Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5043/2021 13.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı SŞ ASC) Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 04.09.2015-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Daihatsu Terios” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı İddiaçı SŞ ASC tərəfindən həyata keçirilən 1262 manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı SŞ ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 04.09.2015-ci il tarixində Cavabdeh tərəfindən idarə edilən “Volksvagen Passat” markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən İddiaçı SŞ ASC-də könüllü sığorta müqaviləsi əsasında sığortalanmış “Daihatsu Terios” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin MYP 778762 nömrəli inzibati xəta haqqında protokolunda öz əksini tapmışdır. "xxxx" MMC-nin təqdim etdiyi 10.05.2016-cı il tarixli akta uyğun olaraq “Daihatsu Terios” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilə 6181 manat ziyan dəyməsi müəyyən edilmişdir. İddiaçı "xxxx" Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldırararaq avtomobilə dəymiş zərərlə bağlı 6181 manat sığorta ödənişini həyata keçirmişdir. Borclunun icbari sığorta şirkəti “Azsığorta” dəymiş zərərin 4919 manat vəsaitini İddiaçı Sığorta Şirkəti ASC-yə ödədiyi üçün Cavabdeh ödəməli olduğu zərərin məbləği 1262 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək bildirdi ki, İddiaçı SŞ ASC-də sığortalanmış və cavabdehin təqsiri nəticəsində zərərçəkmiş avtomobil bahalı olduğundan onun ehtiyat hissələri də bahalı olmuşdur. Həmçinin, avtomobil kasko sığorta olunduğundan köhnə ehtiyat hissələr təmir edilməmiş, yeni ehtiyat hissələri taxılmışdır. Bu səbəbdən dəymiş zərərin məbləği yüksək olmuşdur. Hansı ki, bu məbləği İddiaçı SŞ ASC yox, tamamilə başqa bir qiymətləndirici MMC müəyyən etmişdir. Belə ki, istənilən sığorta hadisəsində İddiaçı SŞ ASC tərəfindən vətəndaşa dəymiş zərərin məbləğini müəyyən etmək üçün qiymətləndiricini müstəqil seçmək hüququ verilir. Beləliklə, vətəndaş istəyinə uyğun olaraq, zərərin məbləğinin ya birbaşa İddiaçı SŞ ASC tərəfindən, ya da digər bir qiymətləndirici tərəfindən müəyyən edilməsinə nail ola bilər. Hazırkı işdə də zərərin məbləğini müstəqil qiymətləndirici müəyyən etmişdir. Bu mənada cavabdehin bu qiyməti mübahisələndirməsi əsassızdır. Qiymətləndirməni İddiaçı SŞ ASC həyata keçirsə idi, cavabdehin məbləğlə bağlı şübhələri başa düşülə bilərdi, lakin hazırda bu vəziyyət tam istisna edilməlidir. Baş vermiş yol nəqliyyat hadisəsinin üzərindən kifayət qədər uzun müddət keçdikdən sonra məhkəməyə müraciət edilməsinin səbəbi isə İddiaçı SŞ ASC-nin bu vaxta qədər daxili hüquq şöbəsinin olmaması və bu səbəbdən bütün hüquqi mübahisələrin həlli üçün başqa bir hüquq şirkəti ilə əməkdaşlıq edilməsidir. Lakin bu şirkət işlərin məhkəmə qaydasında mübahisələndirilməsinin gecikməsinə səbəb olmuşdur. Hazırda isə həmin şirkətdən bütün mübahisəli işlər bir-bir alınıb sənədləşdirilərək məhkəməyə müraciət edilir. Hər bir halda iddia müddəti ötmədiyindən cavabdeh bu əsasla iddianı mübahisələndirə bilməz. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, yol nəqliyyat hadisəsi 2015-ci ildə baş vermiş, 2016-cı ildə iddiaçı sığorta şirkəti tərəfindən ona bildirilmişdir ki, 1260 manat borcu var. Həmin vaxt o, gedib servisdən maraqlanmış, digər avtomobilə dəymiş zərərin bu qədər yüksək məbləğdə ola bilməyəcəyini müəyyən etmişdir. Bundan sonra, İddiaçı SŞ ASC-yə müraciət etmiş, ona məsələnin həll olduğunu, heç bir əlavə ödənişə ehtiyac olmadığını bildirmişlər. Aradan keçən altı il müddətində də bu məsələ ilə bağlı heç bir müraciət edilməmişdir. Halbuki, əgər İddiaçı SŞ ASC həmin vaxt məhkəməyə müraciət etsə idi, o da keçirilmiş qiymətləndirməni mübahisələndirərər, maşına dəymiş real zərərin məbləği ilə bağlı məhkəməyə sübut təqdim edə bilərdi. Hazırda isə bu imkandan məhrumdur. Hər bir halda iddianı qəbul etmir və əsassız olduğunu hesab edir. Əlavə etdi ki, o, hərbçi olduğundan məhkəmə iclaslarında iştirak etmək onun üçün çətindir. Odur ki, məhkəmədən növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: 11.05.2016-cı il tarixli, 026942 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC-yə məxsus və İddiaçı SŞ ASC-də sığortalanmış “Daihatsu Terios” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobil 04.09.2015-ci il tarixdə Bakı şəhəri, Aeroport yolunda “Volkswagen Passat” markalı, ** HU *** dövlət qeydiyyat nişanlı sığortalanmış avtomobillə toqquşmuş, "xxxx" MMC-nin təqdim etdiyi 10.05.2016-cı il tarixli, 0214 saylı hesaba uyğun olaraq zərər dəymiş avtomobilə görə 6181 manat məbləğində sığorta ödənişinin "xxxx" MMC-yə ödənilməsi qeyd edilmişdir. Həmçinin, sığorta aktının “yekun müddəalar” hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, bu ödəniş həyata keçiriləndən sonra sığortalı sığortalanmış avtonəqliyyat vasitəsinə dəyən zərər üzrə müvafiq sığorta müqaviləsində nəzərdə tutulmuş 100 manat məbləğində franşizanı (azadolma məbləğini) İddiaçı Sığorta Şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. 23.05.2016-cı il tarixli, 2656 nömrəli ödəniş tapşırığının iddiaçı tərəfindən təsdiq edilmiş surətindən görünür ki, İddiaçı SŞ ASC tərəfindən "xxxx" MMC-yə 6181 manat məbləğində sığorta ödənişi edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 10.05.2016-cı il tarixli qiymətləndirmə cədvəlindən görünür ki, avomobil ehtiyat hissələri və təmiri üçün 6181 manat məbləğində xərc müəyyən edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh 04.09.2015-ci il tarixdə Heydər Əliyev prospektində “Volkswagen Passat” minik markalı, ** HU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, İddiaçı SŞ ASC-də sığortalanmış “Daihatsu Terios” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin tarixdə qüvvədə olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, buna görə 40 manat məbləğində cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş avtomobil İddiaçı SŞ ASC sığortalanmış olduğundan İddiaçı SŞ ASC Sığortalıya ödədiyini iddia etdiyi 6181 manat məbləğində pulu subroqasiya qaydasında Cavabdeh tələb etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hazırkı işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh idarə etdiyi avtomobillə yol nəqliyyat hərəkəti qaydalarını pozaraq, yol nəqliyyat hadisəsi törətmiş, İddiaçı SŞ ASC tərəfindən sığortalanmış bir avtomobili vurmuş, baş vermiş hadisədə təqsirli bilinərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu halları cavabdeh də mübahisələndirməmişdir. Bununla belə məhkəmə iddia tələbi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yəni, faydalanan şəxsin hansı məbləğdə pul tələb etmək hüququ varsa, sığortaçıya da həmin məbləğdə pul tələb etmək hüququ keçir. Bu baxımdan hazırkı iddia o halda təmin edilə bilər ki, baş vermiş sığorta hadisəsinə görə faydalanan şəxsin zərər vuran şəxsdən 6181 manat məbləğində pul tələb etmək hüququnun olduğu mötəbər sübutlarla müəyyən edilsin. Bu məbləğ isə sığorta hadisəsindən zərərçəkmiş avtomobilə dəymiş ziyanın qiymətləndirilməsi ilə müəyyən edilir. Bu zərərin qiymətləndirilməsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 925.3.Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 925.4. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər. Hazırkı işdən görünür ki, sığorta hadisəsi nəticəsində zərər çəkmiş avtomobilə dəymiş zərərin miqdarı 10.05.2016-cı il tarixdə "xxxx" MMC tərəfindən 6181 manat məbləğində müəyyən edilmiş, İddiaçı SŞ ASC də məhz bu məbləğə istinad etmişdir. Məhkəmə isə bu qiymətləndirmə ilə razılaşmır. İlk növbədə, ona görə ki, sığorta hadisəsi 04.09.2015-ci il tarixdə baş versə də avtomobilə dəymiş zərər bundan səkkiz ay sonra hesablanmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 925.1-ci maddəsində bu zərərin müəyyən edilməsi üçün “mümkün olan ən qısa müddət”dən bəhs edilir. Göründüyü kimi, burada konkret müddət müyyən edilməsə də aydındır ki, səkkiz ay müddət heç bir halda “mümkün olan ən qısa müddət” kimi qəbul edilə bilməz. Bundan başqa, "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə cədvəlində yalnız müxtəlif avtomobil ehtiyat hissələri və təmir xərcləri qeyd edilmiş, bu ehtiyat hissə və təmir xərclərinin hansı avtomobil üçün müəyyən edildiyi, avtomobilin markası, dövlət qeydiyyat nişanı, modeli, bir sözlə hansı avtomobildən söhbət getdiyi barədə cədvəldə heç bir qeyd edilməmişdir. Digər tərəfdən, iddia ərizəsinə əlavə edilmiş, "xxxx" MMC tərəfindən hadisədən cəmi bir həftə sonra tərtib edilmiş aktda (hansı ki, digərindən fərqli olaraq, bu aktda zərər dəymiş avtomobilin markası və dövlət qeydiyyat nişanı qeyd edilmişdir) ehtiyat hissələr üçün qeyd edilən məbləğlər "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə cədvəlində eyni hissələr üçün müəyyən edilmiş məbləğlərdən əhəmiyyətli dərəcədə aşağıdır (Müqayisə üçün: çulok ("xxxx" MMC) – 2250 manat; çulok ("xxxx" MMC) – 1320 manat; sağ palos ("xxxx" MMC) – 750 manat; sağ palos ("xxxx" MMC) – 440 manat; mostun sağ qolu ("xxxx" MMC) – 264 manat; mostun sağ qolu ("xxxx" MMC) – 155 manat və s.). Bu hissədə qeyd edilməlidir ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş cədvəldə 24 adda ehtiyat hissə və təmir xərci müəyyən edilsə də "xxxx" MMC tərəfindən tərtib edilmiş aktda 8 adda xərc müəyyən edilmişdir. Həm bu, həm də aktın tərtibi baxımından məhkəmə "xxxx" MMC tərəfindən tərtib edilmiş aktın davamının növbəti vərəqdə olması və bu vərəqin iddia ərizəsinə əlavə edilməməsi ehtimalını istisna etmir, bununla belə nəzərə alır ki, akt məhkəməyə natamam formada təqdim edilibsə, bunun riskini cavabdeh yox, iddiaçı daşımalıdır. Hər bir halda "xxxx" MMC tərəfindən müəyyən edilmiş qiymətlərin "xxxx" MMC tərəfindən müəyyən edilmiş müvafiq qiymətlərdən aşağı olduğu aşkardır. Məhkəmə isə "xxxx" MMC tərəfindən müəyyən edilmiş qiymətləndirməni daha ağlabatan hesab edir. İlk növbədə, ona görə ki, artıq yuxarıda qeyd edildiyi kimi bu qiymətləndirmə baş vermiş hadisədən cəmi bir həftə sonra tərtib edilmişdir və məhkəmə hesab edir ki, bu müddət Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 925.1-ci ilə müəyyən edilmiş “mümkün olan ən qısa müddət” kimi (ən azından səkkiz ayla müqayisədə) qəbul ediləndir. Digər tərəfdən, "xxxx" MMC tərəfindən tərtib edilmiş aktda bu aktın nəyə görə (avtomobilin tam bərpası üçün lazım olan vəsaitin hesablanması), hansı avtomobillə (“Daihatsu Terios” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı) bağlı tərtib edildiyi açıq şəkildə qeyd edilmişdir. Belə olan halda məhkəmə bu aktda aparılan qiymətləndirməni əsaslı hesab edir. Bu aktdan isə görünür ki, avtomobilə dəymiş zərər 4180 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə təkrar qeyd edir ki, bu akt natamamdırsa və davamı varsa, bunu təqdim etmək iddiaçının vəzifəsi idi. Məhkəmə isə yalnız təqdim edilmiş sübutlar əsasında işə baxır. Bu baxımdan məhkəmə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Daihatsu Terios” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri 4180 manat məbləğində müəyyən edir. Bu halda isə İddiaçı SŞ ASC-nin subroqasiya qaydasında cavabdehdən əlavə pul tələb etməsi istisna edilməlidir, çünki, iddiaçı qəbul edir ki, cavabdehin idarə etdiyi avtomobilin sığortaçısı tərəfindən baş vermiş sığorta hadisəsinə görə 4919 manat məbləğində sığorta ödənişi edilmişdir. Bu məbləğ isə avtomobilə dəymiş zərəri tam kompensasiya etməyə artıqlaması ilə kifayət edir. Ümumiyyətlə, məhkəmə İddiaçı SŞ ASC tərəfindən faydalanan şəxsə hər hansı sığorta ödənişi edilməsini də kifayət qədər şübhəli hesab edir. Belə ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən, faydalanan şəxs - icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Hazırkı iş üzrə faydalanan şəxs baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş “Daihatsu Terios” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" ASC-dir. Hansı ki, iş materiallarında olan sığorta aktında da "xxxx" ASC sığortalı kimi qeyd edilmişdir. Bununla belə həmin aktda sığorta ödənişinin sığortalı "xxxx" ASC-yə yox, "xxxx" MMC-yə ödənilməsi qeyd edilmişdir. Bu sığorta aktında bundan başqa qeyrimüəyyənliklər də aşkar edilmişdir. Məsələn, aktın sonunda - tarix hissəsində 11.05.2016-cı il tarixi qeyd edilsə də aktın yuxarı hissəsində 24.05.2016-cı il tarixi qeyd edilmişdir. Sonuncu tarix aktın İddiaçı SŞ ASC-nin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilmə tarixi kimi qəbul edilsə, bu o deməkdir ki, akt sığortaçı şirkət tərəfindən lazımınca təsdiq edilmədən müvafiq sığorta ödənişi "xxxx" MMC-nin hesabına ödənilmişdir. Çünki ödəniş tapşırığı 23.05.2016-cı il tarixlidir və həmin sənəddən görünür ki, həmin tarixdə İddiaçı SŞ ASC tərəfindən "xxxx" MMC-nin hesabına 6181 manat məbləğində pul köçürülmüşdür. Sığorta aktının tarixi ilə bağlı yuxarıda qeyd edilənlərin davamı olaraq, o da qeyd edilməlidir ki, ödəniş tapşırığında “ödənişin təyinatı və əsas” hissəsində “11.05.2016-cı il tarixli, 026942 saylı sığorta aktına əsasən sığorta ödənişi” qeydi edilmişdir. Üstəlik, o da nəzərə alınmalıdır ki, İddiaçı SŞ ASC baş vermiş sığorta hadisəsindən düz altı il keçdikdən sonra yuxarıda qeyd edilən qeyri-mötəbər sübutlara istinad edərək, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bu halda iddia müddətinin ötürülməsi istisna edilsə də baş vermiş hadisədən bu qədər uzun müddət sonra məhkəməyə müraciət etməklə iddiaçı faktiki olaraq cavabdehi öz mövqeyini dəstəkləyəcək sübutları toplamaq, iddiaya əks arqumentlərini təsdiq edəcək dəlilləri əldə etmək imkanından məhrum etmişdir. Çünki cavabdehin də izahatında bildirdiyi kimi əgər İddiaçı SŞ ASC hazırkı iddia ilə vaxtında məhkəməyə müraciət etsə idi, o, öz dəlillərini (maşına dəymiş real zərərin daha aşağı məbləğdə olması) əsaslandıracaq mötəbər sübutları məhkəməyə təqdim edə bilərdi. Hazırda isə cavabdeh bu imkandan məhrum olmuşdur və bunun səbəbi iddiaçının baş vermiş sığorta hadisəsindən altı il sonra məhkəməyə müraciət etməsidir. Göründüyü kimi, həm sığorta ödənişini təsdiq etmək üçün iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdəki bu uyğunsuzluq, həm də sığortalı "xxxx" ASC olduğu halda sığorta ödənişinin "xxxx" MMC-nin hesabına edilməsindəki qeyri-müəyyənlik sığortaçı İddiaçı SŞ ASC tərəfindən baş vermiş sığorta hadidəsi ilə əlaqədar həqiqətən də 6181 manat məbləğində sığorta ödənişi edilmiş olmasına əsaslı şübhə yaradır. Bu şübhələrin aradan qaldırılması üçün sübutlar təqdim edilməsi, ən azından, nəyə görə səkkiz ay sonra avtomobilə dəymiş zərəri qiymətləndirən "xxxx" MMC-yə “sığorta ödənişi” adı altında ödəniş edilməsinin izah edilməsi isə iddiaçının vəzifəsi olmuşdur. Buna baxmayaraq, bütün bu qeyd edilən hallarla bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, baş vermiş sığorta hadisəsindən altı il sonra məhkəməyə iddia ərizəsi ilə müraciət edən İddiaçı SŞ ASC iddiasının əsasını təşkil edən halları təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia əsassızdır və təmin edilməmilidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bundan başqa, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-5043/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5043/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver