Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4857/2021 15.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli, 2(010)-4857/2021 saylı qərardadından Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh1 direktoru Cavabdeh2 tərəfindən ona vurulan 285000 (iki yüz səksən beş min) manat məbləğində maddi ziyanın, 30000 (otuz min) manat məbləğində əldən çıxmış fayda formasında ziyanın və 10000 (on min) manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək məhkəmədən ona vurulan 285000 (iki yüz səksən beş min) manat məbləğində maddi ziyanın, 30000 (otuz min) manat məbləğində əldən çıxmış fayda formasında ziyanın və 10000 (on min) manat məbləğində mənəvi zərərin cavabdehlər Cavabdeh1 və Cəmiyyətin direktoru Cavabdeh2 tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Daha sonra, Cavabdeh1 tərəfindən “işin kommersiya məhkəməsinə göndərilməsi” barədə vəsatətlə məhkəməyə müraciət edilərək məhkəmədən işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli, 2(010)-4857/2021 saylı qərardadına əsasən cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Hazırda Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkili) Vəkil4 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsi və vəsatətin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki: “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-cü maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir (maddə 24.1). Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olara müəyyən edilir (maddə 24.2). MPM-in 25-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır (maddə 25.1). Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar (maddə 25.2). MPM-in 26-cı maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (maddə 26.1). Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar (maddə 26.2) Qeyd olunan mülki prosessual hüquq normalarının mənasından da göründüyü kimi mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Hazırki işin başlanmasına əsas olmuş iddia ərizəsində İddiaçı özünü fiziki şəxs kimi qeyd etsə də “İnternet Vergi İdarəsi” internet saytından görünür ki, o, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi vergi uçotuna alınmış vergi ödəyicisidir (VÖEN **********). Onun ilk dəfə məhkəməyə təqdim etdiyi iddia ərizəsində Cavabdeh2 cavabdeh kimi məhz Cavabdeh1 MMC-nin direktoru olaraq göstərilmişdir. İddiaçı ilk dəfə verdiyi iddia ərizəsinin məzmunundan, həmçinin həmin ərizəyə əlavə edilmiş ittiham aktının məzmunundan müəyyən edilir ki, fərdi sahibkar olan İddiaçı onunla kommersiya fəaliyyətini həyata keçirən Cavabdeh1 MMC arasında bağlanmış qeyriyaşayış sahəsinə dair icarə müqaviləsi əsasında Cavabdeh1 Ticarət Mərkəzində yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürmüş və fiziki şəxs olaraq sahibkarlıq fəaliyyətini həyata keçirmiş, istilik sistemləri və avadanlıqların satışı ilə məşğul olmuş və gəlir götürmüşdür. İddiaçı iddia etmişdir ki, Cavabdeh1 Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində ona 285000 manat məbləğində maddi zərər, 10000 manat mənəvi zərər, 30000 manat da əldən çıxmış fayda şəklində zərər vurulmuşdur və bu zərər fərdi sahibkar olan İddiaçı və Cavabdeh1 MMC-nin direktoru kimi Cavabdeh2 tutulmalıdır. Başqa sözlə desək, fərdi sahibkar olan İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış icarə müqaviləsi əsasında Ticarət Mərkəzində fəaliyyət göstərən iddiaçı baş vermiş yanğın nəticəsində ona vurulduğunu iddia etdiyi zərərin əvəzinin ödənilməsini tələb edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli, 10 nömrəli Qərarında qeyd olunur ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (bənd 13). Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır (bənd 14). Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir (bənd 15). Göründüyü kimi tərəflər arasındakı mövcud mübahisə fərdi sahibkar olan İddiaçı və kommersiya fəaliyyətini həyata keçirən hüquqi şəxs Cavabdeh1 MMC arasında bağlanmış icarə müqaviləsi əsasında iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlsə də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi bu hala lazımi diqqət yetirməmiş, kommersiya mübahisəsini mülki mübahisə kimi qiymətləndirərək iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarına əməl etməməklə, bununla bağlı mülki prosessual qanunvericiliyin tələblərini pozmaqla icraata qəbul etmiş və səlahiyyəti olmadığı halda işə mahiyyəti üzrə baxmağa başlamışdır. Daha sonra, İddiaçı “iddia ərizəsinə əlavə” təqdim edərək, ərizədə cavabdehlərin sayını artırmış, tələblərini kommersiya fəaliyyətini həyata keçirən Cavabdeh1 MMC-nin vəzifəli şəxsi, yəni direktoru Cavabdeh2la yanaşı, həm də Cavabdeh1 MMC-yə qarşı da irəli sürmüşdür. Belə halda da müəyyən edilir ki, tərəflər arasında mövcud mübahisə fərdi sahibkar olan İddiaçı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn mübahisədir. Bu səbəbdən də hesab edirik ki, bu mübahisəyə dair işə kommersiya məhkəməsində baxılmalıdır. Çünki MPM-in 24-26-cı maddələrinin tələblərinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi isə yuxarıda göstərilənləri diqqətə almamış, işin məhkəmə aidiyyətini düzgün müəyyən etməmiş, işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə almamış, tərəflər arasındakı mövcud mübahisəni mülki mübahisə kimi qəbul edərək, ümumi məhkəmə qismində işə baxır. Başqa sözlə desək, hazırda hazırkı işə səlahiyyəti olmayan məhkəmə tərəfindən baxılır. İddiaçı ilk dəfə verdiyi iddia ərizəsində cavabdeh kimi Cavabdeh1 MMC-nin vəzifəli şəxsi kimi direktor olaraq Cavabdeh2 göstərmişdir. Yəni iddia tələbi cavabdeh qismində göstərilmiş Cavabdeh2 qarşı məhz hüquqi şəxs olan Cavabdeh1 MMC-nin qanuni təmsilçisi kimi irəli sürülmüşdür. Lakin iddia ərizəsini icraata qəbul etmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi bu hala da diqqət yetirməmiş, iddia ərizəsini icraata qəbul etdikdən sonra da işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etməmişdir”. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, ilk növbədə, şikayət artıq məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edilmiş vəsatətlə eyni arqumentlərlə əsaslandırılmışdır. Bu səbəbdən məhkəmə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli, 2(010)-4857/2021 saylı qərardadındakı hüquqi mövqeyi təkrarlayaraq qeyd edir ki, nə İddiaçı, nə də Cavabdeh1 MMC-nin sahibkarlıq fəaliyyəti subyektləri olması, eləcə də bu iki şəxs arasında yaranmış ilkin münasibətlərin sahibkarlıq fəaliyyətindən doğması mübahisəsizdir. Lakin bu o demək deyil ki, onlar arasındakı istənilən mübahisə bu mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmadan birbaşa kommersiya mübahisəsi kimi qiymətləndirilməlidir. Hazırkı iş üzrə mübahisənin predmetindən və hüquq münasibətlərinin xarakterindən görünür ki, mübahisə Cavabdeh1 MMC-nin yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş işçisi tərəfindən bu qaydalara riayət edilməməsi nəticəsində baş vermiş yanğına görə iddiaçıya dəymiş zərərin ödənilməsi ilə bağlıdır. Yəni, mübahisə deliktdən irəli gəlmişdir. Belə olan halda mübahisənin ümumi, yoxsa kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi üçün neqativ nəticənin yaranma səbəbinin tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirməsindən irəli gəlib-gəlməməsi aydınlaşdırılmalıdır. Mübahisənin mahiyyətindən görünür ki, neqativ nəticə sahibkarlıq fəaliyyəti subyekti kimi iddiaçıya məxsus obyektdə olan malların yanması nəticəsində ona zərər dəyməsidir. Bu neqativ nəticənin yaranmasına səbəb isə Cavabdeh1 MMC-nin yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi üzrə məsul əməkdaşının bu qaydalara düzgün riayət etməməsi nəticəsində baş vermiş yanğın hadisəsidir (Həmin şəxsin təqsirli bilinməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığından məhkəmə bu qeyd edilənləri işin mübahisəsiz halı kimi yox, məhz “mübahisənin mahiyyəti” kimi qiymətləndirir və nəzərə alır ki, aidiyyətin müəyyən edilməsi üçün də məhz mübahisənin mahiyyətinə qiymət verilməlidir). Beləliklə, məhkəmə mübahisənin məhz kommersiya xarakterli mübahisə olduğu nəticəsinə gəlmək üçün müəyyən etməlidir ki, baş vermiş yanğın hadisəsi ya Cavabdeh1 MMC-nin təklikdə, ya da Cavabdeh1 MMC və İddiaçı qarşılıqlı sahibkarlıq fəaliyyətindən irəli gəlmişdir. Halbuki, artıq yuxarıda qeyd edildiyi kimi hadisə sahibkarlıq fəaliyyəti subyekti kimi Cavabdeh1 MMC-nin (yaxud onun məsul işçisinin) məhz sahibkarlıq fəaliyyəti gedişində yol verdiyi təqsirli pozuntuya görə yox, tamamilə başqa səbəbdən – yanğın təhlükəsizliyi qaydalarına düzgün riayət edilməməsi səbəbindən baş vermişdir. Başqa sözlə, məsələn, MMC-nin daxilində MMC ilə bağlanılmış icarə müqaviləsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı icarə müqaviləsinə əsasən bütün öhdəliklərini lazımınca icra etdiyi halda Cavabdeh1 MMC-nin (yaxud onun səlahiyyətli nümayəndəsinin) məhz sahibkarlıq fəaliyyətindən irəli gələn təqsirli pozuntusu nəticəsində iddiaçıya zərər dəysə idi, bu halda tərəflər arasındakı mübahisə kommersiya mübahisəsi xarakteri ala bilərdi. Lakin hazırkı işdə sahibkarlıq fəaliyyəti subyekti olan iddiaçıya dəymiş zərər Cavabdeh1 MMC-nin sahibkarlıq fəaliyyətindən irəli gələn təqsirli pozuntusuna görə yox, onun yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsinə görə yaranmışdır. Yəni, Cavabdeh1 MMC sahibkarlıq fəaliyyəti subyekti yox, istənilən növ hüquqi şəxs olsa idi və yanğın təhlükəsizliyi qaydalarına eyni qaydada riayət edilməsə idi həmin yanğın hadisəsi baş verəcəkdi. Bir sözlə, baş vermiş yanğın hadisəsinin Cavabdeh1 MMC-nin sahibkarlıq fəaliyyəti subyekti kimi fəaliyyətinə aidiyyəti yoxdur. Göründüyü kimi, işlərin ümumi və kommersiya aidiyyəti müəyyən edilərkən əsas və həlledici meyar tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasıdır. Yəni mübahisə üzrə bütün tərəflər sahibkarlıq fəaliyyəti subyekti olsa belə mübahisə mahiyyət etibarilə sahibkarlıq fəaliyyəti ilə bağlı deyildirsə, işə kommersiya məhkəməsində baxıla bilməz. Məhkəmə həmçinin, kommersiya mübahisəsinin, daha sonra sahibkarlıq fəaliyyətinin mahiyyətinin qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsində deyilir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Sahibkarlıq fəaliyyətinin anlayışı isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsində və “Sahibkarlıq fəaliyyəti haqqında “Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində verilmişdir. Mülki Məcəllənin müvafiq maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında “Azərbaycan Respublikasının Qanunun müvafiq maddəsində isə buna bənzər olaraq qeyd edilir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Yəni, hazırkı mübahisənin kommersiya mübahisəsi hesab edilə bilməsi üçün mübahisənin yaranmasına əsas olmuş münasibətlərin iki qarşı tərəfin hər ikisinin yuxarıda qeyd edilmiş sahibkarlıq fəaliyyətinin anlayışına uyğun gələn fəaliyyətindən qaynaqlanmış olması zəruridir. Bu zaman nəzərə alınmalıdır ki, cavabdehlərin birinin, yaxud ikisinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının iş üçün əhəmiyyəti yoxdur. Eyni zamanda, qarşı tərəflərdən hər ikisi sahibkarlıq fəaliyyəti subyekti olmuş olsa belə, aralarında yaranmış mübahisənin kommersiya mübahisəsi kimi qəbul edilə bilməsi üçün mübahisə onların hər ikisinin birlikdə, yaxud ayrı-ayrılıqda göstərdiyi sahibkarlıq fəaliyyətindən törənməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisə kommersiya mübahisəsi deyil. Məhkəmə bu cür nəticəyə gələrkən, eyni zamanda, vəsatətdə də istinad edilmiş “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli, 10 nömrəli Qərarına da istinad edilməsini zəruri hesab edir. Belə ki, həmin Qərarın ardıcıl olaraq 12-13-14-cü bəndlərində qeyd edilir ki: “Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır”. Digər tərəfdən, nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdeh kimi yalnız müstəqil sahibkarlıq fəaliyyəti subyekti olmayan Cavabdeh2 göstərmişdir. İş aidiyyət qaydalarına riayət etməklə məhkəmənin icraatına qəbul edildikdən sonra iddiaçı tərəfindən iddia ərizəsinə əlavə verilərək sahibkarlıq fəaliyyəti subyekti olan Cavabdeh1 MMC iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Bu baxımdan Cavabdeh1 MMC-nin işə cavabdeh kimi daxil olması ilə işin aidiyyəti dəyişmiş olsa belə (hansı ki, məhkəmə bununla razılaşmır) işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli qərardadına işə ümumi məhkəmədə baxılmalı olması ilə bağlı gəlinmiş nəticə düzgün olmuşdur və qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 269.1-ci maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. 269.2-ci mаddəsinə əsаsən, şikаyət əsаslıdırsа, hаkim qərаrdаdı dəyişdirir və yа ləğv edir və mübаhisəyə bаxılmаsı üçün tərəflərlə birlikdə sоnrаkı prоsessuаl hərəkətləri yerinə yetirir. 403-1.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. 403-1.2-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. 403-1.5-ci maddəsinə əsasən, şikayətin surəti birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını kassasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdırlar. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli, 2(010)-4857/2021 saylı qərardadından Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, şikayətin surəti 7 gün ərzində işdə iştirak edən şəxslərə göndərilməli, onların hər birinə şikayətin surəti rəsmi qaydada verildikdən sonra 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını kassasiya instansiyası məhkəməsinə göndərmək hüquqları izah edilməli, bundan sonra mülki iş məhkəmə aidiyyəti ilə bağlı mübahisəyə kassasiya qaydasında bаxılmаsı üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və MPM-in 32.5, 263-264, 403-1 maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli, 2(010)-4857/2021 saylı qərardadından Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkili) Vəkil4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayətin surəti 7 gün ərzində tərəflərə göndərilsin. Tərəflərə izah edilsin ki, şikayətin surəti rəsmi qaydada verildikdən sonra 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını kassasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdırlar. Tərəflərin etiraz və izahat verməsi üçün 5 gün müddət bitdikdən sonra mülki iş məhkəmə aidiyyəti ilə bağlı mübahisəyə kassasiya qaydasında bаxılmаsı üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Hаkim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4857/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4857/2021
15.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver