Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4409/2021 16.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X5 Məmmədovun sədrliyi, Həsənova Leyla Fərhad qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yüksək təhlükə məmbəyinin vurduğu zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yüksək təhlükə məmbəyinin vurduğu zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əmlakıma dəymiş real zərərin əvəzi olaraq cəmi təmir xərci -14103 (on dörd min yüz üç) manat, avtomaşının itirilmiş əmtəə dəyəri olan xərc- 4000 (dörd min) manat, texniki baxış xərci- 100 (yüz) manat, evakuator və duracaqda yerləşmə xərci-114 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərc-200 manat, mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat, dövlət rüsumu 30 manat, cəmi yekun olaraq olaraq 28.547 (iyirmi səkkiz min beş yüz qırx yeddi) manat pul tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 09 iyun 2021-ci il tarixində saat 00-40 radələtində özümə məxsus ** NT *** NİSSAN JUKE MİNİK dövlət qeydiyyat nişanlı, 2012ci il buraxılış ili olan mühərrik nömrəsi 059123P, ban nömrəsi SJNFBAAF15ZZ62124498 olan qırmızı rəngli avtomaşınımla (avtomaşının qeydiyyat şəhədətnaməsinin surəti əlavə olunur) Hava Limanı, H.Əliyev prospektindən Zığ şossesi ilə Zığ qəsəbəsinə doğru hərəkədə olan zaman 8-9-cu kilometr arasında avtomaşınımda nasazlıq hiss etdyim üçün onu sağa çəkərək və xəbərdaredici işıqları yandıraraq saxlamışam. Güzgüdən arxaya baxan zaman üzaq məsafədən avtomaşın gəldiyini gördüm və maşından düşməyə fürsət tapmamış Mersedes markalı avtomaşın mənim maşınımı arxadan vurdu və mən müxtələif dərəcəli bədən xəsarəti aldım, avtomaşınım isə tamam yararsız vəziyyətə düşdü. Hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yeri müayinə olunmuş və təcili yardım maşını məni Sabunçu qəsəbəsində yerləşən Klinik Xəstəxanaya aparmışlar. Avtomaşını isə Polis əməkdaşları evakuator çağrılaraq hadisə yerindən aparmışlar.Qeyd edirəm ki, hadisə baş verən zaman avtomaşında mən tək olmuşam və yuxarıda qeyd olunan qeydiyyat şəhadətnaməsinə əsasən avtomaşın mənim mülkiyyətimdədir və “B” kateqoriyalı avtomaşınları idarə etmək üçün sürücülük vəsiqəm vardır. (Sürücülük vəsiqəsinin surəti əlavə edilir). Bu yol-nəqliyyat hadisəsi araşdırılma üçün Suraxanı rayon Polis İdarəsinin Təhqiqat şöbəsinə verilmiş, araşdırma zamanı bu iş üzrə cavabdeh “Mersedes Benz E230” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh izahat verərək bildirmişdir ki, avtomaşını “BC” dərəcəli sürcülük vəsiqəsi əsasında idarə edir. 09.06.2021-ci il tarixində təxminən saat 00-30 da Zığ şossesi ilə Hava limanı istiqamətindən Zığ qəsəbəsinə doğru hərəkət edərkən yolda dayanmış Nissan markalı qırmızı rəngli avtomaşını arxadan vurmuşdur. Hadisə baş verəm zaman o və Nissan markalı avtomaşının sürücüsü xəsarət alaraq Sabunçu xəstəxanasına müraciət etmişlər.Təhqiqat zamanı məhkəmə-tibbi ekspertizası keçirilmiş, 19 iyun 2021-cil tarxli 562 nömrəli rəy verilərək bildirilmişdir ki, İddiaçı bədəni üzərində aşkar olunan xəsarət-alt dodağın qançırı və iç səthin qansızması, üst çənədə sağda 2 dişin travmatik sınığı xəsarətləri bərk küt əşyanın təsirindən törənməklə, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 09.06.2021-ci il tarixində yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Suraxanı rayon Polis İdarəsinin Təhqiqat şöbəsi təhqiqatı yekunlaşdıraraq 29 iyun 2021-ci il tarixində Cavabdeh barəsində cinayət işinin başlanılmasının rədd edilməsi, onun barəsindnə AR İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün Suraxanı rayon Pİ-nin DYPŞ-nə göndərilmişdir. Həmin qərarda Cavabdeh özünə məxsus “Mersedes Benz E230” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 09.06.2021-cil tarixdə saat 00-40 radələrində Suraxanı rayonu, Zığ şossesi ilə H.Əliyev prospektindən Zığ qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50.3-cü maddəsinin tələblərini pozaraq, yəni sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandırdıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olan tədbirləri görməli olduğu halda bunlara riayət etməmiş, nəticədə yolun sağında dayanmış “Nissan Juke” markalı avtomaşını arxadan vurmuş, nəticədə İddiaçı dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışdır. (Qərar əlavə olunur). Baş vermiş yol nəqliyyat hadisəsindən sonra mənə məxsus ** NT *** NİSSAN JUKE MİNİK dövlət qeydiyyat nişanlı avtomaşın NURGUN motors da texniki baxşıdan keçirilmiş və qüsur aktı yazılmış və 40 ədəd ehtiyat hissələrinin sıradan çıxdığı təsdiqlənmişdir. (Qüsur aktının əsli əlavə olnur).Eyni zamanda NURGUN Motors 19.06.2021-ci il tarixli digər qüsur aktı ilə görüləcək işlərin adını və qiymətini yazmış, cəmi iş haqqının 4210 (dörd min iki yüz on) manat, cəmi ehtiyat hissələrinin qiymətinin 9893 (doqquz min səkkiz yüz doxsan üç) manat, cəmi təmir xərcinin 14103 (on dörd min yüz üç) manat olacağını bildirmişdir. (İkinci qüsur aktının əsli əlavə edilir). NURGUN Motorsun verdiyi 19.06.2021-ci il tarxli təhvil-təslim aktına əsasən avtomaşında olan zədə və qüsurların üzə çıxarılması üçün texnik baxış xərcinin dəyəri 100 (yüz) manat olmuşdur. (Təhvil-təslim aktının surəti əalvə olunur). 16 iyun 2021-ci il tarixli "xxxx" MMC-nin verdiyi mədaxil qəbzindən göründüyü kimi, 55 manat bu müəssisəyə xidmət haqqı ödənilmişdir. Suraxanı rayon Polis İdarəsinin verdiyi 096-323 saylı arayışa əlavə olunmuş aktdan göründüyü kimi nəqliyyat vasitəsinin mühafizə olunan duracaqda yerləşməsinə görə 19 manat, evakuator xərci isə 40 manat olmuşdir. Beləliklə, cəmi evakuator və duracaqda yerləşmə xərci (55+40+19)=114 manat olmuşdur."xxxx" MMC-nin mütəxəssisi tərəfindən qəzadan sonra ** NT *** NİSSAN JUKE MİNİK dövlət qeydiyyat nişanlı avtomaşının əmtəə dəyərinin itirilmə faizi müəyyən olunaraq, onun 18-20 faiz təşkil edildiyi barədə 02-63/21 saylı 14 iyul 2021-ci il tarixli rəy verilmişdir. Rəydə mütəxəssis avtomaşının hazırkı əmtəə dəyinin 21.000 (iyirmi bir min) manat oduğunu, onun 18-20 faiz əmtəə dəyərini itirərək hazırda dəyərinin 17.000 (on yeddi min) manat olduğunu bildirmişdir. Ona görə də cavabdeh avtomaşının itirilmiş əmtəə dəyəri olan 4000 (dörd min) manat pul vəsaitini də iddiaçıya ödəməlidr. Məhkəmə iclasında iştirak edən İddiaçı iş üzrə verilmiş qiymətləndirmə rəyinə etirazın olmadığını bildirərək, iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iş üzrə verilmiş qiymətləndirmə rəyinin nəticəsi ilə onların təqdim etdiyi ziyan məbləği arasında cüzi fərq olduğunu bildirərək, rəyə etiraz etmədiklərini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi vəkili X2 iş üzrə verilmiş qiymətləndirmə rəyinə etirazını bildirərək, rəyin nəticəsinin həqiqəti əks etdirmədiyini, qeyri-dəqiq olduğunu bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə edilən: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 iyun 2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh özünə məxsus “Mercedes Benz E230” markalı **-MP-*** dövlət nömrə nişanlı avtomaşınla 09.06.2021-ci il tarixdə, saat 00.40 radələrində Suraxanı rayonu, Zığ şossesi ilə H.Əliyev prosspektindən Zığ qəsəbəsi istiqamətinə hərəkətdə olduğu zaman, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50.3-cü maddəsinin tələblərini pozaraq, yəni sürücü surətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi surəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olan tədbirləri görməli olduğu halda bunlara riayət etməmiş, nəticədə yolun sağında dayanmış “Nissan Juke” markalı avtomaşını arxadan vurmuş, nəticədə İddiaçı dərəcəsi təyin edilməyən bədən xəsarəti almışdır. -sənədlərdən görünür ki, “Nissan Juke” markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. -PXA88464 saylı sığorta aktından görünür ki, Sığortalanmış “Mercedes Benz E230” markalı ** MP *** dövlət qeydiyyat nişanlı avtomobil “Nissan Juke” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sığorta predmetinə dəymiş zərər "xxxx" MMC tərəfindən təqdim olunan akt əsasında müəyyən edilib. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 5000 manatdır. İddiaçı 5000 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Nəqliyyat vasitəsinin mühavizə olunan dayanacağa yerləşdirilməsi barədə 09.06.2021-ci il tarixli Aktdan görünür ki, dayanacaq xərci 19 manat, evakuator xərci isə 40 manat olmuşdur. Evakuator.AZ MMC tərəfindən verilən 16 iyun 2021-ci il tarixli qəbzdən görünür ki, qəza keçirən Nissan Juke markalı, ** NT *** övlət qeydiyyat nişanlı avtomobilin evakuatorla daşınma xərci 55 manat təşkil etmişdir. "xxxx" MMC tərəfindən verilən 14 iyul 2021-ci il tarixli, 02-63/21 saylı ekspert rəyinə əsasən iddiaçının mülkiyyətində olan, 2012-ci il istehsallı, yaxşı vəziyyətdə, qəzasız, rənglənməmiş analoji Nissan Juke markalı avtomobilin 14 iyul 2021-ci il tarixinə bazar dəyəri 21000 manat təşkil edir. X4 məxsus olan 2012-ci il istehsallı, ** NT *** dövlət qeydiyyat nişanlı, Nissan Juke minik maraklı avtonəqliyat vasitəsinin qəza törətməsi nəticəsində, təqdim edilən fototəsvirlər və qüsur aktına əsasən əmtəə dəyərinin itirilmə faizi 18-20% təşkil edərək, 17000 manat təşkil etmişdir. İş üzrə "xxxx" MMC tərəfindən keçirilmiş 12 oktyabr 2021-ci il tarixli qiymətləndirmənin nəticəsinə əsasən, “Nissan Juke” markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın məbləği 13,835 manat təşkil edir. -Qəbzdən görünür ki, İddiaçı hüquqi yardıma görə 4 saylı vəkil bürosuna 200 manat xidmət haqqı ödəmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, cavabdehin törətdiyi yol-nəqliyat hadisəsi ilə iddiaçıya məxsus avtomobilə ziyan vurmuşdur. İşin hallarına əsasən, hadisə ilə bağlı cavabdeh təqsirli hesab edilmişdir. İddiaçının əsaslandırması ondan ibarətdir ki, hadisə cavabdehin təqsirli hərəkəti üçündən baş verdiyinə görə, vurulan ziyan, hadisə nəticəsində əmlakının itirilmiş dəyəri, həmçinin çəkməli olduğu zəruri xərclər cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh tərəfin etirazı ondan ibarətdir ki, hadisə onun təqsiri üzündən baş versə də, vurulmuş ziyan məbləği sığorta təşkilatı tərəfindən tam ödənilib, iddiaçı tərəfindən təqdim edilmiş ziyan məbləğləri isə həqiqəti əks etdirmir və onlar şişirdilmiş rəqəmlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla və mülki qanunvericiliyin göstərilən müddəlarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, cavabdehin avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya zərər vurulması təsdiq olunduğundan, müvafiq olaraq iddiaçıya məxsus əmlaka vurulmuş maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. Cavabdehdən tutulacaq ziyan məbləğlərinə gəldikdə isə, məhkəmə iddia tələbini dəymiş real zərərin əvəzinin tələbi hissəsində qismən, 8835 manat hissəsində əsaslı hesab edir. Belə ki, iş üzrə keçirilmiş qiymətləndirmənin nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçının avtomobilinə 13.835 manat məbləğində real zərər dəymişdir. İşdən görünür ki, iddiaçıya 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə hesab edir ki,vurulan ziyan məbləğindən ödənilmiş sığorta məbləği çıxılmalı, (13.835-5000=8835) yerdə qalan məbləğ cavabdehdən vurulmuş real zərərin əvəzi kimi tutulmalıdır. Məhkəmə iddia tələbini avtomaşının itirilmiş əmtəə dəyəri olan 4000 manatın cavabdehdən tutulması hissəsində əsaslı sayır. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsi iddiaçıya, ona vurulmuş zərərin tam şəkildə ödənilməsini tələb etmək hüququ verir. Avtomobilin öz əmtəə dəyərini yol-nəqliyyat hadisəsi nəticəsində itirməsi iddiaçının məruz qaldığı real zərərdir. Çünki, cavabdehin təqsirli hərəkəti nəticəsində baş vermiş hadisə ilə, avtomobil öz əvvəlki dəyərini itirmiş və beləliklə, iddiaçı həmin dəyərdən məhrum olmuşdur. Real dəyərin məbləği ilə bağlı məhkəmə onu qeyd edir ki, iddiaçı tərəf bunun sübutu kimi ekspert rəyi təqdim etmiş, cavabdeh tərəf isə bu məbləğin əsassızlığına dəlalət edəcək hər hansı sübut təqdim etməmiş, yalnız ümumilikdə tələbi rədd etmişdir. Ona görə də, məhkəmə tələb edilən 4000 manat məbləği əsaslı hesab edir. İddia tələbinin avtomobilin evakuatorda daşınması və duracaqda yerləşdirilməsi xərci olaraq 114 manatın, eləcə də, hüquqi yardıma görə ödənilmiş 200 manatın cavabdehdən tələb edilməsi hissəsini də əsaslı sayır. Belə ki, bu xərclər iddiaçının baş vermis hadisə ilə bağlı çəkməli olduğu zəruri xərclərdir və cavabdehin təqsirli hərəkətinin nəticəsi olaraq yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı qismən, yuxarıda qeyd edilən hissələrdə əsaslıdır. İddiaçı tələbinin mənəvi ziyan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, iddiaçı tələbində ona mənəvi ziyan vurduğunu bildirsə də, bu faktı təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız şifahi izahatla kifayətlənmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir… Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Feyzullayev Rası̇ m Əhməd oğlundan əmlaka dəymiş real zərərin əvəzi olaraq 8835 manat, avtomaşının itirilmiş əmtəə dəyəri olan 4000 manat, texniki baxış xərci olaraq 100 manat, avtomobilin evakuatorla daşınması və duracaqda yerləşmə xərci olaraq 114 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla cəmi 13279 (on üç min iki yüz yetmiş doqquz) manat məbləğində pul alınaraq iddiaçı Axundova Məhı̇ tab Adı̇ l qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Feyzullayev Rası̇ m Əhməd oğlundan iş üzrə aparılmış qiymətləndirilmə xərci olan 300 (üç yüz) manat məbləğində pul tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4409/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4409/2021
16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver