Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4505/2021 22.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə 25000 manat və mənəvi zərərə görə 10000 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o cavabdehlərin mübahisəli mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 mart 2013-cü il tarixli 2(010)-1029/2013 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanından Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 çıxarılması, İddiaçı həmin ünvana köçürülməsi və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 başqa yaşayış yeri ilə təmin edilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə həvalə edilməsi qət edilmişdir. Məhkəmənin 12 mart 2013-cü il tarixli 2(010)-1029/2013 saylı qətnaməsi qanuni qüvvəyə minməsinə baxmayaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mənzili boşaltmamışlar. Ona məxsus olan mənzil cavabdehlər tərəfindən boşaldılmadığından ailəsi ilə birlikdə Ramana qəsəbəsində 250 manata kirayə qalmağa məcbur olmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, ünvan 1 ünvanında yerləşən mənzili 1 otaqlıdır və həmin ərazilərdə 1 otaqlıların 250-300 manat arasında kirayəyə verilir. Göründüyü kimi cavabdehlərin qanunsuz əməllərindən o mülkiyyətindən istifadə edə bilmir, mülkiyyətinə sahiblik edə bilmir. Hal-hazırda onun maddi imkanı aşağıdır. Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh1 Qobu qəsəbəsində yaşayış evi təklif olunsa da, Cavabdeh1 həmin yaşayış evindən imtina etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil oğlu iddia tələbini müdafiə edərək bildirmişdir ki, ünvan 1 ünvanı İddiaçı məxsusdur. İddiaçı Cavabdeh1 və onun ailə üzvlərinin həmin mənzildə bu vaxta kimi yaşamasına etiraz etməmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 mart 2013-cü il tarixli 2(010)-1029/2013 saylı qətnaməsi ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 başqa yaşayış yeri ilə təmin edilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə həvalə edilməsi qət edilsə də, həmin qətnamə icra edilməmişdir. Hal-hazırda Cavabdeh1 və onun uşaqlarının maddi durumu qənaətbəxşdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, məcburi köçkün olduqlarından o ailə üzvləri ilə birlikdə 17.04.1993-cü il tarixdə ünvan 1 ünvanında yerləşən mənzildə məskunlaşmışlar. Həmin vaxtdan ailə üzvləri ilə birlikdə o mənzildə yaşamışdır. Sonradan iddiaçı onların mübahisəli mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 mart 2013cü il tarixli 2(010)-1029/2013 saylı qətnamə ilə iddia təmin edilmiş, onun və ailə üzvlərinin ünvan 1 ünvanından çıxarılması, İddiaçı həmin ünvana köçürülməsi və onların başqa yaşayış yeri ilə təmin edilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə həvalə edilməsi qət edilmişdir. O başqa yaşayış sahəsi ilə təmin olunması üçün Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə dəfələrlə müraciət etmişdir. Ona Ramana qəsəbəsində tikilən mənzillə təmin olunacağını bildirmişlər. Lakin ikinci Qarabağ müharibəsi bitdikdən sonra ona bildirmişlər ki, Ramana qəsəbəsində məcburi köçkünlərə verilməsi nəzərdə tutulmuş mənzillər artıq şəhid ailələrinə verilmişdir. Onun bir oğlu da şəhid olduğundan ona və ailə üzvlərinə Ramana qəsəbəsində mənzil veriləcəyini bildirmişlər. Ona dövlət tərəfindən başqa yaşayış sahəsi verilən kimi ünvan 1 ünvanında yerləşən mənzili boşaldacaqdır. Odur ki, iddianın təmin olunmamasını xahiş etmişdir. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 mart 2013-cü il tarixli 2(010)-1029/2013 saylı qətnaməsindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 çıxarılması, İddiaçı həmin ünvana köçürülməsi və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 başqa yaşayış yeri ilə təmin edilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Avropa Məhkəməsinin “Fətullayev Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi 22.04.2010-cu il tarixli qərarının 183-cü bəndində qeyd edilmişdir: “Məhkəmə qeyd edir ki, Məhkəmə Reqlamentinin 60-cı Qaydasına əsasən, əvəzin ədalətli ödənilməsi üçün irəli sürülən bütün tələblər tərkib elementləri üzrə ətraflı bölünməklə, müvafiq təsdiqedici sənədlərlə və ya ödəniş qəbzləri ilə birlikdə təqdim edilməlidir, belə olmadıqda məhkəmə tələbi bütünlüklə və ya qismən rədd edə bilər.”. Məhkəmə iddianın maddi ziyanın tutulması hissəsinə münasibətdə hesab edir ki, maddi ziyanın nədən ibarət olması, iddiaçının pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər və ya həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) barəsində sübut təqdim olunmadığından iddia həmin hissədə təmin oluna bilməz. İddiaçının mənəvi zərərin əvəzi kimi pul tələb etməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir: “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən qərarın 8-ci bəndində göstərilir “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”. İddiaçı cavabdehlərin qeyri-hüquqi hərəkəti nəticəsində mənəvi əzab çəkməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdehlər tərəfindən iddiaçıya zərər vuran hər hansı qeyri-hüquqi hərəkət və yaxud hərəkətsizlik etməsi sübut olunmadığından mənəvi zərər barədə tələb də istisna olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23.02.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə iclasında iddiaçının və onun nümayəndəsinin, cavabdehin izahatları, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı məxsusdur. Cavabdeh1 öz ailəsi ilə birlikdə 1993-cü il aprel ayından həmin mənzildə məskunlaşmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 mart 2013-cü il tarixli 2(010)-1029/2013 saylı qətnaməsi ilə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından Cavabdeh1nın, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 çıxarılması, İddiaçı həmin ünvana köçürülməsi və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 başqa yaşayış yeri ilə təmin edilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər məcburi köçkün statusuna malikdir və öz iradə və arzularına əsasən yaşayış yerlərini tərk etməmişlər. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 mart 2013-cü il tarixli qətnaməsi ilə cavabdehlərin mübahisəli mənzildən çıxarılması və onların başqa yaşayış yeri ilə təmin olunması Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, 2013-cü ildən hal-hazıra kimi cavabdehlər dövlət qurumu tərəfindən başqa yaşayış yeri ilə təmin olunmadıqlarından mənzildən çıxmamaları ilə bağlı olaraq iddiaçı qarşısında maddi və mənəvi məsuliyyət daşıya bilməzlər. Bundan başqa iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin hərəkət və hərəkətsizliyini mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mötəbər sübutlar təqdim olunmadığından İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-4505/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4505/2021
22.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver