Məhkəmə qərarları › İş №2(010)-4704/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4704/2022

22.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4704/2022 22.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1 və Cavabdeh6 qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1 və Cavabdeh6 qarşı istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi daxil olmuşdur. İddiaçı öz tələbini əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu,Hövsan qəsəbəsi , Dənizkənarı küçəsi 78 saylı ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış seriya MA №0025085, **********32-10301 nömrəli reystr onun adına olmaqla, şəxsi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 həmin mənzildə formal olaraq qeydiyyatdadırlar. O, mənzilin sahibi kimi öz mülkiyyət hüquqlarını rahat həyata keçirə bilmir. Odur ki, ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu,Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi 78 saylı evdə qeydiyyatda olan Cavabdeh1,Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu maddəsinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən hesab edirəm ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə əqd notarial qaydada təsdiq edilərkən cavabdehlər tərəfindən verilmiş razılıq mənzilin dövlət reyestrində qeydiyyata alındığı andan onlar üçün hüquqi nəticələr yaratmışdır. Başqa sözlə, X4 daşınmaz əmlakın dövlət reyestrində mənzilə dair öz adına olan qeydiyyat yazısını ləğv edib, əşyanın mülkiyyətini iddiaçıya keçirməklə, həmin mənzil üzərindəki mülkiyyət hüququnu (habelə onun tərkib hissəsi olan evdən istifadə hüququnu) itirmiş, İddiaçı isə mənzilin mülkiyyətini qeyri şərtsiz (yüklülükdən azad) əldə etməklə cavabdehlərin həmin mənzilə dair istifadə hüquqlarını (bu hüquq mövcüd olsa belə) aradan qaldırmışdır. Daha aydın ifadə etsək, yüklülükdən azad şəkildə mənzili əldə etmiş mülkiyyətçi yenidən məhkəmə qaydasında əldə etdiyi əşyanın yüklülükdən azad olunmasını (üçüncü şəxslərin istifadə hüququnun itirilməsi) təsbit etməli deyildir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirəm ki, yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi haqqında müqavilə notariat kontorunda bağlanarkən həmin ünvanda qeydiyyatda olan bütün ailə üzvlərinin razılığının alınması müqavilə tərəflərinin deyil, əqdi təsdiq edən notariausun vəzifəsidir. Mübahisə olduğu halda iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında göstəlirir ki, “Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Buna görə də belə qənaətə gəlirəm ki, hazırkı iddia ərizəsinə məhkəmədə baxılmalı deyil və ona görə də iddia ərizənini qəbul etməkdən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1. maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilməmişdir. İddiaçıya izah edilsin ki, mülkiyyətində olan mənzildən cavabdehlərin qeydiyyatdan çıxarılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, inzibati orqan tərəfindən imtina edildikdə, onların həmin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin həmin orqanın üzərinə qoyulması barədə Bakı İnzibati Məhkəməsinə iddia tələbi ilə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1 və Cavabdeh6 qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya izah edilsin ki, mülkiyyətində olan mənzildən cavabdehlərin qeydiyyatdan çıxarılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, inzibati orqan tərəfindən imtina edildikdə, onların həmin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin həmin orqanın üzərinə qoyulması barədə Bakı İnzibati Məhkəməsinə iddia tələbi ilə müraciət etməlidir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar