Məhkəmə qərarları › İş №2(010)-4943/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4943/2021

22.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4943/2021 22.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdehlər Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 və X4 etibarnamə üzrə nümayəndəsi (vəkili) X7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4 qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 1950 manat məbləğində zərərin əvəzi, X3 3900 manat məbləğində zərərin əvəzi, Cavabdeh2 7800 manat məbləğində zərərin əvəzi və Cavabdeh4 1950 manat məbləğində zərərin əvəzinin tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, 11 iyun 2021-ci il tarixdə iddiaçı ilə cavabdeh X8 arasında xidməti müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə 2 ədəd “Ninebot max g30” markalı elektrik skuteri (cihaz) 120 dəqiqəlik müddətində 34 manat məbləği müqabilində 11 iyun 2021-ci il tarixdə saat 18:20-də istifadəyə təhvil vermişdir. Lakin, cavabdeh X8 istifadə etdikdən sonra elektrin skuterlərinin iddiaçıya təhvil verdiyi zaman onun yararsız vəziyyətdə olduğunu aşkar etmişdir. Cavabdeh X8 təmir və cərimə pulunun ödənilməsi əvəzində elektrik skuterin özü tərəfindən təmir edilməsini və yararlı vəziyyətdə qaytarılmasını öz öhdəsinə götürmüşdür. Bununla bağlı iddiaçı vurulmuş zərərin ödənilməsi haqqında cavabdeh X5 pretenziya ərizəsi ilə müraciət etmiş, lakin hər hansı cavab olmamış və zərər ödənilməmişdir. Bundan əlavə, Cavabdeh2 ilə 18 iyul 2021-ci il tarixdə xidməti müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən, iddiaçı Cavabdeh2 60 dəqiqə müddətində 40 manat müqabilində 4 ədəd “Ninebot max G30” markalı elektrik skuterini təhvil vermiş, lakin, Cavabdeh2 elektrik skuterlərini yararsız vəziyyətə salaraq, cihazların yararlı vəziyyətdə iddiaçıya təhvil verməmişdir. Cavabdeh4 ilə 24 iyul 2021-ci il tarixdə xidməti müqavilə bağlamış, həmin müqaviləyə əsasən, iddiaçı Cavabdeh4 60 dəqiqə müddətində 10 manat müqabilində bir ədəd “Ninebot max G30E 11” markalı elektrik skuterini təhvil vermiş, lakin, Cavabdeh4 elektrik skuterini yararsız vəziyyətə salaraq, cihazı iddiaçıya təhvil vermişdir. Daha sonra digər Cavabdeh1 ilə isə 10 avqust 2021-ci il tarixdə xidməti müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən, iddiaçı Cavabdeh1 60 dəqiqə müddətində 20 manat müqabilində 02 ədəd “Ninebot max G30” markalı elektrik skuterini təhvil vermiş, lakin Cavabdeh1 elektrik skuterinin bir ədədini yararsız vəziyyətə salaraq, cihazı yararsız vəziyyətdə iddiaçıya təhvil vermişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən, “Ninebot max g30” markalı elektrik skuterinin dəyəri 1950 manat və “Ninebot max G30E 11” markalı elektrik skuteri isə 1950 manat təşkil edir. Qeyd olunanlara əsasən Cavabdeh1 və Cavabdeh4 hər birindən ayrı-ayrılıqda 1950 manat, Cavabdeh2 7800 manat və X3 isə 3900 manat miqdarında pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X4 etibarnamə üzrə nümayəndəsi (vəkili) X9 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı hazırki iddia tələbini irəli sürülməsinə subyektiv hüquqa malik-olmaması baxımından tərəflər arasında xidmət müqaviləsi imzalansa da, həmin müqavilə 11.06.2021-ci il tarixində saat 18:20-də imzalanmışdır və həmin müqavilə faktiki olaraq əmlakın kirayə müqaviləsi olsa da, xidmət müqaviləsi adı altında pərdələnmişdir. İddiaçı həmin əmlakların ona məxsus olduğunu və buna dair müqavilə tərtib edərək cavabdehlə razılığa gəlinməsinə dair xidmət müqaviləsi imzalasa da, həmin skuterlərin mülkiyyət hüququ əsasında ona məxsus olmasına dair zəruri sənədləri təqdim etməmiş, zəruri sənədləri təqdim edə bilməməsi səbəbindən əmlak kirayə müqaviləsi imzalamaqdan imtina etmiş və yalnız xidmət müqaviləsi imzalamışdır. Eyni zamanda hazırki iddia ərizəsində iddiaçı həmin əmlaklara münasibətdə sərəncam vermək hüququnun həyata keçirilməsi ilə bağlı sənədləri iş materiallarına əlavə etməmişdir. Bundan əlavə cavabdeh tərəfindən 3 ədəd skuter kirayə olunub, həmin skuterin yalnız birində problem yaranıb, lakin həmin skuteri geri qaytarmışdır. Hazırda isə iddiaçı iddia edir ki, guya həmin skuterlər ona qaytarılmayıb. Lakin iddiaçı skuterləri təhvil alsa da, bununla bağlı olaraq heç bir akt tərtib olunmayıb. Problem baş verən skuteri təmir etdirmək niyyəti olsa da, iddiaçı bundan imtina etmişdir. X3 3900 manat məbləğində zərərin tələb olunması absuddur. İddianın əsassız olduğu üçün rədd olunmasını xahiş etmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) X6 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində Cavabdeh2 münasibətdə 7800 manat məbləğində vəsaitin tutulmasını onunla əsaslandırmışdır ki, onun tərəfindən cavabdehin istifadəsinə verilmiş skuterlər yararsız hala salınmışdır. İddiaçının iddia etdiyi kimi skuterlərin yararsız hala salınması ilə bağlı zəruri olan sənədləri məhkəməyə təqdim etməmiş və eyni zamanda iddia ərizəsində öz iddia tələbini tam olaraq əsaslandıra bilməmişdir. Belə ki, dəymiş zərərin faktiki dəyərinin müəyyən edilməsi məqsədi ilə iddiaçı skuterlərə dəymiş zərərin məbləğini müəyyən edən faktiki sübutları məhkəməyə təqdim etməli halda, həmin sübutları məhkəməyə təqdim etməmiş və öz mülahizəsinə və ağırlaşdırıcı şərt olması səbəbindən etibarsız hesab olunamlı olan xidmət müqaviləsinin 1.1-ci bəndinə istinad itmişdir. Halbuki iddiaçı iddia etdiyi zərər məbləğinin yaranma əsasını, istifadəyə verilmiş skuterlərə dəymiş zərərin tam olaraq hansı detallarına münasibətdə mövcud olmasını, həmin detalların dəyişdirilib-dəyişdirilməməsinin mümkünlüyünü, həmin skuterlərin geri təhvil alınan zaman mövcud olan vəziyyətinə dair fotoşəkilləri, vurulmuş zərərlə bağlı tərtib edilmiş qüsur aktını və digər halları öz iddia ərizəsində əsaslandırmamış və buna dair heç bir zəruri sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə Cavabdeh2 tərəfindən götürülən həmin skuterlerin yalnız birində vilka yararsız vəziyyətə düşmüş və onun da xərci cəmi 50 manat təşkil edir. Hazırda buna görə skuterlərin dəyərinin tələb olunması əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin nümayəndələrinin (vəkilinin) izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan (işçi) İddiaçı ilə (ş/v) X8 arasında bağlanmış 11.06.2021-ci il tarixli Xidməti müqaviləsindən görünür ki, “Ninebot max g30” markalı Elektrik skuteri 120 dəqiqəlik müddətində 34 manat məbləğində istifadə üçün X1 18:20-də təhvil verilmişdir. İş materiallarında olan (işçi) İddiaçı ilə (ş/v) Cavabdeh2 arasında bağlanmış 18.07.2021-ci il tarixli Xidməti müqaviləsindən görünür ki, “Ninebot max G30” markalı Elektrik skuteri 60 dəqiqəlik müddətində 40 manat məbləğində istifadə üçün Cavabdeh2 saat 03:10-da təhvil verilmişdir. iş materiallarında olan (işçi) İddiaçı ilə (ş/v) Cavabdeh4 arasında bağlanmış 24.07.2021-ci il tarixli Xidməti müqaviləsindən görünür ki, “Ninebot max G30E İİ” markalı Elektrik skuteri 60 dəqiqəlik müddətində 10 manat məbləğində istifadə üçün Cavabdeh4 saat 01:20-də təhvil verilmişdir. iş materiallarında olan (işçi) İddiaçı ilə (ş/v) Cavabdeh1 arasında bağlanmış 10.08.2021-ci il tarixli Xidməti müqaviləsindən görünür ki, “Ninebot max G30” markalı Elektrik skuteri 60 dəqiqəlik müddətində 20 manat məbləğində istifadə üçün Cavabdeh1 saat 14:30-da təhvil verilmişdir. Həmin müqavilələrin 1-ci bəndinə əsasən xidmətdən istifadə edən götürdüyü skuterə tam cavabdehlik daşıyır. Cihazı cızdığı və zədələdiyi halda 500 manat cərimə ödəməlidir. Cihaz qırılsa(hansısa hissəsi xarab olsa) və ya sıradan çıxsa xidmətdən istifadə edən şəxs cihazın tam dəyərini tam dəyərini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23.02.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və tərəflərin verdikləri izahatlarla müəyyən olunmuşdur ki, İddiaçı müxtəlif tarixlərdə cavabdehlərlə xidmətdə istifadəyə verilən cihazı kirayə verərək xidməti müqavilə bağlamışdır. Cavabdeh X4 nümayəndəsinin verdiyi izahatlarla və təqdim etdiyi fotoşəkillərlə müəyyən olunur ki, cavabdeh tərəfindən istifadə olunan skuter zədələnmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsinin verdiyi izahatlarla və fotoşəkillərlə müəyyən olunur ki, cavabdeh tərəfindən istıfadə olunan skuter zədələnmişdir. Nə iddiaçı tərəf, nə də cavabdeh tərəf həmin skuterə dəymiş zərərin məbləği və həmin zərərin hansı qaydada aradan qaldırılması ilə bağlı sübut təqdim etməmişdir. İddiaçı tərəf isə skuterin qırılması və tamamilə sıradan çıxması ilə bağlı heç bir sübut təqdim etməmiş və skuterləri təhvil almadığını qeyd etmişdir. Digər cavabdehlərə münasibətdə isə iddiaçı skuterlərin hansı formada zədələnməsi və ya sıradan çıxması barədə heç bir sübut təqdim etməmiş və skuterlərin cavabdehlərdə olduğunu qeyd etmişdir. Beləliklə məhkəmə hesab edir ki, X8 və Cavabdeh2 tərəfindən bağlanmış xidmət müqaviləsi üzrə cihazın zədələnməsi halında 500 manat cərimə tutulması nəzərdə tutulduğundan cavabdehlərin hər birindən 500 manat və 30 manat dövlət rüsumu tutularaq iddiaçının hesabına ödənilməlidir. Qalan hissədə iddia tələbi təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdehlər X3 və Cavabdeh2 hər birindən 500 manat, cəmi 1000 (bir min) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar