Məhkəmə qərarları › İş №2(010)-5090/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5090/2020

21.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5090/2020 21.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pul tələbi" barədə barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Porsche Cayenne” markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1550 (bir min beş yüz əlli manat sıfır qəpik) manat sığorta ödənişi məbləği və bu ərizənin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 1580,40 (bir min beş yüz səksən manat qırx qəpik) manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə idarə etdiyi “Mitsubishi Pajero” markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobillə Zığ şossesi ilə Sadıqcan küçəsinin kəsişməsində svetaforun qadağanedici siqnalında yol ayrıcına daxil olub “Porsche Cayenne” markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh hadisə yerini tərk etmişdir. İcbari sığortalar haqqında qanunun 63-cü maddəsinə əsasən, Cavabdeh hadisə yerindən yayındığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh.oğlunun təqsirli olması DYPİ-nin MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. xx.xx.2019-cu il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabata uyğun olaraq, “Porsche Cayenne” markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə 1600 (bir min altı yüz manat sıfır qəpik) manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 066434 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 1600 (bir min altı yüz manat sıfır qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh ilə aparılan danışıqlar əsasında cavabdeh xx.xx.2019-cu il tarixində 50 (əlli manat sıfır qəpik) manat ödəniş həyata keçirmiş, sonradan razılaşma qalan hissədə pozulmuş və yerinə yetirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pul tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, İş materialları ilə müəyyən edilir ki, “Mitsubishi Pajero” markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta müqaviləsinə əsasən sığortalanmışdır. İş materialları ilə müəyyən edilir ki, X2 mülkiyyətində olan “Mitsubishi Pajero” markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh etibarnamə əsasında idarə etməyi etibar etmişdir. İş materiallarına əlavə edilmiş 066434 saylı sığorta aktından görünür ki, “xx.xx.2019cu il tarixdə nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “Porsche Cayenne” markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə 1600 manat zərər təyin olunmuşdur. İş materiallarında olan Xətai rayon DYPŞ-nin xx.xx.2019-cu il tarixli MN seriyalı ******* saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 (yüz) manat cərimə edilmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Porsche Cayenne” markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edən X1 1600 manat məbləğində sığorta ödənişi verilmişdir. Beləliklə də, yuxarıda təsvir olunanlarla İddiaçı Sığorta Şirkəti ASC-də icbari sığorta ilə sığortalanmış, Cavabdeh tərəfindən etibarnamə əsasında idarə olunan “Mitsubishi Pajero” markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobili “Porsche Cayenne” markalı, ** ZL *** dövlət nömrə nişanlı avtomobillə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı vurulmuş zərərlə əlaqədar İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Porsche Cayenne” markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edən X1 cəmi 1600 manat məbləğində pul vəsaitinin (sığorta ödənişinin) ödənildiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2 və 25.1.3cü maddələrinə əsasən, Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; və icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəlini iddia tələbi üzrə tətbiq edərək hesab edir ki, iddiaçı zərərçəkənə dəymiş zərərin əvəzini sonuncuya ödədiyindən onun cavabdehdən tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçdiyindən iddia tələbi əsaslı olduğuna görə təmin edilməli və cavabdehdən 1550 manat tutularaq, iddiaçı “İddiaçı Sığorta” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 1550 (bir min beş yüz əlli) manat məbləğində sığorta ödənişi və 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı olmaqla - cəmi 1580.40 (bir min beş yüz səksən manat qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar