Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4863/2021 11.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçının nümayəndəsi X6 və Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh1 və Cavabdeh2 1600 manat məbləğində verilmiş sığorta ödənişinin və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 03 avqust 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığortalanmış “Mercedes Benz E200” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 26 dekabr 2020-ci il tarixdə Abşeron rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 tərəfindən idarə olunan “NAZ Lifan” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Abşeron DYPŞ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliiyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənə avtomobilinin zədələnməsi ilə bağlı 2500 manat məbləğində sığorta ödənişi verilmişdir. “Mercedes Benz E200” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olduğundan, avtomobil etibarnamə olmadan Cavabdeh2 tərəfindən idarə edildiyindən zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh2 iddiaçı tərəfindən sığorta olunan avtomobili etibarnamə olmadan idarə etdiyinə görə hazırda həm ondan, həm də avtomobilin mülkiyyətçisindən sığorta şirkəti tərəfindən zərərçəkmişə ödənilmiş pul subroqasiya qaydasında tələb olunur. Əgər Cavabdeh2 etibarnaməsi olsa idi, sığorta şirkəti tərəfindən zərərçəkmişə ödənilmiş pul cavabdehlərdən subroqasiya qaydasında tələb edilməyəcəkdi. Yəni, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinin əsası Cavabdeh2 etibarnamə olmadan avtomobil idarə edərək yol nəqliyyat hadisəsi törətməsi, bunun nəticəsində başqa avtomobili vurması və həmin avtomobilə dəymiş ziyanın iddiaçı tərəfindən ödənilməsidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, 26.12.2020-ci il tarixdə arvadı Cavabdeh1 adına olan avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, buna görə inzibati qaydada cərimə edilmişdir. Həmin avtomobil birgə nikahları dövründə əldə edildiyindən avtomobil arvadının adına olsa da onların ümumi birgə mülkiyyətindədir. Bu səbəbdən həmin avtomobili idarə etmək üçün heç vaxt etibarnamə almamış, hazırkı vaxta qədər də heç bir yol polisi ondan avtomobili idarə etmək üçün etibarnamə tələb etməmiş, avtomobil həmişə ümumi mülkiyyətlərində olan avtomobil kimi qəbul edilmiş, bunun üçün nikah haqqında şəhadətnaməni və arvadının adına olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etmək kifayət etmişdir. Lakin hazırda iddiaçı sığorta şirkəti arvadı ilə onun birgə mülkiyyətində olan avtomobili idarə etmək üçün etibarnamənin zəruri olduğunu bildirərək ödədiyi sığorta ödənişini geri tələb edir. Hesab edir ki, iddia əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh2 onun əridir. Onun yol nəqliyyat hadisəsi törətdiyi avtomobil isə rəsmi olaraq öz adına olsa da əri ilə birgə nikah dövründə əldə edildiyindən onların ümumi əmlakıdır. Elə bu səbəbdən də avtomobili idarə etmək üçün ərinə heç vaxt etibarnamə verməmiş, hazırkı tarixədək onlardan belə bir etibarnamə heç vaxt tələb edilməmiş, yol polisləri də avtomobili ər-arvad kimi birgə nikah dövründə əldə edilmiş əmlak olaraq qəbul etmişlər. Bu səbəbdən hesab edir ki, iddia əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: "xxxx" ASC tərəfindən tərtib edilmiş 06.01.2021-ci il tarixli dəymiş ziyanın hesablanmasına dair aktın iddiaçı tərəfindən əsli ilə düzgünlüyü təsdiq edilmiş surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Naz Lifan” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə 1600 manat məbləğində ziyan dəymişdir. BDYPİ-nin kompüter sistemindən çıxarışdan görünür ki, “Mercedes Benz E200” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı avtomobil 13.03.2020-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir və avtomobili idarə etmək üçün verilmiş etibarnamə X14 oğluna verilmiş, etibarnamə 10.01.2023-cü il tarixədək qüvvədədir. 28.12.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın iddiaçı tərəfindən əsli ilə düzgünlüyü təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 26.12.2020-ci il tarixdə, saat 16:20-də Masazır kəndi, Ə.Vahid küçəsi ərazisində “Mercedes Benz E200” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, buna görə 40 manat məbləğində cərimə edilmişdir. “İcbari sığorta müqavilələrinə dair məlumat” sistemindən çıxarışın iddiaçı tərəfindən əsli ilə düzgünlüyü təsdiq edilmiş surətindən görünür ki, “Mercedes Benz E200” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı avtomobil 12 aylıq sığorta təminatı ilə 03.08.2021-ci il tarixli müqaviləyə əsasən sığortalanmışdır (Sığortaçı "xxxx" ASC; sığortalı Cavabdeh2). 12.01.2021-ci il tarixli, PGU-210064 nömrəli sığorta ödənişi ilə bağlın aktın iddiaçı tərəfindən əsli ilə düzgünlüyü təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən 26.12.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş “Naz Lifan” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə görə X1 1600 manat məbləğində sığorta ödənişi edilmişəsi müəyyən edilmişdir. 21.01.2021-ci il tarixli, 70788 nömrəli ödəniş tapşırığının iddiaçı tərəfindən əsli ilə düzgünlüyü təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 hesabına 1600 manat məbləğində ödəniş edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 14.11.2010-cu il tarixdə verilmiş AZ-İ 623166 nömrəli nikah haqqında şəhadətnamənin məhkəmə tərəfindən təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 və X3 arasında 14.11.2010-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1415 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh2 26.12.2020-ci il tarixdə Masazır kəndi, Ə.Vahid küçəsi ərazisində “Mercedes Benz E200” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, buna görə 40 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda, bu avtomobil iddiaçı "xxxx" ASC tərəfindən sığorta edilmiş olduğundan yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş digər avtomobilə iddiaçı tərəfindən 1600 manat məbləğində sığorta ödənişi edilmişdir. Digər Cavabdeh1 isə avtomobilin mülkiyyətçisi və eyni zamanda Cavabdeh2 arvadıdır. Elə bu səbəbdən, rəsmi nikahda olduqlarına və avtomobil nikah dövründə əldə edildiyinə görə onlar avtomobili birgə nikah dövründə əldə edilmiş əmlak hesab etmiş, Cavabdeh2 arvadının mülkiyyətində olan avtomobili idarə etmək üçün etibarnamə almamışdır. Lakin iddiaçı hesab etmişdir ki, Cavabdeh2 avtomobili idarə etməsi üçün etibarnaməsi olmalı idi. Odur ki, hazırda sığortaçı yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş avtomobilə görə ödənilmiş 1600 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında cavabdehlərdən tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnu yaradır. 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi, avtomobilin buna hüququ olmayan şəxs tərəfindən idarə edilməsi nəticəsində baş vermiş yol nəqliyyat hadisəsinə görə sığortaçının zərərçəkmiş avtomobilə ödənilmiş sığorta ödənişini subroqasiya qaydasında tələb etmək hüququ vardır. Lakin bunun üçün ilk növbədə avtomobilin həqiqətən “idarə etməyə hüququ olmayan şəxs tərəfindən” idarə edildiyi müəyyən edilməlidir. Hazırkı işdən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ər-arvaddır. Onların nikahı 14.11.2010-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 yol nəqliyyat hadisəsi törətdiyi avtomobil isə 13.03.2020-ci il tarixdən etibarən Cavabdeh1 mülkiyyətindədir. Deməli, avtomobil cavabdehlərin birgə nikahı dövründə əldə edilmişdir və onların ümumi mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Beləliklə, Cavabdeh2 arvadı ilə ümumi birgə mülkiyyətçisi olduğu avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 avtomobilin ümumi birgə mülkiyyətçisi olduğundan onun bu avtomobildən istifadə hüququ vardır və bunun üçün hər hansı etibarnaməyə ehtiyac yoxdur. Məhkəmə qeyd edir ki, məsələyə bu cür yanaşma ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasından irəli gəlir. Bu prezumpsiyaya əsasən, avtomobilin cavabdehlərin ümumi birgə mülkiyyəti kimi tanınmasına dair rəsmi sənəd olmasa da hər bir şəxs, eləcə də iddiaçı "xxxx" ASC həmin avtomobili cavabdehlərin ümumi birgə mülkiyyəti kimi qəbul etməli, avtomobil üzərində cavabdehlərin hər ikisinin mülkiyyət hüququnu, eləcə də bu hüququn tərkib hissəsi olan istifadə hüququnu tanımalıdır. Xüsusən, istifadə hüququnun tanınması mübahisəsiz olmalıdır. Çünki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33.3 və 33.4-cü maddələrində ümumi əmlak üzərində sərəncam hüququnun həyata keçirilməsi ilə bağlı digər tərəfin rəsmi razılığı tələb olunsa da istifadə hüququ ilə bağlı belə bir tələb yoxdur. Yəni, ər-arvad ümumi mülkiyyətlərində olan əmlakı ayrı-ayrılıqda istifadə etməkdə tam sərbəstdirlər və bu hüququ hər hansı etibarnamə almaqla, yaxud başqa qaydada rəsmi olaraq qeydiyyata aldırmağa ehtiyac yoxdur. Təsadüfi deyil ki, Cavabdeh2 həmin avtomobillə törətdiyi yol nəqliyyat hadisəsinə görə inzibati qaydada cərimə olunsa da o, yalnız İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə təqsirli bilinmişdir. Halbuki, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi İXM-in 332-ci maddəsində nəzərdə tutulmuş inzibati xətadır və Cavabdeh2 həmin maddədə nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə də təqsirli bilinə bilərdi. Lakin hazırkı işdə bu hal baş verməmişdir. Beləliklə, yol nəqliyyatında təhlükəsizliyə nəzarət edən orqan da bu avtomobil üzərində ümumi mülkiyyətçi kimi Cavabdeh2 istifadə hüququnu tanımışdır. Elə məhkəmə iclasında izahat verən cavabdeh də bildirmişdir ki, heç bir yoxlanışda yol polisi tərəfindən ondan etibarnamə tələb edilməmiş, nikah haqqında şəhadətnaməni və arvadının adına olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etmək kifayət etmişdir. Digər tərəfdən, iddiaçı "xxxx" ASC icbari sığorta müqaviləsini avtomobilin mülkiyyətçisi olan Cavabdeh1 ilə yox, onun əri Cavabdeh2 ilə bağlamış, müqavilə üzrə sığortalı kimi Cavabdeh2 tanımışdır. Halbuki, əgər iddiaçı "xxxx" ASC Cavabdeh2 etibarnamə olmadan avtomobil üzərində heç bir hüququnun olmadığını hesab etsə idi, onunla icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilərdi. Lakin "xxxx" ASC Cavabdeh2 avtomobili qanuni əsaslarla istismar edən şəxs kimi tanımış, onunla icbari sığorta müqaviləsi bağlamış, lakin yol nəqliyyat hadisəsi baş verdikdən sonra nədənsə onun bu avtomobil üzərində heç bir hüququ olmadığını iddia etmişdir. Halbuki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 53.2. Avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. 53.3. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh2 “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun məqsədləri baxımından “Mercedes Benz E200” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslarla istismar edən sahibidir. Bu faktı iddiaçı "xxxx" ASC də tanıyaraq onu sığortalı kimi qəbul edib icbari sığorta müqaviləsi bağlamışdır. Cavabdeh2 avtomobili idarə etməsinin qanuni əsasını isə artıq yuxarıda qeyd edildiyi kimi ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyası təşkil edir. Bu baxımdan iddiaçı "xxxx" ASC avtomobilin etibarnamə olmadan idarə edilməsi əsası ilə ödədiyi sığorta ödənişini cavabdehlərdən tələb edə bilməz. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır vəvtəmin edilməməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bundan başqa, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4863/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4863/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver