Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-524/2022 26.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “inzibati xəta nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “inzibati xəta nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta hadisəsi nəticəsində ona vurulmuş 34.960 manat məbləğində maddi və 10.000 manat məbləğində mənəvi zərərin, həmçinin məhkəməyə dövlət rüsümu kimi ödədiyi 140 manatın Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, yay fəsli olduğu üçün Novxanıda yerləşən bağ evində yaşayırdı və oradan işə gedib-gəlirdi. Cavabdeh 28.08.2021-ci il tarixdə qoşa xəttin tələblərini pozaraq, dönüşə qadağa qoyulmuş yolda nəqliyyat vasitəsini idarə etdiyi vaxt onun qarşısına çıxmış və o da qəzanın qarşısını almaq məqsədi ilə yoldan çıxaraq yolkənarında olan dirəyə çırpılmışdır. Hadisə vaxtı nə yaralanan, nə də ölən olmamışdır. O, avtomobildən düşdükdən sonra ilk növbədə qarşı tərəfin xəsarət alıb-almadığı ilə maraqlanmışdır. Cavabdehin idarə etdiyi maşında özü ilə birlikdə 3 nəfər var idi və hadisə törədiləndə digər şəxslər hadisə yerindən qaçıb getdilər. Bundan sonra cavabdeh ilk növbədə onu təqsirləndirdi, o isə vəziyyətin daha da gərginləşəcəyini düşünüb 102 xidmətinə zəng vurdu. Polislər gəldikdən sonra o, polis əməkdaşlarından həmin görüntünü tələb etdikdə onlar yerində dərhal görüntüləri əldə edərək cavabdehə göstərmiş, yalnız bundan sonra cavabdeh təqsirin onda olduğunu etiraf etmişdir. Həmçinin, DYPİ-də aparılan araşdırmalar zamanı da cavabdeh özünün anidən sağa döndüyünü etiraf etmişdir. Hadisə zamanı inzibati protokol və qərar tərtib olunub, cavabdeh cərimə olunub və 60 manat cəriməsini ödəyib. Bu hadisə nəticəsində onun maşınına xeyli miqdarda ziyan dəymişdir. O, cavabdeh ilə dəfələrlə əlaqə saxlayaraq qarşılıqlı razılıq əsasında həll etməyi təklif etsə də, cavabdeh hər dəfəsində imkanı olmadığını bildirmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmişdir. Belə ki, 14960 manat konkret olaraq qüsur aktında qeyd edilən məbləğdir. Lakin o, həmin məbləğdən əlavə də xərclər çəkmişdir. Həmçinin, hadisədən sonra maşınının qiyməti 12000 dollar aşağı düşmüşdür. O, bunu nəzərə alaraq cavabdehdən 20000 manat tələb etmişdir. Belə ki, bugün o, maşınını satmaq istəsə artıq ona zərər dəydiyi üçün qiyməti aşağı düşür. Əgər hadisə törədilən zaman cavabdeh özü gücü çatdığı qədər köməklik etsə idi indi məsələ bura gəlib çıxmazdı. O, sadəcə olaraq, Azərbaycan Kommersiya Sığorta Şirkətindən maksimum verilən 5000 manatı almışdır. Maşın mercedes servisdən alındığı üçün servis özü təmir edəcəyini bildirmişdir. Həmin servisdə avtomobilin ehtiyyat hissələri və zəhmət haqqı birlikdə 28000 manat təşkil etmişdir. Onun özünün də həmin məbləğə imkanı çatmadığı üçün fərdi sahibkar ilə razılaşaraq təxminən 1 il əvvəl orada təmir etdirmişdir. Qüsur aktında ehtiyyat hissələri üçün müəyyən edilən məbləğlər çəkilən real xərclərdən azdır. Orada təkərin təmiri üçün 50 manat qeyd edilib, lakin təqdim etdiyi fotoşəkillərdən də görünür ki təkər tamamilə yararsız haldadır və o, təkər üçün 560 manat məbləğində xərc çəkmişdir. Hətta o, maşının “bufer”i istifadəyə yarasız olduğu üçün onu öz vəsaiti hesabına dəyişdirmişdir. Halbuki, bunların heç biri qüsur aktında qeyd olunmayıb və cavabdehdən tələb etmir. Göründüyü kimi o, şişirdilmiş məbləğ göstərməmişdir, orta bazar qiyməti ilə hesablayıb ona uyğun məbləğ tələb etmişdir. Ümumi maşına 18 min manat xərc çəkmişdir, həmin pulun 5000 manatının sığorta şirkəti ödəyib, 10.000 manatı isə cavabdeh verdikdən sonra geri qalan 3000 manatı insanlıq naminə güzəşt edəcəkdi, lakin cavabdeh onunla razılaşmaq yerinə onu hədələmiş və ondan şikayət edəcəyini bildirmişdir. Cavabdeh tərəfdən ona sadəcə olaraq 3000 manat təklif edilmiş, lakin çəkdiyi xərcin 30-40 faizini belə təşkil etmədiyi üçün razılaşmamışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında maşının faralarında heç bir zərər olmamasını qeyd etsə də, heç bir dəfə də olsun təmir sexində olmamışdır. Onun avtomobilinin faraları vakuumla işləyir. Faranın şüşələri tam vəziyyətdə ola bilər, lakin vakuumlar nasazdırsa o, təmirə yarasız vəziyyətdə hesab olunur. Təqdim etdiyi qüsur aktındakı məbləği tam əks etdirməsə də ekspert rəy ilə razıdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclaslarında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, hadisəni bilərəkdən törətməmişdir. Belə ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərirdi və hadisə zamanı müştərilərini ünvana çatdırırdı. Hazırda onun ödəniş etmək imkanı yoxdur. İki övladı var, dolanışıqları çətin olduğu üçün iddiaçının tələb etdiyi məbləğin hamısını ödəyə bilməsi mümkün deyildir, ancaq borc-xərc edərək dəymiş zərərin bir qismini qarşılaya bilər. Sonradan cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, hadisə olan vaxtı o, öz maşın sığortasından da istifadə etmişdir. O, hadisə olan vaxt öz şəxsi telefonu vasitəsi ilə iddiaçının maşınının şəkillərini çəkmiş və həmin şəkillərdən də görünür ki, iddiaçıya məxsus maşının faralarına heçnə olmamışdır. Hadisə vaxtı orada polislər iştirak edib, onun dostu şahid qismində çıxış edib və maşının faralarında heçnə yox idi. Çəkdiyi fotoşəkillərdən də görünür ki, maşının cəmi 5000 manat xərci olar ki, həmin məbləği də sığorta şirkəti qarşılamışdır. Bundan sonra isə maşına dəymiş zərərin 5000 manat ilə ödənildiyini zənn etmiş və sığorta şirkəti ödəniş etdiyi üçün maraqlanmamışdır. Hazırda isə iddiaçının tələb etdiyi məbləğ həddindən artıq şişirdilib. Məhkəmə prosesləri zamanı sığorta şirkəti ödəniş etdikdən sonra isə onun tərəfindən iddiaçıya 3000 manat təklif edilsə də, iddiaçı razı olmamış və 10.000 manat pul istəmişdir. Bundan əlavə, rəy ilə də razı deyil. Belə ki, ekspertiza keçirilsə də o, dəvət olunmamış və orada ona detallar göstərilməmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: TP ******* saylı 28.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 28.07.2021-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, “Mercedes Benz GLE 43” minik markalı, **-CO-*** dövlət nömrə nişanlı avtomaşının sahibi İddiaçıdur. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 17.08.2021-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, “Nissan Tida” minik markalı, **-FP-*** dövlət nömrə nişanlı avtomaşının sahibi Cavabdehdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş 03.09.2021-ci il tarixli, 355 №-li nöqsan aktından müəyyən olunur ki, “Mercedes Benz GLE 43” minik markalı, **-CO-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 14.960 manat məbləğində təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 05 №-li məktubdan görünür ki, Mercedes-Benz markalı GLE coupe 43 AMG modelli, 2018-ci il buraxılışlı, nəqliyyat vasitəsinin yürüyüş həcmi 10.000-50.000 km olan avtomobillərin ölkədə mövcud avto-bazara uyğun olaraq dəyəri 77.000-85.000 ABŞ dolları (131.000-144.000 AZN) arasında qiymətləndirildiyi halda, bu model avtomobillərin ciddi zədə aldığı və ehtiyat hissələri rənglənməklə təmir olunduqda lüks avtomobillər sırasında daxil olan bu növ modellərin dəyəri 65.000-70.000 ABŞ dolları (110.000-119.000 AZN) arasında dəyərləndirilməklə satışı həyata keçirilir. Avtomobilə qoyulan dəyərləndirmə ümumi bazar qiymətlərinə uyğun artım və ya azalması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2022-ci il tarixli, 9/2535 №-li ekspert rəyində qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş 03.09.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı "Mercedes Benz-GLE43" markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13777,0 manat müəyyən edilir. 15.11.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizə ilə müraciət olunarkən 225,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115.-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında, o cümlədən, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 03.11.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq qeyd edir ki, cavabdehin qeyri-hüquqi əməli iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Ali Məhkəmə Plenumunun qərarında qeyd olunmuşdur: “Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması... anlaşılır”. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Beləliklə, proses iştirakçılarının izahatlarından, eləcədə iş materiallarından müəyyən olunur ki, Cavabdeh idarə etdiyi “Nissan Tida” minik markalı, **-FP-*** dövlət nömrə nişanlı avtomobili ilə 28 avqust 2021-ci il, saat 08:45-də Novxanı qəsəbəsi, H.Əliyev küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçının idarə etdiyi “Mercedes Benz GLE 43” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan da məlum olmuşdur ki, həmin zərərin aradan qaldırılması ilə bağlı iddiaçıya 5000 manat manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə iddiaçının idarə etdiyi avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13777 manat təşkil etmişdir. Sadalanan qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim etdiyi sübutlara və istinad olunan qanunvericilik müddəalarına əsasən vurulmuş maddi zərərin ödənilməsi hissəsində iddia qismən əsaslı hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin məzmunundan görünür ki, yüksək təhlükə mənbəyinin sahibi və ya idarə edən şəxs vurduğu real ziyanı ödəməyə borcludur. Real ziyan deyərkən avtomobilə amortizasiya köhnəlməsi və digər köhnəlmə qaydaları nəzərə alınmaqla, mövcud detalına və detallarına dəymiş ziyanın ödənilməsi, o cümlədən onun ziyan vurulmadan əvvəlki vəziyyətə qaytarılması nəzərdə tutulur. Yəni, iddiaçı zədələnmiş hissəni tam yeni hissə ilə əvəz etdirmək hüququna və ya onu zədədən əvvəlki vəziyyətdə təmir etdirmək hüququna malikdir. Vurulmuş zərərin məbləğini müzakirə edən məhkəmə hesab edir ki, iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərərin əvəzini təqdim etdiyi qüsur aktına əsasən 14.960 manat, maşının qiymətinin aşağı düşməsini və çəkdiyi əlavə xərcləri nəzərə alaraq 20.000 manat məbləğində pul tələb edir. Maşının qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq iddiaçı "xxxx" MMC tərəfindən verilmiş arayışı məhkəməyə təqdim etmiş və arayışda Mercedes-Benz markalı GLE coupe 43 AMG modelli, 2018-ci il buraxılışlı, nəqliyyat vasitəsinin yürüyüş həcmi 10.000-50.000 km olan avtomobillərin ölkədə mövcud avto-bazara uyğun olaraq dəyəri 77.000-85.000 ABŞ dolları (131.000- 144.000 AZN) arasında qiymətləndirildiyi halda, bu model avtomobillərin ciddi zədə aldığı və ehtiyat hissələri rənglənməklə təmir olunduqda lüks avtomobillər sırasında daxil olan bu növ modellərin dəyəri 65.000-70.000 ABŞ dolları (110.000-119.000 AZN) arasında dəyərləndirilməklə satışının həyata keçirildiyi qeyd olunmuşdur. Göründüyü kimi maşının qiymətinin aşağı düşməsi ilə bağlı yaranmış fərqin iddiaçı tərəfindən tələb olunması yalnız həmin nəqliyyət vasitəsinin satışının həyata keçirildiyi zaman, yəni real alqı-satqı zamanı mümkün ola bilərdi. İddiaçının izahatından və iş materiallarından isə görünür ki, iddiaçı maşını təmir etdirmiş və hal-hazırda maşın onun istifadəsindədir, iddiaçının maşını satmaq kimi bir niyyəti yoxdur və sadəcə olaraq maşını zədələndiyi üçün gələcəkdə satacağı təqdirdə həmin fərqin ödənilməsi üçün qabaqlayıcı tədbir görmək istəmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, avtomobilə dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab edir və bu nəticəyə gəlir ki, hadisə ilə bağlı iddiaçıya Azərbaycan Kommersiya Sığorta Şirkəti tərəfindən 5000 manat sığorta ödənişi ödənildiyindən həmin məbləğ 13777 manat kimi müəyyən olunan zərərin ümumi məbləğdən çıxılmalı və son nəticədə Cavabdeh iddiaçının xeyrinə 13777-5000=8777 manat tutulmalıdır. İddia tələbinin 10.000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi barədə tələb qismən təmin olunmalıdır. Belə ki, iddiaçı mənəvi sarsıntı keçirmişdir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İş materialları və işin halları iddiaçıya mənəvi ziyan vurulduğu qənaətinə gəlməyə əsas verir. Mənəvi ziyanın həcminə gəldikdə isə, məhkəmə zərərin baş verməsinə səbəb olmuş hərəkətin dərəcəsini, bunun nəticəsində iddiaçının keçiridiyi mənəvi sarsıntının xarakterini, iddiaçının fərdi xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi 500 manat məbləğində qiymətləndirilməlidir. Məhkəmə bu məbləği ağlabatan və ədalətli hesab edir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 8777 manat məbləğində dəymiş zərər və mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 9277 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 178,48 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 8777 manat məbləğində dəymiş zərər və mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 9277 (doqquz min iki yüz yetmiş yeddi) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46,40 (qırx altı manat qırx qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 178,48 (bir yüz yetmiş səkkiz manat qırx səkkiz) manat hissəsi İddiaçı özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-524/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-524/2022
26.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver