Məhkəmə qərarları › İş №2(010)-441/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-441/2023

15.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-441/2023 15.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı və vəkili və nümayəndəsi Vəkil, cavabdeh Əzizova (Axundzadə) Cavidə Vidadi qızının iştirakları ilə, İddiaçı cavabdeh Əzizova (Axundzadə) Cavidə Vidadi qızına qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı cavabdeh Əzizova (Axundzadə) Cavidə Vidadi qızına qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əzizova (Axundzadə) Cavidə Vidadi qızından 2 ildir ona olan borcunu ödəmədiyindən, vurulmuş real zərərin əvəzi olaraq, hər il üçiin 722 manat hesablanmaqla, ümumilikdə 1444 manat (əldən çıxmış fayda) pul, həmçinin 2 (iki) ildir borcunu ödəməməklə, verdiyi sarsıntı və iztirabın əvəzi olaraq 1000 manat (mənəvi zərər) məbləğində pul olmaqla, ümumilikdə 2444 (iki min dörd yüz qırx dörd) manat pul, həmçinin dövlət rüsumu üçün ödənilən 45 (qırx beş) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

2. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, qeyd olunan borc məbləği cavabdehin əmək haqqından tutulsa da, təqdim etdiyi çıxarışdan görünür ki, həmin məblğlər cavabdehin özü tərəfindən milliön vasitəsilə ödənilmişdir. Əslində bütün bunlar icra şöbəsinin məsuliyyətsizliyidir. Çünki, icrada ona bildirildir ki, 1 il ərzində bütün borc ödənilməlidir və borc məbləği onun əmək haqqından tutulacaq. Lakin icra şöbəsi tərəfindən qeyd olunanlara əməl edilməmişdir. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

3. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, icra şöbəsi tərəfindən tələbin borclunun əmək haqqına yönəldilməsi barədə rəsmi müraciət olsa da, borclunun əmək haqqından heç bir tutulma aparılmır. Belə ki, tərəflərindən təqdim edilmiş iddiaçının hesab çıxarışı məlumatlarından görünür ki, cavabdeh tərəfindən həmin pul məbləğləri million terminalı vasitəsilə ödənilmişdir. Bundan əlavə, məhkəmə qətnaməsinə əsasən borc məbləğinin hissə-hissə ödənilməsi müəyyənləşdirilmiş və belə bir qərardad da mövcud deyildir. Hazırki günə borcun qalması şübhəsizdir və vaxtında ödənilməməklə cavabdeh tərəfindən qanunsuz olaraq saxlanılır. Həmin pul məbləğinin cavabdehdə saxlanılması ilə əlaqədar iddiaçı mənəvi sarsıntılara məruz qalır və həmin zərərin əvəzinin ödənilməsi hüququna malikdir. Belə ki, həm Mülki Məcəllədə, həm də Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, kreditor gecikdirilmiş vaxt üçün faiz ödənilməsini tələb etmək hüququna malikdir. Buna görə də qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında cavabdeh Əzizova (Axundzadə) Cavidə Vidadi qızı iddia tələbini qəbul etməyərək bildirdi ki, icra şöbəsi tərəfindən onun bankda olan hesabları, adına olan mülkiyyət növləri yoxlanılmış və heç bir əmlak aşkar edilmədiyi üçün iş yerinə tutulma barədə sənəd göndərilmişdir. O, rəsmi olaraq işləyir və borc məbləği hər ay onun əmək haqqından çıxılır. Bu barədə o, iş yerindən sənədlər də tələb etmiş və hər 6 aydan bir bu barədə çıxarışları alıb, icra şöbəsinə təqdim edir. İş yeri tərəfindən ona hansı gün maaş vurulursa, həmin gün də yarısı tutularaq borcuna çıxılır. Borcun ödənilməsilə bağlı olan gecikmələr yalnız ödəniş günü ola bilər ki, bu da onun təqsirindən deyil, maaşın karta oturma müddəti ilə bağlıdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

İş materialları.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-877/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Əzizova (Axundzadə) Cavidə Vidadi qızına və X3 qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh Əzizova (Axundzadə) Cavidə Vidadi qızından 11500 manat və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. "xxxx" ASC tərəfindən verilmiş ödəniş cədvəlindən görünür ki, xx.xx.2021xx.xx.2022-ci il tarixləri arasında İddiaçı hesabına ümumilikdə 2505 manat məbləğində pul köçürülmüşdür.

7. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 01/23 №-li arayışdan görünür ki, X1 tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək İddiaçı hesabına 1800 manat məbləğində vəsait köçürülmüşdür.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-877/2020 nömrəli mülki iş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli qətnamə xx.xx.2021-ci il tarixdə icra olunması üçün Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinə göndərilmiş, qeyd olunan qətnamədən cavabdeh Əzizova (Axundzadə) Cavidə Vidadi qızı tərəfindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə verilmiş, lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-877/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7364/2021 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdeh Əzizova (Axundzadə) Cavidə Vidadi qızı tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır.

9. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən məhkəmə sorğusu əsasında alınmış e22595/2021-18-22 №-li icra işi materiallarından görünür ki, cavabdeh Əzizova (Axundzadə) Cavidə Vidadi qızı "xxxx" MMC-də işləyir və 235,25 manat aylıq əmək haqqı alır.

10. İcra işinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Quliyev X2 (Axundzadə) Cavidə Vidadi qızından 1000 manat pulu qəbul etmişdir.

11. xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı qalıq borcun Əzizova (Axundzadə) Cavidə Vidadi qızının əmək haqqısına yönəldilməsi barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə müraciət etmişdir.

12. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətdən görünür ki, borcun Əzizova (Axundzadə) Cavidə Vidadi qızının əmək haqqısına yönəldilməsi xahiş olunmuşdur.

13. "xxxx" MMC tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı bank hesabına hər ay 120 manat olmaqla, 600 manat məbləğində pul köçürülmüşdür.

İşin faktiki halları.

14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-877/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən görünür ki, cavabdeh Əzizova (Axundzadə) Cavidə Vidadi qızından 11500 manat pulun İddiaçı xeyrinə tutulması və hazırda cavabdehin iddiaçıya borcunun olması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

17. İcra haqqında Azərbaycan Respublikasının Qanunu.

Maddə 2. Məcburi icra orqanları 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 8. İcra sənədləri üzrə icraata başlanılması 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Maddə 12. İcra hərəkətlərinin həyata keçirilməsi müddətləri 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Maddə 44. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Maddə 43. Məcburi icra tədbirləri 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.

18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarı

Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.

Məhkəmənin mövqeyi.

19. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

20. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edərək iddia edir ki, cavabdeh öhdəliyini icra etməmiş, buna görə də ondan faiz tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, bu halda Mülki Məcəllənin 21-ci maddəsi tətbiq edilməklə, zərərin yetirilməsi forması və məbləği ilə yanaşı cavabdehin zərərin vurulması ilə bağlı təqsirli hərəkətləri, zərərçəkənin davranışı və işin digər bu kimi hallarına birlikdə qiymət verilməlidir.

21. Hər bir hüquq pozuntusu kimi mülki hüquq pozuntusuna da qiymət verilərkən, onu törədən şəxsin şəxsiyyəti, onun təqsirli hərəkəti, əməli ilə nəticə arasındakı səbəbli əlaqəsi kimi məsələlər araşdırılmalıdır. Hazırkı iddia məhkəmə qətnaməsinin vaxtında icra olunmaması ilə bağlı ödənilməli olan pul vəsaitinin vaxtında ödənilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlıdır. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-877/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilməli olan put vəsaitinin ödənilməsinin gecikdirilməsi cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməmişdir. Belə ki, həm mülki iş materiallarından, həm də icra işi materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-877/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi xx.xx.2021-ci il tarixdə icra olunması üçün Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh həmin qətnamədən narazı olduğu üçün qeyd olunan qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə vermiş, lakin ərizə təmin edilməmişdir. Sonradan həmin qərardaddan şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7364/2021 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi qərara alınmışdır. Qeyd olunan mərhələlər yekunlaşdıqdan sonra isə cavabdeh borcundan 1000 manat ödəniş etmiş və bundan sonra tələbkarın (hazırki iş üzrə iddiaçının) ərizəsi əsasında borcun borclunun əmək haqqına yönəldilməsi xahiş olunmuşdur. İcra şöbəsinin xx.xx.2021-ci il tarixli müraciəti əsasında məcburi icra tədbirləri kimi tələbin borclunun əmək haqqına yönəldilməsi barədə məktub verilmiş və həmin tarixdən etibarən borclunun əmək haqqından tutulmalar aparılır. İş materiallarında olan arayışlardan, həmçinin iddiaçının özünün təqdim etdiyi çıxarışdan görünür ki, borclunun əmək haqqından hər ay müvafiq tutulmalar aparılır və borc ödənilir. Göründüyü kimi hər ay müntəzəm olaraq borcdan ödənişlər aparılır və borclu tərəfindən heç bir hərəkətsizlik nümayiş etdirilmir, yəni onun tərəfindən pul vəsaiti qanunsuz saxlanılmır, borcu qaytarmaqdan boyun qaçırılmır və borcun ödənilməsi digər şəkildə gecikdirilmir. Bu səbəbdən iddiaçının qeyd etdiyi hallar ona zərər vurulması və bunun əvəzində faiz tutulması üçün əsas sayıla bilməz.

Məhkəmə xərcləri.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

23. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyi üçün iş üzrə iddiaçının ödədiyi məhkəmə xərci onun özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

25. Beləliklə, məhkəmə qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddia rədd edilməlidir.

26. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar