Məhkəmə qərarları › İş №2(010)-4412/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4412/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4412/2022 12.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 320 manat məbləğində verilmiş sığorta ödənişinin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0.4 manat məbləğində bank xidməti haqqının əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən mülki prosessual qanunvericiliyin aşağıda göstərilən tələblərinə əməl edilmədiyindən iddiaçıya geri qaytarılmalıdır: 1) İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən belə görünür ki, Cavabdeh2 Gürcüstan Respublikası vətəndaşıdır. Buna uyğun olaraq, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həmin cavabdehin şəxsiyyət vəsiqəsinə dair heç bir məlumat əldə edilməsi mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilə bilməsi üçün cavabdehin rəsmi qeydə alındığı ünvan iddia ərizəsində göstərilməlidir. Üstəlik, cavabdehin xarici dövlətin vətəndaşı olması bunu istisna etmir. Çünki, cavabdehin xarici dövlətin vətəndaşı olması onun Azərbaycan Respublikasında rəsmi qeydiyyat ünvanının olmadığı mənasına gəlmir. Əksinə, Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir) (Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi, mad. 21.1) Bu baxımdan əgər iddiaçı xarici dövlətin vətəndaşına qarşı iddia qaldırıbsa, həmin şəxsin Azərbaycan Respublikasında əcnəbi kimi hansı ünvanda olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməlidir. Hazırkı ərizəyə isə həmin cavabdehin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydə alındığı ünvanla bağlı heç bir sənəd (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq məlumat) əlavə edilməmişdir. 2) Digər tərəfdən, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh2 faktiki ünvanı qeyd olunmamışdır. Halbuki, iddia ərizəsinin icraata qəbul edilməsi üçün Cavabdeh2 faktiki yaşayış ünvanı iddia ərizəsində göstərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin faktiki yaşayış ünvanının iddia ərizəsində göstərilməməsi, cavabdehin faktiki yaşayış yeri barədə məhkəmənin məlumatsız olması ilə nəticələnir ki, bu da məhkəmə bildiriş və qərarlarının cavabdehə çatmaması, cavabdehin, ümumiyyətlə məhkəmə prosesindən məlumatlı olmaması ilə nəticələnə, bu hal da mülki mühakimə icraatının çəkişmə prinsipinin kobud pozuntusuna gətirib çıxara bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin 7-ci bəndinə əsasən, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 3) Bundan başqa, iddiaçı tərəfindən mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydalarına da riayət edilməmiş, cavabdehlərə göndərilmiş hər hansı xəbərdarlıq, bildiriş, yaxud pretenziya məktubu iş materiallarına əlavə edilməmişdir. Halbuki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən, bu Qanundan irəli gələn mübahisələr, tərəflər arasında danışıqlar yolu ilə tənzimlənməsi mümkün olmadıqda, səlahiyyətli orqanlar tərəfindən, o cümlədən məhkəmə qaydasında həll edilir. Göründüyü kimi hazırkı mübahisəyə birbaşa tətbiq edilməli olan qanunda mübahisənin ilk öncə danışıqlar yolu ilə tənzimlənməsi, yəni məhkəməyə qədər nizama salınma qaydasına riayət edilməsi, bu mümkün olmadıqda məhkəməyə müraciət edilməsi nəzərdə tutulmuşdur. İddiaçı "xxxx" ASC isə bu qaydaya riayət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Beləliklə, ərizə yuxarıda qeyd edilmiş nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Belə olan halda ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Maddə 114. Dövlət rüsumunun qaytarılması. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. Maddə 149. İddia ərizəsinin forması və məzmunu. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat. Maddə 150. İddia ərizəsinə əlavə edilən sənədlər. 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D I: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (xx.xx.2022-ci il tarixli, № ********* nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar