Məhkəmə qərarları › İş №2(010)-5244/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5244/2025

05.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5244/2025 05.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzildən istifadə hüquqlarına müvafiq kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzildə qeydiyyatdadır və yaşayır. Bacısı Cavabdeh2 ailə həyatı qurduqdan sonra onlarla yaşamır. Bacısı öz ailəsi ilə birlikdə ailə qurduğu şəxsin evində öz ailəsi ilə birlikdə yaşayır. Cavabdeh1 da bacısının qızıdır. Bacısı xeyli müddət keçməsinə baxmayaraq, mənzildən qeydiyyatdan çıxmamışdır. Bacısının həmin mənzildə yaşamamağına baxmayaraq, qızı ilə birlikdə rəsmi qeydiyyatı hələ də onun mənzilində qalmışdır. Hal-hazırda isə cavabdehlərin faktiki yaşadıqları ünvanı dəqiq bilmir və onların harada yaşaması və harada olmaları barədə heç bir məlumatı yoxdur. Hal-hazırda isə cavabdehlərin onun evində qeydiyyatda qalmaları mülkiyyət hüquqlarını pozur, bəzi məsələlərdə o, bacısının icazəsi olmadan mülkiyyəti üzərində istədiyi kimi sərəncam verə bilmir. Bu baxımdan və eyni zamanda ümumiyyətlə mülkiyyətində olan evdən istifadə etməməsi baxımından belə hesab edir ki, cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Bacısı Cavabdeh2 ona məxsus mənzildə istifadə hüququ olsa da, onun bu hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdığına görə, yəni artıq onun yaşayış yeri başqa olduğuna görə onun bu istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməlidir. Digər Cavabdeh1 isə heç bir zaman onun evində yaşamamış, o da bacısının qızı olduğuna görə onun anasının istifadə hüququna xitam verilməsi ilə əlaqədar istifadə hüququna xitam verilməlidir. Tərəflərin izahatları.

3. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisəli ev onun atasına məxsus olub. Bundan əvvəl onlar atası ilə ilə birlikdə Gəncə şəhərində atasına məxsus evdə yaşamışlar. Həmin vaxt o, ailə quraraq evdən köçüb. 2000-ci illlərin əvvələrində atası Bakıda həmin bu mübahisəli evə köçüb. Bundan sonra o, ərindən boşanaraq qızı olan cavabdehi də götürüb və atasının evində yaşamağa davam edib. Bir müddət sonra isə özünə fərdi yaşayış evi tikərək orda yaşamağa başlayıb. Hazırda özünə məxsus evdə yaşayır. Lakin, həmin evin hüquqmüyyənedici sənədləri olmadığı üçün evə qeydiyyata düşə bilmir. Əgər iddia təmin olunarsa, onun qeydiyyat məsələsi mümkün olmayacaq.

5. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırda o, mübahisəli mənzildə yaşamır. Belə ki, o, ailə qurduğu üçün oradan köçüb getmiş və hazırda əri ilə birlikdə onlara məxsus evdə yaşayır. Qeyd olunan ünvanda qeydiyyatda qalması səbəbini hələki yaşadığı ünvana qeydiyyata düşməməsi səbəbi ilə izah etdi.

İş materialları.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, **********02-05101-093003 reyestr nömrəli, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87.3 m2 olan 4 nömrəli mənzil İddiaçı mülkiyyətindədir və həmin mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzildə qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər - ... xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh2... .

8. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş 876 nömrəli arayışdan görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən 306D nömrəli fərdi yaşayış evində qeydiyyatsız yaşayır.

9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2008-ci il tarixdə tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirilməsinin hesabat pasportundan görünür ki, ünvan 2 ünvanında yerləşən 306D nömrəli fərdi yaşayış evi Cavabdeh2 məxsusdur.

İşin faktiki halları.

10. ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzil iddiaçının atasına məxsus olmuş, bağışlama müqaviləsi əsasında mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətinə keçmişdir.

11. Cavabdeh2 mənzilin keçmiş mülkiyyətçisinin qızı, digər Cavabdeh1 isə mənzilin keçmiş mülkiyyətçisinin nəvəsidir.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Maddə 262. Servituta xitam verilməsi. 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.

13. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2001-ci il tarixli Qərarı.

2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarı.

MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. MM-in 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-in 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir.

15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarı.

Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

17. Məhkəmə, ilk növbədə iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququnu araşdıraraq müəyyən etmişdir ki, mübahisəli mənzil əvvələr tərəflərdən İddiaçı oğunun və Cavabdeh2 atasına, Cavabdeh1 isə babasına məxsus olmuş, Cavabdeh2 1996-cı ildə ailə həyatı qurmuş, həmin nikahdan hazırkı iş üzrə cavabdeh olan qızı Cavabdeh1 doğulmuş, sonradan 1998-ci ildə ərindən ərindən boşanmış və 2003-cü ildə qızı Cavabdeh1 ilə bilrikdə atasına məxsus ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilə köçüb orada yaşamağa davam etmişdir. 5 il həmin mənzildə yaşadıqdan sonra onlar yataqxanaya köçmüş, sonra yataqxananı satıb iki otaqlı fərdi yaşayış evi alaraq orada yaşamağa başlamışlar.

18. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən “mülkiyyətçisinin ailə üzvü” və “ailə üzvünü öz yetkinlik yaşına çatmayan uşağı” kimi mənzildən istifadə hüququ əldə etmişdir. Belə ki, həmin normanın məzmunundan belə aydın olur ki, mənzilin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər.

19. Bu hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mənzilin İddiaçı mülkiyyətinə keçməsi cavabdehlərin artıq həmin mənzildən istifadə hüquqlarının olmaması anlamına gələ bilməz. Belə ki, işin hallarından da görünür ki, əvvəlki mülkiyyətçiyə münasibətdə cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları yaranmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas sayılmır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilmiş qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

21. İstifadə hüququnun mövcudluğu ilə bağlı məsələni həll etdikdən sonra məhkəmə bu hüququn itirilib-itirilməməsi məsələsinə münasibət bildirməyi zəruri hesab edir.

22. Görünən odur ki, cavabdehlər başqa yaşayış sahəsinə könüllü olaraq köçdükləri üçün mübahisəli mənzili könüllü şəkildə tərk etmişlər və həmin vaxtdan onların qeyd olunan mənzilə ehtiyacları qalmamışdır. Məhkəmə iclasında cavabdehlər mübahisəli mənzili özləri könüllü tərk etdiklərini, mübahisənin onların yaşayış sahəsinə ehiyaclarının olması ilə deyil, həmin evdə pasport qeydiyyatında olmaları və mənzildən istifadə hüquqlarına xitam veriləcəyi halda, yaşayış sahəsinə qeydiyyatla bağlı problemlər yaşaya biləcəkləri ilə əsaslandırmışlar.

23. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər yaşayış yerlərini dəyişdikləri üçün mübahisəli mənzildən daimi çıxmışlar və mübahisəli mənzilə yaşayış yeri kimi heç bir ehtiyacları yoxdur. Onların sadəcə olaraq mənzildən istifadə hüquqlarının itirəcəkləri halda yuxarıda qeyd edildiyi kimi yaşayış sahəsinə qeydiyyatla bağlı problemlər yaşayacaqlar və bu səbəbdən istifadə hüquqlarını saxlamaq istəyirlər.

24. Məhkəmə artıq yuxarıda cavabdehlərin mübahisəli mənzili başqa yaşayış yerində yaşamaq üçün tərk etdikləri, uzun müddətdir başqa evdə daimi yaşadıqları, mübahisəli mənzillə yaşayış yeri kimi heç bir bağlarının qalmadığı nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilmiş qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.

25. Belə olan halda, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən mənzildən istifadə hüququ əldə etmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənzildən istifadə hüquqlarına xitam verilməlidir.

26. Göründüyü kim cavabdehlər mənzilə istifadə hüququnu Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əldə etmişlər. Yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarında həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.

27. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququna kompensassiya ödəmdən xitam verilməlidir.

Məhkəmə xərcləri.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

30. İddia tələbi təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

31. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar