987ci ildən dostluq edir. İlham onun qardaşı ilə idmanla məşğul olmuş, onlar da bu vasitə ilə tanış olmuşlar. İlham ailəsi ilə 2000-ci ildə torpaq almışdır. O, ev tikintisi ustası olduğundan İlham ona yaxınlaşaraq ev tikmək istədiyini, ona usta lazım olduğunu demişdir. O da özü ilə birlikdə evdə işləmək üçün əvvəlcə zəngilanlı bir usta tapmış, daha sonra bir neçə usta da gətirmişdir. O özü şəxsən həmin evin döşəməsini vurmuşdur. Təxminən üç ay əvvəl isə həmin evdə hamam-tualet tikmişdir. İlham ona demişdir ki, evdə hamam-tualet tikmək lazımdır, lakin onun arvadı ilə ayrıldığını bilməmişdir. İlham hamam-tualet tikintisində fəhlə kimi işləmiş, tikintinin pulunu Mehriban xanımın kredit götürərək ödədiyini demişdir. Amma evin tikintisi vaxtı bütün pulu İlham vermişdir.

11. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X12 bildirmişdir ki, İddiaçıla 2005-ci ildə evinin tikintisi ilə əlaqədar tanış olmuşdur. Belə ki, o həmin vaxtlar şəriki ilə birlikdə ev təmiri ilə məşğul olmuşdur. İlham 2005-ci ildə ev təmiri üçün o vaxtkı şərikinə yaxınlaşmış, bu vasitə ilə tanış olmuşlar. Evin təmiri ilə bağlı bütün işləri – tamet daşların qoyulması, “obrisovka”, “kabançik”, “obşivka” vurulması, evin divarlarına “emusiya” çəkilməsi kimi işləri görmüşdür. Onlar həm həyətdə işləmiş, həm də evin bütün iç təmir işlərini görmüş, evin damını da onlar vurmuşlar. Həmin vaxt onlara pulu İlham vermişdir.

İşin faktiki halları.

12. İddiaçı və Cavabdeh rəsmi nikah münasibətlərində olmuş, lakin tərəflər arasında olan nikah artıq pozulmuşdur. Tərəflərin birgə nikahı dövründə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün 0.03 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. Bundan sonra tərəflər birgə nikah dövründə həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikmişdir. Tərəflər arasında olan nikah pozulduqdan sonra isə həmin fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüququ qeydiyyata alınmışdır.

13. Hazırda İddiaçı həmin evi cavabdehlə birgə nikahı dövründə özünün tikdirdiyini, evin bütün tikinti xərclərini özünün qarşıladığını bildirərək, məhkəmədən fərdi yaşayış evi üzərində hüquqlarının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh isə öz növbəsində evin iddiaçının vəsaiti hesabına tikildiyini qəbul etmiş, lakin iddiaçı ilə yola gedə bilmədiklərini, onun hərəkətlərinin uşaqların psixologiyasına mənfi təsir göstərdiyini, bu səbəbdən iddiaçı ilə birlikdə yaşamaq istəmədiyini bildirərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 32. Ər-arvadın birgə mülkiyyəti. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 35. Ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

17. İşin faktiki hallarından göründüyü kimi İddiaçı hazırda Cavabdeh xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin cavabdehlə nikahda olduqları dövrdə əsasən öz maddi vəsaiti hesabına tikildiyini iddia etmiş, cavabdeh isə işin bu halını mübahisələndirmədən qəbul etmiş, bununla da iddianın əsaslandığı faktı (evin iddiaçı tərəfindən tikilmiş olmasını) etiraf etmişdir.

18. Cavabdeh iddianın əsaslandığı faktı etiraf etdiyindən iddiaçının bununla bağlı əlavə sübut təqdim etməsinə zərurət olmasa da, iddiaçının vəsatəti əsasında məhkəmə iclasında dinlənilən hər bir şahid evin tikintisinin məhz iddiaçının vəsaiti hesabına baş tutduğunu qəbul etmiş, cavabdeh də öz növbəsində məhz bu şahidlərin evin tikintisində iştirak etdiyini qəbul etmişdir.

19. Deməli, hazırda Cavabdeh mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflərin birgə nikahı dövründə İddiaçı maddi vəsaiti hesabına tikildiyi sübut edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı bu əmlak üzərində 1/2 hissədə mülkiyyət hüququ tanınmalıdır.

20. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tələbini “daşınmaz əmlak üzərində hüquqlarının olması faktının müəyyən edilməsi” şəklində ifadə etmiş, tələbinin hüquqi əsasını isə Azərbaycan Respublikasının Mülki Prosessual Prosessual Məcəlləsinin 307-ci maddəsində müəyyən edilmiş hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi təşkil etmişdir. Hətta iddia ərizəsində “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 №-li qərarının 7.2-ci bəndinə xüsusi istinadla göstərilmişdir ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır.

21. Göründüyü kimi iddiaçının iddia tələbinin hüquqi əsasını fərdi yaşayış evi üzərində hüquqlarının olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi təşkil edir. Halbuki iddianın əsasını iddiaçının cavabdehlə birgə nikahı dövründə öz vəsaiti hesabına fərdi yaşayış evi tikdirməsi, buna baxmayaraq, cavabdehin onun həmin əmlak üzərində mülkiyyət hüquqlarını pozması təşkil edir.

22. Nəzərə alınmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarı).

23. Bu baxımdan iddia tələbinin hüquqi əsasının nədən ibarət olmasından asılı olmayaraq, məhkəmə iddianın əsasını təşkil edən hala (iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlak üzərində mülkiyyət hüququnun pozulması) uyğun hüquq (ər-arvadın birgə mülkiyyəti) tətbiq etmişdir.

24. Məhkəmə bu cür nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda (§ 22) istinad edilmiş qərarında da vurğuladığı kimi nəzərə almışdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

25. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahı dövründə iddiaçının vəsaiti hesabına tikildiyi müəyyən edilən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı 1/2 hissədə mülkiyyət hüququ müəyyən edilməlidir. Həmin əmlakın tərəflər arasında olan nikah pozulduqdan sonra cavabdehin adına dövlət qeydiyyatına alınması bu əmlakın tərəflərin birgə nikah dövründə əldə edilmiş olması faktını dəyişmir.

26. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi “fərdi yaşayış evində hüquqlarının müəyyən edilməsi” şəklində ifadə edildiyindən və məhkəmə iddiaçının mübahisəli fərdi yaşayış evinin yalnız 1/2 hissəsi üzərində mülkiyyət hüququnun müəyyən edilməsi nəticəsinə gəldiyindən iddia qismən təmin edilmiş hesab edilməlidir.

27. Son olaraq, məhkəmə iddiaçı ilə birlikdə yaşamaq istəmədiyini və bu səbəbdən onu evdə yaşamağa qoymadığını bildirən cavabdehə xatırladır ki, birgə nikahları dövründə iddiaçının vəsaiti hesabına tikilmiş bu evdə iddiaçının da birgə mülkiyyətçi kimi pay hüququ var. Hər bir halda əgər cavabdeh iddiaçı ilə yaşamaq istəmirsə, gələcəkdə paylı mülkiyyətdən öz payının ayrılmasına dair iddia qaldırmaq hüququnu özündə saxlayır. Hazırkı mərhələdə isə iddiaçının cavabdehlə birgə yaşamaq istəməməsi iddiaçının mülkiyyət hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir.

Məhkəmə xərcləri.

28. İş materiallarından görünür ki, İddiaçı müharibə veteranıdır. Bu səbəbdən o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad olmuşdur.

29. Həmin qanunun 9.4-cü bəndinə görə isə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

30. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə (iddiaçının daşınmaz əmlak üzərində pay hüququnun tanınması) mütənasib olan 100 manat məbləğində (qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

31. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 1/2 hissədə payı müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

32. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 1/2 hissədə payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar