Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-520/2024 11.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh almışdır. Həmin fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Baxmayaraq ki, alqı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmış və sözügedən müqavilənin 13-cü bəndinə əsasən Cavabdeh xx.xx.2002-ci il tarixədək ünvan 1-dən qeydiyyatdan çıxmaq öhdəliyini götürmüşdür, lakin bu günə qədər cavabdeh öhdəliyini yerinə yetirməmişdir.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək və əlavə olaraq bildirdi ki, bu günə qədər cavabdehin həmin ünvanda qeydiyyatda qalmasına razılıq versə də, artıq qeydiyyatdan çıxmasını istəyir. Müqavilədə göstərilən məbləği tam şəkildə ödəmişdir. Cavabdeh isə öz növbəsində müqavilə ilə tanış olduqdan sonra imzalamışdır. Əgər cavabdeh müqavilədə qeyd olunan məbləğlə razı deyildisə, həmin müqaviləni könüllü surətdə imzalamazdı. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. 4 . Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, hazırda Binə qəsəbəsində yaşayır. Yaşadığı yerə aid tam ünvan yoxdur və çıxarış alınmalıdır. Bundan əlavə alqı-satqı olarkən 41.000 manata razılıq əldə olunsa da, müqavilədə səhv olaraq 38000 manat yazılmışdır. Lakin iddiaçı ilə aramızda olan razılığa əsasən torpaq sahəsi 41000 manata satılmışdır. Həmin puldan 3000 manatını saxlamışlar. Müqavilə bağlanann zaman həmin ünvanda 3 nəfər qeydiyyatda idi, hal-hazırda iki nəfər qeydiyyatdan çıxıb, lakin o, qalmışdır. Danışdıqları kimi 3000 manatı verəcəyi təqdirdə qeydiyyatdan çıxmağa razıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar
5. xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, satıcı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 25.50 m2 olan fərdi yaşayış evinin və 0.0392 ha torpaq sahəsini 38.000 manata alıcı İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı Cavabdeh xx.xx.2022-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın ümumi sahəsi 25.50 m2, torpaq sahəsi isə 0.0392 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır.
7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan müəyyən olunur ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır..
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
9. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.
11. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
12. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.
13. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və bununla da Cavabdeh mübahisəli daşınmaz əmlak üzərində mülkiyyət hüququnu İddiaçı vermişdir. Həmin daşınmaz əmlak dövlət reyestrində İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və sonuncuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzilin köhnə sahibi xx.xx.2022-ci il tarixədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, mənzilin keçmiş mülkiyyətçisi bu günə kimi qeydiyyatdan çıxmamışdır.
14. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
15. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh yaşadığı mənzili özgəninkiləşdirdikdən sonra həmin mənzili boşaldaraq yeni mülkiyyətçiyə təhvil verməklə ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnu itirmişdir.
Məhkəmə xərcləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin gəldiyi nəticə
18. Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır.
20. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva