Məhkəmə qərarları › İş №2(010)-461/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-461/2024

18.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-461/2024 18.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 qarşı “payların naturada müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 qarşı “payların naturada müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, yeni Suraxanı qəsəbəsi, Cavabdeh3 küçəsi, 30 ünvanda yerləşən fərdi yaşayış evindən payına düşən ona aid ümumi sahəsi 71,48 kv.m olan 3 otaqlı “N” tikilisinin və həmin tikilinin yerləşdiyi 0,08 ha (həyətyanı və tikintialtı) torpaq sahəsinin naturada ayrılıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq iş üzrə cavabdehlər məhkəməyə gəlmədiklərindən işə qiyabi icraatda baxılmasına etiraz etmədiyini bildirmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qəraradadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 341 saylı sərəncamına əsasən Cavabdeh1 Bakı şəhəri, yeni Suraxanı qəsəbəsi, Cavabdeh3 küçəsi, 30 saylı evin özünə məxsus hissəsində yaşayış evinin tikintisinə icazə verilmiş, Cavabdeh1 həmin yaşayış evini Bakı şəhəri 10 saylı Notariat kontorunda bağlanılmış xx.xx.2007-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi əsasında İddiaçı satmış, xx.xx.2007-ci ildə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmin yaşayış evinin iddiaçıya məxsus “N” tikilisi və yerləşdiyi 0,08 ha torpaq sahəsi 4 tərəfdən hasara alınmaqla ayrıca giriş-çıxışı mövcud olmasına baxmayaraq, 30 saylı fərdi yaşayış evi ilə birgə paylı mülkiyyət kimi göstərilmişdir. Digər tikililər isə 18 hissəyə bölünməklə qohumlar arasında vərəsəlik və bağışlama müqavilələri əsasında bölünmüşdür. İddiaçı həmin əmlakdan payına düşən hissədə yaxşılaşdırma işləri aparmaq istədiyini qeyd edir. Lakin, rəsmi sənəddə payına düşən hissə müəyyən olunmadığından, payının naturada dəqiq ayrılmasını istədiyindən hazırki iddia tələbilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Bakı şəhəri, yeni Suraxanı qəsəbəsi, Cavabdeh3 küçəsi, 30 ünvanda yerləşən fərdi yaşayış evinin ona aid “N” tikilisinin və həmin tikilinin yerləşdiyi 0,08 ha. torpaq (həyətyanı və tikintialtı) sahəsinin naturada ayrılaraq qarşılıqlı razılaşma əsasında 10 gün müddətində payların müəyyən edilməsi barədə paylı mülkiyyətçilərə rəsmi qaydada xx.xx.2023-cü il tarixli pretenziya göndərmişdir. Həmin pretenziyalar rəsmi qaydada sifarişli xəbərnaməli məktubla cavabdehlərə göndərilmişdir. Eləcə də cavabdehlərin rəsmi ünvanları barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə vəkil sorğusu verilməklə cavabdehlərin ünvanları müəyyən edilərək bu barədə arayışlar əldə edilmişdir. Keçən 2 aydan artıq müddət ərzində cavabdehlər onun pretenziyasına əhəmiyyət verməmiş, fərdi yaşayış evinin naturada bölgüsü ilə bağlı fikir bildirməmişlər. İddiaçı məhz bundan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirir. Qeyd edir ki, yaşayış evinin ona məxsus hissəsi 2007-ci ildən hazıki vaxtadək daşdan ayrıca hasara alınmış və ona məxsus hissədə Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 341 saylı sərəncamına əsasən tikilmiş və ona satılmışdır. İddiaçı hazırda öz payını ayırmaq və daşınmaz əmlakın dövlət reyestri xidmətindən evinə ayrıca ünvan almaq istədiyini bildirir. İddiaçı qeyd edir ki, hazırki iddia ilə bağlı 100 manat dövlət rüsumu ödəmişdir, iddiası təmin oluncağı təqdirdə həmin rüsumun cavabdehlər tərəfindən geri ödənilməsini tələb etməmişdir. Yenidən bildirir ki, ona məxsus “N” tikilisi və onun yerləşdiyi 0,08 ha torpaq sahəsi digər paylı mülkiyyətçilərə məxsus yaşayış sahəsindən ayrıca yerləşməsinə və ayrıca sərəncamla 2007-ci ildə inşa edilməsinə baxmayaraq, daşınmaz əmlakda eyni yaşayış evi qismində qeydə alınmışdır. Ona məxsus “N” tikilsi və həmin tikilinin yerləşdiyi (həyətyanı və tikintialtı) 0,08 ha torpaq sahəsinin digər şəxslərə münasibətdə naturada ayrılması məhz məhkəmə tərəfindən gələcəkdə keçiriləcək ekspertiza ilə də tam müəyyən etmək olar. Ona məxsus tikili ayrıca kommunal xidmətlərlə tam təmin edilmişdir və digər yaşayış sakinləri ilə heç bir bağlılığı yoxdur. Yəni, ona məxsus hissə ayrıca hasar içərisində yerləşməklə zatən bölünmüşdür. Lakin, cavabdehlərin bölgü sxemi tərtib etməməsi nəticəsində məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, ekspert rəyi də məhkəməyə daxil olmuşdur. Qeyd edilir ki, torpaq sənədləşdirilməyib. Onlar onsuz da mülkiyyət hüququnun tanınmasını istəmədiklərini, həmin sahənin ayrılmasını istədiklərini, həmin sahənin dövlət tərəfindən əvəzsiz verildiyini, sənədləşməsinin qeyri-mümkün olduğunu bildirmişdir. O, bildirir ki, mütəxəssislər gəlib ölçmüşdür, iddiaçının istifadəsində 0,08 ha sahənin olması müəyyən edilmişdir. Hazırki mərhələdə mübahisə olmadığını, gələcəkdə hər hansı problemin yaranmasını nəzərə alaraq, qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. İş materialları. xx.xx.2007-ci il tarixli, AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, satıcı Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi ünvanında yerləşən 30 nömrəli fərdi yaşayış evində ona məxsus ümumi sahəsi 71,48 kv.m., yaşayış sahəsi 46,8 kv.m., köməkçi sahəsi 24.68 kv.m olan 3 otaqlı «N» tikilisini alıcının, yəni İddiaçı mülkiyyətinə verir. Qalan 2/18 hissə satıcının istifadəsində qalır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli Çıxarışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsində istifadədə olan 0.07358 ha torpaq sahəsində yerləşən 3 ədəd 1 mərtəbəli, 8 otaqlı, 166.1 kv.m yaşayış, 151.98 kv.m köməkçi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı "N" tikilisi, Cavabdeh8 1/18 hissə, Cavabdeh4 2/18 hissə, Cavabdeh9 1/18 hissə, Cavabdeh1 2/18 hissə, Cavabdeh6 3/18 hissə, X2 3/18 hissə, Cavabdeh7 3/18 hissə, Cavabdeh5 1/18 hissə, Cavabdeh3 1/18 hissə, Cavabdeh2 1/18 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 741 nömrəli vərəqində qeydiyyata alınmışdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin bölgü sxemindən görünür ki, İddiaçı məxsus "N" yaşayış evi 0.08 ha torpaq sahəsi (Dövlət; istifadə) üzərində yerləşir. Həmin tikiliyə küçədən ayrı giriş-çıxış var. Bakı Şəhər (Rayon) 10 saylı (Dövlət) Notariat Kontoru tərəfindən xx.xx.2007-ci il tarixli 4Ə/1-130 saylı notariat işindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi, ev 30-da yerləşən «N» tikilisinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı Bakı şəhəri, yeni Suraxanı qəsəbəsi, Cavabdeh3 küçəsi, 30 ünvanda yerləşən fərdi yaşayış evinin ona aid “N” tikilisinin və həmin tikilinin yerləşdiyi 0,08 ha torpaq (həyətyanı və tikintialtı) sahəsinin naturada ayrılaraq qarşılıqlı razılaşma əsasında 10 gün müddətində payların müəyyən edilməsi barədə paylı mülkiyyətçilərə rəsmi qaydada məlumat vermişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 1 saylı Baki Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********58 saylı rəydən görünür ki: Cavab 1: ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi texniki pasporta əsasən istifadədə olan torpaq sahəsi 0.21924 ha olsa da, faktiki olaraq 0.2615 ha təşkil edir. İddiaçı istifadəsində olan 0.08 ha torpaq sahəsi və mülkiyyətində olan “N” literli tikilisi həmin torpaq sahəsinin daxilində yerləşir (üst-üstə düşür). Cavabdehlərə məxsus “A” və “B” literli fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələri İddiaçı məxsus “N” literli tikilisinin yerləşdiyi torpaq sahəsinin qonşuluğunda yerləşir. Həmin sahələrin bir-birinə giriş-çıxışı yoxdur. Torpaq sahələri arasında hasar mövcuddur. Sözügedən hasar X=417839.572, Y=4475852.685 və X=417849.107, Y=4475818.462 koordinatlar üzrə yerləşir. İddiaçı məxsus 0.08 ha sahədə yerləşən “N” literli tikilisinə küçədən ayrı giriş-çıxışı var. Cavabdehlərə məxsus “A” və “B” literli fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinin küçəyə ayrı giriş-çıxışı var. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/5319 saylı rəydən görünür ki: Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Quliyev Elnurun mütəxəssis rəyində qeyd edilir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi texniki pasporta əsasən istifadədə olan torpaq sahəsi 0.21924 ha olsa da, faktiki olaraq 0.2615 ha təşkil edir. İddiaçı istifadəsində olan 0.08 ha torpaq sahəsi və mülkiyyətində ola “N” literli tikilisi həmin torpaq sahəsinin daxilində yerləşir (üst-üstə düşür). Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Quliyev Elnurun mütəxəssis rəyində qeyd edilir ki, cavabdehlərə məxsus “A” və “B” literli fərdi yaşayış evinin hissələri yerləşdiyi torpaq sahələri İddiaçı məxsus “N” tikilisi yerləşdiyi torpaq sahəsinin qonşuluğunda yerləşir. Həmin sahələrin bir-birinə giriş-çıxışı yoxdur. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Quliyev Elnurun mütəxəssis rəyində qeyd edilir ki, torpaq sahələri arasında hasar mövcuddur. Sözügedən hasar X=417839.572, y=4475852.685 və Y=4475818.462 koordinatlar üzrə yerləşir. Qərardadın 4-cü sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Quliyev Elnurun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı məxsus 0.08 ha yerləşən “N” tikilisinə küçədən ayrı giriş-çıxışı var. Qərardadın 5-ci sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə müəyyən edilir ki, cavabdehlərə məxsus “A” və sahəsinin küçəyə ayrı giriş-çıxışı var. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair 25 sentyabr 2024-cü il tarixli bildirişdən görünür ki, iş üzrə aparılmış tikinti-texniki obyektlərin tədqiqi ilə bağlı ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.... Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər... 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.... 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.... Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... Maddə 238. Qiyabi icraatın əsasları 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.2. İşdə bir neçə cavabdeh iştirak etdikdə, məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə qiyabi icraat qaydasında baxılması mümkündür. 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilən hallardan görünür ki, xx.xx.2007-ci il tarixli, AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə İddiaçı Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi ünvanında yerləşən 30 nömrəli fərdi yaşayış evində ona məxsus ümumi sahəsi 71,48 kv.m., yaşayış sahəsi 46,8 kv.m., köməkçi sahəsi 24.68 kv.m olan 3 otaqlı «N» tikilisini almışdır. AR DƏDRX Hüquqları Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2007-ci il tarixli Çıxarışına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsində olan 30 nömrəli fərdi yaşayış evinə aid olan "N" tikilisi İddiaçı mülkiyyətindədir, digər tikililər isə digər paylı mülkiyyətçilərə məxsusdur. Çıxarışa əsasən evlərin yerləşdiyi torpaq sahəsinin həmin şəxslərə mülkiyyət hüququ ilə deyil, istifadələrinə verildiyi görünür. İddiaçı “payların naturada müəyyən edilməsi” tələbi ilə Bakı şəhəri, yeni Suraxanı qəsəbəsi, Cavabdeh3 küçəsi, 30 ünvanda yerləşən fərdi yaşayış evindən payına düşən ona aid ümumi sahəsi 71,48 kv.m olan 3 otaqlı “N” tikilisinin naturada ayrılıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3cü maddəsinə əsasən, İddiaçı tələbi haqlı hesab olunur. Belə ki, həmin maddədə nəzərdə tutulub ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Eyni zamanda, iş materiallarında olan mütəxəssis və ekspert rəyinə əsasən, cavabdehlərə məxsus “A” və “B” literli fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələri İddiaçı məxsus “N” literli tikilisinin yerləşdiyi torpaq sahəsinin qonşuluğunda yerləşir, həmin sahələrin bir-birinə giriş-çıxışı yoxdur, torpaq sahələri arasında hasar mövcuddur, “N” literli tikilisinə küçədən ayrı giriş-çıxışı var və cavabdehlərə məxsus “A” və “B” literli fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinin küçəyə ayrı giriş-çıxışı vardır. Belə olan halda, məhkəmə hesab edir ki, Bakı şəhəri, yeni Suraxanı qəsəbəsi, Cavabdeh3 küçəsi, 30 ünvanda yerləşən fərdi yaşayış evində yerləşən “N” tikilisinin naturada ayrılıb iddiaçıya verilməsi mümkündür və buna görə bu hissədə iddia tələbi təmin olunmalıdır. İddia tələbinin digər hissəsində isə, yəni “N” tikilisinin yerləşdiyi 0,08 ha (həyətyanı və tikintialtı) torpaq sahəsinin naturada ayrılıb iddiaçıya verilməsi hissəsində məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, torpaq sahəsi tərəflərin mülkiyyətində deyil, dövlət mülkiyyətində olmaqla, tərəflərin istifadəsinə verilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, dövlətin mülkiyyətində olan və tərəflərin yalnız istifadəsinə verilmiş torpaq sahəsi hazırki qətnamə ilə bölünə bilməz. Əks halda, tərəflərin həmin torpaq sahəsinə olmayan hüquqlar tanınmış olar. Nəzərə alınmalıdır ki, paylı mülkiyyətçilərinin istifadəsində olan mübahisələndirən torpaq sahəsini bölmək, ayırmaq və ya özəlləşdirmək üçün, ilk növbədə, müvafiq dövlət orqanlarına müraciət olunmalıdır. Həmçinin, hazırki iddia tələbi üzrə cavabdehlərə qarşı bu tələb irəli sürülməməlidir, çünki həmin torpaq sahəsi paylı mülkiyyət kimi bölünə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin olunmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri, yeni Suraxanı qəsəbəsi, Cavabdeh3 küçəsi, 30 ünvanda yerləşən fərdi yaşayış evindən iddiaçının payına düşən ona aid ümumi sahəsi 71,48 kv.m olan 3 otaqlı “N” tikilisi naturada ayrılıb İddiaçı verilməlidir. Məhkəmə xərcləri. Yuxarıda göstərilmiş mülki prosessual qanunvericiliyinin tələblərinə əsasən, iş üzrə aparılmış ekspertiza tədqiqatının 50 manat həcmində xərc iddiaçıya aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 244, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri, yeni Suraxanı qəsəbəsi, Cavabdeh3 küçəsi, 30 ünvanda yerləşən fərdi yaşayış evindən iddiaçının payına düşən ona aid ümumi sahəsi 71,48 kv.m olan 3 otaqlı “N” tikilisi naturada ayrılıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizasının dəyəri qismində 50 manat İddiaçı alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ34CTRE******************** (VÖEN: **********, Məhkəmə Ekspertiza Mərkəzi; X1, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3). Cavabdeh qiyabi qətnaməni aldıqdan sonar 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar