Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4432/2023 07.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X17 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı imtinanın qanunsuz hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.
1. AZ-İİ seriyalı, 245112 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2008-ci il tarixdə doğulmuşdur. X2, anası İddiaçıdır.
2. AZ-İİ seriyalı, 432924 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə doğulmuşdur. X2, anası İddiaçıdır.
3. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq eidimiş surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X7 vərəsələri arvadı İddiaçı, yetkinlik yaşına çatmayan qızları X6 və X8r və onlardan hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X11 verilmiş 30/213863 qeydəalma nömrəsi ilə 1424 nömrəli kitabın 213863-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 33.66 kv/m olan 2 otaqlı mənzildən ibarətdir.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil 1/3 hissəsi İddiaçı, 1/3 hissəsi X5 və 1/3 hissəsi X1 xüsusi mülkiyyətindədir.
5. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (Seriya №**********43-05101-093067) çıxarışa əsasən ünvan 2 ünvanında xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X4 məxsus payın özgəninkiləşdirilməsi yetkinlik yaşına çatmayan uşaqların mənafeyi baxımından RİH yanında X3 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən məqsədəuyğun hesab edilməmişdir.
İddia tələbi.
6. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “imtinanın qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1849, ev 2, 79 saylı mənzildə yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2010cu il təvəllüdlü X4 məxsus payların onun tərəfindən özgəninkiləşdirilməsinə icazə verilməsindən imtina edilməsinin qanunsuz, əsassız və etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1849, ev 2, 79 saylı mənzil vaxtı ilə həyat yoldaşı X11 məxsus olmuşdur. O, X14 ilə nikaha daxil olduqdan sonra həmin mənzilə gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X6 anadan olmuşdur. Həyat yoldaşı xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1849, ev 2, 79 saylı mənzilin 1/3 hissəsi onun, 1/3 hissəsi qızı X5 və 1/3 hissəsi qızı X1 adına xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Həmin bina uzun illər əvvəl inşa edilmiş beton binadır, bu səbəbdən yaşadıqları mənzil soyuq və rütubətli olur. Eyni zamanda mənzil birinci mərtəbədə yerləşdiyindən gün işığından məhrum olmuşlar. Bunun nəticəsində onun və uşaqlarının səhhətində problemlər yaranmağa başlamışdır. Odur ki, o, hal-hazırda Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1849, ev 2, 79 saylı mənzili sataraq qeyd etdiyi tələblərə uyğun gələn mənzil almaq qərarına gəlmişdir. Hətta Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1849, ev 2, 79 saylı mənzili satmaq üçün alıcı da tapmışdır. Bunun üçün uşaqlarının adına olan payların özgəninkiləşdirilməsinə icazə verilməsinə dair inzibati aktın qəbul edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin cavabdeh təşkilat tərəfindən uşaqlarının adına olan payların özgəninkiləşdirilməsinə icazə verilməsindən xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir. Həmin imtina məktubunda imtinanın əsası kimi xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 adlarına olan payların özgəninkiləşdirilməsinin məqsədəuyğun hesab edilmədiyi göstərilmişdir. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin imtinası aşağıda göstərilən əsaslara görə qanunsuz və əsassızdır. Əvvəla cavabdeh təşkilat tərəfindən ataları vəfat etmiş qızlarının fikri belə alınmamış, uşaqlarının necə yaşaması, onların normal yaşamaq üçün maddi imkanlarının olub-olmaması ilə maraqlanılmamışdır. Göründüyü kimi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin uşaqlarının hüquq və mənafeyini ondan artıq müdafiə etməsi mümkünsüzdür. Bundan əlavə beton binanın satılaraq qeyd etdiyi tələblərə uyğun gələn mənzilin alınması uşaqlarının və onun sağlamlığı baxımından zəruridir. Eyni zamanda o, yeni alınan mənzilin nəinki 1/3 hissəsinin, hətta daha artıq payın və ya bütün payın uşaqlarının adına rəsmiləşdirilməsinə razıdır. Beləliklə, cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin imtinası qanunsuz və əsassızdır.
Tərəflərin izahatları.
8. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
9. Cavabdeh Suraxanı Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 51.1. Uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. Maddə 51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Maddə 51.7. Uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) nəzarət edir.. Maddə 55.4. Uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur. Maddə 55.5. Uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Maddə 55.6. Uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mülkiyyət hüququna malik deyillər. Birlikdə yaşayan valideynlər və uşaqlar qarşılıqlı razılıq əsasında bir-birinin əmlakından istifadə edə bilər və ya həmin əmlaka sahiblik edə bilərlər. Maddə 55.7 Valideynlərin və uşaqların birgə mülkiyyət hüququ yarandıqda əmlak üzərində sahiblik, sərəncam və ondan istifadə hüququ mülki qanunvericiliklə müəyyən edilir. Maddə 141.5. Qəyyumun (himayəçinin) mülki hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Maddə 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Maddə 28.3. 7 yaşınadək olan X3 (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan X3 məhdud fəaliyyət qabiliyyəti vardır. Maddə 29.1. Bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış X3 əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. Maddə 29.2. 7 yaşından 14 yaşınadək olan şəxslərin aşağıdakı əqdləri müstəqil bağlamaq ixtiyarı vardır: 29.2.1. xırda məişət əqdləri; 29.2.2. əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmur; 29.2.3. qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdlər. Maddə 29.3. 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər. Maddə 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Maddə 33.2. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. Maddə 33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Maddə 33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Maddə 33.7. Himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar. Maddə 36.1. Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. Maddə 36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.
13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
14. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 12. İştirakçı dövlətlər öz baxışlarını formalaşdırmağa qadir olan uşağı özünə aid bütün məsələlər barəsində həmin baxışları sərbəst ifadə etmək hüququ ilə təmin edirlər, həm də uşağın baxışlarına onun yaşına və yetkinliyinə uyğun lazımi diqqət yetirilir. Bu məqsədlə uşağa ona toxunan hər hansı məhkəmə araşdırmasının və ya inzibati araşdırmanın gedişində ya bilavasitə, ya da nümayəndə və ya müvafiq orqan vasitəsilə, milli qanunvericiliyin prosessual normalarında nəzərdə tutulan qaydada dinlənilmək imkanı verilir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
16. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu.
Maddə 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Maddə 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: ...9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr...
Məhkəmənin mövqeyi.
17. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, hesab edir ki, iddia əsaslı olduğu üçün təmin olunmalıdır.
18. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X1 anasıdır. Uşaqların X2 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Bundan sonra iddiaçının mərhum ərindən miras qalmış ünvan 2 ünvanında yerləşən mənzil mərhumun vərəsələri olan arvadı İddiaçı və yetkinlik yaşına çatmamış qızları X12 və X6 arasında hər birinə bərabər pay olmaqla bölünmüşdür. Daha sonra bu mənzil üzərində İddiaçı 1/3 hissədə, onun qızları yetkinlik yaşına çatmayan X5 1/3 hissədə və X1 1/3 hissədə payları müəyyən edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
19. Daha sonra ərindən miras qalmış bu mənzili satmaq istəyən İddiaçı yetkinlik yaşına çatmayan qızlarının mənzil üzərindəki 1/3 hissədə paylarının özgəninkiləşdirilməsinə razılıq verilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin İcra Hakimiyyətinin X3 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası uşaqların payının özgəninkiləşdirilməsini məqsədəuyğun hesab etməmiş, bu əsasla özgəninkiləşdirməyə razılıq verməmişdir. Daha sonra İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı hazırkı iddia ərizəsi ilə müraciət edərək, İcra Hakimiyyətinin uşağın mənzil üzərindəki payının özgəninkiləşdirilməsinə razılıq verilməsindən imtinasının qanunsuz hesab edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında iştirak edən iddiaçı uşaqların mənzil üzərindəki payının özgəninkiləşdirilməsini evin rütubətli, soyuq olması, həmçinin mənzil birinci mərtəbədə yerləşdiyindən gün işığından məhrum olunması və bunun da onların sağlamlığına zərər vurması ilə izah etmişdir. Lakin bunun üçün yetkinlik yaşına çatmayan qızlarının mənzil üzərindəki payının özgəninkiləşdirilməsinə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin razılığı lazımdır. Buna baxmayaraq, İcra Hakimiyyəti uşaqların mənafeyini əsas gətirərək, payın özgəninkiləşdirməsinə icazə vermir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin bu imtinasının uşaqların mənafeyinə uyğun olmadığını hesab edən iddiaçı imtinanın qanunsuz hesab edilməsini məhkəmədən xahiş etmişdir.
21. Beləliklə, işin faktiki hallarından göründüyü kimi, mübahisə ünvan 2 ünvanında yerləşən mənzil üzərində iddiaçının qızları xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X4 məxsus 1/3 hissədə payların özgəninkiləşdirilməsinə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən razılıq verilməməsi ilə bağlıdır.
22. Yuxarıda qeyd edilmiş həm ailə, həm də mülki qanunvericiliyin normalarından görünür ki, qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan valideyn uşağın əmlakının özgəninkiləşdirilməsinə dair əqdləri bağlaya bilməz. Lakin nəzərə alınmalıdır ki, bu icazənin həm verilməsi, həm də verilməsindən imtina edilməsi zamanı qəyyumluq və himayəçilik orqanının yeganə və mütləq motivi uşağın üstün maraqlarını qorumaq, onun diqqətəlayiq mənafelərinin pozulmasının qarşısını almaq olmalıdır. Bu baxımdan hazırkı iş üzrə cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yetkinlik yaşına çatmayan uşağın mənzil üzərində payının özgəninkiləşdirilməsinə razılıq vermirsə, bunu uşağın üstün maraqları baxımından əsaslandırmalı, bu özgəninkiləşdirmə baş verərsə uşağın hansı mənafeyinin pozulmasının gözlənildiyini, bir sözlə, bu razılığın verilməməsi ilə uşağın hansı maraqlarının qorunduğunu açıq şəkildə göstərməlidir.
23. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında X3 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının uşağın mənzil üzərindəki payının özgəninkiləşdirilməsinə razılıq verilməsindən imtina edilməsinə dair məktubunda bu özgəninkiləşdirmənin Komissiya tərəfindən məqsədəuyğun hesab edilmədiyi qeyd edilsə də, bunun səbəbi, bu özgəninkiləşdirmənin uşağın hansı mənafeyini pozması barədə heç bir xüsusi qeyd edilməmişdir.
24. Xüsusən nəzərə alınmalıdır ki, uşağın anası bu özgəninkiləşdirməni rütubətli, soyuq mənzildə yaşamaqları, eyni zamanda mənzil birinci mərtəbədə yerləşdiyindən gün işığından məhrum olunması və bunun da onların sağlamlığına zərər vurması ilə izah edir. Bu baxımdan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti uşaqların mənzildəki payının özgəninkiləşdirilməsinə razılıq verməzkən ən azından bu halı araşdıraraq, mənzilin özgəninkiləşdirilməsinə razılıq verilməsinin əhəmiyyət daşıyıb-daşımamasına qiymət verməli idi. Lakin cavabdeh tərəfindən bu hala da qiymət verilməmiş, ümumi şəkildə özgəninkiləşdirmənin Komissiya tərəfindən məqsədəuyğun hesab edilmədiyi qeyd edilmişdir.
25. Lakin məhkəmə cavabdehin əksinə, uşağın mənzildəki payının özgəninkiləşdirilməsinin uşaqların mənafeyinə uyğun olduğunu və onların üstün maraqlarına xidmət etdiyini hesab edir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, hazırkı iddia ilə məhkəməyə müraciət edən uşaqların doğma anası, onların tək valideynidir. O, mərhum ərinin vəfatından sonra uşaqlarına tək ana kimi baxır və uşaqlar onun yanında qalırlar. Hazırkı tarixədək valideynlik hüququndan məhrum edilməmiş, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən onun uşaqlarının hansısa mənafeyini pozması ilə bağlı heç bir fakt müəyyən edilməmiş, bununla bağlı heç bir tədbir görülməmişdir (Ən azından məhkəməyə bununla bağlı sübut təqdim edilməmişdir). Yəni, hazırkı vəziyyətdə İddiaçı öz uşaqlarının mənafelərini qorumalı olan birinci dərəcəli şəxsdir. Bu baxımdan onun uşaqların mənafeyini qorumaq üçün etdiyi (etmək istədiyi) bütün hərəkətlərin həqiqətən uşaqların üstün maraqlarına xidmət etdiyi prezumpsiyası vardır və cavabdeh tərəfindən bunun əksini sübut edəcək hər hansı sübut təqdim olunmamışdır.
26. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X1 mənzil üzərindəki paylarının özgəninkiləşdirilməsi uşaqların anası İddiaçı qeyd etdiyi kimi uşaqların mənafeyinə uyğundur. Belə ki, bu özgəninkiləşdirmə uşağın hazırda yaşadığı mənzildən daha geniş, rütubətin olmadığı və onun öz arzusuna uyğun yeni bir mənzilin alınması məqsədi daşıyır. Bu baxımdan bu özgəninkiləşdirməyə razılıq verilməməsi üçün heç bir əsas yoxdur. Odur ki, heç bir əsas olmamasına baxmayaraq, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin bu razılığın verilməsindən imtina etməsi qanunsuz olmuşdur.
27. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.
Məhkəmə xərcləri.
28. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu ilə qiymətləndirilməyən iddialar üçün müəyyən edilmiş dövlət rüsumunun dərəcəsinə uyğun olmuşdur.
29. Hazırkı halda məhkəmə iddianın təmin edilməsi nəticəsinə gəldiyindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qanunla gözlənilən olsa da, cavabdeh orqan dövlət rüsumunun ödənilməsindən azad olduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir
31. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiа tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzil üzərində xx.xx.2008-ci il təvəllüdlü X9 məxsus 1/3 hissədə payın və xx.xx.2010-cu il təvəllüdlü X4 məxsus 1/3 hissədə payın İddiaçı tərəfindən özgəninkiləşdirilməsinə cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən razılıq verilməsindən imtina edilməsi qanunsuz hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.