Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-447/2023 23.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almuradov Ülvi Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun bir göstərişi ilə illər bundan öncə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda tikilmiş 01 mərtəbəli evi heç bir məhkəmə qərarı olmadan özü ilə gətirdiyi xüsusi texnika ilə sökdüyü üçün ona vurduğu maddi ziyana görə 6.000 manat və mənəvi zərərə görə 2.000 manat, ümumilikdə isə 8.000 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1986-cı il tarixdən ailəsilə birlikdə Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yaşayır. 08 sentyabr 2022-ci il tarixdə, saat təxminən 15 radələrində özünü Abşeron Rayon İcra Hakimiyyətinin işçisi kimi təqdim edən Tural adlı şəxs, yanında bir qrup şəxslə yaşadığı həyətə basılaraq, onun illərlə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən 01 mərtəbəli evini heç bir məhkəmə qərarı olmadan, qanunsuz tikili kimi əsas gətirərək, özləri ilə gətirdikləri xüsusi texnika ilə dağıdmışlar. Etdikləri hərəkətlə ona 6 000 (altı min) manat məbləğində maddi ziyan vurmuşlar. Sökülən tikinti illər bundan öncə, atası X2 tərəfindən tikilmişdir. Özünü Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim edən Cavabdeh ünvana gəldiyi zaman, yanında bir qrup şəxsdən əlavə 02 nəfər polis əməkdaşı götürmüşdür. Söküntü zamanı evdə ondan başqa heç kəs olmadığına görə, polis əməkdaşları onu zorla saxlamış və özünü Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim edən Cavabdeh gətirdiyi xüsusi texnika ilə, ümumi razılığa gəlmədiyi üçün söküntüsünə göstəriş vermişdir. Ümumi razılıq dedikdə, Cavabdeh tikintisinə icazəsi olmadığı üçün Abşeron Rayon İcra Hakimiyyətinin adından ondan 3000 (üç min) manat məbləğində pul vəsaiti tələb etmişdir. O, razılaşmadığı üçün yaşayış evinin söküntüsünə yuxarıda qeyd etdiyi kimi heç bir məhkəmə qətnaməsi olmadan, qeyri-qanuni sökdürmüşdür. Bu barədə o, yerli bələdiyyəyə şikayətlə müraciət etmişdir. Bələdiyyənin inzibati binasına yaxınlaşdığı zaman söküntüdə iştirak edən polis əməkdaşları onun şikayət edəcəyini gördükləri üçün qollarını arxaya fırladıb, qandallayaraq polisə tabe olmadığını əsas tutaraq protokollaşdırıb, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qarşısına gətirmişdirlər. O, məhkəmə prosesi zamanı hakimə məhkəmə qətnaməsi olmadan tikintinin qanunsuz sökülməsi barədə fikrini bildirəndə, hakim onun dediklərini nəzərə almadan, onu dindirmədən, barəsində 10 gün müddətində inzibati həbs seçmişdir. Barəsində görülmüş bütün qanunsuzluqlardan hüquq mühafizə orqanlarına şikayət etməsinə baxmayaraq, şikayətləri baxılmamış qalmaqdadır. Cavabdeh gördüyü qanunsuz hərəkətləri barədə o, Xəzər RPİ-nin 1-ci PŞ-yə ərizə ilə şikayət edib ona vurduğu 6000 (altı min) manat məbləğində maddi ziyanın ödənilməsini və ərizənin sonunda həmin şəxsin və şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xəzər RPİ-nin 1-ci PŞnin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddiasının tam şəkildə təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirak olmadan baxmağı mümkün hesab edir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o ididaçıya məxsus evin sökülməsində iştirak etməyib, ümumiyyətlə belə bir haldan xəbərsizdir. İddiaçı mütəmadi olaraq ondan polisə şikayət edir, hətta onu oğurluqda da ittiham etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçı tələbdə qeyd etdiyi tikilinin cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan sökülməsinə halına istinad edərək maddi və mənəvi zərərə görə tələbdə qeyd olunan pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. İddiaçı tələbinin əsası kimi CD disk təqdim etmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə bildirir ki, hazırkı işdə iddiaçı tələbinin əsaslılığına dəlalət edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrə əsaslanmışdır. Təqdim edilən CD disk isə iddia tələbinin əsaslı hesab edilməsi üçün tutarlı dəlil deyildir. Məhkəmə qeyd edir ki, iddia tələbi tələb olunan 2.000 manat mənəvi zərər hissəsində də əsassızdır. Ona görə ki, iddianın əsasını təşkil edən maddi ziyanın ödənilməsi hissəsi işin halları ilə öz təsdiqini tapmamışdır. Yani, cavabdehin iddiaçıya münasibətdə təqsirli hərəkəti müəyyən edilməmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Yuxarıda qeyd edilən maddi hüquq normalarının məzmunundan aydın olur ki, hazırkı iddianın qeyd olunan hissədə əsaslı olması üçün mənəvi zərər vura biləcək hərəkətlərin cavabdehlər tərəfindən edilməsinin sübut edilməsi zərurəti vardır. AR MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh Vaqı̇ f oğluna qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-447/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-447/2023
23.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver