Məhkəmə qərarları › İş №2(010)-4532/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4532/2021

30.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4532/2021 30.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçıya dəymiş zərərin əvəzi olaraq 52880 ABŞ dolları və mənəvi zərərə görə 10000 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyati üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinə dair məlumatlardan və iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı özü ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İddia ərizəsində cavabdehin qeydiyyat ünvanı Naxçıvan MR, ünvan 2əsi, Südçülük Sovxozu kimi göstərilmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsini cavabdehin faktiki yaşayış ünvanı üzrə Suraxanı rayon məhkəməsinə təqdim etmişdir. Hazırda iddiaçının cavabdehə qarşı iddia ərizəsində irəli sürdüyü iddia tələbi – maddi və mənəvi zərərin ödənilməsi tələbidir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Eyni Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İş materiallarından müəyyən olunmuşdur ki, cavabdehin rəsmi qeydiyyatı Naxçıvan MR, Sədərək rayonu, Qaraağac kəndidir. Belə ki, mülki iş icraata götürülməmişdən əvvəl onun ərazi adiyyətinin müəyyən edilməsi, cavabdeh şəxsin məhkəmə iclasına çağrılması və sənədlərin surətlərinin göndərilməsi üçün əvvəlcədən rəsmi qeydiyyatı, Azərbaycan Respublikasında yaşayış yeri və axırıncı yaşayış yeri, cavabdehin əmlakının olduğu yer barədə məlumat olmalıdır. Bundan əlavə Mülki Prosesual Məcəllənin 149.1.-ci tələbinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; Həmin Məcəllənin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 9.2.-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3.-cu maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Belə olan halda iddiaçı hazırki iddia ərizəsini məhkəməyə təqdim edirkən məhz MPM-nin 35.1-ci maddəsinin tələbinə zidd olaraq, iddiasını cavabdehin qeydiyyatda olduğu ünvan üzrə deyil, onun faktiki yaşayış yeri üzrə vermişdir. Halbuki hazırkı iddia cavabdehin rəsmi ünvanı üzrə verilməlidir. Hazırda məhkəməyə təqdim edilmiş iddia ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən cavabdehin rəsmi olaraq Bakı şəhəri Suraxanı rayonunun ərazisində qeydiyyatda olmasına (yerləşməsinə) dair heç bir hal müəyyən edilməmişdir. Əksinə Cavabdeh qeydiyyatda olduğu ünvanı Naxçıvan MR, Sədərək rayonu, Qaraağac kəndidir və bu hal Suraxanı rayon Məhkəməsinin elektron sistemindən cavabdehə aid şəxsiyyət vəsiqəsi məlumatlarından çıxarışdan da təsdiqlənir və görünür ki, cavabdeh Elyasov X1 MR, Sədərək rayonu, Qaraağac kəndində qeydiyyatdadır. Odur ki, iddia ərizəsi MPM-nin yuxarıda göstərilən tələblərini pozmaqla məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 152.1.3, 152.2 - 152.4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizədə olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə cavabdehə qarşı iddia ərizəsində göstərdiyi tələblə ərazi aidiyyati üzrə müvafiq rayon məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar