Məhkəmə qərarları › İş №2(010)-5186/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5186/2025

19.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5186/2025 19.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X6 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində, yəni Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinin tələblərini pozması nəticəsində iddiaçının idarə etdiyi “Mercedes Benz” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avotmobilə çırpılması nəticəsində avtomaşına dəymiş 16904.71 manat məbləğində maddi ziyan, habelə cavabdehin inzibati xəta törətməsi nəticəsində iddiaçıya vurulmuş 500 manat məbləğində mənəvi zərərin və ödənilmiş 143 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus 2022-ci il buraxılışlı, “Mercedes Benz” markalı, “GLE 53 AMG 4Matic Coupe” model, **-TT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin təmir-bərpası üçün 17448,71 manat məbləğində maddi ziyanın, avtomobilə dəyən real ziyana görə isə 11000 manat, ümumilikdə 28448,71 manat məbləğində pul vəsaitinin, habelə məhkəməyə müraciət etmək üçün ödənilmiş 176 manat dövlət rüsumunun və hüquqların bərpa edilməsi üçün hüquqi yardıma görə ödənilmiş 400 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində idarə etdiyi “Mercedes Benz” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avotmobillə Novxanı kəndi H.Əliyev küçəsində hərəkətdə olarkən idarə etməni itirərək hərəkətdə olan etibarnamə ilə idarə “Mercedes Benz” markalı **-TT-*** dövlət nömrə nişanlı avtomobillə, daha sonra isə Toyota markalı **-TK-*** dövlət qeydiyyat nömrəli avtomobillə düzgün ara məsafəsi seçmədiyi üçün vurdu. Maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətdi. Hadisə yerinə gələn Abşeron DYP Polis X1 tərəfindən hadisənin sxemi çəkilərək “Mercedes Benz” markalı **-NH-*** dövlət nömrə nişanlı avtomobili idarə edən şəxs Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Belə ki, hadisədən sonra avtomobilimə dəymiş ziyanın ödəməsini inzibati xəta törədən şəxs Cavabdeh öhdəsinə götürsə də, sonradan ona dəymiş ziyanı ödəməkdən boyun qaçırmış və o, yəni iddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Avtomaşınının təmirə ehtiyacı olduğu üçün onun istifadəsinə məhdudiyyət yaranmışdır. Nəticədə mülkiyyətində olan avtomaşının istifadəsindən məhrum olmuşdur. Avtomobilinə dəymiş ziyanla bağlı Mercedes-Benz servizi ilə maraqlandıqda bildirdilər ki, avtomobilin təmir edilərək əvvəlki vəziyyətə gətirilməsi üçün 21604,71 manat məbləğində pul lazımdır. Həmin məbləğin 4700 manat məbləğini sığorta qarşılasa da, qalıq məbləğ cavabdeh tərəfindən ödəniş edilməmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, avtomobilə dəymiş ziyanla bağlı aktda dəymiş ziyanın tam həcmi 21 604,71 manat məbləğində müəyyənləşdirilmişdir. Bu məbləğin 4156 manat olan hissəsi sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Nəticədə Cavabdeh tərəfindən dəymiş maddi ziyanın qalan hissəsi olan 17 448,71 manat məbləğində pul vəsaiti ödənilməmişdir. Hazırki dövrdə hələ də Cavabdeh tərəfindən İddiaçı heç bir məbləğ ödənilməmişdir. Cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, dəyən zərərin geri ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilsə də, bu heç bir nəticə verməmiş, 17 448,71 manat pul məbləği indiyədək ödənilməmiş olaraq qalmışdır. Zərərin öz təqsiri ilə vurduğu ziyana görə tam məsuliyyət daşıdığını nəzərə alaraq, iddiaçı həmin fərq məbləğinin ödənilməsini tələb edir. Belə ki, 2022-ci il buraxılışlı, “Mercedes Benz" markalı, "GLE 53 AMG 4Matic Coupe" model, **-TT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hazırki orta bazar qiymətindən nəqliyyat vasitəsinə dəymiş maddi ziyan çıxıldıqda (168000-157000= 11000) nəqliyyat vasitəsinə dəyən real ziyan 11000 manat təşkil edir. Yəni, nəqliyyat vasitəsi təmir olunduqdan sonra onun hazırkı orta bazar qiymətinə satılması real deyildir. Faktiki olaraq maddi ziyan vurulduğuna görə nəqliyyat vasitəsinin qiyməti düşmüşdür, belə olan halda iddiaçının həmin avtomobili eyni qiymətə sata bilməsi mümkünsüzdür və nəticə etibarilə iddiaçıya maddi ziyan dəymişdir. Qeyd edildiyi kimi 2022-ci il buraxılışlı, “Mercedes Benz” markalı, "GLE 53 AMG 4Matic Coupe ” model nəqliyyat vasitəsinin qəzadan əvvəlki orta bazar qiyməti bugün 168 000 manat təşkil edir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, rəylə razı deyil, maşının bazar qiymətinin düşməsini qəbul etmir. İş materialları. İş materiallarında olan xx.xx.2025-ci il tarixli BB seriyalı 694116 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz” markalı, **- NH-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, WDD2120051A264801 ban nömrəli, 2010-cu il buraxılışlı, sedan tipli nəqliyyat vasitəsi X3 mülkiyyətindədir. Cavabdeh Abşeron RPİ-də xx.xx.2025-ci il tarixdə verdiyi izahatdan görünür ki, o, xx.xx.2025-ci il tarixdə təxminən saat 21:30 radələrində etibarnamə ilə idarə etdiyi “Mercedes Benz” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Novxanı kəndi H.Əliyev küçəsində hərəkətdə olarkən idarə etməni itirərək, hərəkətdə olan “Mercedes Benz” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə, daha sonra isə “Toyota” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. İş materiallarında olan Yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, cavabdeh “Mercedes Benz” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Novxanı kəndi H.Əliyev küçəsi ərazisində hərəkətdə olarkən idarə etməni itirərək, əvvəlcə hərəkətdə olan “Mercedes Benz” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə, daha sonra isə “Toyota” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək, həmin avtomobillərə zərər vurmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli BA seriyalı 453815 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz” markalı, **- TT-*** dövlət qeydiyyat nişanlı, tünd göy metallik rəngli, W1N1673611A800977 ban nömrəli, 2022-ci il buraxılışlı, universal tipli nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İddiaçı Abşeron RPİ-də xx.xx.2025-ci il tarixdə verdiyi izahatdan görünür ki, o, xx.xx.2025-ci il tarixdə təxminən saat 21:30 radələrində ona məxsus idarə etdiyi “Mercedes Benz” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Novxanı kəndi H.Əliyev küçəsində hərəkət edən zaman “Mercedes Benz” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil solundan ötmək istəyərkən idarə etməni itirib maşınını vurmuş, sonrada qarşıdan gələn “Toyota” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. "xxxx" MMC tərəfindən verilmiş Z506/00234 nömrəli təmir sifarişi aktından görünür ki, “Mercedes Benz” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci görülən işlər üçün 1124.26 manat, ehtiyat hissələri üçün 17184.82 manat olmaqla, cəmi 21604.71 manat müəyyən edilmişdir. İş materiallarında olan Abşeron rayon DYP Polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh xx.xx.2025-ci il tarixində, Novxanı kəndi H.Əliyev küçəsi ərazisində “Mercedes Benz E200 CDİ minik” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Turbo.az saytından çıxarışdan görünür ki, “Mercedes Benz” markalı, “GLE 53 AMG 4 Matic + Coupe” modelli, 3.0 L, 2022-ci il buraxılışlı 43 500 km olan avtomobilin orta bazar qiyməti təxminən 168 300 manat təşkil edir. X2 haqqında xx.xx.2025-ci il tarixli EM-2269VK-55678/25 nömrəli Müqavilədən görünür ki, İddiaçı ilə De Fendo Vəkil Bürosu – vəkil X5 arasında hüquqların müdafiəsiə dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, Bu müqaviləyə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 415 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. PulPal ödəniş sisteminin çıxarışından görünür ki, İddiaçı De Fendo Vəkil Bürosu Vəkil 415 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilən Mərkəzi Ekspertiza Bürosu tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli MEB-441-1225 nömrəli hesabatdan görünür ki, “Mercedes Benz” markalı, “GLE 53 AMG 4 Matic Coupe” model, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baş vermiş qəza nəticəsində dəymiş zərərin məbləği 20504.7 manat təşkil etmiş, 10% köhnəlmə əmsalı tətbiq edildikdən sonra avtomobilə dəymiş zərərin məbləği yuvarlaq olaraq 18500 manat kimi müəyyən edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi. Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, görə - qırx manat məbləğində cərimə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda- 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2025-ci il tarixli Qərarı.

1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir.

2. Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir.

3. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi barəsində verilmiş notariusun icra qeydi üzrə tutulmalı olan pul məbləği borcalan tərəfindən ödənilmədiyi təqdirdə, borcverənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən inflyasiya nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı məxsus “Mercedes Benz” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə yolnəqliyyat hadisəsi baş vermiş və həmin hadisə nəticəsində “Mercedes Benz” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Həmçinin, hadisənin baş verməsində “Mercedes Benz” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İddiaçı bildirmişdir ki, icbari sığortalar haqqında qanunvericilikdə nəzərdə tutulmuş 4156 manat sığorta ödənişini almışdır. Hazırda iddia tələbi avtomobilin təmir-bərpası üçün 17448,71 manat məbləğində maddi ziyanın, avtomobilə dəyən real ziyana görə isə 11000 manat, ümumilikdə 28448,71 manat məbləğində pul vəsaitinin, habelə məhkəməyə müraciət etmək üçün ödənilmiş 176 manat dövlət rüsumunun və hüquqların bərpa edilməsi üçün hüquqi yardıma görə ödənilmiş 400 manat pul məbləğinin cavabdehdən tutulmasından ibarətdir. Avtomobilin təmir-bərpası üçün maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmə tərəfindən müəyyən edilir ki, qəza Cavabdeh təqsirli hərəkəti nəticəsində baş vermişdir. Belə olan halda, yuxarıda sadalanmış mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, İddiaçı Cavabdeh ona vurulmuş ziyanın əvəzini tələb etməkdə haqlı olmuşdur. Ziyanın məbləği ilə bağlı olaraq, məhkəmə qeyd edir ki, iddiaçı avtomobilə zərər dəyməsi nəticəsində avtomobilin təmiri ilə bağlı onun tərəfindən ödənilmiş "xxxx" MMC-nin təmir sifarişi aktına əsasən, avtomobilin bərpası üçün cəmi 21604.71 manat məbləğində xərcdən sığorta ödənişi çıxılmaqla qalıq 17448,71 manat xərcin cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə iclasında cavabdeh göstərilmiş ziyan məbləği ilə razı olmamış, onu mübahisələndirmişdir. Bu səbəbdən, avtomobilə dəymiş zərərin məbləğinin hesablanması üçün mülki iş məhkəmə tərəfindən Mərkəzi Ekspertiza Bürosuna göndərilmiş və ekspert tərəfindən verilmiş rəydən görünür ki, “Mercedes Benz” markalı, “GLE 53 AMG 4 Matic Coupe” model, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baş vermiş qəza nəticəsində dəymiş zərərin məbləği 20504.7 manat təşkil etmiş, 10% köhnəlmə əmsalı tətbiq edildikdən sonra avtomobilə dəymiş zərərin məbləği yuvarlaq olaraq 18500 manat kimi müəyyən edilmişdir. Belə ki, məhkəmə hesab edir ki, ekspert rəyinə tənqidi ilə yanaşmaq əsas olmadıqdan, dəymiş zərərin məbləği rəydə göstərilnən həcmdə müəyyən edilməlidir. Lakin, eyni zamanda, 10% köhnəlmə əmsalı bu halda tətbiq etməyin əsası olmadığından, dəymiş zərərin məbləği 20504.7 kimi müəyyən edilir. Eyni zamanda, iddiaçı tərəfindən alınan sığorta ödənişini nəzərə alaraq, avtomobilə baş vermiş qəza nəticəsində dəymiş zərərin məbləğinin 20504.7 manat məbləğindən 4156 manat məbləğində sığorta ödənişi çıxmaq şərtilə, zərərin əvəzinin geri qalan hissəsinin, yəni (20504.7- 4156=) 16348.7 manatın cavabdehdən tutulması məqsədəmüvafiqdir. Tələbin digər hissəsi, avtomobilə dəyən real ziyana görə isə 11000 manat məbləğinin ödənilməsi ilə bağlı, məhkəmə vurğulayır, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllənin sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Belə ki, yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilmiş hüquqi mövqeyi nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı “real zərərini” təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, tələb həmin hissədə təmin edilməməlidir Tələbin hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 400 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan X2 haqqında müqavilədən və ödəniş sistemindən çıxarışdan görünür ki, iddiaçı De Fendo Vəkil Bürosunun vəkili Vəkil X2 ilə bağlı 415 manat məbləğində pul ödəmişdir. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, vəkil xidməti kimi ödənilən 300 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus 2022-ci il buraxılışlı, “Mercedes Benz” markalı, “GLE 53 AMG 4Matic Coupe” model, **-TT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin əvəzi kimi 16348.7 manat və hüquqların bərpa edilməsi üçün hüquqi yardıma görə ödənilmiş 300 manat pul məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 139.95 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus 2022-ci il buraxılışlı, “Mercedes Benz” markalı, “GLE 53 AMG 4Matic Coupe” model, **-TT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin əvəzi kimi 16348.7 manat, hüquqların bərpa edilməsi üçün hüquqi yardıma görə ödənilmiş 300 manat və məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 139.95 manat pul məbləği Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar