Məhkəmə qərarları › İş №2(010)-4367/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4367/2021

10.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4367/2021 10.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Eyyub oğlu və Cavabdeh2 aldığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsi, 6 saylı fərdi yaşayış evi üçün cavabdehlərə ödədiyi 15000 manat pulu, həmin fərdi yaşayış evinin təmirinə xərclədiyi 4000 manatı, ev ümumi payda olduğu üçün onun özəlləşdirilməsinə xərclədiyi 3400 manatı və ona vurulmuş mənəvi ziyana görə 5000 manat pulu, cəmi 27400 manat məbləğində pulun müştərək qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazəsində qardaşına yaşayış üçün fərdi ev almaq istəmişdir. Sonradan tanış olduğu Cavabdeh2 ev satdığını bilmiş, həmin şəxslə görüşmüş, sonuncunun yaşadığı ünvan 1 ünvanına getmiş. Satılmalı olan fərdi yaşayış eviin münasib qiymətə olduğuna görə aralarında şifahi razılığa gəlmişlər. O, Cavabdeh2 fərdi yaşayış ünvanının sənədlərini soruşduqda, Vidadi ona evin Cavabdeh1 Eyyub oğlunun adına olduğunu bildirmiş, onu Cavabdeh1la görüşdürmüş sənədləşmə işini həll edəcəyinə söz vermişdir. Hər üçün 06.01.2018-ci il tarixdə vasitəçi X3 iştirakı ilə görüşmüş, aralarında ümumi razılığa gəldikləri üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Eyyub oğluna 15000 mana pul vermişdir. Cavabdehlər ona fərdi yaşayış evinin bütün sənədlərini hazırlayıb, alqı-satqı müqaviləsi əsasında evin onun adına rəsmiləşdirilməsinə söz vermişlər. Qardaşı üç ilə yaxındır ki, həmin ünvanda yaşayır. O, dəfələrlə cavabdehlərə müraciət edərək bildirmişdir ki, onlardan aldığı fərdi yaşayış evinin sənədlərini qaydasına salsınlar.Hər dəfə cavabdehlər onu aldadaraq heç bir sənədləşmə işini aparmaq istəməmişlər. Bu müddət ərzində o, aldığı fərdi yaşayış evini təmir etmiş, təmirə 4000 manata qədər pul xərcləmişdir. Sonuncu dəfə 27.05.2021-ci il tarixdə hər iki cavabdehlə görüşmüş, onların aldığı evə aid sənədlərinin hazırlanıb ona təhvil verilməsini xahiş etmişdir. Cavabdeh2 bildirmişdir ki, Cavabdeh1 Eyyub oğlu onu və Vidadini aldatmışdır və hazırda sənədlərin hazırlanmasından imtina edir. Bu barədə 27.05.2021-ci il tarixli müvafiq qəbzi vermiş, qəbzə şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin gün o, Cavabdeh1 Eyyub oğlu ilə görüşəndə, sonuncu evə aid bütün sənədləri hazırlayıb evi onun adına keçirəcəyinə söz vermişdir. Sonradan Cavabdeh1 Eyyub oğlu onun telefon zənglərinə cavab verməmiş və yayınmışdır. O, məcburiyyət qarşısında qalıb, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Əlavə olaraq o, ev ümumi payda olduğu üçün onun özəlləşdirilməsinə 3400 manat pul xərcləmişdir. Baş vermiş proseslər zamanı onun bütün əsəb-sinir sistemi pozulmuş və ona maddi ziyan vurulmuşdur. Ona vurulmuş mənəvi ziyana görə cavabdehlərdən 5000 manat pul tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini, cavabdehlərdən müştərək qaydada tələb edilən məbləğin tutulmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X1 iddia tələbini qəbul etməyərək, cavabdeh Süleyman Abbasovun paylı mülkiyyətdə olan mənzili satmaq hüququnun olmadığını, ona görə də, hazırkı iddia tələbinin əsassız olduğunu bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, mübahiəsli ev əvəl ona məxsus olmuş, o, mübahisəli evdə yaşamış və iddiaçı ev axtararkən həmin ev ona satılmışdır. Abbasov Süleyman evin sənədləşmə işlərini İddiaçı üçün həll etməli idi, lakin bunu etməmişdi. Məhkəmə tərəfləri dinləyib, işin hallarını araşdıraraq və sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsi, ev 6B saylı mənzil X10, Cavabdeh1, X11, X12, X2 və X5 paylı mülkiyyətindədir. - 27.05.2021-ci il tarixli qəbzin surətinə görə, Cavabdeh2 Cavabdeh1 11000 manata aldığı evi 15000 manata İddiaçı satmışdır. Məhkəmə iclasında şahid qismində dinlənilən X7 izahatında göstərdi ki, o, mübahisəli mənzilin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçilərindən biridir. Onlar birlikdə torpaq sahəsini almışlar. Lakin sonradan rəsmiləşdirmədə problemlər yaranmışdır. Hazırkı məsələ ilə bağlı isə iddiaçının qardaşının mübahisəli evi aldığını və orada yaşadığını bilir. Məhkəmə iclasında şahid qismində dinlənilən X6 izahatında göstərdi ki, o, mübahisəli mənzilin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçilərindən biridir. Onlar birlikdə torpaq sahəsini almışlar. Lakin sonradan rəsmiləşdirmədə problemlər yaranmışdır. Hazırkı məsələ ilə bağlı isə iddiaçının qardaşının mübahisəli evi aldığını və orada yaşadığını bilir. Beləliklə işin mübahisələndirilməyən hallarından aydın olur ki, mübahisəli ev bir neçə şəxsin adına paylı mülkiyyətdədir. Həmin evin hansısa bir hissəsi ilə bağlı iddiaçı ilə rəsmi formada bağlanmış alqı-satqı müqaviləsi yoxdur. Buna baxmayaraq, müəyyən edilir ki, iddiaçı şifahi formada razılığa gəlməklə və pul ödəməklə həmin mübahisəli evin bir hissəsinə sahiblənmişdir. Hazırkı iddia pul tələbi olsa da, iddiaçı faktiki olaraq mübahisəli evin bir hisəsinin öz adına rəsmiləşdirilməsini Cavabdeh1 tələb edir. Evin alqı-satqısı ilə bağlı hər hansı müqavilə mövcud deyildir. Eyni zamanda, iş materiallarından görünür ki, mübahisəli ev paylı mülkiyyətdədir. Paylı mülkiyyətdə olan daşınmaz əmlak digər payçıların razılığı olmadan özgəninkiləşdirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, araşdırılma zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi kimi pul verərək aldığını və təmirinə xərc çəkdiyini bildirdiyi evdə hazırda iddiaçı və onun ailə üzvləri yaşayır və iddiaçının mübahisəli evi almaqdakı məqsədi həmin evdə özünün və ailə üzvlərinin yaşaması olmuşdur. Hazırda iddiaçının məqsədi həmin evin bir hissəsini öz adına sənədləşdirməkdir. Başqa sözlə, iddiaçının həmin əmlakdan imtina etmək fikri yoxdur. Belə olan halda, iddiaçının özünün yaşadığı evə görə həmin evin iddia edildiyi kimi alınmasına və təmir edilməsinə çəkilən xərcin geri tələb edilməsi, evdən istifadə etməkdə davam etməsi halında qanuni və əsaslı sayıla bilməz. İddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, əvvəla «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir… Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlər tərəfindən ona hansı formada mənəvi ziyan vurulduğunu yuxarıda qeyd edilənlər baxımından əsaslandırmamışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı tələb mənəvi ziyan hissəsindədə əsassızdır. Eyni zamanda məhkəmə tələbin mənəvi ziyan hissəsi ilə bağlı əlavə olaraq qeyd edir ki, mənəvi ziyan tələbi iddianın əsas hissəsini təşkil edən pul tələbi ilə bağlıdır və iddianın cavabdehlərə qarşı pul tələbinə dair hissəsi təmin edilmədiyinə görə mənəvi ziyan tələbi də əsaslı deyildir və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Balkı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar