Məhkəmə qərarları › İş №2(010)-4899/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4899/2021

26.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4899/2021 26.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə, İddiaçı Əliqasım qızının Cavabdeh (onlayn şəkildə) iştirakı ilə, İddiaçı Əliqasım qızının Cavabdeh qarşı ailə başçısının ölümü ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 26 oktyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı Əliqasım qızı Cavabdeh qarşı ailə başçısının ölümü ilə əlaqədar zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən üç azyaşlı uşaqlarının-23 iyun 2008-ci il təvəllüdlü X4, 27 sentyabr 2010-cu il təvəllüdlü X3 və 19 mart 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 60.900 manat maddi, mənəvi zərərə görə 20.000 manat, 30 manat məbləğində isə ödənilən dövlət rüsumunun, cəmi 80.930 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 31 dekabr 2019-cu ildə əri X7 öz üstünlüyünü nümayiş etdirməklə onu xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə istintaqa məlum olmayan məmbədən əldə edib üzərində gəzdirdiyi bıçağı şalvarının cibindən çıxararaq sonuncuya çoxsaylı bıçaq zərbələri vuraraq sol bazunun kəsilmişdeşilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmanın əlamətlərinə aid, ölümlə birbaşa əlaqəsi olan döş qəfəsinin sol yan səthinin döş və qarın boşluğuna nüfuz edərək mədənin və diafraqmanın zədələnməsi ilə müşayət olunan 2 ədəd həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik deşilmiş-kəsilmiş yaralar yetirməklə onu xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmü ilə Cavabdeh Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdehin qəsdən ərini öldürməsi nəticəsində üç azyaşlı uşaqları ailə başçısını itirməyə görə maddi cəhətdən köməksiz qalıblar. Ölkə ərazisində yaşayış minimumunun məbləği uşaqlar üçün 175 manat müəyyən edilib. 2021-ci il üçün yaşayış minimumundan hesablansa 23 iyun 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10500 manat, 27 sentyabr 2010-cu il təvəlldülü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14700 manat, və 19 mart 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 35700 manat məbləğində vəsait tələb olunur. Cavabdehin cinayətkar əməli nəticəsində ailəsinə mənəvi zərər də dəyib. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı Əliqasım qızı iddia ərizəsini müdafiə edərək, ididanın məzmununa uyğun çıxış edib iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasına cəzaçəkmə müəssisəsindən onlayn şəkildə qoşulmuş Cavabdeh iddia tələbinə etiraz edərək onun mərhumu qəsdən öldürmədiyini, tələb edilən pulu cəzaçəkmə müəssisəsində olduğuna görə ödəyə bilməyəcəyini, nə onun, nə də ki valideynlərinin tələb edilən məbləği verməyə maddi imkanının olmadığını bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 1(101)-919/2020 saylı hökmü ilə Cavabdeh X8 xuliqanlıq niyyəti ilə qəsdən öldürməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.07.2021-ci il tarixli, 1-(103)- 243/2021 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 1(101)-919/2020 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. AZ-İ 385723 № li nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 ilə X9 30.01.2008-ci ildə nikah bağlamışlar, arvada Dövlətova soyadı verilmişdir. -Az-İİ 158765 № li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 23.06.2008-ci ildə anadan olmuşdur. X2, anası İddiaçı Əliqasım qızıdır. -Az-İİ 552008 № li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 27.08.2010-cu ildə anadan olmuşdur. X2, anası İddiaçı Əliqasım qızıdır. -Az-İİ 426107 № li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 19.02.2020-ci ildə anadan olmuşdur. X2, anası İddiaçı Əliqasım qızıdır. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh İddiaçı həyat yoldaşı İlkin Dövlətovu xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, bu əməlinə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 17 il müddətinə azadlıqdan məhrum edilmişdir. İddiaçının mərhumla nikahından üç azyaşlı uşağı vardır və onlardan Dövlətov Novruz mərhumun ölümündən sonra dünyaya gəlmişdir. İşin halları ilə müəyyən edilir ki, azyaşlılar hazırda analarının himayəsindədirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1121.1-ci maddəsinə əsasən aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır. Maddə-1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; Maddə-1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; Həmin Məcəllənin 1121.3-cü maddəsinə əsasən zərərin əvəzi yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək ödənilir. Mülki Məcəllənin 1122.1.-ci maddəsinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Maddi hüquq normalarının tələblərindən göründüyü kimi, iddiaçının cavabdehə qarşı ailə başçısının ölümü ilə əlaqədar zərərin əvəzinin tələb edilməsi hüququ yaranır. Məhkəmə, cavabdehin onun mərhumu qəsdən öldürməməsi, habelə cəzaçəkmə müəssisəsində olduğuna görə tələb edilən məbləği ödəyə bilməməsi barədə arqumentlərini iddia tələbinə münasibətdə əsaslı hesab etmir. Zərərin hansı qaydada tutulması ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1122.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü ilə əlaqədar şəxslərə təyin edilmiş pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. İşin hallarından müəyyən edilir ki, iddiaçının mərhum həyat yoldaşı qaynaqçı işləyirmiş, onun sabit əmək haqqısı və ya aylıq gəlirlərini müəyyən edəcək hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ziyan məbləği müəyyən edilərkən «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu nəzərə alınmalıdır. Həmin qanuna görə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Lakin, bununla bərabər nəzərə alınmalıdır ki, cavabdeh hazırda cəzaçəkmə məntəqəsindədir və məhkəmə aktına görə uzun müddət orada qalacaq. Ona görə də, məhkəmə tutulacaq ziyanın məbləğini müəyyən edərkən cavabdehin gəlir əldə edə bilmək imkanlarını nəzərə almalıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı”, “Tarıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” və s. qərarlarında qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Zərərin iddia tələbində göstərildiyi kimi birdəfəliyə tutulmasını məhkəmə əsaslı saymır. Belə ki, Mülki Məcəllənin 1125.1-ci maddəsinə görə zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. Göründüyü kimi, zərərin əvəzinin dirdəfəmliyə ödənilməsi yalnız üzrlü səbəblər olduqda və ən çoxu 3 illik müddət hesablanmaqla tutula bilər. Hazırkı işdə iddiaçı üzrlü səbəbi nədə ifadə etdiyini bildirməmişdir, ona görə də, məhkəmə ödənişlərin aylıq tutulmasını məqsədəuyğun hesab edir. Ziyanın aylıq ödənişlərlə tutulması məhkəmə qətnaməsinin icrasına nail olunması baxımından da məqsədəmüvafiqdir. Məhkəmə ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin miqdarını müəyyən etməklə, uşaqların ölənin sağlığında öz dolanacaqları üçün aldıqların və ya almaq hüququna malik olduqdarını nəzərə almaqla uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, o cümlədən normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququnun olmasını, uşaqların azyaşlı olmaqla gündəlik tələbatının artmasını, ölmüş şəxsin qeyri-müntəzəm gəlirə malik olduğunu, uşaqlar himayəsində olan şəxs, yeganə valideyni – İddiaçı Əliqasım qızının heç bir yerdə işləməməsini və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə cavabdeh Cavabdeh hər bir uşağın saxlanılması üçün hər ay 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manatın tutulmasını məqsədəmüvafiq hesab edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının tərəfdar çıxdığı BMT-nin Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsinə və 12.11.1989-cu il tarixli Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 3, 20 və 26-cı maddələrinə əsasən uşaqlar barəsində görülən bütün tədbirlərdə ilk növbədə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın rifahı üçün zəruri olan təminat, müdafiə və qayğı məqsədilə bütün qanunvericilik tədbirlərini həyata keçirir, hər bir uşağın sosial, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyıb Milli qanunvericiliklərində bu hüququn həyata keçirilməsi üçün lazımi tədbirlər görməlidirlər. İddia tələbinin mənəvi ziyan hissəsi ilə bağlı məhkəmə bildirir ki, tələb bu hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarilxli qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Mülki Məcəllənin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 14.2.6-cı maddəsi). Bu hüquq normasındakı “qanunvericilikdə nəzərdə tutulmasa da” ifadəsi isə bilavasitə Məcəllə ilə nəzərdə tutulmayan hallarda belə mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün əsas yaradır. Qeyd edilməlidir ki, qanunverici bəzi hallarda mənəvi ziyanın ödənilməsini xüsusi sahəvi qanunlarda nəzərdə tutur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqlarının istehsalçı (icraçı, satıcı) tərəfindən pozulduğu halda istehlakçıya dəyən mənəvi ziyanın günahkar tərəfindən ödənilməsini nəzərdə tutur. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 28.6-cı maddəsinə uyğun olaraq, nikahın etibarsız sayılması nəticəsində, ər (arvad) ona vurulmuş maddi və ya mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalar üzrə ödənilməsini tələb edə bilər. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, turist turizm məhsulunun pərakəndə alqı-satqı müqaviləsi şərtlərinin turoperator və ya turagent tərəfindən yerinə yetirilmədiyi hallarda ona dəymiş maddi və mənəvi zərərlərin əvəzinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilməsini tələb etmək hüququna malikdir. Lakin ictimai münasibətlərin çoxaspektliyi və zaman ilə bu münasibətlərin daha da mürəkkəbləşdiyi nəzərə alınarsa, mənəvi zərər yetirilə biləcək ictimai münasibətlərin dairəsinin və kompensasiyanın ödənilməsi əsaslarının qanunvericilik ilə tam əhatə olunması qeyri-mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Bundan başqa, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə mənəvi zərərin məbləği ilə isə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bu baxımdan məhkəmə iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları, maddi zərərin dəyməsini, zərərin əvəzinin könüllü deyil, məhkəməyə müraciət edilməklə ödənilməsini, bunun üçün sərf olunan müddəti nəzərə alaraq, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 5000 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edilmiş hissəsinə müvafiq olaraq iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Mübarı̇ z oğlundan İddiaçı Əlı̇ qasım qızının xeyrinə yetkinlik yaşına çatmayan 23.06.2008-ci il təvəllüdlü X4, 27.09.2010-cu il təvəllüdlü X5 və 19.03.2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi hər ay 300 manat məbləğində pul tutulsun. Cavabdeh Mübarı̇ z oğlundan mənəvi zərərə görə 5000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Əlı̇ qasım qızının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar