Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4481/2025 16.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ondan aldığı 1500 manat məbləğində pul vəsaitinin, ona şər ataraq vurduğu mənəvi ziyana görə 1000 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 45 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvvəldən tandığı cavabdeh ona qarşı etibar və inamdan sui-istifadə edərək aldadıcı hərəkətlər törətmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə onun həyat yoldaşı X8 onunla əlaqə saxlayaraq, həmin tarixdə keçiriləcək toy mərasimləri üçün dəyəri 2500 manat təşkil edən qızıl bəyəndiklərini, lakin həmin məbləğin yalnız 1000 manatının əllərində olduğunu, qalan 1500 manatın isə çatışmadığını bildirmişdir. Cavabdeh etibardan sui-istifadə edərək, göstərilən məbləğin onlara verilməsini xahiş etmiş və inandırmışlar ki, daha sonra bu məbləği qaytaracaqlar. O və həyat yoldaşı bu vədlərə inanaraq, 1500 manat məbləğində pul vəsaitini Suraxanı rayonu, Neftçilər parkı adlanan ərazidə şəxsən cavabdehə təqdim etmişlər. X8 da orada olmuşdur. Lakin, ötən müddət ərzində dəfələrlə müraciət etmələrinə baxmayaraq, qeyd olunan məbləğ bu günə qədər geri qaytarılmamış, vəd olunan öhdəliklər yerinə yetirilməmişdir. Bunun nəticəsində ona maddi zərər dəymişdir. X8 hamiləlik dövründə müəyyən müddət ərzində ailəsinin yaşadığı ünvanda qalmışdır. Bu müddət ərzində onun sağlamlığı və rifahı üçün zəruri sosial-məişət şəraitinin yaradılması təmin edilmişdir. Sonradan, o, əvvəllər cavabdehə verdiyi 1500 manat məbləğində borcun qaytarılması məqsədilə onun yaşadığı ünvana yollanmışdır. Həmin ünvana daxil olduqda, o, orada yalnız cavabdehin ailə üzvləri ilə qarşılaşmışdır. Cavabdeh həmin vaxt evdə olmamış, yalnız atası onunla telefon əlaqəsi saxlamışdır. O, orada olarkən borcun qaytarılması tələbini irəli sürmüş və bu barədə cavabdehin atası tərəfindən bildirilmişdir ki, cavabdeh hər ayın 3-ü və 5-i tarixləri arasında əmək haqqı alır və borcun qaytarılması həmin dövrlərdə mümkün olacaqdır. Buna baxmayaraq, o, sonrakı dövrlərdə dəfələrlə cavabdehin atasının iş yerinə gedərək, borcun qaytarılmasını tələb etmiş, lakin müxtəlif bəhanələrlə bu öhdəlik yerinə yetirilməmişdir. Bu barədə telefon danışıqları da mövcuddur. Qızıl-zinət əşyalarına dair məsələ ilə bağlı isə cavabdehin ailəsi bildirmişdir ki, həmin qızıllar nəvələrinin doğulması münasibətilə xəstəxanadan çıxarılan zaman X6 qaytarılacaqdır. Daha sonra Suraxanı Rayon Məhkəməsinin icraatında olan cavabdeh ilə X8 arasında baxılan “cehiz əşyalarının qaytarılması” tələbi ilə bağlı mülki iş üzrə məhkəmə prosesində cavabdeh tərəfindən ona qarşı əsassız və böhtan xarakterli iddia irəli sürülmüşdür. Belə ki, qarşı tərəf qızıl-zinət əşyalarının guya ona təhvil verildiyini iddia etmişdir. Qeyd olunan iddia reallığa uyğun olmayan, tamamilə əsassız və subyektiv xarakterlidir. Əlavə olaraq, həmin görüş zamanı cavabdeh fiziki olaraq ünvanda olmamış, yalnız telefon vasitəsilə əlaqə saxlayaraq ona və həyat yoldaşına qarşı nalayiq ifadələr səsləndirmişdir. X2 verdiyi məlumata əsasən, qeyd olunan məhkəmə iclasında hakim bu iddianın sübut olunmadığını bildirmiş və əgər ona qarşı şər və böhtan xarakterli iddialar irəli sürülmüşsə, bununla bağlı ayrıca hüquqi qaydada məhkəməyə müraciət edə biləcəyini qeyd etmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, iddiaçı onun xalasının əri, cavabdeh isə keçmiş əridir. Təxminən 28-29 may 2024-cü il tarixlərində hava işıqlı olan vaxt iddiaçı, cavabdeh və xalası ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yerləşən Neftçilər parkında görüşmüşlər. Görüşün məqsədi toya hazırlaşmaq, qızıl almaq olmuşdur. O, “Laçın” ticarət mərkəzində başqa qızıl bəyənmiş, həmin qızılın qiyməti 2500 manat təşkil etmişdir. Elnurun, yəni cavabdehin imkanı olmadığı üçün ona bildirmişdir ki, xalasıgildən borc alsın və o, həmin borcu avqust ayında mütləq qaytaracaqdır. Yolda xalası Rəfiqəyə zəng etmiş və ona demişdir ki, Elnur qızıl üçün 1000 manat borc istəyir. Bu telefon danışığını Elnur da eşitmiş, danışıq zamanı xalası ona demişdir ki, həyat yoldaşı gəldikdən sonra ona bu barədə məlumat verəcəkdir. Sonra Elnur demişdir ki, xalasından 500 manat da borc istəsin. Saat 17:00 radələrində xalası ona zəng edərək demişdir ki, birazdan gəlib pulu götürə bilərlər. O, “qaçıb” ailə qurduğu üçün xalasının evində onlarla görüşməmiş, görüş ona görə məhz Neftçilər parkında baş tutmuşdur. Həmin vaxt, Zakir əmi 1500 manat pulu Elnura vermiş, Elnur da həmin pulu götürərək 2-3 aya qaytaracağını söyləmişdir. Qızılları isə toya yaxın, yəni xx.xx.2024-cü il tarixdə almışlar. Çünki, xx.xx.2024-cü il tarixdə əmisi qızının toyu olmuş, həmin toy olan ərəfədə ona qızıllar alınmamışdır. İş materiallarına əlavə edilmiş pul vəsaitlərinin əks olunduğu fotoşəkili Elnurun çoxları borcları olduğuna və sübut qismində şəkil qalmasını istədiyinə görə çəkmişdir. Həmin fotoşəkili əvvəlcə xalasına, sonra xalasının ərinə atmışdır. Qızılı Elnur borcu aldıqdan 2-3 gün sonra alıb evə gətirmişdir. O, şəxsən qızılın alınmasında iştirak etməmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, iddiaçı onun əri, cavabdeh isə bacısının keçmiş kürəkənidir. xx.xx.2024-cü il tarixdə Könül ona zəng etmişdir ki, 1000 manat pul lazımdır. Arxa fondan Elnur demişdir ki, 1000 yox, 1500 manat lazımdır. Bundan sonra, Könül 1500 manat istəmişdir. O isə demişdir ki, Zakir işdən gəldikdən sonra onlara məlumat verəcəkdir. Zakir işdən gəldikdən sonra ona Könülün borc istəməsi barədə söyləmişdir. Könül həmin vaxt “qaçmış”dı və toya hazırlaşırdı. Ona görə də, bu təklifə yox deməmişlər. Həm də Könül dəfələrlə ondan əl borcu almış və vaxtında dəqiqliklə geri qaytarmışdır. Borcu verməyə o, əri ilə getmiş, Könül də Elnurla gəlmişdir. 1500 manatı Zakir Elnura vermişdir. Elnur da bu zaman söyləmişdir ki, həmin borcu avqust ayına qədər geri qaytaracaqdır. Elnur pulu qaytarmadığı üçün dəfələrlə onun atası ilə əlaqə saxlasalar da, Elnurun atası bildirmişdir ki, borcu Elnur yox, məhz özü qaytaracaqdır. Lakin, hələ də borc qaytarılmamışdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, iddiaçı onun keçmiş gəlininin xalasının əri, cavabdeh isə onun oğludur. Oğlu və keçmiş gəlini arasında toy mərasimi baş tutduqdan 3-4 gün sonra qızılların dəyərini “Laçın” ticarət mərkəzində işləyən Alxan adlı şəxsə ödəmişdir. Oğlunun cavabdehdən borca pul alıbalmaması ona məlum deyil. Bu hadisədən onun xəbəri yoxdur. Keçmiş gəlini bir müddət iddiaçının, yəni xalasının ərinin evində qaldığı üçün 1-2 dəfə onunla telefon əlaqəsi saxlamış, bu barədə hal-əhval tutmuşdur. Lakin, iddiaçı ilə aralarında başqa söhbət olmamışdır. İş materiallarına əlavə edilən sənədlər və onlar əsasında təsdiq edilən faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən X4 ünvanlanmış xx.xx.2025ci il tarixli, 3-3-120/2-019834/2025 nömrəli cavab məktubundan müəyyən olunur ki, Cavabdeh tərəfindən 1500 manat məbləğində borcun qaytarılmaması və buna görə həmin şəxs barəsində tədbir görülməsi barədə müraciət qeydə alınaraq öyrənilmiş, müraciətdə qaldırılan məsələnin hərbi prokurorluğun səlahiyyətinə aid olmaması bildirilmiş və müraciətdə qeyd edilən məsələ ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmənin sorğusuna Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-543/2-6816/75 nömrəli cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində Neftçilər parkında yerləşən 10 TŞ 154 nömrəli təhlükəsizlik kamerasında 28-29 may 2024-cü il, saat 15:00-20:00 tarixi üzrə qeydə alınmış görüntülər mövcud olmadığından təqdim edilməsi mümkün olmamışdır. xx.xx.2025-ci il tarixli, **********07 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları Tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə 1500 manat məbləğində pul vəsaiti vermiş, lakin müqavilə üzrə verilmiş pul vəsaiti geri qaytarılmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə qarşı qaldırdığı iddia tələbi 2 hissədən – 1) şifahi borc müqaviləsi üzrə verilmiş pul vəsaitinin geri qaytarılması və 2) vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsindən ibarətdir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış, iddiaçı cavabdehin toy mərasimində istifadə edilməsi nəzərdə tutulan qızıl-zinət əşyalarının əldə edilməsi üçün 1500 manat məbləğində pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə həmin pul vəsaitini əldə edərək 3 ay müddətində geri qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə uyğun olaraq iddiaçı öz üzərinə müəyyən olunmuş və borc məbləğinin cavabdehə verilməsindən ibarət öhdəliyini vaxtında və lazımı qaydada yerinə yetirmiş, lakin cavabdeh borc məbləğinin tərəflər arasında şifahi razılaşma əsasında müəyyənləşdirilmiş müddət ərzində tam həcmdə geri qaytarılmasından ibarət öhdəliyini icra etməmiş, bununla da öhdəliklərin icrası zamanı vicdanlılığa riayət etməmiş, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməmişdir. Tərəflər arasında şifahi borc müqaviləsinin bağlanıb-bağlanmaması mübahisəli olsa da, məhkəmə baxış iclasında iddiaçı tərəfindən müvafiq vəsatəti əsasında şahid qismində dindirilmiş şəxslər həmin müqavilənin bağlanması faktını öz ifadələri ilə təsdiq etmişlər. Həmin ifadələrin mötəbər sübut növü kimi qəbul edilərək yoxlanılması və qiymətləndirilməsi ilə bağlı hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki mühakimə icraatı haqqında qanunvericilik şahid ifadələrini tərəflərin tələb və etirazlarını əsaslandıran, eləcə də iş üçün əhəmiyyətli olan halların mövcudluğunu müəyyən edən məlumat (sübut) qismində tanıyır. Şahid ifadələrinin yoxlanılması və qiymətləndirilməsi sübuetmə predmetinə daxil olan fakt və halları təsdiq edən digər sübutlarla yanaşı həyata keçirilməli, tərəflərin təqdim etdiyi digər sübutlarla qarşılıqlı əlaqədə və vəhdətdə yoxlanılmalıdır. Məhkəmə iddiaçı tərəfin müvafiq vəsatəti əsasında məhkəmə baxış iclasında dindirilən şahidlərin məhkəməyə bildirdikləri ifadələrə tənqidi yanaşmasa da, şahidlərdən birinin iddiaçının arvadı, digərinin isə cavabdehin keçmiş arvadı olması, həmin ifadələrin mötəbərliyi ilə bağlı ilk baxışdan məhkəmədə şübhə doğurur. Hər iki şahidin iddiaçının vəsatəti əsasında dindirilmiş olması, cavabdehin keçmiş arvadı ilə sonuncu arasında ailə münasibətlərinin kəskin pozulmasından irəli gələn mənfi xarakterli münasibətlərin mövcudluğu hər iki şahidin iddiaçının mənafeyi baxımından ifadə vermələrini istisna etmir. Məhz bu məqamda sübutların hər birinin aidlik, mümkünlük və mötəbərlik, bütün sübutların məcmusunun isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilməsindən ibarət vacib vəzifənin mövcudluğu məsələsi ortaya çıxır. Yəni, iş üzrə qanuni və əsaslı nəticəyə gəlinməsi üçün 1) işdə bir yox, bir neçə sübut olmalı, 2) həmin sübutlar bir-biri ilə qarşılıqlı əlaqədə və vəhdətdə olmalı, 3) sübutların heç birinin mötəbərliyi şübhə doğurmamalıdır. Bununla belə, məhkəmə prosesi gedişində yalnız iddiaçı tərəfin deyil, cavabdeh tərəfin də vəsatəti əsasında onun atası şahid qismində dindirilmiş və ona məlum olan halları məhkəmənin diqqətinə çatdırmışdır. Cavabdehin atası, oğlu, yəni cavabdehlə iddiaçı arasında hər hansı borc müqaviləsinin bağlanmasından məlumatsız olduğunu, iddiaçının bir neçə dəfə onun iş yerinə gələrək hal-əhval tutmasını, bundan əlavə bir neçə dəfə mobil telefon əlaqəsi saxlamasını bildirmiş, iddiaçı ilə aralarında ailə münasibətləri, məişət xarakterli məsələlərdən kənar söhbət aparılmadığını təkidlə qeyd etmişdir. Lakin, məhkəməyə təqdim edilmiş 01 ədəd maddi daşıyıcıya daxil edilən səs yazısının tədqiqindən aydın olur ki, iddiaçı cavabdehin ona da borcu olduğunu cavabdehin atasına bildirdikdə, sonuncu “mən neyləməliyəm? özü bilər” ifadələrindən istifadə etməklə, borcun mövcudluğunu mübahisələndirməmiş, haqlı olaraq məsuliyyəti öz üzərindən atmışdır. Həmçinin, həmin maddi daşıyıcıya daxil edilən səs yazısının məzmunu aşağıdakı formada ifadə edilir: İddiaçı – “Elnuru da işdən çıxaracaqlar”. Şahid (X3) – “Cəhənnəmə çıxarsınlar, qoy tutsunlar”. İddiaçı – “İkincisi, mənim özümədir borcu. Allahın, quranın adı haqqı. Elnurun özünün xəbəri yoxdur. General Əlinin qohumudur. Hələ dillənmir, dinmir”. Şahid – “Ay qardaş, tutduracaqsınız, tutdurun. Mən nağarım?”. İddiaçı – “Qardaş, indi mən də sənə deyirəm. El var, oba var. Deyirdin qohum belə, əqraba belə, ata belə, nəsil belə. Bu sözləri deyirdin. İndi bəs bu nəslin içində necə yaşamaq olacaq?”. İddiaçı – “Özü bilər, qoy getsin. Mən neyləməliyəm?”. Bundan əlavə, xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən cavabdeh həmin maddi daşıyıcının bilavasitə məhkəmə baxış iclasında təqdiqi zamanı məhkəmənin suallarına cavab olaraq səs yazısının həqiqətən də atasına məxsus olması faktını təsdiq etmişdir (xx.xx.2026-cı il tarixli məhkəmə baxış iclasının video-audio yazısının 7:57 – 08:01-ci dəqiqələri). Lakin, cavabdeh həmin səs yazısında bəhs edilən danışıqların məhz kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi nəticəsində yaranmış borcla bağlı olduğunu bildirmiş və iddiaya etiraz etmişdir. Halbuki, iddiaçı və cavabdeh arasında yaranmış qarşılıqlı münasibətlər iddiaçının cavabdehin atası ilə hər hansı kredit borcuna görə danışıq aparmasını, həmin borcun geri qaytarılmasını tələb etməsini istisna edir. Yəni, iddiaçının kreditor qismində çıxış etmədiyi öhdəlik hüquq münasibətləri üzrə cavabdehin bu və ya digər kredit təşkilatına qalıq borcunun geri qaytarılmasını məhz iddiaçının tələb etməsi ağlabatan mühakimə baxımından məqbul hesab edilmir. İşin qeyd edilən halı da bir daha təsdiq edir ki, tərəflər arasında həqiqətən də şifahi borc müqaviləsi bağlanmış, cavabdeh öz öhdəliyini icra etmədiyi üçün iddiaçı mübahisənin məhkəmədən kənar həllinə cəhdlər etmiş, lakin bu baş tutmamışdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilən cavabdehin atası iddiaçı və oğlu arasında hər hansı borc müqaviləsinin bağlanmamısını, iddiaçı ilə aralarında borcla bağlı hər hansı danışıq olmadığını bildirsə də, işin məhkəmə tərəfindən müəyyən edilən halları müvafiq dəlilləri təkzib etməyə kifayət qədər əsas verir. Qeyd edilənlər əsasında artıq belə bir nəticə (qənəat) hasil olur ki, həqiqətən də proses tərəfləri arasında şifahi borc müqaviləsi bağlanmış, istehlak məqsədləri üçün cavabdehə verilmiş borc məbləği iddiaçıya qaytarılmamış, bu məqsədlə bir neçə dəfə iddiaçı və cavabdehin atası arasında danışıqlar aparılsa da, mübahisənin məhkəmədən kənar qaydada həlli istiqamətində atılmış addımlar heç bir nəticə verməmişdir. Göründüyü kimi, iddiaçı cavabdehə şifahi borc müqaviləsi əsasında 1500 manat məbləğində pul vəsaitini verməsini və həmin borcun bu günədək qaytarılmadığını mümkün sübutetmə vasitələrindən istifadə etməklə sübuta yetirmişdir. Belə olan halda, şifahi borc müqaviləsi üzrə qaytarılmayan 1500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin İİ hissəsinə, yəni vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsinə dair hissəyə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə təmin edilməməlidir. İddiaçı iddia tələbində cavabdehin mobil telefon əlaqəsi zamanı ona və arvadına qarşı nalayiq ifadələr işlətdiyini bildirsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli, 20 nömrəli qərarına əsasən, şəxsiyyət (qeyri-əmlak) hüquqları – şəxsə anadangəlmə və ya qanunla mənsub olan, iqtisadi dəyəri olmayan, şəxsiyyəti ilə bağlı olmaqla ayrıla, özgəninkiləşdirilə və ya hər hansı başqa üsulla ötürülə bilməyən hüquq və azadlıqlardır. Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.). Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. Mənəvi zərərə görə kompensasiya hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Nəzərə alınmalıdır ki, fiziki şəxsin həm şəxsiyyət, həm də əmlak hüquqlarının pozulması mənəvi zərərə səbəb olmaqla, bu hüquqların pozulmasında təqsirli olan şəxslərin vurulmuş zərərə görə mülki-hüquqi məsuliyyətinin labüdlüyünü şərtləndirir. Baxılan iş üzrə iddiaçı konkret olaraq bu və ya digər şəxsiyyət (qeyri-əmlak) və ya əmlak hüquqlarının pozulmasına istinad etməmiş, ümumi formada cavabdehin ona və arvadına qarşı nalayiq ifadələr işlətdiyini bildirmişdir. Halbuki, bu və ya digər fiziki şəxsə qarşı nalayiq ifadələrin işlədilməsi bir neçə şəxsiyyət hüququnun (şərəf, ləyaqət və s.) pozulmasına səbəb ola bilər ki, pozuntuya məruz qalan hüququn düzgün formada təsbit edilməməsi, həmin hüququn müdafiəsini də qeyri-mümkün edir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə (1500 manat) mütənasib olan 35 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə təqdim edilmiş sübutların hər birinin aidlik, mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1500 manat məbləğində pul vəsaiti və 35 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat məbləğində pul vəsaiti və 35 (otuz beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-4481/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4481/2025
16.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver